Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11702/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı X1 cavabdehlər Cavabdeh və X3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7133/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehdehər Cavabdeh və X3 qarşı yaşayış sahəsindən isifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7133/2021 saylı, 27 oktyabr 2021ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul olunmasından imtina edilmiş və ddiaçı X2 inzibati icraat qaydasında müvafiq icra hakimiyyəti orqanına və ya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi, əks halda şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, cavabdehlər evin köhnə sakinləri olmuş, evə dair alqı-satqı etdikdən sonra onlar ona məxsus evdə qeydiyyatda olsalar da, mübahisəli evdə yaşamamışlar və ona məxsus evlə heç bir əlaqələri olmamışdır. Hazırda cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılmalarına deyil, istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, cavabdehlərin ona məxsus olan evə istifadə hüquqlarının olub-olmaması məhkəmə qaydasında müəyyənləşdirilməlidir. Göründüyü kimi, hazırki mülki iş üzrə aralarında yaranmış hüquq münasibətləri məhz formal olaraq qeydiyyatda qalmış, faktiki həmin mənzildə yaşamayan və həmin mənzilə dair əmlak hüquqları olmayan şəxslərin mənzilə dair istifadə hüququna xitam verilməsi ilə bağlı olan hüquq münasibətləridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7133/2021 saylı, 04 noyabr 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına istinad etməklə iddia ərizəsinin qəbul olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. Belə ki, istinad olunan qərarda qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi qeydiyyatdan çıxarılma üçün ilk öncə həmin şəxsin yaşayış sahəsində faktiki yaşayıb-yaşamaması, eləcə də istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir, hazırki vəziyyətdə isə birinci instansiya məhkəməsi qeyd olunan hallara hüquqi qiymət vermədən, iddia ərizəsinin qəbulundan imtina etmişdir, halbuki həmin halların araşdırılması məhz işə mahiyyəti üzrə baxılması zamanı mümkündür, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi icraata qəbul edilməli, mahiyyəti üzrə baxılmaqla müəyyən edilmiş hallardan asılı olaraq yekun nəticəyə gəlinməlidir. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi isə haqsız olaraq iddia ərizəsinin yolverilməzliyinə görə qəbul etmədən imtina etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7133/2021 saylı, 27 oktyabr 2021ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11702/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11702/2021
03.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver