Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1181/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evindən sərbəst istifadəyə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evindən sərbəst istifadəyə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onlara və digər şəxslərə İddiaçı həmin fərdi yaşayış evindən sərbəst istifadəsinə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Səbail Rayon Məhkəməsinin 2(009)-1699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə təqdim edərək iddia tələbindən cavabdeh –anası Cavabdeh2 mənzildən çıxarılması hissədə imtina etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1181/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərardadı ilə onun iddiasının həmin hissəsindən imtinası qəbul edilmiş və Cavabdeh2 mənzildən çıxarılması hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, həmçinin iddiaçı cavabdehlərdən anası Cavabdeh2 mənzildən çıxarılması hissədə iddia tələbindən imtina etdiyindən, həmin hissədə icraata xitam verilməsini istədi və eyni zamanda da göstərdi ki, həmin mənzili əslində iddiaçı özü almış, keçmiş arvadı olan cavabdeh K.İsmayılova ilə münasibətləri pozulanadək orada yaşamış, sonradan münasibətləri pozulmuş, boşanmışlar, hazırda iddiaçı yeni nikaha girmiş və həmin nikahdan bir uşaqları doğulmuş, iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur, o yeni ailəsi ilə bu mənzilə köçüb yaşamaq istəyir, onu və ailəsini evə buraxmırlar, hazırda iddia tələbinin iddiaçının özünün evə köçürülməsi və cavabdeh K.İsmayılovanın mənzildən çıxarılması kimi qəbul edilərək, bu barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə bağlı qeyd etdi ki, iddiaçı onun doğma oğludur, digər cavabdeh isə keçmiş gəlini həm də onun qardaşının qızıdır, oğlu ilə qardaşı qızı ər- arvad olmuşlar, bu mənzildə yaşamışlar, onların uşağı olmamış, oğlu arvadını atıb başqa qadınla nikaha girib, bir uşaqları var, mənzili o özü alıb, oğlunun tək özünün evə köçüb yaşamasına etiraz etmədiyini, lakin onun yeni ailəsi ilə ora köçməsinə razı olmadığı bildirdi, eləcə də keçmiş gəlininin də evdən çıxarılmasına razı deyil, özü xəstə adamdı, qardaşı qızı ona baxır. Cavabdeh K.İsmayılova iddiaçı ilə nikaha girdikləri vaxtdan həmin evdə birgə yaşadıqlarını, sonra iddiaçının onu atıb, başqa qadınla yaşadığını, həmin qadından uşağının olduğunu, bu evdə o, bibisinə baxdığını, evin bibisinə aid olduğunu, iddiaçının ancaq özünün evə köçməsinə və onlarla yaşamasına etiraz etmədiyini, amma onun yeni ailəsinin evə gəlməsinə qəti razı olmadığını bildirdi, eləcə də iddiaçı ilə barışığa da hazır olduğunu qeyd etdi. Cavabdehlər iddiaçının tələbibinin bir hissəsindən imtinasının həllini məhkəmənin mülahizəsinə verdiklərini bildirdilər. Sübutların tədqiqi:
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(009)- 404/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X3 arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 19 aprel 2016-cı il tarixli 1348 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir.
10. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, AZ-İİ seriyalı, 446814 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və həmin nikah 1145 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “İsmayılova” soyadı verilmişdir.
11. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, AZİV seriyalı, 576422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə X2 Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X4 qeyd edilmişdir.
12. “Azəriqaz” İB-nin 05 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı (abonent kodu: **********00000, ünvan: Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 31) təbii qaz istehlakçısı kimi xx.xx.2012-ci il tarixdən X1 Sistemində qeydiyyatdadır.
13. Səbail Rayon Sukanal İdarəsinin 16 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı ilə xx.xx.2007-ci il tarixində müqavilə bağlanmışdır.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(009)- 1113/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 cavabdeh İddiaçı qarşı ünvan 5 ünvandakı özbaşına tikilinin cavabdeh İddiaçı adına olan Şəxsi Hesabının və mənzil kirayəsi haqqında olan 17509 saylı, xx.xx.2012-ci il tarixli sənədin ləğv olunması, şəxsin hesabın və kirayə müqaviləsinin onun adına sənədləşdirilıməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
17. 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
18. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
20. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən özünün mənzilə köçürülməsi və cavabdeh K.İsmayılovanın mənzildən çıxarılması hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddiaçının mənzilə köçürülməsi hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilərək, iddiaçı mənzilə köçürülməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırkı mübahisənin predmetini təşkil edən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, lakin faktiki mövcud olmaqla hazırda cavabdehlər tərəfindən istifadə olunması, eləcə də iddiaçının da əvvələr həmin evdə yaşaması, Cavabdeh2 iddiaçının anası, digər cavabdeh K.İsmayılovanın onun keçmiş arvadı olması, ailə münasibətlərinin pozulması zəmnində iddiaçının hazırda orada yaşamaması və iddiaçının yeni ailə qurması işin mübahisəsiz hallarıdır.
23. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan əsassız məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər.
25. Belə ki, bu halın mövcudluğu, yəni özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarılması və digər bu kimi hərəkətlər hər bir halda mübahisə edən tərəflərin maraqlarının mütənasibliyi baxımından qiymətləndirilməlidir. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni əgər məhrumedənin mənzilə digərinə münasibətdə üstün hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir.
26. Hazırkı iddia tələbini iddiaçının mənzilə köçürülməsi hissədə təmin etməyən rayon məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(009)-1113/2024 saylı qətnaməsini preyudusiallığına istinad edərək, evin Cavabdeh2 tərəfindən alınmasına və iddiaçının orada uzun müddət yaşamamasına istinad etmişdir.
27. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı evin Cavabdeh2 tərəfindən alınması faktı öz-özlüyündə iddiaçının həmin evə köçürülməsini istisna etmir. Məhkəmə iclasında cavabdehlər hər ikisi iddiaçının evə köçürülməsinə etiraz etməyərək, onun köçürülməsinə razı olduqlarını bildirmişlər. Cavabdehlər yalnız iddiaçının yeni ailəsinin evə köçürülməsini istəmədiklərini bildirmişlər, iddiaçının isə hazırda belə bir tələbi olmamışdır.
28. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı köçürülməsini tələb etdiyi evə münasibətdə cavabdehlərlə eyni hüquqa malik olduğundan, rayon məhkəməsi iddia tələbini iddiaçının köçürülməsi hissədə təmin etməməkdə haqlı olmamışdır. Odur ki, Kolegiya hesab edir ki, iddiaçının mənzilə köçürülməsi hissədə iddia tələbi təmin edilməlidir.
29. Məhkəmə kollegiyası K.İsmayılovanın evdən çıxarılması hissədə iddianın təmin edilməməsi barədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qüvvədə olan Səbail Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(009)-1113/2024 saylı qətnaməsi ilə evin Cavabdeh2 tərəfindən alındığı müəyyən edildiyindən və K.İsmayılovanın isə onun razılığı ilə həmin evdə yaşadığından iddia tələbini həmin hissədə təmin etməyən rayon məhkəməsinin qənaəti əsaslı olmuşdur.
30. Həmçinin rayon məhkəməsi fərdi yaşayış evindən sərbəst istifadəyə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsi hisədə də iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
31. Belə ki, hər iki cavabdeh iddiaçının özünün evə köçməsinə etiraz etmədiyini bildirmişdir, odur ki, istifadəyə maneə barədə tələb əsassızdır. Evin iddiaçıya təhvil verilməsi barədə isə qeyd edilməlidir ki, həmin evin iddiaçının anası Cavabdeh2 tərəfindən alındığı qüvvədə olan məhkəmə aktına əsasən müəyyən edildiyindən, həmin tələb də əsassızdır, rayon məhkəməsinin qənaəti həmin hissədə də mahiyyət etibarı ilə əsaslı olmuşdur.
32. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.
36. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
37. Göstərilənlərə əsasən, iddiaçı köçürülməsini tələb etdiyi evə münasibətdə cavabdehlərlə ilə eyni hüquqa malik olduğundan, apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə iddiaçının mənzilə köçürülməsinin təmin edilməməsi hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilərək, iddiaçı mənzilə köçürülməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-1699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddiaçının mənzilə köçürülməsinin təmin edilməməsi hissədə ləğv edilsin, iddia həmin hissədə təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.