Məhkəmə qərarları › İş №2(103)-11728/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11728/2021

08.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11728/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi X12, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və qeyrisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilə təhvil verilməsi barədə ilkin iddiasına, X3 İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2900/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 21.07.2009-cu ildə Cavabdeh MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanda l-ci blok 12-ci mərtəbədə l otaqlı sahəsi 50.82 kv.m olan mənzilin dəyərini ödəməklə, müqavilə əsasında almışdır. Təmir üçün də imkanı olmadığından binaya getməmişdir. Binada idarəçilikdə bir neçə sahib dəyişmişdir. Odur ki, mənzil hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi üçün müraciət etməyə zərurət yaranmışdır. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, X3 cavabdeh qismində işə cəlb edilməklə, Cavabdeh MMC ilə Rahilə Abdullayeva arasında 04.08.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC və Rahilə Abdullayeva tərəfindən Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh X2 Mehdi Məhi oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçılə Cavabdeh MMC arasında bağlanmış 21.07.2009-cu il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X9 ilə Cavabdeh MMC arasında bağlanmış 04.08.2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında tikilən yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsindəki 1 otaqlı 50,82 kv.m mənzil hər kv.m 400 manat olmaqla cəmi 20.328 manata R.Abdullayevaya satılmışdır. Alıcı mənzilin qiymətini tamamilə ödəmişdir. Onlar mənzili təmir etdirərək orada yaşayırlar. Mənzilin kommunal xidmət haqlarını da onlar ödəyirlər. Cavabdeh MMC-nin rəhbərlərinin qanunsuz əməlləri ilə bağlı aparılan istintaq zamanı o, R.Abdullayevanın nümayəndəsi kimi AR DİN-ə şahid kimi dəvət almışdır. X14 mənzilin sənədlərini - müqavilə, ödəniş qəbzləri və s. tanış olduqdan və onu sorğu-sual etdikdən sonra bildirmişdir ki, onların mənzillə bağlı problem yoxdur və zərərçəkmiş şəxs kimi tanınmağına da ehtiyac yoxdur. 2019-cu il mayın 14-də ilk dəfə məhkəmə iclasında iştirak edərkən məlum olmuşdur ki, mənzil 2009-cu il 21 iyul tarixli başqa bir müqaviləyə əsasən guya iddiaçıya da satılmışdır. Onların müqaviləsindən 14 gün qabağa rəsmiləşdirilmiş müqavilədə mənzilin hər kv.m. qiyməti 450 manat göstərilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı ilə MMC arasında bağlanmış müqavilə etibarsızdır.Mənzil almış şəxslər Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iki dəfə məhkəməyə müraciət edərək satılmış mənzillərin və qeyriyaşayış sahələrinə dair və mülkiyyət hüquqlarının tanınması, mənzillərin açarlarının təhvil verilməsi və maneələrin aradan qaldırılmasını tələb ediblər. Birinci dəfə Xətai Rayon Məhkəməsinin 25.04.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İkinci dəfə R.Abdullayevanın olduğu iddiaçıların iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Xətai Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Səbəb bu olmuşdur ki, MMC-nin rəhbərliyi iddiaçıların hər birindən əlavə 2.000 manat pul istəmiş, sakinlər bu məbləği verməkdən imtina etdiyinə görə MMC-nin hüquqşünası rəhbərliyin göstərişi ilə iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə vermişdir. Hər iki halda İddiaçı mənzil alanların tərkibində göstərilməmişdir.İddiaçı 10 il ərzində mənzillə bağlı heç bir orqana müraciət etməmişdir. "xxxx" MMC-nin tərtib etdiyi “Xətai rayonu Gəncə prospekti 2935 A ünvanında yerləşən 14 mərtəbəli yaşayış, 2 mərtəbəli qeyri-yaşayış binası sakinlərinin Siyahısı”nda da mübahisəli 80 saylı mənzilin sahibi kimi R.Abdullayeva göstərilmişdir.İddiaçının məhkəməyə təqdim etdiyi mənzil alqı-satqı müqaviləsinin saxtalığı də onunla sübut olunur ki: a) mənzilin dəyərinin ödənilməsi barədə iddiaçının ödəniş qəbzində möhür yoxdur; b) binanın tikintisinin gedişində mənzillərin satış qiyməti adətən yüksələn xətlə gedir. İddiaçı guya mənzili bizdən 14 gün qabaq alıb, lakin onların müqaviləsində hər kv.m. qiyməti 400 manat, onun müqaviləsində isə 450 manat göstərilmişdir. Müqavilənin daha əvvəlki tarixə yazılması məhkəmə praktikasında daha əvvəl bağlanmış müqaviləyə üstünlük verilməsi ilə bağlıdır; c) Cavabdeh MMC-nin direktoru K.Kazımzadə həbs edildikdən sonra onun qohumu X15 da mənzil satışı ilə məşğul olmuşdur. Bununla bağlı mənzillərin bir neçə şəxsə satılması ilə bağlı çoxlu faktlar var və müxtəlif məhkəmələrin icraatında yüzlərlə mübahisələrə baxılmış və baxılmaqdadır; d) ilk iddia üzrə İddiaçı təqdim etdiyi sənədlərdə - müqavilə, arayış və qəbzdə K.Kazımzadənin imzaları bir-birindən fərqləndiyinə görə onların həqiqiliyi də şübhə doğurur.İlkin iddia üzrə iddia ərizələrində onların müqaviləsinin etibarsız sayılması tələb olunsa da, müqavilənin etibarsızlığının nədən ibarət olması, hansı qanuna, konkret olaraq hansı maddəyə əsasən müqavilənin ləğv edilməli olması göstərilməmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2900/2019 saylı, 18 sentyabr 2019cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı Mehi oğlu ilə Cavabdeh MMC arasında 21 iyul 2009-cu il tarixdə baglanmış 258 saylı müqavilənin etibarsız sayılması, 22869 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı Mehi oğluna ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olaraq 238 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın və ona əlavənin təmin edilməsi, cavabdehin qarşılıqlı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış və işdə olan 21 iyul 2009-cu il tarixli müqavilə, ödəniş qəbzi və maliyyə arayışından görünür ki, o, bu mənzili aldıqda dəyərini tam ödəmişdir. O, bu mənzili 21 iyul 2009-cu il tarixdə almağına baxmayaraq, bina 2015-2016-cı illərdə yaşayışa yararlı olmuşdur. Bu məhkəmə işinə qədər bina dövlət tərəfindən istismara qəbul edilməmiş, yalnız 2019-cu ilin sentyabr ayında binaya qaz xətti quraşdırılmışdır. Alqı-satqı müqaviləsində binanın tikilib başa çatması ilə bağlı hər hansı bir müddət göstərilməmiş, müqavilənin 10-cu bəndində müəyyən edilir ki, bina tikilib başa çatdıqda və alıcı order aldıqdan sonra müqavilə qüvvəsini itirmiş hesab olunur və geri qaytarılır. Xətai Rayon Məhkəməsi mübahisəyə baxarkən əsassız olaraq iddia tələbi üzrə ilkin iddaçının iddia müddətinin ötürüldüyünü bildirib. Məhkəmə bu əsasla ilkin iddianın rədd edilməli olduğunu göstərmişlər. İddiaçı hesab edir ki, məhkəmənin onun tərəfindən iddia müddətini ötürməsi barədə gədiyi nəticə düzgün olmayan səhv nəticə hesab edilir. İddiaçı bağlanmış müqavilədə pulunu tam ödəyən müştəri əmlak payının mülkiyyətçisi hesab edilir. Abdullayeva Rahilə tərəfindən MMC-nin təkrar qanunsuz satışı nəticəsində 04 avqust 2009-cu il tarixdə eyni mənzilə alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh tərəfindən mənzilin pulu tam ödənilməmişdir. Digər bir halda, binanın tikintisi qeyd edildiyi kimi, 2015-2016-cı ildə başa çatdığı üçün, iddia müddətinin axımı Cavabdeh MMC tərəfindən binanın tikintisi başa çatdıqdan, yəni öhdəliyin icra müddətinin sonuncu günündən hesablanmalıdır. Rahilə Abdullayevanın adına verilmiş 04 avqust 2009-cu il tarixli müqavilədə MMC-nin direktoru qarşısında qoyulmuş imzanın K.Kazımzadəyə məxsus olması müəyyən edilməmişdir. Hazırda qanuni qüvvədə olan hökmlə Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yaşayış binasının 1-ci blok 12 ci mərtəbəsində sah 50.82 kv.m olan 1 otaqlı mənzilin ilkin alıcısı kimi İddiaçı tanınmış və təsdiq edilmişdir. Bu mənzilin təkrar olaraq cavabdeh R.Abdullayevaya satılması qanunsuz hesab edildiyi üçün, Kazım Kazımzadənin bu əməli cinayət hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Xətai rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında, 1 blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m olan mənzil cavabdeh Rahilə Abdullayeva tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə istifadə və sahiblik hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 238 manat məbləğində pul vəsaiti cavabdehlər Rahilə Abdullayeva və Cavabdeh MMC-dən bərabər hissələrdə tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Rahilə Abdullayeva kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdeh Rəhilə Abdullayeva tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında, 1 blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m olan mənzil cavabdeh X9 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə istifadə və sahiblik hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 238 manat məbləğində pul vəsaiti cavabdehlər Rahilə Abdullayeva və Cavabdeh MMC-dən bərabər hissələrdə tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən yenidən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Rahilə Abdullayeva kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarı ilə yenidən cavabdeh Rəhilə Abdullayeva tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili şikayətə etiraz edərək, şikayətin təmin olunmamasını və Xətai rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə isə məhkəməyə ərizə ünvanlayaraq başqa məhkəmədə olacağı üçün prosesin təxirə salınmasını xahiş etmişdir. İşin halları, həmçinin, prosesin təxirə salınmasını xahiş edən nümayəndənin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və ilkin iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...əvvəla tərəflərin arasında bağlanmış 21.07.2009-cu il və 04.08.2009-cu il tarixli müqavilələrdə tərəflər özlərini “alıcı” və “satici” qismində tanımışdır. Müqavilə subyektlerinin mülki dövriyyədə hansı sifətdə iştirak etməsi onların iradəsindən asılıdır və təbii ki, müqavilə əsasında yaratmaq istədikləri məhz “alicı” və “satıcı” olaraq münasibətlərə girdiyi, buna uyğun hüquq və vəzifələr müəyyən edən alqı-satqı müqavilesi bağlaması şübhəsizdir. X9 ilə Cavabdeh MMC-nin arasında bağlanmış müqavilədə X1 əsasında mənzilin tikilib ona təhvil veriləcəyi qeyd olunmayıb. Əksizə müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “alıcı”, “Ələsgəroğlu-K" MMC-nin Gənce prospekti 2935 A ünvanda tikəcəyi yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsindən 1 otaqlı mənzil almaq üçün “satıcı”ya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. Göründüyü kimi tərəflərin iradəsi aralarında alqı-satqı müqaviləsi bağlanmasına yönəlmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi kimi qiymətləndirilməsi barədə gəlinən nəticə, Mülki Məcəllənin 404-cü maddəsində müəyyən olunmuş müqavilənin təfsiri qaydalarına əsaslanmalıdır. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adatlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 ve 404.2-ci maddələri). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (Mülki Məcəllənin 404.3-404.5-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsində analoji mübahisələr məhz Mülki Məcəllənin 452-ci maddəsinin müddəaları əsasında həll olunur. ..” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 21.07.2009-cu il tarixli 258 saylı müqavilədən görünür ki, alıcı İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 2935a ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsindən, sahəsi 50,82 kv.metr olan 1 otaqlı mənzilə dair müavilə bağlanmışdır. Müqavilədə mənzilin ümumi dəyəri 22869 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 22.09.2010-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində inşa etdiyi 2935 A saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,82 kv.m olan 258 nömrəli mənzilin dəyərindən 22869 manat olmaqla ödəmişdir. Müqavilə üzrə heç bir borcu yoxdur. 04.08.2009-cu il tarixli 262 saylı müqavilədən görünür ki, alıcı X9 ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935a ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsindən, sahəsi 50,82 kv.metr olan 1 otaqlı mənzilə dair müavilə bağlanmışdır. Müqavilədə mənzilin ümumi dəyəri 20328 manat müəyyən edilmişdir. Kassa mədaxil orderi qəbzlərindən görünür ki, X9 04.08.2009-cu il tarixdə 8000 manat, 02.07.2010-cu il tarixdə 400 manat, 21.11.2009-cu il tarixdə 400 manat, 15.03.2010-cu il tarixdə 1000 manat, 29.10.2009-cu il taridə 550 manat, 12.10.2009-cu il tarixdə 1000 manat, 01.10.2010-cu il tarixdə 500 manat, 15.07.2010-cu il tarixdə 400 manat, 13.09.2010-cu il tarixdə 700 manat, 19.05.2010-cu il tarixdə 1000 manat, 13.06.2010-cu il tarixdə 400 manat, 10.12.2010-cu il tarixdə 1000 manat, 17.07.2013-cü il tarixdə 2000 manat, 24.10.2012-ci il tarixdə 3000 manat, 04.10.2012-ci il tarixdə 1000 manat, 30.07.2012-ci il tarixdə 1000 manat (oğlu X16 tərəfindən), 11.04.2013-cü il tarixdə 500 manat, 30.05.2013-cü il tarixdə 500 manat, 26.07.2012-ci il tarixdə 2000 manat məbləğində pulu kassaya mədaxil etmişdir. İş materiallarından görünür ki, X5 məxsus sahəsi 50,82 kv.m olan, 80 nömrəli, təmirli mənzil Xətai rayonu, Gəncə prospekti, 2935a ünvanında yerləşən 14 mərtəbəli yaşayış, 2 mərtəbəli qeyri-yaşayışlı binasının sakinlərinin siyahısında 88-ci sırada göstərilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 396 saylı 21.07.2009-cu il tarixli kassa mədaxil orderinin qəbzdən görünür ki, İddiaçı 22869 manat məbləğində pulu kassaya mədaxil etmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 17321/17322 saylı, 16.08.2019-cu il tarixli rəyindən görünür ki, təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 50,82 kv.metr olan 1 otaqdan ibarət mənzilə dair Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 21.07.2009-cu il tarixli 258 nömrəli müqavilədə (i.v. 157); həmin şəxsə verilmiş 22.09.2010-cu il tarixli 1/30 nömrəli maliyyə arayışında (i.v. 158); Cavabdeh MMC ilə X10 arasında bağlanmış 04.08.2009-cu il tarixli 262 nömrəli müqavilədə (i.v. 156) olan möhür əksləri relyef klişe vasitəsilə vurulmuşdur. 2. Həmin möhür əksləri öz aralarında eynilik təşkil edirlər. 3. Rəyin 3-cü bəndində göstərilən səbəblə əlaqədar olaraq qərardadda göstərilən “İddiaçı adına olan 21.07.2009-cu il tarixli müqavilə həmin tarixli, yəni “21.07.2009-cu il” tarixdə, yoxsa sonrakı tarixlərdə tərtib edilmişdir?”, “X3 adına olan 04.08.2009-cu il tarixli müqavilə həmin tarixdə, yəni 04.08.2009-cu il” tarixdə, yoxsa sonrakı tarixlərdə tərtib edilmişdir?”, “Tədqiq olunan busənədlərin icra olunduğu vaxtı müəyyən etmək mümkün olduğu halda həmin sənədlərin müvafiq olaraq 2009-cu və 2010cu illərdə və ya sonrakı illərdə icra olunması müəyyən olunsun?” və “İddiaçı və X6 göstərilən müqavilələrdə, kassa mədaxil orderlərinin qəbzlərində və maliyyə arayışındakı yazıların, imzaların hansı ildə icra olunmasını, tədqiq olunan bu sənədlərin eyni ildə icra olunmasını, kağızının, blankının, yazı materiallarının istehsal olunduğu vaxta uyğun gəlməsini müəyyən etmək mümkündürmü?” suallarını cavablandırmaq mümkün olmadı. Xətai Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 17186 saylı, 20.08.2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X6 tərtib olunmuş 04.08.2009-cu il tarixli 495 saylı, 12.10.2009-cu il tarixli 510 saylı, 29.10.2009-cu il tarixli 527 saylı, 21.11.2009-cu il tarixli 549 saylı kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar eyni şəxs tərəfindən icra olunmuşdir.1.2. Ekspertizaya təqdim edilmiş, X4 adına tərtib edilmiş 15.03.2010-cu il tarixli 61 saylı, 19.05.2010-cu il tarixli 94 saylı, 13.06.2010-cu il tarixli 107 saylı, 02.07.2010-cu il tarixli 110 saylı, 15.07.2010-cu il tarixli 176 saylı, 13.09.2010-cu il tarixli nömrəsiz, 01.10.2010-cu il tarixli 238 saylı, 10.12.2010-cu il tarixli 311 saylı kassa mədaxil orderlərinin qəbzlərindəki “Rəhbər” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X6 tərtib olunmuş 04.08.2009-cu il tarixli 495 saylı, 12.10.2009-cu il tarixli 510 saylı, 29.10.2009-cu il tarixli 527 saylı, 21.11.2009-cu il tarixli 549 saylı kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar ilə X4 adına tərtib edilmiş 15.03.2010-cu il tarixli 61 saylı, 19.05.2010-cu il tarixli 94 saylı, 13.06.2010-cu il tarixli 107 saylı, 02.07.2010- cu il tarixli 110 saylı, 15.07.2010-cu il tarixli 176 saylı, 13.09.2010-cu il tarixli nömrəsiz, 01.10.2010cu il tarixli 238 saylı, 10.12.2010-cu il tarixli 311 saylı kassa mədaxil orderlərinin qəbzlərindəki “Rəhbər” qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 50,82 kv.metr olan, 1 otaqdan ibarət mənzilə dair Cavabdeh MMC ilə X9 arasında olan 04.08.2009-cu il tarixli müqavilədə Cavabdeh MMC-nin direktoru:” qrafasında “Kazım Kazımzadə” yazıları qarşısındakı imza ilə nəticənin“1.1.” və “1.2.” bəndlərindəki imzalar öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekt 2935A ünvanda yerləşən yaşayış evinin 1- ci blok, 12-ci mərtəbəsində, ümumi sahəs 50,82 kv.metr olan, 1 otaqdan ibarət mənzilə dair “Ələsgəroğlu-K MMC” ilə İddiaçı arasında olan 21.07.2009-cu il tarixli 258 nömrəli müqavilədə Cavabdeh MMC-nin direktoru: “qrafasında “Kazım Kazımzadə” yazıları qarşısındakı imza ilə İddiaçı adına tərtib olunmuş 22.09.2010-cu il tarixli 1/3 nömrəli maliyyə arayışında “K.Ə.Kazımzadə” yazıları qarşısındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 50,82 kv.metr olan, 1 otaqdan ibarət mənzilə dair "xxxx" MMC ilə X9 arasında olan 04.08.2009-cu il tarixli müqavilədə Cavabdeh MMC-nin direktoru:” qrafasında “Kazım Kazımzadə” yazıları qarşısındakı imza, nəticənin “1.1.” və “1.2.” bəndlərindəki imzalar, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekt 2935A ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəs 50,82 kv.metr olan, 1 otaqdan ibarət mənzilə dair “Ələsgəroğlu-K MMC” ilə İddiaçı arasında olan 21.07.2009-cu il tarixli 258 nömrəli müqavilədə Cavabdeh MMC-nin direktoru:” qrafasında “Kazım Kazımzadə” yazıları qarşısındakı imza İddiaçı adına tərtib olunmuş 22.09.2010-cu il tarixli 1/30 nömrəli maliyyə arayışında “K.Ə.Kazımzadə” yazıları qarşısındakı imza öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. İş materiallarında olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanladığı ********* saylı 16.08.2019-cu il tarixli məktubdan görünür ki, Baş İdarədə Cavabdeh MMC-nin vəzifəli şəxsləri barəsində hər hansı cinayət işi istintaq olunmamış, həmin MMC-nin direktoru X7 adından verilmiş etibarnamə və cəmiyyətə məxsus yaşayış binasının inşasını birgə təsərrüfat müqaviləsi əsasında davam etdirən "xxxx" MMC-nin direktoru X17 barəsində ********* və ********* nömrəli cinayət işləri istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-129/2013 saylı, 29.07.2013-cü il tarixli hökmü ilə Kazım-zadə Kazım Ələsgər oğlu Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən həmçinin (hökmün 4-cü səhifəsi) görünür ki, X22 prospekti 293 5A ünvanında inşa etdirdiyi binanın 1-ci blok 12-ci mərtəbəsində bir otaqlı 50,82 kv.metrlik nömrəsiz mənzili 21.07.2009-cu ildə 258 saylı müqavilə ilə mühasib Valentina Volkovanın vasitəsilə X13 22.869 manata, 04.08.2009-il tarixli 262 saylı müqavilə ilə X5 15.350 manata sataraq onların ümumilikdə 38.219 manat pullarını ələ keçirib təkrar dələduzluq etmişdir. Həmin hökmdən (hökmün 13-cü səhifəsi) görünür ki, məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxs İddiaçı ifadəsində göstərmişdir ki, 21.07.2009-cu ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında Cavabdeh MMC tərəfindən inşa olunacaq yeni hündürmərtəbəli binanın 1-ci blok 12-ci mərtəbəsində sahəsi 50.82 kv.metr, ümumi qiyməti 22.869 manat olan birotaqlı mənzili almaq üçün mənzilin alqı-satqısına dair 258 saylı müqavilə imzalamış və məzilin dəyərini tam ödəmişdir. Buna baxmayaraq mənizili ala bilməmişdir. Bir neçə dəfə tikintinin gedişi ilə maraqlanmış, tikintinin yarmıçıq qaldığını görmüşdür. X27-zadənin həbs edildiyini, ona satılmış mənzilin eyni zamanda başqa bir nəfərə də satıldığını bilmişdir. Göstərilən hökmdən (hökmün 21-ci səhifəsi) görünür ki, məhkəmədə zərərçəkmiş şəxs Rahilə Abdullayevanın nümayəndəsi X16 bildirmişdir ki, Rahilə Abdullayeva anasıdır və səhhəti ilə əlaqədar sonuncu məhkəmədə iştirak edə bilmir. Anası 04.08.2009-cu ildə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında Cavabdeh MMC tərəfindən inşa olunan yeni hündürmərtəbəli binanın 1-ci blok 12-ci mərtəbəsində sahəsi 50,82 kv.metr, hər kv.metri 400 manata olmaqla ümumi qiyməti 20.328 manata olan birotaqlı mənzilin alqı-satqısına dair 262 saylı müqavilə imzalamış və ilkin ödəniş kimi 8.000 manat pul ödəmişdir. Müqavilənin şərtinə əsasən qalan borcunu hər ay 770,50 manat olmaqla on altı ay ərzində ödəməli idi. Mənzil üçün cəmi 15.350 manat pul ödənilmiş, 4.978 manat borc qalmışdır. Mənzilin dəyəri vaxtında ödənsə də, şirkət binanı vəd olunan müddətdə tikib qurtarmamış, ona görə də 2010-cu ilin sonundan etibarən qalıq borcu ödəməyi dayandırılmışdır. 2012-ci ilin əvvəlində məlum olmuşdur ki, Kazım Kazım-zadə tutulub, onalara satılan mənzil isə eyni zamanda başqa şəxsə satılmışdır. Qeyd edilən hökmdən (hökmün 25-ci səhifəsi) görünür ki, məhkəmə-xəttşünaslıq ekspertizasının 22.08.2012-ci il tarixli 13275 saylı rəyindən müəyyən olur ki, İddiaçı verilmiş 21.07.2009-cu il tarixli 258 saylı alqı-satqı müqaviləsində “direktor” qrafasındakı imza Kazım Kazımzadə tərəfindən icra olunmuşdur. Yenə həmin hökmdən (hökmün 30-cu səhifəsi) görünür ki, ekspertizaya təqdim edilmiş X8 verilmiş 311 saylı 10.12.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 176 saylı 15.07.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 110 saylı 02.07.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 107 saylı 13.06.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 94 saylı 19.05.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza,61 saylı 15.03.2010-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 549 saylı 21.11.2009-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 527 saylı 29.10.2009-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 510 saylı 12.10.2009-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza, 495 saylı 04.08.2009cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasındakı imza İddiaçı verilmiş 396 saylı 21.07.2009-cu il tarixli kassa mədaxil orderində “baş mühasib” qrafasında imza Valentina Volkova tərəfindən icra olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzillə bağlı 14 gün əvvəl, 21.07.2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış olsa da, qeyd edilən mənzil Cavabdeh MMC ilə cavabdeh Rahilə Abdullayeva arasında 04.08.2009-cu il tarixdə müqavilə bağlandıqdan sonra, sonuncunun sahibliyində və istifadəsində olmuş, o cümlədən cavabdeh Rahilə Abdullayeva həmin mənzildə yaşamış və hazırda da yaşayır. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə qeyd etmişdir ki, mübahisəli mənzil otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş mənzildir. Qeyd edilən mənzillə bağlı müqavilə ilkin olaraq İddiaçılə bağlanmış olsa da, qeyd edilən mənzil 04.08.2009-cu il tarixdə bağlanmış müqavilə əsasında cavabdeh Rahilə Abdullayevanın sahibliyinə və istifadəsinə verildiyindən, İddiaçı mövcud ilkin iddia tələbi təmin edilə bilməz. Buna görə də, ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi əsaslı və qanuni hesab edir. Belə ki, Cavabdeh MMC ilə həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı arasında bağlanmış müqavilələr eyni formada, eyni məzmunda, alıcıların iradə ifadəsinə, əqdin məzmununa uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. Bununla bərabər qanuni qüvvəyə minmiş hökmlə həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçının eyni qaydad Cavabdeh MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlu tərəfindən aldadılmaqla, müqavilə üzrə məbləğlərin ələ keçirilmesi müəyyən edilmişdir. İşin digər bir mübahisələndirilməyən halı ondan ibarətdir ki, qanuni qüvvəyə minmin hökmlə Cavabdeh MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlunun eyni mənzili həm ilkin iddia üzrə iddiaçıya, həm də qarşılıqlı iddia üzrə iddiaçıya satmaqla onlara məxsus pul vəsaitlərinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir. Başqa sözlə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə tərəflər eyni statuslu zərərçəkmiş kimi tanınmışdır ki, həmin hökmlə də hər hansı tərəfin mübahisəli mənzilə münasibətdə üstün hüququ olması müəyyən edilmir. Cavabdeh MMC mübahisəli mənzili həm ilk iddia üzrə iddiaçıya, həm də qarşılıqlı iddia üzrə iddiaçıya təhvil vermək barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Belə olan halda, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil qarşılıqlı iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin qarşılıqlı iddiaçının sahibliyinə və istifadəsinə verilməsi işin mübahisələndirilməyən halıdır. Digər tərəfdən, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticəni də əsaslı hesab edir. İş materiallarından və işin hallarından müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-129/2013 saylı cinayət işi üzrə hökmü 29.07.2013-cü il tarixdə qəbul edildiyindən İddiaçı mübahisəli mənzilin eyni zamanda başqa şəxsə də satılmasını ən azı 2013-cü ilin iyul ayından əvvəl bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd edilən müqavilənin mövcudluğu İddiaçı ən azı 2013-cü ilin iyul ayından əvvəl (halbuki, həmin vaxtdan xeyli müddət əvvəl ona məlum olmuşdur) məlum olmasına baxmayaraq, hazırki ilkin iddia tələbi ilə 16.01.2019-cu il tarixdə, “müqavilənin etibarsız hesab edilməsi” barədə (iddia ərizəsinə əlavə) tələblə isə 14.05.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, Məhkəmə kollegiyası qarşılıqlı iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi əsassız olduğundan, mübahisəli mənzil isə Rahilə Abdullayevaya məxsus olduğunundan, o, ona məxsus olan mənzillə bağlı iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissələrində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, şikayətin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və Məhiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2900/2019 saylı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar