Məhkəmə qərarları › İş №2(103)-118/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-118/2021

10.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-118/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Hacıyeva (Ağazadə) Lalə Məcid qızının və onun nümayəndəsi X12 iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsində yerləşən və paylı mülkiyyətdə olan 141 saylı fərdi yaşayış evi üzərində özünün payına düşən yaşayış və köməkçi otaqlardan ibarət 8/40 hissənin naturada ayrılması və həmin paya mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsi 141 saylı fərdi yaşayış evi mərhum atası X14 xüsusi mülkiyyətində olmuş, anası 1994-cü ildə, atası isə 1995-ci ildə vəfat etmişlər. Yaşayış evinə dair adına 10.10.1997-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin TİMHQİ tərəfindən 106178 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmin qeydiyyat vəsiqəsində onun mülkiyyət hüququ 1/5 hissədə, atası X14 mülkiyyət hüququ 3/5 hissədə, bacısı X1, qardaşı X9, qardaşı Cavabdeh1, bacısı X3 1/5 hissədə müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsində iddiaçı Cavabdeh1 ona və qeyrilərinə qarşı “yaşayış evinin naturada bölünməsi” tələbinə baxılarkən məhkəmənin sorğusuna ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19.09.2014-cü il tarixli məktubda, sözügedən fərdi yaşayış evinin hal-hazırda 5/40 hissədə Cavabdeh2, 1/40 hissədə Cavabdeh3, 1/40 hissədə Cavabdeh4, 1/40 hissədə Cavabdeh5, 8/40 hissədə onun (iddiaçının), 8/40 hissədə X1, 8/40 hissədə Cavabdeh1, 8/40 hissədə X3 mülkiyyətində olduğu göstərilmişdir. Bir sözlə paylı mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi (mərtəbələr üzrə otaqların təsnifatı) cəmi 454,8 m2-dır. Mülkiyyətçilərdən X6 və X10 vəfat etmiş və onlara məxsus pay tərəfindən faktiki olaraq qəbul olunsa da, adına mülkiyyət hüququ üzrə reyestrdə qeydə alınmamışdır. Yəni miras əmlak hər iki miras qoyana münasibətdə açıq qalmışdır. Hazırda həmin hissədə miras əmlak üzərində onun vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payının müəyyən edilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh1 və qeyrilərinin adına verilmiş texniki pasportun surətindən görünür ki, mülk “A” literli yaşayış evində 12 yaşayış otağı, 6 bağlı eyvan, 1 dəhliz, 3 mətbəx; “B” literli yaşayış evində 1 giriş, 1 yaşayış otağı; “V” literli yaşayış evi 3 yaşayış otağı, 1 giriş və 1 mətbəxdən – ümumilikdə 16 yaşayış otağından, 6 bağlı eyvandan, 1 dəhlizdən, 4 mətbəxdən, 2 girişdən ibarətdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-7759/2014 saylı 16 dekabr 2014-cü il tarixli qətnaməsi ilə mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətndə olan 8/40 hissəsinin onun yaşadığı mənzilin sahələri 21,7 m2, 7,8 m2 və 3,5 m2 olan tikililərdən ümumi istifadədə olan həyətyanı torpaq sahəsinə tərəf açılan giriş-çıxış qapıları bağlanmaqla, sahəsi 21,7 m2 olan tikilinin küçəyə tərəf olan fasad divarında yerləşən pəncərə boşluğunun yerində giriş-çıxış qapısı quraşdırılmaqla sahəsi 16,7 m2 olan tikilidən sahəsi 13,5 m2 olan tikiliyə, sahəsi 20 m2 olan tikilidən də sahəsi 6,6 m2 olan tikiliyə giriş çıxış üçün həmin tikililərin arakəsmə divarında giriş çıxış qapıları quraşdırılmaqla naturada ayrılması, sözügedən fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətndə olan naturada ayrılmış 8/40 hissəsinə dair çıxarışın verilməsi ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və qətnamə qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olan naturada ayrılmış 8/40 hissəsinə dair iddiası təmin edilərək payına uyğun bölgü aparılmışdır, buna görə də Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsi 141 saylı fərdi yaşayış evinə dair onun payına düşən hissə də ayrılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsində yerləşən 141 saylı fərdi yaşayış evinin İddiaçı payına düşən 1/5 hissəsinə uyğun “A” literli tikilisinin ikinci mərtəbəsində yerləşən 14 saylı (16,7 m2 texniki pasportda 3 saylı), 16 saylı (19,2 m2 texniki pasportda 4 saylı) otaqlarının və “V” literli tikilisinin ayrıca giriş-çıxışı qapısı olan 60,5 m2 tikililərinin naturada ayrılması, onun adına həmin paya mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiaçının 1/5 vərəsəlik payının yenidən müəyyən olunaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, sübutlara düzgün hüquqi qiymət verməməsi, ekspert rəyləri arasında əmlakın sahəsində 32,3 m2-lıq fərq olduğu halda, bunun səbəbinin araşdırılmaması, “B” tikilisinin üzərində 2-ci mərtəbənin mövcud olmaması, onun və mərhum bacılarının (Həqiqət və Gülzaman) istifadə etdikləri hissələrdən başqa qalan bütün tikililərin Məcidin ailəsinin istifadəsində olması və iddiaçının 1/5 payının da həmin tikililərin içərisində yerləşməsi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 şikayətinin dəlillərinə uyğun izahat vermiş, iddiaçı şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, bununla belə özünə məxsus payın hansı qaydada ayrılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Hacıyeva (Ağazadə) Lalə Məcid qızı və sonuncunun nümayəndəsi X17 şikayətin əsassız olduğunu bildirmiş, Cavabdeh5 isə məhkəmə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan hallarına görə, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsində yerləşən “A”, “B” və “V” literli tikililərdən ibarət olan 141 saylı fərdi yaşayış evi 5/40 hissədə Cavabdeh2, 1/40 hissədə Cavabdeh3, 1/40 hissədə Cavabdeh4, 1/40 hissədə Cavabdeh5, 8/40 hissədə X7, 8/40 hissədə X1, 8/40 hissədə (A tik. 1-ci mərtəbə, ü/s – 90,5 m2, y/s – 66,6 m2) Cavabdeh1 və 8/40 hissədə X3 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X10 21 sentyabr 2014-cü il, X6 isə 27 fevral 2016-cı il tarixdə vəfat etmişlər. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Gülzaman Hacıyevanın “Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı fərdi yaşayış evinin “V” hissəsində 1/5 paya mülkiyyətçi olmaqla həmin hissənin “A” və “B” hissələrindən arakəsmə ilə ayrılmaqla aradakı torpaq sahəsinin onun istifadəsinə verilməsi və 3-cü Yasamal küçəsinə giriş qapısının açılması” məzmunlu iddiası Yasamal Rayon Məhkəməsinin 03 avqust 2000-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, sözügedən fərdi yaşayış evinin “V” tikilisinin qarşısındakı 51,3 m2 torpaq sahəsinin Gülzaman Hacıyevanın mülkiyyətinə verilməsi, həmin torpaq sahəsindən 3-cü Yasamal küçəsinə gediş-gəliş yolu açmaq üçün ona icazə verilməsi, X9 istifadəsində olan qarajın bu torpaq sahəsinə açılan qapısının bağlanması, Gülzaman Hacıyevanın mülkiyyətində olan və sonradan əsas həyətə açılan qapısı bağlanmış 22 m2 otağın Məcid Hacıyevin mülkiyyətinə verilməsi, həmin otağın “A” tikilisinin həyətinə açılan qapısının bərpa olunması, “V” tikilisinə qalxmaq üçün istifadə olunan pilləkənin yanından giriş yolunun bağlanması qət edilmiş, X3, Cavabdeh1 və X7 “torpaq sahəsindən istifadə hüququnun müəyyən edilməsi və gediş-gəliş yolunun verilməsi” tələbləri isə rədd edilmişdir; həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (AR Apellyasiya Məhkəməsinin 1MK-130 saylı 16 mart 2001-ci il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-3K-365 saylı 20 iyun 2001-ci il qərarına əsasən). Bakı Apellyasiya Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 2(103)- 1759/2017 saylı 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 X5, X11, X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı fərdi yaşayış evinin onun mülkiyyətində olan 1/5 hissəsinin naturada ayrılması və həmin paya mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 16 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olan 8/40 hissəsi onun yaşadığı mənzilin sahələri 21,7 m2 (10,3 x 2,1 m), 7,8 m2 (6,0 x 1,3 m) və 3,5 m2 (2,7 x 1,3 m) olan tikililərdən ümumi istifadədə olan həyətyanı torpaq sahəsinə tərəf açılan girişçıxış qapıları bağlanmaqla, sahəsi 21,7 m2 (10,3 x 2,1 m) olan tikilinin küçəyə tərəf olan fasad divarında yerləşən pəncərə boşluğunun yerində giriş-çıxış qapısı quraşdırılmaqla, sahəsi 16,7 m2 (3,7 x 4,5 m) olan tikilidən sahəsi 13,5 m2 (3,0 x 4,5 m) olan tikiliyə, sahəsi 20,0 m2 (5,4 x 3,7 m) olan tikilidən də sahəsi 6,6 m2 (3,3 x 2,0 m) olan tikiliyə giriş-çıxış üçün həmin tikililərin arakəsmə divarlarında giriş-çıxış qapıları quraşdırılmaqla naturada ayrılması, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olan naturada ayrılmış 8/40 hissəsinə dair Cavabdeh1 adına çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş, qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən aydın olur ki, ekspert rəyləri ilə Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi 141 saylı fərdi yaşayış evinin ümumi sahəsi 454,8 m2, o cümlədən yaşayış sahəsi 282,3 m2 və yardımçı sahəsi 172,5 m2 olan ümumilikdə 47 otaqlı, 2 mərtəbəli “A”, 2 mərtəbəli “B” və 1 mərtəbəli “V” literli tikililərdən ibarət olduğu, Cavabdeh1 ümumi mülkdəki 8/40 payına 90,96 m2 (454,8 / 40 x 8), ondan yaşayış sahəsi üzrə 56,46 m2 (282,3 / 40 x 8) və yardımçı sahəsi üzrə 34,5 m2 (172,5 / 40 x 8) sahənin düşdüyü müəyyən edilmiş, işə baxan məhkəmələr müvafiq nəticəyə gələrkən məhz ekspert rəylərini əsas götürmüşlər. İşin hallarından aydın olur ki, tərəflər (birgə mülkiyyətçilər) arasında əmlaka sahiblik və ondan istifadədə hazırda da narazılıqlar mövcuddur və onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər. Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən mühəndistexniki ekspertizası təyin olunmuş, ekspertin 20.07.2018-ci il tarixli 5583 saylı rəyində aşağıdakılar göstərilmişdir: “Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/5 paya yaxın şəkildə real olaraq ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2,4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Bölgü zamanı hansı yenidənqurma işlərinin görülməsi rəyə əlavə olunmuş plan-sxemdə göstərilmişdir”. Sözügedən ekspert rəyi ilə mübahisəli yaşayış evinin ümumi sahəsinin 454,8 m2, o cümlədən yaşayış sahəsinin 282,3 m2 və yardımçı sahəsinin 172,5 m2 təşkil etdiyi, İddiaçı evdəki 1/5 (8/40) payına yaşayış sahəsi üzrə 56,46 m2 (282,3 / 5) və yardımçı sahəsi üzrə 34,5 m2 (172,5 / 5) olmaqla ümumilikdə 90,96 m2 (454,8 / 5) sahənin düşdüyü müəyyən edilmişdir. Həmin ekspert rəyinə əlavə olunmuş plan-sxemdən aydın olur ki, İddiaçı naturada ayrılması nəzərdə tutulan hissə “A” literli tikilinin ikinci mərtəbəsinin sahəsi 13,3 m2, 4,4 m2, 3,5 m2, 10,3 m2, 17,2 m2, 16,7 m2, 13,5 m2, 9,4 m2 və 19,2 m2 olan otaqlarıdır. İş üzrə sonradan keçirilərək əldə edilmiş 15.03.2019-cu il tarixli 25960 saylı ekspert rəyində qeyd edilən otaqların “A” literli tikilinin ikinci mərtəbəsində yerləşən 10, 11, 12, 13, 14, 15 və 16 saylı tikililər olduğu qeyd edilmişdir. Bununla belə iş materiallarından görünür ki, ekspert 15.03.2019-cu il tarixli 25960 saylı tarixli rəyində “... 20.07.2018-ci il tarixli 5583 saylı ekspert rəyində ünvan 1 ünvanında iddiaçıya ayrılması nəzərdə tutulan “A” literli tikilinin ikinci mərtəbəsinin 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18 saylı tikililərinin faktiki vəziyyəti üzrə 14 və 16 saylı tikililərdən başqa digər tikililərin Cavabdeh2 isifadəsində olmaqla digər cavabdehlərə maneə yaratmadığının müəyyən edildiyini, iddiaçının payına düşən 1/5 hissəyə uyğun sahənin Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsindəki 141 saylı evin “A” literli tikilisinin ikinci mərtəbəsində yerləşən 14 saylı (16,7 m2 texniki pasportda 3 saylı), 16 saylı (19,2 m2 texniki pasportda 4 saylı) otaqlarının və “V” literli tikilinin ayrıca girişçıxışı qapısı olan 60,5 m2 tikililərin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsinin texniki cəhətdən mümkün olduğunu” göstərmiş, habelə mübahisəli yaşayış evinin ümumi sahəsinin 487,9 m2, İddiaçı evdəki 1/5 (8/40) payına düşən sahənin isə 97,6 m2 təşkil etdiyini, ilkin ekspert rəyi ilə aradakı 33,1 m2 fərqin isə sonradan inşa edilmiş tikililərlə əlaqədar olduğu müəyyən edilmiş, birinci instansiya məhkəməsi isə müvafiq nəticəyə gələrkən məhz ikinci ekspert rəyini əsas götürmüşdür. Məhz qeyd olunan halı nəzərə almaqla məhkəmə kollegiyası 29.08.2019-cu il tarixli qərardadla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin vermiş olduqları 5583 saylı 20 iyul 2018-ci il tarixli, habelə 15.03.2019-cu il tarixli 25960 saylı tarixli rəylərdəki boşluğu aradan qaldırmaq məqsədilə ekspertlər qarşısında müvafiq suallar qoymuşdur. Həmin təyinat əsasında verilmiş 12 may 2020-ci il tarixli rəy tədqiq olunarkən müəyyən olunmuşdur ki, ekspert əvvəlki iki rəy arasındakı ziddiyyətli məqamlara aydınlıq gətirməklə müvafiq boşluqları aradan qaldırmış, “Bakı şəhəri, Yasamal rayonu, X. Dadaşov küçəsi 141 saylı fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/5 payının ayrılmasının texniki cəhətdən mümkün olduğu, bunun üçün onun payına düşən 90,96 m2 sahənin Cavabdeh2, X13 və X8 istifadələrində olan ümumilikdə 190 m2 sahədən ayrılmalı olduğu” nəticəsinə gəlmişdir. Qeyd olunan rəydə müvafiq ayrılmanın hansı qaydada həyata keçirilməsinin mümkünlüyü müəyyənləşdirilmədiyindən əlavə ekspertiza təyin olunmuş, ekspertin 14.10.2020-ci il tarixli rəyində, mübahisəsi gedən yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/5 hissəsinə uyğun 90,96 m2 sahənin Cavabdeh2, X13 və X8 istifadələrində olan ümumilikdə 190 m2 sahədən X13 istifadəsindəki 92 m2 ayrılmasının İnşaat Norma və Qaydalarına uyğun olduğu vurğulanmışdır. Ekspertin bu rəyində də qeyri-müəyyənlik olduğundan, xüsusilə X13 istifadəsində evin hansı hissələrinin olduğu və bu hissədən 92 m2 sahənin hansı qaydada ayrılmasının mümkünlüyü müəyyənləşdirilmədiyindən növbəti dəfə ekspertiza təyin edilmiş, ekspertin 19 mart 2021-ci il tarixli rəyində, fərdi yaşayış evinin 19.03.2019-cu il tarixli ekspert rəyində İV literli sahənin yerində yerləşdiyi göstərilən 44, 45, 46, 47, 48, 49, 50, 51 və 57 saylı tikililərinin X13 istifadəsində olduğu, İddiaçı mülkiyyətindəki 8/40 (1/5) hissəyə (90,96 m2) məhz Lalə Ağazadənin istifadəsində olan yaşayış evinin ayrılmasının mümkünlüyü qeyd olunmuşdur. Həmin rəyə aydınlıq gətirməsi üçün məhkəmə iclasına dəvət olunan ekspert, rəydə 57 saylı tikili olaraq qeyd etdiyi tikilinin yaşayış evinin ikinci mərtəbəsində inşa edilən 6,60 m2 ölçüdə balkon olduğunu, nə həmin balkonun, nə də İV literli qaraj tikilisinin yerində tikilən tikillərin evin texniki pasportunda əksini tapmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir və rəyin həqiqiliyinə olan təminat, onun “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyildir və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilməlidir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Bu mənada kollegiya hesab edir ki, ekspertin “fərdi yaşayış evinin 19.03.2019-cu il tarixli ekspert rəyində İV literli sahənin yerində yerləşdiyi göstərilən 44, 45, 46, 47, 48, 49, 50, 51 və 57 saylı (X13 istifadəsində olan) tikililərinin İddiaçı mülkiyyətindəki 8/40 (1/5) hissəyə (90,96 m2) uyğun olaraq sonuncuya ayrılmasının mümkünlüyü” qənaətini, doğruluğuna yüksək təminat olan qənaət kimi qəbul etmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qanuni qüvvədə olan məhkəmə aktları ilə Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi 141 saylı fərdi yaşayış evinin ümumi sahəsinin 454,8 m2 olan ümumilikdə 47 otaqlı, 2 mərtəbəli “A”, 2 mərtəbəli “B” və 1 mərtəbəli “V” literli tikililərdən ibarət olduğu müəyyənləşdirilmişdir; bu isə o deməkdir ki, İV literli sahə kimi qeyd olunan sahədəki tikililər özbaşına tikililər olmaqla onların üzərində hər hansı payçının mülkiyyət hüququ hazırkı icraat çərçivəsində tanına bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, evin texniki pasportunda İV literli tikili, sahəsi 36,9 m2 qaraj olaraq göstərilmiş, ekspertin rəyinə görə isə həmin qarajın yerində 85,4 m2 ölçüdə tikililər inşa edilmişdir. Buna görə də kollegiya hesab edir ki, iş üzrə verilən bütün ekspert rəyləri ilə müəyyənləşdirilən hallar işdəki digər sübutlarla birlikdə qiymətləndirilməklə müvafiq nəticəyə gəlinməli, Bakı şəhəri, Yasamal rayonu, X. Dadaşov küçəsi 141 saylı fərdi yaşayış evinin “A” literli tikilisinin ikinci mərtəbəsindəki 13 saylı tikilinin ümumi istifadədə, 14 və 16 saylı tikililərin boş (istifadəsiz), 10, 11, 12, 15, 17, 18 saylı tikililərin Cavabdeh2 və ailəsinin istifadəsində olduğu, sonuncuların həmçinin İV literli qaraj tikilsinin yerində inşa edilən 85,4 m2 sahəyə də sahiblik etdikləri, “A” literli tikilinin 1-ci mərtəbəsinin faktiki olaraq Cavabdeh1 istifadəsində olduğu nəzərə alınmalıdır. Bu kontekstdə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin münasibətlərinə uyğun olmaqla, məhkəmə mümkün olan ən ideal bölgü qaydasını müəyyənləşdirmişdir və qətnamənin ləğvi üçün əsas yoxdur. Kollegiya onu da qeyd edir ki, İddiaçı naturada ayrılan hissənin onun mülkiyyət payına tənasübsüzlüyü, mənafeləri bundan xələl görəcək mülkiyyətçilər tərəfindən ona qarşı müvafiq kompensasiya tələbi irəli sürülməsi vasitəsilə aradan qaldırıla bilər və həmin mülkiyyətçilərə bu cür hüquqlarının olduğu izah edilməlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalı, keçirilmiş ekspertiza xərcləri isə ondan alınaraq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-115/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci olan 300 (üç yüz əlli) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün; apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar