Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1183/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu, ipoteka) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC (borc verən) ilə X3 (borc alan) arasında bağlanmış 02 fevral 2016-cı il tarixli Kredit Müqaviləsinə əsasən, borc verən illik 4 faiz dərəcəsi ilə 120 ay müddətinə borc alana 32608,83 manat məbləğində kredit xətti açmağı, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC (ipoteka saxlayan) ilə X3 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi ünvan 1 ünvanında yerləşən 37 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 12266,52 manat əsas borc, 1155,52 manat faiz borcu, 1749,25 manat cərimə borcu vardır.
2. X3 (borc alan) xx.xx.2021-ci ildə vəfat etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2018-ci il tarixli **********14716 №-li Kredit xətti müqaviləsi üzrə borc alan X1 iddiaçı qarşısındakı 12 266,52 (on ikimin iki yüzaltmış altımanat 52 qəpik) manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 956,53 (doqquz yüz əlli altı manat 53 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1003,04 (bir min üç manat 04 qəpik) manat məbləğində penya, cəmi 14 226,09 (on dörd min iki yüz iyirmi altı manat 09 qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 4 % (dörd faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh, onun ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid qiymət) məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi və iddia ərizəsinin verilməsinə görə 132,68 (bir yüz otuz iki manat 68 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı "xxxx" ASC daha sonra tələbin həcmini artıraraq, mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2018-ci il tarixli **********14716 №-li Kredit xətti müqaviləsi üzrə borc alan X1 iddiaçı qarşısındakı 12 266,52 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 907,46 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 580,82 manat əldən çıxmış fayda, 2643,69 manat məbləğində penya, cəmi 16398,49 manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 138,92 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 46 saylı Notariat ofisinə vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum X1 arvadı – Cavabdeh ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, 02 dekabr 2021-ci il tarixdə mərhum Q.M.Namazovdan miras qalmış əmlaka dair Cavabdeh tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatsız olaraq mərhum Q.M.Namazovun həyat yoldaşı Cavabdeh, mərhumun qızı və kürəkəni (soyadları və adları məlum deyildir) yaşayırlar. Mənzil Kommunal xidmətini və məişət tullantılarının daşınması haqqını 150 saylı MKİS-nə Cavabdeh ödəyir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır. Beləliklə, xx.xx.2023-cü il tarixinə mərhum borcalan Q.M.Namazovun Kreditor qarşısında ümumi borcu 13 223,05 (on üç min iki yüz iyirmi üç manat 05 qəpik) manat təşkil edir ki, bunun da 12 266,52 (on iki min iki yüz altmış altı manat 52 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 956,53 (doqquz yüzəllialtımanat 53 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin qaytarılmasını gecikdirdiyi üçün Banka Kredit xətti müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 1003,04 (bir min üç manat 04 qəpik) manat təşkil edir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-396/24) iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Kredit Müqaviləsi üzrə yaranmış 12,266.52 manat əsas borc, 907,46 manat faiz borcu, 580,82 manat əldən çıxmış fayda, 500 manat məbləğində penya olmaqla, ümumilikdə 14,254.8 manat məbləğində pul vəsaiti və bildirişin qeydiyyatı üçün ödənilmiş 51 manat məbləğində rüsumun əvəzinin Cavabdeh tutulub iddiaçının hesabına köçürülməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 109.000 manat müəyyən edilməsi, həmin əmlakın ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun 70 manat hissəsinin Cavabdeh tutulub iddiaçının hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
7. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin kredit borcuna görə hesablanmış 907,46 manat faiz borcunun tutulması hissəsi təmin edilərək cavabdehdən tutulmalıdır. İddia tələbinin cavabdehin borcunu vaxtında qaytarmadığına görə iddiaçıya gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 580,82 manat zərərin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış dəbbə pulunu azaldaraq 500 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun etmişdir. Məhkəmə eyni zamanda hazırki iş üzrə cavabdehin iddia tələbinə cavab verməsi, yəni ki Q.Namazovun hüquqi varisi olduğuna münasibətdə qeyd etmişdir ki, Q.Namazov 09 avqust 2021-ci il tarixdə vəfat etdikdən sonra cavabdeh qanun üzrə vərəsəlik hüququ əsasında artıq hüquqi varis statusu qazanmışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2024-cü il tarixli rəyinə əsasən 109,000 manat müəyyən etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 428.4, 442, 445, 449.4, 462.3, 739, 1133.1, 1151.1-ci, «İpoteka haqqında» Qanunun 10.4, 34.1.1, 39.2, 39.3, 41.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 69.60 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair”iddia tələbinə məhkəmə öz qətnaməsində münasibət bildirməmişdir. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər». Beləliklə, iddia tələblərinə «ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh, onun ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılsınlar» hissəsində də mahiyyəti üzrə baxmalı və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməli idi. Bundan başqa, birinci instansiya məhkəməsi iddia tələbini cərimə borcu hissəsində azaldarkən haqlı olmamışdır. Tərəflər sərbəst şəkildə öz iradə ifadələrini bildirərək xx.xx.2016-ciil tarixli **********14716 №-li Kredit müqaviləsinin «Tərəflərin məsuliyyəti» adlanan 5-ci bəndində penyanın hesablanması barədə razılığa gəlmişlər. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi Bankın həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almamış, bununla bağlı ədalətsiz mövqe sərgiləmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən təmsil etdiyi Bankın apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1133. Vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır . Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin Qanunun 36.1ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İş materiallarından görünür ki, ipoteka qoyanlara ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair ipoteka saxlayan tərəfindən bildirişlər göndərilmişdir. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.3.4. zəruri hallarda, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən cərimə (penya) borcunun azaldılması və ipoteka predmetindən cavabdehin və onun ailə üzvlərinin çıxarılması hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi “Cavabdeh, onun ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları” hissəsində tələbə qiymət vermədiyindən, qətnamə həmin hissədə ləğv edilməli, həmin tələb Cavabdeh münasibətdə təmin edilməlidir.
19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
20. İşdən görünür ki, Cavabdeh ipoteka qoyan X1 arvadı kimi qanun üzrə birinci dərəcəli vərəsəsi olmaqla yanaşı, həm də ipoteka predmeti olan mənzildə yaşayan ailə üzvüdür.
21. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
22. Belə olan halda Cavabdeh ipoteka predmeti olan mənzildən çıxması miras passivinə daxil olduğundan sonuncu ipoteka predmeti satıldıqdan sonra mübahisəli mənzili 1 ay ərzində tərk etmədiyi halda, yaşayış sahəsindən məcburi qaydada çıxarılmalıdır.
23. İddia ərizəsində bu tələb irəli sürülməsinə baxmayaraq birinci instansiya məhkəməsi MPM-in 218.3-cü madəsinin tələbini pozaraq həmin tələbə qiymət verməmişdir.
24. Kollegiya digər ailə üzvlərinin çıxarılması ilə bağlı hissədə iddia tələbini tələb qeyri-müəyyən olduğundan, yəni ailə üzvlərinin kimliyi, şəxsiyyətləri, ad, soyad, ata adı haqqında məlumatları olmadığından təmin etmir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəbbə borcunun əsassız azaldılması ilə bağlı dəlilini də əsassız sayır və bu dəlilə münasibətdə aşağıdakıları qeyd edir.
26. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
27. Göründüyü kimi, dəbbə pulunun azaldılması işə baxan məhkəmənin hüququdur və məhkəmə bu barədə qərar qəbul edərkən səlahiyyət həddini aşmamışdır. Dəbbə pulunun tutulan hissəsi isə hazırkı işdə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin hissədə qətnamənin əsaslı olubolmadığına münasibət bildirmir.
28. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qətnaməsi qismən - “Cavabdeh, onun ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsini 1 ay ərzində tərk etmədiyi halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları” hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 78,2 kvm ümumi sahəsi olan 2 otaqlı 37 saylı mənzili həmin mənzil hərracda satıldıqdan sonra 1 ay ərzində tərk etmədiyi halda, oradan məcburi qaydada çıxarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.