Məhkəmə qərarları › İş №2(103)-1172/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1172/2022

28.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1172/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlundan (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmməsaat oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəkili X10 iştirakları ilə, İddiaçı Yasamal rayon icra və probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyriyaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən X7 və X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Həsənov X8 rayon icra və probasiya şöbəsinə qarşı (X2, X3, X4 və "xxxx" MTK-nın üçüncü şəxslər qismində göstərildiyi) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 m2 qeyri-yaşayış sahələrinin X3 və X2 nümayəndəsi X6 təhvil verilməsində ifadə olunan hərəkətin qanunsuz hesab edilməsi, Yasamal Rayon icra və probasiya şöbəsinin üzərinə ünvan 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 m2 olan qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X1 və X11 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək onun ləğv olunması xahiş edilmiş, eyni məzmunda olan şikayətlər məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, mübahisəsi gedən qeyri-yaşayış sahələrinin qanuni qüvvədə olan qətnamənin icrası qaydasında onlara təhvil verilmiş olduğunu nəzərə almadığı, iddiaçının bənzər məzmunlu iddia tələbinin qanuni qüvvədə olan məhkəmə aktı ilə rədd edilmiş olmasına əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən Fidan və Venera Rüstəmovalar apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verməklə şikayətlərinin təmin olunmasını xahiş etmiş, İddiaçı və onun vəkili Vəkil1 şikayətlərin əsassız olduğunu bildirmiş, Yasamal rayon icra şöbəsinin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından aydın olur ki, iddiaçı icra məmurunun hərəkətindən şikayət etmiş və onun üzərinə müəyyən vəzifə qoyulmasını istəmişdir; icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi isə “İcra haqqında” Qanunun 87.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır: “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. ...Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər”. Şərh olunanlardan göründüyü kimi, icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, şikayət verməklə mübahisələndirə bilərlər. Müvafiq olaraq belə şikayətlərə əsas işin davamı kimi baxılmalı, şikayətlə bağlı materiallar və ona dair qəbul edilmiş məhkəmə aktları ayrıca icraatda toplanmamalı, məhz həmin əsas işin tərkibində olmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı (iddia icraatı və ya xüsusi icraat) qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi başqa icraat qaydasında baxılmanı tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Birinci instansiya məhkəməsi isə göstərilənləri, eləcə də hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 19.11.2020-ci il tarixli qərardadındakı göstərişləri nəzərə almadan iddia ərizəsini icraata qəbul etmiş, işə iddia icraatı qaydasında baxmış və qətnamə çıxarmışdır. Halbuki, həmin qərardadda apellyasiya instansiyası izah etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərinin icra məmurunun icra sənədinin icrası ilə bağlı, yaxud onun icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərlə (qərarlarla) əlaqədar olub-olmadığını aydınlaşdırmaqla məsələyə hüquqi qiymət verməli, əgər iddia tələbləri, yaxud onun bir hissəsi ümumi yurisdiksiyalı məhkəməyə aid deyildirsə, iddiaçıya aidiyyati məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbləri üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Yasamal rayon icra və probasiya şöbəsinə qarşı (X2, X3, X4 və "xxxx" MTKnın üçüncü şəxslər qismində göstərildiyi) “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması” tələblərinə dair mülki işin icraataına xitam verilsin. İddiaçıya izah olunsun ki, o, icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, müvafiq məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar