Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1172/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11 və Zamin qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 oktyabr 2023-cü il tarixli qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 vəkili (nümayəndəsi) Nümayəndə4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Bankın adından onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, X1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış EK/007/1 saylı “Əlavə kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 72.629,57 ABŞ dolları, müqavilə qüvvədə olduğu müddətdə müqavilənin şərtlərinə əsasən əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 11.290,08 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə müqavilənin şərtlərinə uyğun olaraq tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 14,72 ABŞ dolları, müqavilənin müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.544,05 ABŞ dolları, cəmi 94.478,42 ABŞ dolları məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 450,61 manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 40 manat məbləğində pulun (xx.xx.2017-ci il tarixdə vəfat etmiş) X3 vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Əfqan Əzimov, Cavabdeh2 və borclunun üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdeh Zamin müştərək qaydada Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə borclu Zoya Əzimovaya məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, bina 54-də yerləşən 11 saylı mənzilinə yönəlməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, mənzilin satışından əldə oluna biləcək pul vəsaiti hesabına borcun tam həcmdə ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması, hərracdan satıldıqdan sonra mənzilin boşaldılaraq iddiaçı Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zoya Əzimova ilə Bank arasında xx.xx.2013-cü tarixdə 120 ay müddətinə “Kredit müqaviləsi” bağlanmışdır. Zoya Əzimova “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmək məqsədilə özünə məxsus olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq onunla Bank arasında xx.xx.2014-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Mənzilin ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış və bu barədə xx.xx.2014cü il tarixdə həmin Xidmət tərəfindən Bankın adına RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarış” verilmişdir. “Kredit müqaviləsi” qüvvədə olduğu müddətdə Zoya Əzimova, həmin müqavilə çərçivəsində onunla Bank arasında xx.xx.2015-ci tarixdə bağlanmış “Əlavə kredit müqaviləsinə” əsasən Bankdan illik 21 faiz dərəcəsi ilə, 48 ay müddətinə 80.000 ABŞ dolları məbləğində kredit almışdır. Cavabdeh Zamin X10 həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminat verərək, zamin durmuşdur. Bununla bağlı olaraq Bank ilə borcalan və Zamin arasında xx.xx.2015-ci il tarixdə EK/007/1/1 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. Göstərilənlərə baxmayaraq, X14 və Zamin Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməkdən yayınmışlar. Zoya Əzimova sonuncu dəfə xx.xx.2017-ci il tarixində kredit borcu üzrə Banka 176 ABŞ dolları məbləğində ödəniş etmişdir. X14 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. “Elektron hökumət portalından” əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, mərhum Zoya Əzimovaya məxsus mənzilin faktiki vərəsə kimi idarəçiliyini onunla kredit müqaviləsinin təminatı olan mənzilə dair ipoteka predmetini Banka girov qoyularkən notarial qaydada razılıq ərizəsini imzalayarkən rəsmi nikahda olmuş və halhazırda həmin mənzilə aid telefon nömrəsinin abunəçisi olan Cavabdeh1 həyata keçirir. Bundan başqa müvafiq ərizə anket məlumatlarına əsasən müəyyən edilir ki, mərhum Zoya Əzimovanın digər vərəsələri övladları – Cavabdeh3, Əfqan Əzimov və Cavabdeh2 miras əmlakı (ipoteka predmeti olan mənzili) faktini qəbul etmiş şəxslər hesab olunurlar. Buna görə də hesab olunmalıdır ki, mərhum borclunun vərəsələri miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakındakı paylarına mütənasib sürətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi müraciətlər olunmasına, “Tələbin ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bankın lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Nəticədə xx.xx.2022-ci il tarixə yuxarıda qeyd edilən müqavilə üzrə yaranmış və ödənilməmiş cəmi kredit borcunun məbləği 94.478,42 ABŞ dolları məbləğindədir. Borc ödənilmədiyindən, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman iddia ərizəsinin məhkəməyə verilməsi üçün 450,61 manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” isə qeydə alınması üçün 40 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Cavabdeh Əfqan Əzimov Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, borclu Zoya Əzimova onun anasıdır. Cavabdeh3 isə onun qardaşıdır və hazırda həbsdədir. İpoteka qoyulmuş mənzildə Cavabdeh3 ailə üzvləri yaşayır və onların başqa yaşayış sahələri yoxdur. X15 borcu olsa da, tələb edilən məbləğlə razı deyil.
4. Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil1 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Zoya Əzimovanın vəfatında sonra vərəsəlik işi açılmamışdır. Hazırda ipoteka predmeti olan mənzildə Cavabdeh3 ailə üzvləri yaşayır. Həmin mənzil miras kimi notarial qaydada Cavabdeh3 və digər vərəsələr tərəfindən qəbul edilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd olunmalıdır.
5. Cavabdeh Zamin izahatında bildirmişdir ki, o, “Zaminlik müqaviləsini” imzalasa da, xx.xx.2015-ci tarixdə bağlanmış “Əlavə kredit müqaviləsini” imzalamamışdır. Bu səbəbdə də hesab edir ki, iddia ona aid hissədə təmin edilə bilməz.
6. İş üzrə digər cavabdehlər işin baxılması barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə baxışı iclaslarda iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmşdir. Bu səbəbdə də, Rayon Məhkəməsi işə həmin cavabdehlərin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ipoteka predmeti olan mənzilin likvid dəyərinin 130.000 manat müəyyən olunmasını, borcun ödənilməsinə dair tələbin ipoteka qoyulmuş həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitin (mənzilin dəyərinin) iddiaçı Bankın xeyrinə ödənilməsini, Cavabdeh3, onu arvadı X9 və onların yetkinlik yaşına çatmayan azyaşlı övladlarının mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalarını və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsini, xx.xx.2015-ci il tarixli, “Zaminlik müqaviləsi” üzrə Zamin münasibətdə zaminliyə xitam verilməsini, iddianın qalan hissədə təmin olunmamasını, ekspertiza xərcinin – 200 manatın Cavabdeh3 və iddiaçı Bankdan birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bankla “Kredit müqaviləsi” bağlamış və həmin müqavilə üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüş Zoya Əzimova xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Onun ölümü ilə bağlı vərəsəlik işi açılmamış və onun tərəfindən ipoteka qoyulmuş əmlak hazırda yalnız bir vərəsəsi Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bank kredit müqaviləsi üzrə yaranmış borcun hamısını vərəsələrdən tam olaraq tələb etməkdə haqlı deyildir. Belə ki, Cavabdeh3 vərəsə kimi faktiki olaraq qəbul etdiyi əmlak dəyərində öhdəlik daşıyır və mənzilin likvid dəyəri 130.000 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, həmin mənzil açıq hərracda satılaraq əldə olunmuş mənzilin dəyəri borcun əvəzinə banka ödənilməlidir. Rayon Məhkəməsi hesab etmişdir ki, iddia tələbinin kredit müqaviləsi üzrə borcun faktiki vərəsə olan cavabdehlərdən müştərək qaydada tutularaq bankın xeyrinə tutulması və ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borcun tutulması hissəsində iddia tələbi təmin oluna bilməz. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, kreditin qaytarılma müddəti ilkin olaraq xx.xx.2019-cu il tarixə kimi müəyyən olunduğundan və Zamin ilə “Zaminlik müqaviləsi” xx.xx.2019-cu il tarixə kimi bağlandığından, sonradan “Kredit müqaviləsinin” müddəti uzadılmadığından bankla Zamin arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Zaminlik müqaviləsinə” xitam verilməli və iddianın ona qarşı yönəlmiş hissəsi əsassız hesab edilərək rədd edilməlidir. d) apellyasiya şikayətləri barədə məlumat
9. İddiaçı Bankın ləğvedicisinin buna səlahiyyəti olan nümayəndəsi Bankın adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddianın bir qisminin rədd edilməsi hissəsində Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
11. Cavabdeh (mərhum borclu Zoya əzimovanın əri) Cavabdeh1 da öz növbəsində Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddianın bir qisminin təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Zoya Əzimova ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi” borcun yaranması üçün əsas olmuş xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsindən” əvvəl bağlanmışdır. Lakin “Əlavə kredit müqaviləsində” faiz, müddət və valyuta dəyişikliyi olmuşdur ki, bu dəyişikliklər “İpoteka müqaviləsində” qeyd edilməmişdir. Halbuki qeyd olunan hal həm “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsində, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında açıq şəkildə şərh edilmiş və göstərilmişdir ki, kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Lakin Rayon Məhkəməsi bunu nəzərə alınmamışdır. X14 ilə Bank arasında bağlanmış həmin “İpoteka müqaviləsinin” 1.1-ci bəndinə əsasən, borcalana ayrılmış 200.000 manat kredit limitindən istifadə nəticəsində gələcəkdə yarana biləcək tələb üzrə borcluya məxsus daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Lakin nə xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsində”, nə də “İpoteka müqaviləsində” faiz və məbləğ tam olaraq göstərilməmişdir. Bundan əlavə, xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsinə” əsasən, X14ya 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Halbuki tərəflər arasında bağlanmış “İpoteka müqaviləsində” valyuta olaraq manat göstərilmişdir. “Mülki Məcəllənin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Əsas “Kredit müqaviləsində” və “İpoteka müqaviləsində” kreditin valyutasının manatla müəyyən olunmasına baxmayaraq, borcun yaranmasına əsas olmuş “Əlavə kredit müqaviləsinin” dollarla bağlanması Konstitusiya məhkəməsinin qeyd olunan şərtlərinin pozulması anlamına gəlir ki, bu da Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman nəzərə alınmamışdır. Bundan başqa, “İpoteka müqaviləsi” bağlanarkən Zoya Əzimovanın ailə üzvləri olan xx.xx.1977-ci il təvəllüdlü X6 və xx.xx.1985-ci il təvəllüdlü X2 və onun himayəsində olan 2 azyaşlı övladının həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq, mənzilin girov qoyulması zamanı onlardan heç bir razılıq tələb olunmamışdır. Buna baxmayaraq Rayon Məhkəməsi tərəfindən ipoteka qoyanın ailə üzvlərinin mənzildən çıxarılması qət edilmişdir. Digər tərəfdən, tərəflər arasında qeyd olunan borc münasibətləri xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsi” əsasında yaranmışdır. X14 kredit rəsmiləşdirildiyi gündən etibarən ödəniş etməmişdir. Bu isə Bankın xx.xx.2015-ci il tarixindən etibarən hüquqlarının pozuldığunu bildiyi mənasına gəlir. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Zoya Əzimova xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Onun vəfat etdiyi tarixə qədər iddia müddətinin axımı 2 il 3 ay davam etmişdir. Lakin onun vəfat etdiyi tarixdən bugünə qədər vərəsəlik qəbul edilməmişdir. İddiaçı Bank X10 əri Cavabdeh1 mirasa faktiki sahiblik etdiyini əsas gətirərək mirası qəbul etmiş hesab etmişdir. Zoya Əzimova ilə Cavabdeh1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh1 mübahisəli əmlaka faktiki sahibliyi 2009-cu ildən həyata keçirmişdir. Belə olan halda Zoya Əzimovanın vəfat etməsindən sonra Cavabdeh1 faktiki vərəsə hesab olunduğu halda iddia müddəti borcalanın vəfat etdiyi tarixdə kəsilməmiş olur. Bu isə onu göstərir ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddəti ötürülmüşdür. Lakin məhkəmə bildirişi Cavabdeh1 faktiki yaşadığı ünvana gəlmədiyi üçün məhkəmədə iştirak etmək və iddia müddətinin ötürülməsi barədə ərizə vermək hüququndan məhrum olmuşdur. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
13. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışında iştirak edərək, Cavabdeh1 verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Bankın verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi.
14. Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, iddiaçı Bankın verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi şəxsin verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi.
15. Digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş, məhkəmə baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunların səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
16. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə digər məsələlər ilə yanaşı qət etmişdir ki, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqda Cavabdeh3, onu arvadı Günel Əzimova və onların yetkinlik yaşına çatmayan azyaşlı övladları mənzildən çıxarılsınlar.
17. Buna baxmayaraq nə Cavabdeh3, nə də ki Günel Əzimova qətnamədən apellyasiya şikayəti verməmişlər.
18. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin həmin hissəsində də ləğv edilməsini və həmin tələbin də rədd edilməsini xahiş etsə də, Məhkəmə bildirir ki, o, Cavabdeh3 və Günel Əzimovanın adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, həmin şəxslərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Buna görə də, Məhkəmə qeyd edilənləri və həmin hissədə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin əsaslılığını həmin hissədə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
19. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissəsə qismən, yəni borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
20. Belə ki, işdə olan sənədlərdən görünür ki, X14 ilə borcverən Bank arasında xx.xx.2013-cü tarixdə 120 ay müddətinə “Kredit müqaviləsi” bağlanmışdır.
21. Zoya Əzimova “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmək məqsədilə özünə məxsus olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq onunla Bank arasında xx.xx.2014-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Mənzilin ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış və bu barədə xx.xx.2014-cü il tarixdə həmin Xidmət tərəfindən Bankın adına RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarış” verilmişdir.
22. “Kredit müqaviləsi” qüvvədə olduğu müddətdə Zoya Əzimova, həmin müqavilə çərçivəsində onunla Bank arasında xx.xx.2015-ci tarixdə bağlanmış “Əlavə kredit müqaviləsinə” əsasən Bankdan illik 21 faiz dərəcəsi ilə, 48 ay müddətinə 80.000 ABŞ dolları məbləğində kredit almışdır.
23. Cavabdeh Zamin X10 həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminat verərək, zamin durmuşdur. Bununla bağlı olaraq Bank ilə borcalan və Zamin arasında xx.xx.2015-ci il tarixdə EK/007/1/1 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır.
24. X10 xx.xx.2017-ci il tarixdə vəfat etməsi, vəfat edənə qədər borcalanın Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi işin mübahisəsiz hallarıdır.
25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş məktubdan görünür ki, “Elektron notariat” İnformasiya Sistemində xx.xx.2022-ci il tarixədək aparılmış araşdırma nəticəsində Zoya Əzimovanın adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir.
26. İpoteka predmeti olan mənzilin yerləşdiyi binaya xidmət göstərən Bakı Şəhəri 121 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, mərhum Zoya Əzimovaya məxsus həmin mənzilində hal-hazırda (mərhumun gəlini) X12, sonuncunun övladları – xx.xx.2012-ci il təvəllüdlü Əminə və xx.xx.2010-cu il təvəllüdlü Amin Sənan oğlu yaşayırlar. Göstərilən mənzildə 1985-ci il təvəllüdlü X4 qeydiyyatdadır, lakin yaşamır.
27. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur (maddə 558.1.). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar (maddə 1151.1.). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.). Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar (maddə 1306.2.).
29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
30. Beləliklə, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.
31. İddiaçı bankın ləğvedicisi olan Fond mövcud borcun tutulması barədə iddia ilə Zoya Əzimovanın vərəsələrinə və zaminə qarşı məhkəməyə müraciət etmişdir.
32. İddia tələbinin borcalanın vərəsələrinə qarşı irəli sürülməsi iddia ərizəsində onunla əsaslandırılmışdır ki, “Elektron hökumət portalında” əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, mərhum Zoya Əzimovaya məxsus mənzilin faktiki vərəsə kimi idarəçiliyini onunla kredit müqaviləsinin təminatı olan mənzilə dair ipoteka predmetini Banka girov qoyularkən notarial qaydada razılıq ərizəsini imzalayarkən rəsmi nikahda olmuş və hal-hazırda həmin mənzilə aid telefon nömrəsinin abunəçisi olan Cavabdeh1 həyata keçirir. Bundan başqa müvafiq ərizə anket məlumatlarına əsasən Zoya Əzimovanın digər vərəsələri – övladları Cavabdeh3, Əfqan Əzimov və Cavabdeh2 miras əmlakı faktiki qəbul etmiş şəxslər hesab olunurlar. Buna görə də hesab olunmalıdır ki, mərhum borclunun vərəsələri miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakındakı paylarına mütənasib sürətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
33. İşə baxmış Rayon Məhkəməsi iddianın vərəsələrdən yalnız Cavabdeh3 münasibətdə qismən təmin edilməsi nəticəsinə gələrək hesab etmişdir ki, mərhum Zoya Əzimovanın ölümü ilə bağlı vərəsəlik işi açılmamış və onun tərəfindən ipoteka qoyulmuş əmlak hazırda yalnız bir vərəsəsi Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir.
34. Məhkəmə hesab edir ki, X10 iş üzrə cavabdeh olan digər vərəsələrinin mirasın qəbulundan imtina etmələri iş materiallarından müəyyən edilmədiyi üçün iddiaçı Fond hazırki iddianı bütün vərəsələrə qarşı irəli sürməkdə haqlı olmuşdur. Rayon Məhkəməsi iddianı yalnız Cavabdeh3 qarşı təmin etməkdə haqlı olmamışdır. Belə ki, X10 iş üzrə cavabdeh olan digər vərəsələrə də onlara çata biləcək miras həddində miras qoyanın öhdəliklərinə görə cavabdeh hesab edilir.
35. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır.
36. İddia ərizəsindən görünür ki, Bank onunla X14 arasında bağlanmış “Əlavə kredit müqaviləsi” üzrə yaranmış borcun borcalanın vərəsələri ilə yanaşı, onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehdən – Zamin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin tələblərinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2.).
38. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, zaminə qarşı yönəlmiş tələb təmin edilə bilməz və bu mövqeyini onunla əsaslandırmışdır ki, kreditin qaytarılma müddəti ilkin olaraq xx.xx.2019-cu il tarixə kimi müəyyən olunduğundan və Zamin ilə zaminlik müqaviləsi xx.xx.2019-cu il tarixə kimi bağlandığından, sonradan kredit müqaviləsinin müddəti uzadılmadığından Bankla Zamin arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Zaminlik müqaviləsinə” xitam verilməli və iddianın ona qarşı yönəlmiş hissəsi əsassız hesab edilərək rədd edilməlidir.
39. Bankın apellyasiya şikayətində qeyd edilir ki, Rayon Məhkəməsinin bu nəticəsi səhvdir.
40. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
41. İşdə olan sənədlərdən görünür ki, kredit öhdəliyinin icrası xx.xx.2019-cu il tarixdə başa çatmışdır, hazırkı iddia isə bu tarixdən təxminən 3 il keçdikdən sonra Rayon Məhkəməsinə verilmişdir.
42. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi zaminə qarşı yönəlmiş tələbi təmin etməməkdə haqlı olmuşdur.
43. Məhkəmə hazırkı iş üzrə tərəflər arasında olan mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
44. Cavabdeh1 vərəsəsi olduğu mərhum X15 borcunun olduğunu qəbul etmiş, lakin borcun miqdarının düzgün hesablanmadığını bildirir.
45. Rayon Məhkəməsi borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsini qət etsə də, yönəldilməli olan borcun məbləğini müəyyən etməmişdir. Bu isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, tələbin ipoteka predmetinə yönəldilməsi üçün ilk öncə onun həcmi dəqiq müəyyən edilməlidir.
46. Məhkəmə qeyd edir ki, Bankın ləğvedicisi olan Fond tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Maliyyə arayışdan” görünür ki, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixinə əsas borc 72.629,57 ABŞ dolları, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər 11.290,08 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 14,72 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.544,05 ABŞ dolları faiz borcu, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 94.478,42 ABŞ dolları təşkil edir.
47. İşə baxmış Rayon Məhkəməsi qeyd edilən məbləğlərin əsaslı olub-olmamasını araşdırmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
48. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 9/8078 saylı rəyindən görünür ki, mərhum X10 iddiaçı Banka xx.xx.2017-ci il tarixə (Zoya Əzimovanın öldüyü tarix) əsas kredit borcu 72.627,54 ABŞ dolları, faiz borcu isə 5.670,20 ABŞ dolları məbləğində olmuşdur. Müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixə əsas kredit borcu 72.627,54 ABŞ dolları, faiz borcu isə 11.274,45 ABŞ dolları məbləğində olmuşdur. Müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən “Maliyyə arayışının” verildiyi tarixədək müddət üçün illik 5 faiz hesabı ilə olan faiz borcu 10.541,29 ABŞ dolları məbləğindədir. X14 ilə Bank arasında imzalanmış xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsində” öhdəliyin borcalan tərəfindən icra edilməməsi üçün cərimənin tətbiqi nəzərdə tutulsa da Bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesab üzrə silinmələri özündə əksə etdirən çıxarış) olmadığı üçün yuxarıda qeyd edilən tarixlərə cərimə borcu hesablanmadı.
49. Məhkəmə, ekspert rəyinin şübhə altına ala biləcək sübutların cavabdehlər tərəfindən məhkəmələrə təqdim edilməməsini nəzərə alaraq rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmetinə yönəldilməli olan borcun miqdarı əsas borcun və kredit müqaviləsinin qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun miqdarı ekspert rəyinə uyğun müəyyən edilməlidir.
50. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən borcalanın xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsini nəzərə alaraq müqavilənin şərtlərinə əsaslanaraq borcalana cərimə tətbiq etmiş və cərimənin ödənilməsi məqsədi ilə 14,72 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdir.
51. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).
52. Göstərilənləri və xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsində” borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun borcluya cərimə (dəbbə) hesablaması və hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulduğundan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 14,72 ABŞ dolları məbləğində cərimə əsas borcun məbləğinə mütənasib olmaqla əsaslıdır.
53. Məhkəmə iddianın kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı Bank borcun vaxtında qaytarılmaması nəticəsində qeyd edilən məbləğlərdən istifadə edərək fayda əldə etməkdən məhrum olmasını nəzərə alaraq kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən cavabdehlərə faiz borcu olaraq 10.544,05 ABŞ dolları hesablamışdır.
54. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddə 445.7.).
55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
56. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
57. İşin hallarından görünür ki, X14 “Əlavə kredit müqaviləsinin” müddəti başa çatmazdan əvvəl ölmüşdür. Borcalanın sonuncu ödənişini ölümündən 10 gün əvvəl xx.xx.2017-ci il tarixində 176 ABŞ dolları məbləğində etdiyi müəyyən edilir.
58. Borcalanın ölümü ilə əlaqədar borcun ödənilməsinin gecikdirilməsi qərəzli hesab edilə bilməz. Vərəsələrin borcalanın öhdəliyinə görə miras həddində məsuliyyət daşıması nəzərə alınaraq iddia tələbi müzakirə edilən hissədə əsaslı hesab edilə bilməz.
59. Məhkəmə Cavabdeh1 apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
60. Cavabdehlər (o cümlədən Cavabdeh1) işə baxılması barədə Rayon Məhkəməsi tərəfindən xəbərdar olmuşlar. Lakin onlar (o cümlədən Cavabdeh1) “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməmişlər.
61. MPM-in 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
62. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər.
63. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinə “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə vermədiyindən, apellyasiya icraatı zamanı verdiyi bu məzmunlu ərizəsi əsaslı hesab edil bilməz.
64. Cavabdeh1 apellyasiya şikayətinin digər dəlili ilə bağlı Məhkəmə bildirir ki, Zoya Əzimova ilə Bank arasında bağlanılmış “Kredit müqaviləsindən” və iş materiallarından görünür ki, həmin müqavilə Zoya Əzimova tərəfindən imzalanmışdır. Müqavilənin bir nüsxəsi Bank tərəfindən Zoya Əzimovaya təqdim edilmiş, bu müqavilədə və müqaviləyə edilmiş “1 Saylı Əlavədə” Bank tərəfindən Zoya Əzimovaya verilmiş kreditin ABŞ dolları ilə verilməsi aydın şəkildə qeyd edilmişdir.
65. Zoya Əzimova onunla Bank arasında bağlanmış bu müqavilənin etibarlılığını (tam və ya qismən) mübahisələndirməmişdir.
66. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
67. Odur ki, Zoya Əzimovanın onunla Bank arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirməməsi baxımından və yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalanın icra etmədiyi öhdəliklərə görə Bank qarşısında onun vərəsələri olan cavabdehlər məsuliyyət daşıyırlar və həmin “Kredit müqaviləsində”, müqaviləyə edilmiş “1 Saylı Əlavədə” Bank tərəfindən Zoya Əzimovaya verilmiş kreditin ABŞ dolları ilə ifadə olunması onları həmin borcun ödəməsindən azad etmir.
68. Cavabdeh1 apellyasiya şikayətinin başqa dəlili ilə bağlı Məhkəmə bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə həmçinin qət etmişdir ki, ipoteka predmeti olan mənzilin likvid dəyəri 130.000 manat müəyyən olunmaqla, mənzilin açıq hərracdan satılsın, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Banka olan borc ödənilsin.
69. Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsinin bu nəticəsinin də ləğv edilməsinə yönəlmişdir.
70. Bununla bağlı Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər (maddə 33.). Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir (maddə 34.). İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (maddə 36.1.). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır (maddə 36.2.4.). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (maddə 36.3.).
71. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
72. Artıq qeyd edildiyi kimi Məhkəmənin mövqeyi ondan ibarətdir ki, kredit müqaviləsi üzrə Bank qarşısında götürülən öhdəlik yerinə yetirilməmiş, Banka olan kredit borcu ödənilməmişdir. Həmin öhdəliklərin təminatı yuxarıda qeyd edilən xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsində” öz əksini tapmışdır. İpoteka qoyan həmin müqaviləni imzalamaqla o şərti qəbul etmişdir ki, əgər o, Banka olan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə, ondan Bankın tələbi ipotekanın predmeti olan yaşayış sahəsinə yönəldiləcək.
73. Bu baxımdan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın “tələbin ipoteka predmetinə yönəldilməsi barədə” hissəsinin təmin etməkdə haqlı olmuşdur.
74. Buna baxmayaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.
75. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir (maddə 39.3.3.). İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir (maddə 38.2.2.). İlkin satış qiyməti ipoteka predmetinin likvid qiymətidir (maddə 1.0.9.).
76. Qeyd edilən maddi hüquq normaların tələbindən göründüyü kimi, tələbin ipoteka predmetinə yönəldildiyi halda məhkəmə həmin əmlakın ilkin satış qiymətini müəyyən etməlidir.
77. İddia ərizəsində ipoteka predmetinin ilkin satış qiyməti göstərilməmiş, onun məhkəmə tərəfindən müəyyən edilməsi xahiş olunmuşdur.
78. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadı ilə ipoteka predmetinin həmin dövrə real bazar dəyərinin, likvid dəyərinin və ilkin satış qiymətinin müəyyən edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
79. "xxxx" MMC-nin Hüquq və Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli 01 saylı rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin xx.xx.2023-cü il tarixinə bazar qiyməti 140.800 manat, likvid dəyəri 130.000 manat təşkil edir.
80. Rayon Məhkəməsi mütəxəssis rəyi ilə kifayətlənməmiş, həmçinin ekspert rəyinin alınması üçün xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsini və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsini qərara almışdır.
81. Lakin Məhkəmə Ekspertizası Mərkəzi iş üzrə ekspertizanın aparılmasından imtina etmiş və bu barədə xx.xx.2023-cü il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı Rayon Məhkəməsinə təqdim etmişdir. Ekspertizanın aparılmasından imtina onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin mənzilin qapısı bağlı olduğundan, baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
82. Bu səbəbdən də Rayon Məhkəməsi mütəxəssis rəyini əsas götürməklə, ipoteka predmetinin likvid dəyərinin 130.000 manat müəyyən olunmasını qət etmişdir.
83. Məhkəmə hesab etmişdir ki, Rayon Məhkəməsinin qeyd edilən həmin hala yanaşması səhv olmuşdur, çünki ipoteka predmetinin likvid qiyməti ilə bağlı keçirilməli olan ekspertiza tədqiqatı mübahisənin düzgün həlli üçün zəruridir.
84. Məhkəmə hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatında qeyd edilən və ekspertizanın keçirilməsinə mane olmuş halın aradan qaldırılması mümkündür.
85. Buna görə də göstərilənləri nəzərə almış Məhkəmə qəbul etdiyi qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilməsini və ekspertizanın keçirilməsinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsini qərara almış və Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli 9/16xx-xx/1642 saylı rəyi almışdır.
86. Həmin rəydə Məhkəmə Ekspertizası Mərkəzi qeyd etmişdir ki, ipoteka predmeti olan mənzilin orta likvid dəyəri təqribən 142.000 manatdır.
87. Məhkəmə, bu rəyin də şübhə altına ala biləcək sübutların istər iddiaçı, istərsə də cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 142.000 manat məbləğində müəyyən edilməlidir. g) apellyasiya baxışının nəticəsi
88. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən verilmiş apellyasiya şikayətləri qismən əsaslıdır.
89. Odur ki, apelyasiyanın nəticəsini nəzərə alan və MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Bankın iddiası qismən təmin edilməli, əsas borc olaraq 72.627,54 ABŞ dolları, faiz borcu olaraq 11.274,45 ABŞ dolları, cərimə olaraq 14,72 ABŞ dolları (qətnamə icra ediləcək tarixə müəyyən edəcək rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 450,61 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul mərhum X10 vərəsələri olan cavabdehlərdən tutularaq iddiaçı Banka ödənilməli, üzərinə tutulma yönəldilən ipoteka predmetinin – mənzilin ilkin satış qiyməti 142.000 manat müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
90. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 oktyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. Əsas borc olaraq 72.627 (yetmiş iki min altı yüz iyirmi yeddi) ABŞ dolları 54 (əlli dörd) sent, faiz borcu olaraq 11.274 (on bir min iki yüz yetmiş dörd) ABŞ dolları 45 (qırx beş) sent, cərimə borcu olaraq 14 (on dörd) ABŞ dolları 72 (yetmiş iki) ABŞ dolları (qətnamə icra ediləcək tarixə müəyyən edəcək rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 450 (dörd yüz əlli) manat 61 (altmış bir) qəpik, “Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 40 (qırx) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X5 məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilin likvid dəyəri 142.000 (yüz qırx iki min) manat müəyyən olunsun. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 oktyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.