Məhkəmə qərarları › İş №2(103)-1176/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1176/2023

03.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1176/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Günay Axundova və İkram Şirinovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil3, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər keçmiş ər-arvaddır. Onlar xx.xx.2008-ci ildə nikah bağlayıblar. Cavabdeh xx.xx.2022-ci ildə nikahın pozulması üçün iddia verib və nikah pozulub. Hazırkı mübahisə Xətai rayonu, Yavər Səfərov küçəsi, ev № 12-də yerləşən 17 №-li mənzilə ilə bağlıdır (bundan sonra – mənzil). Mənzilə dair iddiaçı (hədiyyə verən) ilə cavabdeh (hədiyyə alan) arasında xx.xx.2020-ci il tarixdə bağışlama müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əsasında xx.xx.2020-ci il tarixdə mənzil üzərində cavabdehin mülkiyyət hüququ reyestrdə qeydə alınıb və bu barədə reyestr çıxarışı verilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, bağışlama müqaviləsi etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. İddiaçı mənzili cavabdehə o şərtlə bağışlayıb ki, cavab xidməti kimi cavabdeh nikahın pozulması hüququndan istifadə etməyəcək. Belə şərtə bağışlama Mülki Məcəllənin 666.1-ci maddəsinə ziddir. Həmin maddəyə görə, bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bundan başqa, cavab xidmətinin özü qanunsuzdur, çünki nikah könüllü ittifaqdır (Ailə Məcəlləsi, maddə 2.3), ər-arvadın nikahdan çıxmaq hüququndan imtinası cavab xidməti kimi müəyyən edilə bilməz. Сavab xidməti müqavilənin mətnində qeyd olunmasa da, tərəflər onu şifahi formada razılaşdırıblar. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur: Birinci, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi, apellyasiya icraatı zamanı dinlənilmiş, tərəflərə aid olan səs yazısı ilə. İkinci, cavabdeh xx.xx.2020-ci ildə (bağışlamadan əvvəl) nikahın pozulması barədə iddia verib (iş v. 123), lakin bağışlamadan (xx.xx.2020-ci ildən) sonra iddianı geri götürüb. Bu isə onu təsdiq edir ki, bağışlama cavab xidməti ilə şərtləndirilib, cavabdeh hədiyyəni aldıqdan sonra cavab xidməti kimi iddianı geri götürüb. Bağışlamadan 1 il 6 ay sonra – xx.xx.2022-ci ildə cavabdeh nikahın pozulması üçün yenidən iddia verib (iş v. 89). Üçüncü, bağışlama müqaviləsi nikahın pozulması barədə iddianın (1-ci iddianın) verilməsindən sonra bağlanıb. Bağışlama mənəvi dəyərlərə əsaslanan müqavilədir. Yəni hədiyyə verən heç bir əvəz almadan öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Əgər iddiaçı yalnız mənəvi dəyərlərə əsaslanmışdırsa, mənzili ondan boşanmaq üçün iddia vermiş şəxsə deyil, övladlarına bağışlaya bilərdi. Bu isə onu təsdiq edir ki, mənzil ona görə bağışlanıb ki, cavabdeh cavab xidməti kimi nikahın pozulması hüququndan imtina etsin. Beləliklə, bağışlama hədiyyə alan tərəfindən cavab xidməti ilə şərtləndirildiyinə görə Mülki Məcəllənin 666.1-ci maddəsinin tələbi pozulub. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, bağışlama müqavilə etibarsızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozulduğundan qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Xətai rayonu, Yavər Səfərov küçəsi, ev № 12-də yerləşən 17 №-li mənzilə dair İddiaçı ilə X1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 4Ə- 1858 nömrə ilə reyestrdə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab olunsun. Həmin müqavilənin əsasında X1 mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar