Məhkəmə qərarları › İş №2(103)-1174/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1174/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1174/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3389/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən İddiaçı faiz borcunu tələb etməsinin əsassız hesab edilməsi, həmin müqavilə və həmin tarixli ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-1604/2017 saylı, 16 yanvar 2017ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən yaranmış 1372 (bir min üç yüz yetmiş iki) ABŞ dolları, 48 (qırx səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faizlə hesablanmış faz borcu 5.552 (beş min beş yüz əlli iki) ABŞ dolları 93 (doxsan üç) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsinə dair faiz borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3389/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş edərək şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən kredit müqaviləsinin müddəti 12 ay, yəni 13 avqust 2010-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsi üzrə faiz borcunun ödənilməməsi ilə əlaqədar, bank faiz borcunun tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “Kapital Bank» ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə faiz borcu tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-1604/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin 22 iyul 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən yaranmış 1372 (bir min üç yüz yetmiş) ABŞ dolları, 48 (qırx səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faizlə hesablanmış faz borcu 5.552 (beş min beş yüz əlli iki) ABŞ dolları 93 (doxsan üç) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarının 2.1.4-cü bəndində qeyd edilmişdir ki, vaxtı keçmiş kredit borcu- fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclardır. Göründüyü kimi, Fərman və ona müvafiq olaraq qəbul edilmiş Qaydalar 2012-ci ilin yanvar ayının 1-dən əvvəl bağlanmış kredit müqavilələrini əhatə etmir və həmin Fərmanın və Qaydaların təsiri həmin müqavilələrə şamil edilə bilməz. Beləliklə, iddiaçı ilə bank arasında bağlanan 13.08.2009cu il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. Həmçinin ipoteka ilə təmin edilmiş təminatlı kreditlərlə bağlı Fərmanda və qaydalarda heç bir güzəşt nəzərdə tutulmamışdır. Belə olan halda İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müvafiq bəndlərinin(8.9; 8,10), o cümlədən 8.6-cı bəndlərinin, eləcə də Mülki Məcəllənin 527.1 və 557.1-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Əvvəla ona görə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarının 2.1.4-cü bəndində də vaxtı keçmiş kredit borcu- fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borcları kimi nəzərdə tutulmuşdur. İddiaçı qeyd olunan Fərmanın 8.9 və 8.10-cu bəndlərinin məhkəmə tərəfindən pozulduğunu qeyd edir, ancaq nədənsə 8.6-cı bəndinin tələblərini unudur yaxud buna əhəmiyyət vermək istəmir. Yəni, sözügedən Fərmanın 8.6-cı bəndində və ona müvafiq olaraq qəbul edilmiş Qaydalarda vaxtı keçmiş kredit borcu- fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borcları kimi nəzərdə tutulduğu göstərilmişdir. Demək, bu Fərman 01 yanvar 2012-ci ilədək bağlanmış kredit müqavilələrinə şamil edilə bilməz. İkincisi, Mülki Məcəllənin XXVİİ fəslində öhdəliklərə xitam verilməsinin əsasları nəzərdə tutulmuşdur. Bununla əlaqədar iddiaçı Mülki Məcəllənin 527.1-ci və 557.1-ci maddələrinə istinad edir. Ancaq iddianın faktiki halları 557.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun deyil. Birincisi ona görə ki, Azərbaycan Respublikasının Prezidenti qeyd olunan Fərmanı hansısa dövlət orqanının qəbul etdiyi akt deyildir. Çünki, Prezident Konstiutsiyaya əsasən İcra hakimiyyətinin və dövlətin başçısıdır, qəbul etdiyi qeyd olunan Fərman nəticəsində hansısa şəxsin öhdəliyinin icrası qeyri-mümkün olmamış, əksinə minlərlə şəxslər bu Fərmana görə güzəşt əldə etmiş, borcları tam yaxud qismən silinmiş, bununla da öhdəliklərinə qanuni əsaslarla xitam verilmişdir. Lakin iddiaçının qanuni qüvvədə olan məhkəmə aktına əsasən müəyyən edilmiş faiz borcunun silinməsi üçün əsas həmin Fərmanda nəzərdə tutulan şərtlərə uyğun olmalıdır. Faiz borcunun silinməsi üçün əsasın olmadığına yuxarıda münasibət bildirildi. Ona görə də iddiaçının göstərilən Fərmanın əhatə və təsir dairəsinin 01 yanvar 2012-ci ildən əvvəl bağlanmış müqavilələrə də şamil edilməsini israr etməsi başadüşülən deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3389/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar