Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11756/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(003)-382/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(003)-382/2021 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev), iddia qismən təmin olunmuş, iddiaçı həmin qətnamdən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(003)-382/2021 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər prosessual müddətin ötürülməsi əsası ilə qaytarılmışdır. Bundan sonra, iddiaçı qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermiş, ərizəsini yaşı və səhhətində olan problemlərlə əsaslandırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(003)- 382/2021 saylı qərardadı ilə ərizə təmin olunmamış və apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmiş və şikayətini ərizəsi ilə eyni məzmunda əsaslandırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayəti müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə şikayəti əsassız sayaraq, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın Baxılan işdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən 17.06.2021-ci il tarixdə ünvanda şəxsən imza edilməklə rəsmi qaydada alınmışdır. 29.07.2021-ci il tarixdə iddiaçı, qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayət prosessual müddətin ötürülməsi əsası ilə qaytarılmışdır. Bundan sonra, yəni 23.09.2021-ci il tarixdə iddiaçı prosessual müddətin bərpasına dair ərizə vermiş, birinci instansiya məhkəməsi isə müddətin buraxılması səbəblərini üzrlü saymamışdır. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün əsas yoxdur. Belə ki, iddiaçı prosessual müddətin bərpası barədə ərizəsində tərəfindən müddətin ötürülməsinin səbəbi kimi səhhətində problemlərin yaranmasını göstərsə də, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Şikayətinə əlavə etdiyi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 26.10.2021-ci il tarixli, 464 nömrəli məktubu isə bu halın müəyyən edilməsi baxımından mötəbər hesab edilə bilməz. Ona görə ki, həmin məktubda iddiaçının 2014-2015-ci illər ərzində xəstənayaya müraciət etməsi göstərilməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxdığı 19.05.2021-ci il tarixdən sonrakı tarixlərlə bağlı hər hansı qeyd yoxdur. Belə olan halda isə, iddiaçının səhhətində qətnamənin çıxdığı vaxtdan xeyli müddət əvvəl yaranmış problemlər həmin qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsi baxımından üzrlü səbəb kimi qəbul edilə bilməz. İddiaçı da məhkəməyə bunun əksini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(003)-382/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(003)- 382/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11756/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11756/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver