Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1180/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2075/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 manat məbləğində pulun, 1500 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan işə düzəltmək adı ilə 2018-ci il ərzində 5.000 manat, 11.000 manat, 4.000 manat və 10.000 manat olmaqla ümumilikdə 30.000 manat pul almışdır. Lakin, bu günədək həmin pulları qaytarmamışdır. Dəfələrlə verdiyi pulları tələb etsə də hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. O, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etsə də mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin bir neçə dəfə Suraxanı RPİ-nin istintaq şöbəsinin müstəntiqlərinin qərarlarından şikayət verilib və Suraxanı rayon Prokurorluğunun qərarı ilə qərar ləğv edilib yenidən araşdırılması barədə Suraxanı RPİ-nin istintaq şöbəsinə qaytarılmışdır. Hər dəfə mülki xarakterli olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Suraxanı RPİ-nin İŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında da Cavabdeh izahatında etiraf edir ki, ondan 2018-ci il ərzində 5.000 manat, 11.000 manat, 4.000 manat və 10.000 manat olmaqla ümumilikdə 30.000 manat pul almışdır. Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 30.000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu, cəmi 30.030 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişd, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onun doğma qardaşıdır. X2 uzun illərdir ki, tanıyırlar, onunla münasibətlər yaxşı olmuşdur. Onun atası İlham onun həyat yoldaşı Ariflə yaxın qohum və dost, ailəvi gediş-gəlişləri olmuşdur. X3 2018-ci ilin yanvar ayında özünün Suraxanı rayonunda yerləşən kirayə yaşadığı evdə ona demişdir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin şöbə müdiri Əbülfəz Atakişiyevlə yaxın iş münasibətləri var. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov onun xalası qızınını əridir, həmin idarəyə bir çox şəxsləri 5 ildən artıqdır ki, pulla işə düzəldir, elə şəxslər olduqda işə düzəldə bilir, onu da həmin idarəyə vəzifəyə təyin edəcəkdir. O, bu məqsədlə iş üzrə cavabdeh olan qardaşıyla danışıq aparmış sonuncu ona 2018-ci ilin yanvar ayında cəmi 16.000 manat olmaqla pul vermişdir ki, Laləyə versin. Sonradan həmin məbləğin 10.000 manatını cavabdehə qaytarmışdır. İndiki halda cavabdeh ondan 30.000 manat pul tələb edir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, o, 2008-ci ilin yanvar ayında 30.000 manat pulu almış və cavabdehə maddi ziyan vurmuşdur. Əgər həmin məbləğ alınmışdırsa, ona yox digər şəxsə verilmişdir. O, orada iddiaçının yaxını olaraq tapşırığını yerinə yetirmişdir. Pulu alan həmin şəxs isə sonradan törətdiyi əmələrə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. İndiki halda onun iddiaçı ilə aralarında nə borc münasibətləri olmamış, o, onun pulunu mənimsəməmiş, sahiblənməmiş, ona maddi ziyan vurmamışdır. Yəni burada həmin məbləğ üzərində məsuliyyət onun üzərində deyildir. Cavabdeh özü bu barədə məlumatlıdır. Amma nədənsə onun üzərinə gəlməyi özünə borc bilir. Digər tərəfdən, məhkəmənin yanaşması ilə hamin pulun 2008-ci ilin yanvar ayında tərəfindən hansısa məqsədlə alındığını, həmin pulu əldə etdiyini və qaytarmaq macburiyyətində olduğunu düşünülsə belə fikir yaranır k, o, iddiaçının pulunu heç bir asas olmadan əldə etmiş və əsassız şəkildə varlanmışdır. Yaranmış bu münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1., 445.2 və 445.2.1, 448.2-ci maddələrini deyil, 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varianma ilə bağlı normalan tətbiq edilməlidir. Belə ki, iddiaçının izahatından və məhkəmənin müəyyən etdiyi hallardan belə çıxır ki, o, heç bir əsas olmadan 30.000 manat məbləğində pul məbləğini 2018-ci ilin yanvar ayında iddiaçıdan almış və qaytarmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Həmçinin, iddiaçı bilrimişdir ki, Lalə deyilən şəxslə hər hansı bir danışığı olmamış. X5 çatdırılması üçün deyil, işin həll olunması üçün vermiş. Hətta pulun verilməsindən bir müddət keçəndən sonra Lalə ilə əlaqə yaratmış və Lalı ona bildirmişdir ki, pulu kimə vermişəmsə gedib ondan tələb edim. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirmiş, cavabdeh isə iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan Suraxanı RPİ-nin İŞ-nin 19.06.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə X1 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda həmin qərarın məzmunundan görünür ki, “...Material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, qardaşı İddiaçı 2018-ci il ərzində ayrı-ayrı vaxtlarda 5.000 manat, 11.000 manat, 4.000 manat və 10.000 manat olmaqla ümumilikdə 30.000 manat pul almışdır...”. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1, 442, 443.1,445.2, 445.2.1 və 448.2ci maddələrini tətbiq edərək Cavabdeh İddiaçı 30.000 manat borc aldığını etiraf etdiyini vurğulayaraq, iddiaçının İddiaçı qarşısında 30.000 manat borc məbləği həddində məsuliyyət daşıdığı nəticəsinə gəlmişdir. Bu səbəbdən, iddia 30.000 manat borcun tutulması tələbinə dair hissədə təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edildiyi hissədə düzgün nəticəyə gəlsə də, tərəflər arasında yaranmış münasibətləri yuxarıda qeyd olunan şəkildə qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Belə ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı mübahisənin halları ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Yuxarıda qeyd olunduğu kimi cavabdeh ibtidai istintaq zamanı verdiyi ifadəsində İddiaçı 2018-ci il ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə 30.000 manat pul aldığını bildirmiş və belə olan halda həmin pul məbləğinin tam və ya qismən qaytardığını sübut etmək yükü müvafiq olaraq cavabdehin üzərinə düşmüşdür. Lakin cavabdeh həmin halları təsdiq edən hər hansı sübuta istinad edə bilməmişdir. MPM-ə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Beləliklə, kollegiyanın qənaətinə görə, cavabdehin iddiaçı qarşısında əsassız varlanmadan irəli gələn 30.000 manat pul öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, tərəflər arasında olan hazırki mübahisəyə tapşırıq kimi də qiymət vermək olmur. Çünki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Müəyyən edilən hallardan göründüyü kimi İddiaçı ilə X3 arasında qabaqcadan hər hansı bir danışıq olmamış, bu təsdiqlənməmiş və pulunda ona (Laləyə) verilməsi müəyyən olunmamışdır. İddiaçı özü də izahatında bildirmişdir ki, o, pulu Cavabdeh vermiş və nəticəni də ondan gözləmişdir. Və nəhayət, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə əsaslanmaqla qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsində (Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.) nəzərdə tutulmuş müddətlər iddia müddətidir və bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət vardır. İş materiallarından isə görünür ki, belə bir ərizə verilməmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2075/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. 30.000 (otuz min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1180/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1180/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver