Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11764/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarova Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(003)-4121/2021 nömrəli qərardadından ərizəçinin verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2004-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin “stomatologiya” fakültəsində ali təhsil alması və internatura kursu keçməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(003)-4121/2021 nömrəli qərardadı ilə ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Ərizəçiyə bununla bağlı Təhsil Nazirliyinə müraciət etməsi, müraciətindən imtina olunduğu halda isə həmin imtina ilə bağlı inzibati qaydada Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Ərizəçi şikayət verərək, 01.10.2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə ərizədə göstərilənlərdən əlavə qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi öz qərardadını Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndi ilə əsaslandırsa da, həmin qərarı düzgün təfsir etməmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(003)-4121/2021 saylı qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi vəkil Nümayəndə şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası iclasın maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmadığı, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olduğu, ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadığı, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçilə Azərbaycan Beynəlxalq Universiteti arasında 20.09.2005-ci il tarixli müqavilə bağılanmış, Ərizəçi həmin Universitetin stomatologiya ixtisasının əyani şöbəsinə daxil olmuşdur. Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin 27.09.2010-cu il tarixli 199 saylı vəsiqəsinə əsasən Ərizəçi 16.10.2009-cu il tarixdən 16.09.2010-cu il tarixədək Respublika stomotoloji Mərkəzində internatura kursu keçməsi və buraxılış imtahan komissiyasının qərarına əsasən ona həkim stomotoloq ixtisası verilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən ərizəçinin müəyyən edilməsini istədiyi fakta dair yəni, onun unversitetdə təhsil almağı və internatura kursu keçməyi aydın görünür. Belə ki, məhkəmələr yalnız müyyən olunması tələb olunan faktı məhz həmin sənədlərin itirilməsi və ya başqa qayda da alınmasının mümkün olmaması halında müəyyən edə bilər. Hazırki halda isə fakt kimi müəyyən olunması xahiş olunan iki sənəd də mövcud olmaqla məhkəmə tərəfindən həmin faktın təsdiq edilməsi barədə işin icraata qəbul edilməklə baxılması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə öz qərardadında qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ərizəçi tərəfə ünvanlanmış məktubda şəxsin təhsil almasınını təsdiq edən AB-İ812805 saylı diplom blankının hüquqi əsasının olmaması göstərilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizəçi bununla bağlı Təhsil Nazirliyinə müraciət etməli, müraciətindən imtina olunduğu halda isə həmin imtina ilə bağlı inzibati qaydada Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq hesab etmişdir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə olan halda, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin 01.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(003)-4121/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11764/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11764/2021
06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver