Məhkəmə qərarları › İş №2(103)-1171/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1171/2025

18.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1171/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «fərdi yaşayış evindən çıxarma» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “fərdi yaşayış evindən çıxarma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Üçüncü şəxs X5 iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-966/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh2 və Cavabdeh1, eləcə də qətnamə icra olunan zaman evdə olan bütün digər şəxslər Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, (320 nömrəli tam orta məktəbin yanında yerləşən) (YYŞ-1) 1-ci massiv, küçə 15, dalan 1, ev 17 şərti ünvanında yerləşən, ümumlikdə (8,2 m*11 m) 90,2 m2 sahədən ibarət olan, 1 mərtəbəli (mansardlı), kürsüsü mişar daşından, kərpicdən inşa etdiyi fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).

2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-966/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Gülnar Aslanova) ilə iddia təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. İşə apellyasiya qaydasında baxılarkən X11 (iddiaçının oğlu) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, torpağı o, özü alıb orada ev tikdirmişdir, Kəmalə onun oğlunun keçmiş qeyri-rəsmi arvadı olub, orada oğlu və gəlini yaşamışdır, Gürcüstan vətəndaşı olduğu üçün evi sənədləşdirə bilməyib. Rayon məhkəməsi onun sahiblik hüququnu tanımamaqla iddia tələbini təmin etməmiş və düzgün olmayan qənaətə gəlmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uygun izahat verərək qeyd etdi ki, torpaq alıb orada hazırkı kürsülü evi tikmişdir, sonra pulu qurtardığı üçün evi təmir etdirə bilmədi, Kəmalənin anası Cavabdeh2 ustalar gətirdi və evi təmir etdirdi, ondan sonra həmin evə getmədiyindən təmirə nə qədər pul xərcləndiyini bilmir, 2017-ci ildən evdə oğlu və o vaxt onunla qeyri-rəsmi nikahda olan gəlini Cavabdeh1 yaşamışdır. Sonra oğlu ilə gəlininin ailəsi dağıldı, iki nəvəsi də var, aliment almasınlar deyə bu evlə əvəzləşdirdi. Hazırda oğlunun 20.000 manata yaxın alliment borcu var, iki dəfə oğlunu tutdurublar. Onun gəlini və nəvələrini evdən çıxarmaq fikri yoxdu, alimentdən imtina etsin, məsələ də bitsin.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, evi o, təmir etmişdir, qızı da həmin evdə 2017-ci ildən yaşayır. İddiaçı tərəf uşaqlara baxmırlar, alimenti ödəmir, uşaqların atası da aliment ödəmədiyinə görə tutulub, alimentdən imtina etmək istəmir.

9. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Z.Poladov apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Kəmalə onun xalası qızıdır, onunla ailəli olublar, indi ayrılıblar, evdə bəzi işləri cavabdeh həyata keçirib, ayrılanda razılıq oldu ki, evi verirlər, onlar da alimentdən imtina edirlər, amma onlar razılığa əməl etmədilər, 16.000 manat aliment borcu var, iki dəfə tutulub. Alimentdən imtina etsələr, evdə qala bilərlər. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. Rayon məhkəmə iclasında şahid qismində dindirilmiş:

11. Ganieva Zinara ifadə verərək bildirdi ki, Ədalət həyat yoldaşıdır. Onunla rəsmi nikahı yoxdur. Birgə nikahından iki oğlu doğulub. O da Gürcüstan Respublikasının vətəndaşıdır. Təbrik bacısıdır. Qızı Kəmalə gəlini olub. Onlar əvvəllər Müşfiqabad qəsəbəsində yerləşən evdə birlikdə yaşayırdılar. Həmin evin yerləşdiyi torpaq sahəsi Kəmaləyə aid idi. Çünki onlar xarici ölkə vətəndaşı olduğuna görə burada torpaq sahəsi sahibi ola bilmirlər. Ancaq cavabdehlər evdə dava saldığına görə evi satmağa məcbur qaldılar. Beşotaqlı evi 35000 manata satdılar. Həmin pulun yarısını Təbrik və Kəmalə götürdü. Onlar daha sonra Güzdək qəsəbəsində torpaq sahəsi alıb orada iki ev tikdilər. Evin sahəsi 1,8 sot idi. Daha sonra həmin evləri də satıb, Müşfiqabad qəsəbəsində 3,5 sot torpaq sahəsi aldılar. 3,5 sot torpaq sahəsinə 19500 manat verdilər. Həmin sahədə iki oğlu olduğu üçün iki ev tikdilər. İki evi də Ədalət öz pulu hesabına tikib. Evlər ikimərtəbəli, mansardlı evdir. Evlərdən biri Rüfətə satılıb, bir ev isə qalıb. Rüfət də evi Faiqə satıb. Nə oğlu, nə də Təbrik və Kəmalə həmin evdə yaşayıblar. Evlərdə əvvəl yaşayış olmayıb. Evlərə dam vurulub, atmalar atılıb. Təbrik evlərin heç birini tikməyib.

12. X1 ifadə verərək ifadə verərək bildirdi ki, Müşfiqabad qəsəbəsində yaşayır. Ədaləti tanıyır, onunla ailəvi gediş-gəlişi var. Təbriki də tanıyır. O, xəstəxanada fizioterapevt işləyir. Hər iki evi də Ədalət tikib. Evlərin tikintisində fəhlə işləyib. Evlərə beton töküləndə orada Ədaləti və onun uşaqlarını görüb. Evlərin fundamenti qazılırdı. Ədalət ona dedi ki, “evləri uşaqlarım üçün tikdirirəm”. Sonradan eşitdi ki, Asif üçün tikilən ev Rüfətə satılıb.

13. X19 ifadə verərək bildirdi ki, Ədaləti tanıyır. Tərəflərlə qohumdur. Evlərin fundamentinin qazılmasında özü iştirak edib. Torpaq sahəsinin sahəsi 3,5 sot idi. Həmin sahədə iki ev tikilib. Evlərin tikilməsində cavabdehləri görməyib. Evlər təxminən yeddi-səkkiz il öncə tikilib. Həyət evi həmin evlərə yaxındır. Evlər kərpicdən tikilib. Evlər eyni vaxtda tikilmirdi. Ancaq evlərin fundamenti eyni vaxtda qazılıb. Evlərin tikilməsində Ədalət, onun uşaqları və şahid Hüseyn ona kömək ediblər. Evlərin fundamentinin nə vaxt qazıldığı yadında deyil. X2 ifadə verərək bildirdi ki, Ədaləti tanıyır, Təbriki tanımır. Müşfiqabad qəsəbəsində yerləşən iki evin tikintisi üçün yük maşını ilə tikinti materialları gətirib. Ədalət iki oğlu olduğuna görə iki ev tikdirirdi. Evin tikildiyi torpaq sahəsi də yadındadır. Evlər eyni vaxtda tikilib. Evlər ilk olaraq daşla tikilib, daha sonra kərpiclə tikilib. Tikinti materiallarını Müşfiqabad qəsəbəsində yerləşən tikinti materialları mağazasından alıblar.

14. X3 ifadə verərək bildirdi ki, Ədaləti tanıyır, Təbrik və Kəmaləni tanımır. Evlərin sifarişçisi Ədalət olub. Ədalət ona dedi ki, “torpaq sahəsi almışam, iki ev tikmək istəyirəm, evləri sənin tikməyini istəyirəm”. O da buna razı oldu. Evlərin layihələrini özü verib. Ancaq daha sonra tikintidə səhv edildiyi üçün Ədalət yenə ona müraciət etmiş və ondan tikintini aparmasını xahiş etmişdir. O, evlərin tikilməsinə müdaxilə edən zaman evin birinci mərtəbəsi və mansardı bir metr tikilmişdi. Evlərin yuxarısını özü qaldırıb. Evlər arasında məsafə 1.2 metr idi. Evlərin kəmərini hördürdü, beton kəmər verdi, ağ şifer dəmirlər aldı. Hər iki ev üçün beton əl ilə tökülüb.

15. X24 ifadə verərək bildirdi ki, Ədalətin oğludur. Təbrik və Kəmalə xalası və xalası qızıdır. Abşeron rayonundakı evləri 47000 manata satıblar. Hazırkı torpaq sahəsinə 19500 manat veriblər. Evləri atası onun və qardaşı üçün tikib. Evin tikinti materiallarını özü alıb, evləri özü tikib. 2017-ci ildən evlərin tikintisinə başlanıb. 2017-ci ilin sentyabr ayında evlərin damının qoyulması bitdi. Evlərin sanitar qovşağını qoydular. Təbrik evə suvaq vurub. Evlər eyni vaxtda və bir usta tərəfindən tikilib. Daha sonra borclara görə evini Rüfətə satdı. Rüfət də evi Faiqə satdı. Cavabdehlər evdə 2019-cu ildən icazəsiz yaşayırlar. X14 aliment borcu var. Aliment borcuna qarşılıq olaraq evlərdən biri cavabdehlərə verilmişdi.

16. X7 ifadə verərək bildirdi ki, Təbriki tanıyır, Ədaləti tanımır. Hal-hazırda 31 yaşı var. Sumqayıt şəhərində yaşayıb. Müşfiqabad qəsəbəsində yerləşən evin kafelini özü vurub. Orada ancaq Cavabdeh2 görüb, Ədalət və uşaqlarını görməyib. O, oraya işləməyə gələn zaman evin bünövrəsi, mansardı vardı. O, oraya gələn zaman ev hazır idi. Evin döşəməsi vurulmuşdu. Evin tikintisi 2017-2018-ci ildə olub. Tikinti üzrə materialların siyahısını Təbrikə vermişdi. Təbrik də həmin materialları aldı. O vaxt materialların qiyməti ucuz idi. Evin sahəsinin nə qədər olduğunu bilmir. Evin hamamına kafel vurduqdan sonra evdən getdi və 2019-cu ildə Dərbənd şəhərinə köçdü. Orada beş il yaşadı.

17. X4 ifadə verərək bildirdi ki, Təbriki tanıyır, Ədaləti tanımır. 2018-ci ilin axırında evdə usta işləyib. Evə suvaq-palçıq vurub. Evdə 12-13 gün işləyib. Evin sahibi kimi Təbriki bilir. Təbrikin evi fotoşəkildəki sağdakı evdir. Həmin evin ayrıca girişi var idi. Evin tikilməsində, materialların alınmasında Təbriki görüb. Orada Ədaləti və ya başqa şəxsi heç bir zaman görməyib. Sol tərəfdə olan ev başqa bir ev idi. Həmin evə fikir verməyib. Təbrik xanımın evinin içəridən və çölündən arxa-qabaq tərəfini suvaq edib. Evin otaq pəncərəsi vardı. Otağın qapısı yox idi. Evin mayakı vardı. Mayak suvağa görə qoyulurdu. Evin döşəməsi hazır idi.

18. X22 Aleyoviç ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. Ədalət ilə eyni qəsəbədə qalır. Evin tikintisi ilə bağlı Təbrik ilə danışıb. İddiaçını orada görməyib. Evdə təxminən 7-10 gün gecələr işləyib. O, orada olan vaxt evdə başqa usta görməyib. Evə suvaq vurulmuşdu. Evdə 2017-ci ildə işləyib. Hansı ayda orada işlədiyi yadında deyil, ancaq deyəsən aprel ayında orada işləyib. Evin döşəməsini özü vurub. Döşəmədə atma var idi. Atmanı özü vurub. Evin birinci mərtəbəsində işləyib. Evin mansardına çıxmayıb. Evin çöl tərəfinin vəziyyəti yadında deyil. Evə bir-birinə keçən taxtalar vurulmuşdu. Əmək haqqı olaraq Təbrikdən 500 manat alıb. Tikinti materiallarını Təbrik alıb. Tətbiq edilən maddi hüquq normaları:

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur Maddə 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Tətbiq edilən prosessual hüquq normaları:

22. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

23. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, (320 nömrəli tam orta məktəbin yanında yerləşən) (YYŞ-1) 1-ci massiv, küçə 15, dalan 1, ev 17 şərti ünvanında yerləşən, ümumilikdə 1 mərtəbəli (mansardlı) fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin üzərində tərəflərdən heç birinin xüsusi mülkiyyət hüququ mövcud deyil.

26. Hazırda iddiaçı həmin evi özü tikdiyini iddia edir, bildirir ki, evdə yaşayan Cavabdeh1 onun keçmiş gəlinidir, həmçinin bildirir ki, evin təmirini Cavabdeh2 etdirmişdir. Həmin evdə oğlu və o vaxt oğlu ilə qeyri-rəsmi ailəli olan Cavabdeh1 yaşamışdır. Sonra onların ailə münasibətləri pozulmuş, Cavabdeh1 tərəfindən uşaqlar üçün aliment tələb edilməməsi şərti ilə bu evdə onların yaşamağına razı olublar, hazırda oğlu aliment borcuna görə iki dəfə tutulub. Alimentdən imtina etsələr evdə qalarlar.

27. Cavabdehlər hazırda mübahisəli fərdi yaşayış evinə faktiki sahiblik edirlər, Cavabdeh1 övladları ilə birlikdə həmin evdə yaşayır. Belə ki, işə əlavə edilmiş: Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsinin 16 aprel 2024-cü il tarixli 18№-li məktubu və Azərbaycan Respublikası Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəliyinin 15 aprel 2024-cü il tarixli 12№-li məktublarından aydın olur ki, 320 saylı orta məktəbin yaxınlığında yerləşən evin (şərti ünvan-İ massiv, küçə 15, dalan 1, ev 17) kimə məxsus olması (sənədsiz ev olduğu üçün), kim tərəfindən tikilməsi barədə məlumat yoxdur, həmin evdə 2017-ci ildən Cavabdeh1, İddiaçı Zokhrab oğlu və X6 yaşaması aşkar edilmişdir; “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 108425№ qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, Müşfiqabad qəsəbəsində fərdi yaşayış evinə Cavabdeh1 məxsus qaz sayğacı quraşdırılmışdır; Azərbaycan Respublikası Qaradağ Rayon Müşfiqabad Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 106 nömrəli arayışından görünür ki, Babayeva X8 qəsəbəsi YYM-1, küçə 15 ev 17d1 ünvanında qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

28. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir.

29. Məhkəmə Kollegiyası qeyd edir ki, özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan əsassız məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər.

30. İddiaçı özü də evin müəyyən tikinti işlərinin onun tərəfindən aparıldığını bildirsə də, evin qalan təmir və tamamlanma işlərinin onun keçmiş gəlininin anası və arvadının bacısı olan digər Cavabdeh2 tərəfindən edildiyini qeyd etmişdir.

31. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir.

32. Demək ki, həmin özbaşına tikilinin təmirini cavabdeh tərəf etdiyindən, onların da özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək hüquqları var, eləcə də cavabdehlərin iddiaçının razılığına əsasən həmin evdə tamamlama işləri apardığından və bu əsasla da orada yaşadıqlarından, onların həmin evdən çıxarılmaları üçün əsaslar mövcud deyildir. Odur ki, rayon məhkəməsi iddia tələbini təmin etməməklə mahiyyət etibarı ilə düz qənaətə gəlmişdir, apellyasiya şikayəti isə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası 43.İ-ci maddəsin də də təsbit edilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Nəticə:

33. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin 2(002)-966/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar