Məhkəmə qərarları › İş №2(103)-11771/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11771/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11771/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və onun nümayəndəsi-vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh Borislonovaya və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı istifadə hüququnun itirilməsi və həmin mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4609/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 Cavabdeh Borislovnaya qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, S.Cəfərov küçəsi ev 9, 135 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Oktyabr rayonu, Xalq deputatları sovetinin İcraiyyə komitəsinin 30 dekabr 1988-ci il tarixli, 28/1 saylı qərarı ilə Günəşli qəsəbəsi, Seyran-Bağça kçəsi (indiki S.Cəfərov) ev 135, mənzil 9 ünvanı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və iki oğlu) X2 təqdim edilmişdir. Orcenekidze rayon Xalq deputatları Sovetinin İcraiyyə komitəsinin 01 iyun 1990-cı il tarixli, 6 saylı qərar ilə sözügedən mənzilin icarə müqaviləsi X1 kçmiş həyat yoldaşı Cavabdeh Borislovnanın adına dəyişdirilmiş və onun adına şəxsi hesab vərəqəsi açılmışdır. 23 iyun 1992-ci il tarixli, 18 № li nikah şəhadətnaməsinə əsasən o, cavabdeh ilə ailə quraraq fasiləsiz olaraq Yeni Günəşli, S.Cəfərov küçəsi ev 9, 135 ünvanında fasiləsiz olaraq yaşamağa başlamışdır. Birgə nikahdan uşaqları yoxdur. Uzun illərdir ki, cavabdeh Azərbaycanda yaşamır və harada yaşamağı məlum deyil. Suraxanı Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(010)-1526/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Uzun illərdir qeyd edilən ünvanda o, ilk nikahdan dünyaya gələn oğlu, qeyri-rəsmi nikahdan dünyaya gələn qızı X4 və nəvəsi X3 qeydiyyatdadırlar və sözügedən ünvanda yaşayırlar. Bu günədək mənzilə dair bütün kommunal ödənişləri ödəyir. Mənzilə dair kirayə müqaviləsinin keçmiş həyat yoldaşının adına olması onun və ailə üzvlərinin mənzil hüququnu məhdudlaşdırmaqla əlavə çətinliklər yaradır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4609/2021 saylı 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində maddi və prosessual hüquq normalarını tələblərini pozaraq iddia tələblərinin təmin edilməsi üçün əsaslar olduğu halda bunu etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümatyəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsi tələbi üzrə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı Suraxanı rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, həmin iddia üzrə yaranmış mübahisə tələbin predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati mübahisə olmaqla bu mübahisəyə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsi ilə bağlı ilk növbədə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etməli, həmin orqanın cavabından narazı qaldığı halda inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə inzibati mübahisənin xüsusiyyətinə görə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Kollegiya hesab edir ki, əgər ümumi məhkəməyə daxil olmuş ərizə müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin ərizə (iddia) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4609/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi “kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi” tələbinə dair hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar