Məhkəmə qərarları › İş №2(103)-118/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-118/2025

28.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-118/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 fevral 2023-cü il tarixli qətnamədən İddiaçı Şirkətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Şirkətin buna səlahiyyəti olan nümayəndəsi Şirkətin adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində, yəni 3 saylı mədənin 6-cı sahəsində kadastr nömrəsi 16560 olan və xəritədə qeyd edilmiş (1. 394766.886 4475305.112; 2. 394778.852 4475304.411; 3.394777.160 4475287.204; 4. 394765.029 4475288.277) koordinatlar daxilində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X8 Bi.Vi” Şirkəti. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə “Saziş” imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. "xxxx" icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi iddiaçı Şirkətin istifadəsinə verilmişdir. İş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə olan və "xxxx" icrası ilə əlaqədar olaraq Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni 3 saylı mədənin 6cı sahəsi daxilində yerləşən torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Həmin tikili Şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozur. Bu səbəbdən də, cavabdeh həmin tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi “Əhmədovanın Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarına istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı Şirkətin sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin yaşayış yeri olduğundan, neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində yerləşən mübahisəli tikilidə yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də cavabdehə kompensasiya təklif edilmədən iddianın təmin edilməsi qeyri-mümkündür. Çünki iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarında təsbit edilmiş hüquqi mövqeyinin və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ xx.xx.2004-cü il tarixli “Saziş” imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və xx.xx.2004-cü il tarixində podratçı şirkətlər arasında bağlanmış “X5 haqqında Sazişə” və “X4” əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə iddiaçı Şirkətinin qanuni istifadəsinə ayrılmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. d) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat

7. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-2501/2023) ilə apellyasiya şikayəti təmin edilməməsini, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası Rayon Məhkəməsinin iş üzrə sərgilədiyi mövqeyi ilə razılaşmış və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmişdir. e) kassasiya instansiya məhkəməsində icraat barədə məlumat

9. İddiaçı Şirkətinin həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (iş № 2(102)-2825/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini qərara almışdır.

10. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası iddianın həllinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak və mənzil hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. f) apellyasiya instansiyası məhkəməsində yeni icraat zamanı işin baxılmasına üçüncü şəxsin cəlb edilməsi barədə məlumat

11. Mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılan zaman Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir. g) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. İddiaçı Şirkətin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətin məzmununa uyğun izahat verdi.

13. İşə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdeh və Məhkəmə tərəfindən işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

14. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

16. Belə ki, işdə olan sənədlərdən görünür ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X8 Bi.Vi” Şirkəti. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə “Saziş” imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. "xxxx" icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi iddiaçı Şirkətin istifadəsinə verilmişdir.

17. Təkrar Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş 10/2860 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunmuş tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901 İİQD nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” xx.xx.2004-cü il tarixli Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Baxış zamanı təqdim olunmuş torpaq sahəsindən 41 metr məsafədə nasosxananın olduğu, 13 metr məsafədən isə neft xəttinin keçdiyi müəyyən olunmuşdur.

18. İşdə olan sənələrdən müəyyən edilir və cavabdeh tərəfindən inkar edilmir ki, mübahisəli ev buna müvafiq icazələr olmadan inşa edilmişdir.

19. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarına istinad edərək iddianı rədd etmişdir.

20. Məhkəmə iddianın həllinə dair Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.

21. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda İnsan hüquqları üzrə Avropa Məhkəməsi Jidovun şikayəti ilə bağlı qeyd etmişdir ki, ...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.

22. İnsan hüquqları üzrə Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, ...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır.

23. Rayon Məhkəməsinin istinad etdiyi “Əhmədova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmin qərarda Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxmış məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığmı göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

25. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neftqaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

26. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.

27. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının MPM-in 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmjn ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.

28. Bununla yanaşı, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehlərin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir.

29. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmələri təmin edilməlidir.

30. Hazırkı işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Şirkətin tələbləri və cavabdehin etirazları əmlak və mənzil hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır.

31. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

32. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə, mübahisəli tikilinin Şirkətin balansında və istismarında olan torpaq sahəsi hüdudlarında yerləşibyerləşməməsi halının araşdırılması məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmiş və yuxarıda artıq qeyd edildiyi kimi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırkı iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş tikilinin yerləşdiyi torpaq sahəsi xx.xx.2004-cü il tarixli Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Baxış zamanı təqdim olunmuş torpaq sahəsindən 41 metr məsafədə nasosxananın olduğu, 13 metr məsafədən isə neft xəttinin keçdiyi müəyyən olunmuşdur.

33. Yuxarıda da qeyd edildiyi kimi, işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdeh və Məhkəmə tərəfindən işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Binəqədi RİH-nin nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə işə onların iştirakı olmadan və işdə olan sənələr əsasında baxmışdır.

34. İşdə olan sübutlara əsasən isə müəyyən olunur ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçı Şirkətin qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

35. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).

36. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, xx.xx.2001-ci il tarixli qərarına görə, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə npormativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və sularının yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarına əsasən, neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 150 metr olmalıdır (maddə 22.; hissə 2.). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (maddə 111.; hissə 1.). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır (maddə 111.; hissə 2.). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.; hissə 3.).

38. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli özbaşına tikili iddiaçı Şirkətin istifadəsinə yuxarıda qeyd edilmiş "xxxx" icrası ilə əlaqədar ayrılmış torpaq sahəsində, yəni cavabdehə aid olmayan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa etdirildiyindən Şirkətin iddiası əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi həmin iddianı rədd etməkdə haqlı olmamışdır. İddiaçı Şirkətin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. i) apellyasiya baxışının nəticəsi

39. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, iddiaçı Şirkətin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

40. İddia tələbi təmin edildiyindən iş üzrə məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehə aid edilməlidir. Bu məqsədlə iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq ümumilikdə 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Şirkətə ödənilməli, habelə məhkəmə tikinti-texniki ekspetizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

41. Məhkəmə həmçinin bildirir ki, iddia təmin edildiyindən iddiaçı Şirkət hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

42. Cavabdehə qarşı yönəlmiş iddia tələb təmin edildiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

43. Beləliklə də apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 fevral 2023-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbi barədə” iddiası təmin edilsin Cavabdeh 3 saylı mədənin 6-cı sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 394766.886 4475305.112; 2. 394778.852 4475304.411; 3.394777.160 4475287.204; 4. 394765.029 4475288.277 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili Cavabdeh hesabına sökülsün, torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Şirkətinə ödənilsin. Apellyasiya baxışı zamanı aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı Şirkəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar