Məhkəmə qərarları › İş №2(103)-11812/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11812/2021

19.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11812/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1607/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətini nəzərdən keçirib, Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1607/2021 saylı, 15 iyul 2019cu il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı istifadə hüququna xitam verilməsi, onların fərdi yaşayış evindən çıxarılmaları və mübahisəli mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə cavabdehlərin verdiyi iddianın təmin tədbirinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan cavabdehlərin verdiyi şikayət Məhkəmənin 30 iyul 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11542/19 saylı, 21 avqust 2019-cu il tarixli qərardadı ilə cavabdehlərin şikayəti təmin edilməmiş, sözügedən qərardad dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən-hakim M.Məmmədov) Daha sonra 15.07.2019-cu il tarixli qərardaddan maraqlı şəxs Maraqlı şəxs verdiyi şikayət Məhkəmə tərəfindən təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, maraqlı şəxs M.Şəbiyeva tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən: - Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. - Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. - Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Mülki iş materiallarından görünür ki, cavabdehlər tərəfindən verilmiş şikayət əsasında Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsi tərəfindən tam yoxlanılmışdır. Belə olan halda, maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən Maraqlı şəxs şikayətinə apellyasiya qaydasında baxılması yolverilməz olduğundan apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1607/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar