Məhkəmə qərarları › İş №2(103)-1182/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1182/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1182/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Müşfiq qızının cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul öhdəliyinin icra olunması səbəbindən girov predmetlərinin qaytarılması və sair tələbləri” barədə iddiasına; BOKT “xxxx” QSC-nin İddiaçı2 Müşfiq qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2020-ci il tarixli qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) QSC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçıların və onların vəkili (nümayəndə) Vəkil1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh QSC-yə qarşı birgə iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh QSC ilə İddiaçı1 arasında bağlanmış 010/17/121 saylı, 26.10.2017-ci il tarixli kredit və girov müqaviləsi üzrə 50 manat istisna olmaqla qalan kredit məbləğin, 006/17/250 saylı, 14.12.2017-ci il tarixli, 006/18/101 saylı, 09.03.2018-ci il tarixli və 006/18/241 saylı, 20.06.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin cavabdeh QSC tərəfindən İddiaçı1 verilməməsi və cavabdeh QSC-nin həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktının müəyyən olunması; cavabdeh QSC ilə İddiaçı2 arasında bağlanmış 006/18/316 saylı, 17.08.2018-ci il tarixli və 006/18/340 saylı, 19.09.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin cavabdeh QSC tərəfindən İddiaçı2 verilməməsi və cavabdeh QSC-nin həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktının müəyyən olunması; 006/18/340 saylı, 19.09.2018-ci il tarixli kredit və girov müqaviləsinin ləğv edilməsi; cavabdeh QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar İddiaçı1 tərəfindən cavabdeh QSC-yə ödənilmiş 2.230 manat və mənəvi ziyana görə 50.000 manat, cəmi 52.230 manat pul vəsaitinin cavabdeh QSC-dən tutularaq İddiaçı1 ödənilməsi; cavabdeh QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar İddiaçı2 tərəfindən cavabdeh QSC-yə ödənilmiş 3.250 manat və mənəvi ziyana görə 50.000 manat, cəmi 53.250 manat pul vəsaitinin cavabdeh QSC-dən tutulub İddiaçı2 ödənilməsi; cavabdeh QSC ilə İddiaçı2 arasında bağlanmış 006/18/340 saylı, 19.09.2018ci ci il tarixli kredit və girov müqaviləsinin təminatı kimi girov qoyulmuş, iddiaçılara məxsus olan 10 adda qızıl-zinət əşyalarının tam həcmdə iddiaçılara qaytarılması; iddiaçılar tərəfindən mübahisə predmeti ilə bağlı müqavilələr üzrə edilmiş ödənişlərin cavabdeh QSC tərəfindən maliyyə sənədlərində tam əks etdirilməməsi və azaldılması faktının müəyyən olunması; cavabdeh QSC adından iddiaçılarla hazırkı iddianın predmeti olan kredit (girov) müqavilələrini bağlayan X1 həmin müqavilələri bağlamaq səlahiyyətinin olmaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən 2(005)-3905/2019 saylı mülki işin icraatı başlanmışdır. BOKT “xxxx” QSC cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 QSC-nin xeyrinə 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə 3.701 manat əsas, 1.381 manat faiz, 1.764 manat dəbbə pulu, cəmi 6.846 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi, həmin predmetlərin açıq hərracda satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu iddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən 2(005)-5280/2019 saylı mülki işin icraatı başlanmışdır. Rayon Məhkəməsi 2(005)-5280/2019 №-li iş üzrə qəbul etdiyi 10.12.2019-cu il tarixli qərardadla hər iki işin bir icraatda birləşdirilməsini qərara almışdır. Bundan sonra QSC iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı2 QSC-nin xeyrinə 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə 3.701 manat əsas, 2.973,49 manat faiz, 3.821 manat dəbbə pulu, cəmi 10.494,65 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi, həmin predmetlərin açıq hərracda satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 QSC-də 800 manat, “xxxx” ASC-də isə 3.655 manat krediti olub. O, həmin krediti bir kredit təşkilatına ödəmək məqsədilə 14.12.2017-ci il tarixdə cavabdeh QSC ilə müqavilə bağlayıb və özü ilə digər İddiaçı2 ümumi birgə mülkiyyəti olan qızıl-zinət əşyalarını girov qoyaraq illik 60%-lə 5.000 manat kredit götürmüşdür. Lakin cavabdeh QSC tərəfindən hər iki kredit müqaviləsi üzrə borc əvəzləşdirilib və İddiaçı1 faktiki olaraq nağd şəkildə cəmi 50 manat pul vəsaiti ödənilmişdir. Ödənişlərdə gecikmələr olduqda cavabdeh QSC İddiaçı1nı qızılları satmaqla təhdid edərək müddəti yeniləmək üçün onu yeni kredit müqaviləsi bağlamağa məcbur etmişdir. Bu zaman gecikdirilmiş faiz və cərimə borcları əsas borca əlavə olunmuş, faktiki pul verilmədən kredit məbləğinin həcmi artırılmış və onun üçün əlverişsiz kredit müqavilələri bağlanmışdır. Müqavilənin rəsmiləşdirilməsi və bununla bağlı həyata keçirilən görüşlər çox vaxt aparırdı və onun işinin xüsusiyyəti işdən qalmağa imkan vermədiyi üçün növbəti ödənişin gecikdirilməsi ilə bağlı yeni kredit müqaviləsi bağlamaq zərurəti yarananda, yəni 19.09.2018-ci il tarixdə İddiaçı2 ilə QSC arasında illik 48%-lə 5.000 manat kredit verilməsinə dair formal xarakterli müqavilə bağlanmışdır. Belə ki, qeyd olunan kredit müqaviləsi bağlanarkən müvafiq sənədləri imzalamasına baxmayaraq, ona kredit müqaviləsinin predmeti olan pul vəsaiti ödənilməmişdir. Kredit müqaviləsi bağlanarkən İddiaçı2 məxsus yuxarıda qeyd olunan qızıl-zinət əşyaları girovdan çıxarılmadan birbaşa İddiaçı2 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Bankda qalmışlar. Hər dəfə yeni kredit müqaviləsi bağlanarkən əvvəlki müqavilələrin əsli cavabdeh QSC tərəfindən İddiaçı2 geri alınmışdır. Bundan başqa ABŞ dolları kreditlərinə görə İddiaçı2 559 manat kompensasiya hesablanmış və həmin məbləğ cavabdeh QSC-ya ödənilmişdir. İddiaçılar tərəfindən cavabdeh QSC-yə 7.000 manat və Maliyyə Palatası tərəfindən əlavə olaraq 559 manat pul ödənilsə də, cavabdeh QSC 26.07.2019-cu il tarixdə İddiaçı2 borcun ödənilməsi tələbi barədə bildiriş göndərmişdir, baxmayaraq ki, İddiaçı2 cavabdeh QSC-yə olan borcu 1.000 manat həcmindədir. İddiaçılar bu məbləği ödəməklə girov qoyulmuş qızıl-zinət əşyalarının girovdan azad edilməsini tələb etsələr də cavabdeh QSC borcun hazırda 4.000 manat təşkil etdiyini bildirir. Cavabdeh QSC borcu əsassız olaraq şişirdib. Bundan başqa, 010/17/121 saylı, 26.10.2017-ci il tarixli, 006/17/250 saylı, 14.12.2017-ci il tarixli, 006/18/241 saylı, 20.06.2018-ci il tarixli, 006/18/316 saylı, 17.08.2018-ci il tarixli və 006/18/340 saylı, 19.09.2018-ci il tarixli kredit və girov müqavilələri də qanunsuz bağlanmışdır. Belə ki, həmin müqavilələr üzrə müvafiq olaraq 800 manat, 5.000 manat, 5.190 manat, 5.180 manat və 5.700 manat məbləğlərində kreditin verildiyi bildirilsə də, həmin məbləğlər iddiaçılara ödənilməmişdir. Həmin müqavilələri QSC-nin adından X2 bağlayıb. Lakin QSC tərəfindən məhkəmələr təqdim olunan sənədlər arasında M.Hüseynovun QSC-nin adından müqavilə bağlamaq səlahiyyətinin olmasını təsdiq edən hər hansı sənəd yoxdur. Bu kredit müqavilələri üzrə iddiaçılar bilavasitə şəxsən QSC-yə hər hansı ödəniş etməmişlər. Cavabdeh QSC həmin müqavilələr üzrə borcdan müvafiq ödənişlərin edildiyini bildirsə də bununla bağlı ödəniş qəbzlərini təqdim etməyib. Bu ödənişlər növbəti kredit məbləğinin hesabına QSC-nin əməkdaşları tərəfindən edilib. QSC-nin İddiaçı1 və İddiaçı2 qarşı irəli sürdüyü iddia tələbi onunla əsaslandırılmışdır ki, 19.09.2018-ci il tarixli 006/18-340 nömrəli kredit və girov müqaviləsinə əsasən cavabdeh İddiaçı2 aylıq 4%-lə 16 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Bu borcun təminatı olaraq İddiaçı2 özünə məxsus müxtəlif adlı və ümumi dəyəri 2.660 ABŞ dolları olan qiymətli metalları QSC-nin xeyrinə girovla yüklü etmişdir. Borc öhdəliyinin icrasını düzgün və vaxtında təmin etmək məqsədilə müqavilə bağlanan gün müqavilə ilə yanaşı İddiaçı2 ödəniş cədvəli verilmişdir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən müqavilədən əlavə o, iltizam yazaraq bəyan etmişdir ki, o, razılıq verir ki, bildirişi aldıqdan sonra 7 iş günü ərzində yüklülük predmetinin satılaraq, borcun əvəzinə yönəldiləcək. Borclu İddiaçı2 borc öhdəliyini vaxtında icra etməmiş və icranı əhəmiyyətli dərəcədə gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.09.2020-ci il tarixli qətnamə ilə QSC-nin iddia tələbinin təmin edilməməsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddialarının qismən təmin edilməsini, QSC-dən 739,48 manat məbləğində pulun İddiaçı1 xeyrinə tutulmasını, QSC ilə İddiaçı2 arasında bağlanmış 19.09.2018-ci il tarixli kredit və girov müqaviləsinə xitam verilməsini, girov qoyulmuş AC20863040 saylı 19.09.2018-ci il tarixli zərgər aktında göstərilən əşyaların İddiaçı2 qaytarılmasını, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manatın QSC-dən tutulmasını, bu iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir. BOKT “xxxx” QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, onun iddiasının təmin, İddiaçı1 ilə İddiaçı2 birgə iddialarının isə təmin edilməsini xahiş etmişdir. Cavabdeh QSC-nin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı2 Banka borcu qalıb, işə baxan Rayon Məhkəməsi girov müqaviləsinin ləğv edilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Kredit müqaviləsi üzrə müddət həmin müqaviləyə dəyişiklik edilməsi ilə deyil, yeni kredit müqaviləsi bağlanmaqla uzadılmışdır. Lakin Rayon Məhkəməsi həmin müqavilə üzrə kreditin verilməsini təsdiq edən sübutlar olmadığı üçün kreditin verilməməsi və borcun olmadığı qənaətə gəlmişdir. QSC işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-nin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı1, İddiaçı2 və onların birgə vəkili (nümayəndə) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, QSC-nin apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və özləri tərəfindən irəli sürülmüş iddia tələbinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Məhkəmə ilk növbədə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə irəli sürdükləri iddia tələbinin bir qismini təmin etməsə də, onların qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışlar. Qətnamədən apellyasiya şikayəti QSC tərəfindən verilmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, QSC, qətnamənin İddiaçı1 və İddiaçı2 birgə irəli sürdükləri iddia tələbinin bir qisminin təmin edilməsi hissəsini mübahisələndirir. Odur ki, bunu və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən həcmdə yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında 26.10.2017-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə əsasən QSC tərəfindən İddiaçı1 6 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 800 manat məbləğində kredit verilmişdir. 14.12.2017-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə əsasən QSC tərəfindən İddiaçı1 21 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. 09.03.2018-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə əsasən QSC tərəfindən İddiaçı1 3 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.190 manat məbləğində kredit verilmişdir. 20.06.2018-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə əsasən QSC tərəfindən İddiaçı1 1 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.180 manat məbləğində kredit verilmişdir. 17.08.2018-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə əsasən QSC tərəfindən İddiaçı1 18 ay müddətinə, illik faiz dərəcəsi 50% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.700 manat məbləğində kredit verilmişdir. 19.09.2018-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə əsasən QSC tərəfindən İddiaçı1 16 ay müddətinə, illik faiz dərəcəsi 48% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. QSC ilə İddiaçı2 arasında bağlanmış kredit və girov müqaviləsinə əlavə № 1-dən görünür ki, aşağıdakı əşyalar 19.09.2018-ci il tarixdə QSC-yə girov qoyulmuşdur: -750 əyarlı, 1 ədəd, xalis çəkisi 45,61 qram olan 1.003 USD dəyərli qarnitur; -585 əyarlı, 4 ədəd, xalis çəkisi 12,26 qram olan 208 USD dəyərli qolbaq; -750 əyarlı, 1 ədəd, xalis çəkisi 4,90 qram olan 108 USD dəyərli qolbaq; -750 əyarlı, 1 ədəd, xalis çəkisi 5,23 qram olan 115,06 USD dəyərli üzük; -585 əyarlı, 2 ədəd, xalis çəkisi 7 qram olan 119 USD dəyərli üzük; -585 əyarlı, 5 ədəd, xalis çəkisi 24,95 qram olan 424,15 USD dəyərli sırğa; - 750 əyarlı, 1 ədəd, xalis çəkisi 10,64 qram olan 234,08 USD dəyərli boyunbağı; -750 əyarlı, 2 ədəd, xalis çəkisi 8,95 qram olan 196,90 USD dəyərli üzük; -583 əyarlı, 2 ədəd, xalis çəkisi 10,48 qram olan 178,16 USD dəyərli üzük; -583 əyarlı, 1 ədəd, xalis çəkisi 4,32 qram olan 73,44 USD dəyərli sırğa. QSC tərəfindən İddiaçı2 ünvanlanmış 26.07.2019-cu il tarixli, 00000179 nömrəli bildirişdən görünür ki, QSC, borcun ödənilməsi üçün 8 iş günü sonra, yüklülük predmetinin satışı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr, 2A ünvanında kütləvi təklif üsulu ilə olacaqdır. Satışdan əldə olunan vəsait öhdəliyin tam bağlanmasına kifayət etmədiyi halda, borcun bağlanması məqsədilə məhkəməyə müraciət ediləcəkdir. 14.12.2017-ci il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 qəbzə imza etməklə 3.654,70 manat məbləğində pulu qəbul etmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş QSC 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə 3.701 manat əsas, 1.381 manat faiz, 1.764 manat dəbbə pulu, cəmi 6.846 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı1 və İddiaçı2 tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi, həmin predmetlərin açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına həmin borcun ödənilməsi, ona qarşı İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürülmüş tələblərin isə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya baxışının predmeti olan hissədə işin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Rayon Məhkəməsi birinci iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh QSC-yə borclarının olub-olmamasını yoxlamaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Rayon Məhkəməsi tərəfindən təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 16.06.2020-ci il tarixli, 9/92 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan və birinci sualda soruşulan 19.09.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsi istisna olmaqla, digər kredit müqavilələrinin qeyd edilən şərtləri üzrə, bank tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların düzgünlüyü məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə İddiaçı1 BOKT “xxxx” QSC-yə 739,48 manat məbləğində artıq ödənişi müəyyən edilir. Bundan əlavə ikinci sualda soruşulan sual üzrə QSC ilə İddiaçı2 arasında bağlanmış 19.09.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsinin şərtlərinə əsasən bank tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların düzgünlüyü məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə iddiaçıların 19.01.2020-ci il tarixə 3.979.87 manat əsas borcu, 1.432.75 manat faiz borcu olmaqla, ümumilikdə borcu 5.412,62 manat məbləğində müəyyən edilir. Bildirilir ki, tədqiqat zamanı bank tərəfindən verilmiş çıxarış sənədləri (səhifə 8-13) ilə “xəzinə mədaxil orderi" (ödəniş qəbzləri) məlumatları arasında ziddiyətlər müəyyən edilir. Odur ki, rəyi nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, kredit müqavilələri üzrə borclular İddiaçı1 və İddiaçı2 kreditor olan QSC-yə borcları yoxdur, əksinə onlar tərəfindən QSC-yə 739,48 manat məbləğində artıq ödəniş edilmiş və həmin məbləğ QSCdən tutularaq onlara ödənilməlidir. Məhkəmə qeyd edir ki, QSC, həmin hissədə ekspert rəyi ilə razı olmadığını bildirsə də, bu xüsusatı təsdiq edə və ekspertiza tərəfindən verilmiş rəyi həmin hissədə şübhə altına ala biləcək sübutları (məsələn: başqa ekspertiza rəyini) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. QSC bildirir ki, ekspert rəyindən görünür ki, 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5.412,62 manat məbləğində borc yaranmışdır. Məhkəmə 19.09.2018-ci il tarixli kredit müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmini məqsədi ilə bağlanmış eyni tarixli girov müqaviləsinin ləğvi ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, həmin müqavilə üzrə pulun iddiaçılara verilməsi, kassadan məxaric edilməsinə dair heç bir sübut məhkəmələrə təqdim edilməmişdir. QSC bildirir ki, həmin müqavilə başqa məbləğdə kreditin verilməsi məqsədi ilə deyil, əvvəlki kredit müqavilələrinin müddətinin uzadılması məqsədi ilə bağlanılmışdır. Buna görə də məxaric orderi mövcud deyil. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (maddə 390.4.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Göstərilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, BOKT 19.09.2018-ci il tarixli kredit müqaviləsinin əvvəlki müqavilələrin müddətinin uzadılması məqsədi ilə bağlanması barədə sübutları məhkəmələrə təqdim etməmişdir, həmçinin həmin müqavilənin məzmunundan da görünür ki, müqavilə, digər kredit müqavilələrinin müddətinin uzadılması ilə bağlanması barədə müddəanı özündə əks etdirmir. Bundan başqa qeyd edilməlidir ki, 19.09.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qənaətinə gəlmiş Rayon Məhkəməsi haqlı olaraq, girov müqaviləsinin də ləğv edilməsi nəticəsinə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 294.1.1-ci maddəsinə əsasən, girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova da xitam verilir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün QSC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: BOKT “xxxx” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün QSC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar