Məhkəmə qərarları › İş №2(103)-11833/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11833/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11833/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2427/2021 saylı işi üzrə 18.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi (iddia tələbinin həcminin azaldılması barədə ərizə) təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 müştərək qaydada iddiaçı "AccessBank” QSC-nin xeyrinə 033R********** saylı kredit razılaşması üzrə 2628,66 manat kredit borcu, 1223,26 manat faiz borcu, 1399,80 manat cərimə borcu olmaqla, cəmi 5251,72 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyəm edilmişdir ki: Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 24 fevral 2015-ci il tarixli 033L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır; Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli 033R********** saylı kredit razılaşmasına əsasən cavabdeh bankdan 10 ay müddətinə aylıq faiz dərəcəsi 2,3333 % olmaqla hissə-hissə qaytarmaq şərtilə 5207 manat kredit götürmüşdür; Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30 iyun 2017-ci il tarixli 033R**********S saylı və 06 oktyabr 2017-ci il tarixli 033R**********SA saylı sazişlə 18 noyabr 2016-cı il tarixli 033R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir; cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 ilə İddiaçı QSC arasında bağlanmış 26 fevral 2015-ci il və 17 noyabr 2016-cı il tarixli zaminlik müqavilələri ilə əsas borclu Cavabdeh1 24 fevral 2015-ci il tarixli 033L**********60 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası onların zaminlikləri ilə təmin edilmiş və zaminlər bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər; cavabdehlər bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdehlər onlara edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir; 02 mart 2021-ci il tarixli maliyyə arayışı ilə Cavabdeh1 20 avqust 2018-ci il tarixə banka 2628,66 manat kredit borcu, 141,71 manat faiz borcu, 26,29 manat cərimə borcu olmaqla, cəmi 2796,66 manat məbləğində borcu vardır; Məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 30 iyun 2021- ci il tarixli 9/4276 №-li ekspert rəyinə əsasən, müqavilə müddətinin bitdiyi 20 avqust 2018- ci il tarixinə Cavabdeh1 banka olan əsas borcu 4795,76 manat, faiz borcu isə 32,13 manat təşkil edir (səh.10,9, 12, 13-16, 21- 26, 35, 36, 42, 44-57, 97, 98, 112). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2427/2021 saylı işi üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 2628,66 manat əsas, 32,13 manat faiz borcu və 26,29 manat cərimə borcu, cəmi 2687,08 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 2717,08 manat məbləğində pul vəsaiti tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat Cavabdeh1dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1, 448.1, 448.2, 462.1, 477.0.4; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh1 uzunmüddətli kredit müqaviləsi üzrə 18 noyabr 2016-cı il tarixli 033R********** saylı kredit razılaşmasına əsasən bankdan götürdüyü 5207 manat kredit üzrə öhdəliklərini qismən icra etdiyindən, onun mülkiyyətində olan bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi 429 saylı bağ evi və 0,08 ha torpaq sahəsi ipotekadan azad edilmişdir. Lakin həmin razılaşma üzrə kredit borcunun qalmasına baxmayaraq cavabdehə yanlışlığa yol verilərək borcunun tam ödənilməsi barədə məktub verilmişdir. Məhkəmə iclasında isə araşdırılan halları və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli 033R********** saylı kredit və əlavə razılaşmasının müddətinin bitməsinə baxmayaraq, həmin razılaşmadan yaranan öhdəliklərini lazımınca yerinə yetirməmiş Cavabdeh1 banka ödənilməmiş borcu qalmışdır. Nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 18 noyabr 2016-cı il tarixli 033R********** saylı kredit və əlavə razılaşma üzrə əsas və cərimə borcu iddiaçının məhkəməyə təqdim etdiyi 02 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən, faiz borcu isə ekspert rəyinə uyğun tutulmalıdır. Yəni, Cavabdeh1 İddiaçı QSC- nin xeyrinə 18 noyabr 2016-cı il tarixli 033R********** saylı kredit razılaşması üzrə 2628,66 manat əsas, 32,13 manat faiz borcu və 26,29 manat cərimə borcunun tutulmasını əsaslı və məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 20.08.2018-ci il tarixdə başa çatmış, sonuncu ödəniş 2019-cu ilin aprel ayında olduğundan, həmin gündən bir il ərzində kreditor cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 qarşı iddia irəli sürmədiyindən qanunvericiliyin tələbinə əsasən zaminlərin - kreditor qarşısında öhdəliyinə xitam verilmişdir. Odur ki, kredit borcunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 tutulmasına dair tələb ona cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən əsassızdır və təmin edilə bilməz. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli 2(008)-2427/2021 saylı qətnaməsi qismən - iddia tələbinin zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, X3 qarşı təmin edilməməsinə dair hissədə ləğv edilərək həmin hissədə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Mülki Prosesual Məcəllənin 88; Mülki Məcəllənin 375, 477.0.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, zaminlərin öhdəliklərin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış, iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrinin 4.1-ci bəndi düzgün təhlil edilməmiş, nəticədə zaminlik müqavilələrinin 24.02.2028-ci il tarixinədək qüvvədə olması faktına məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir.Həmin bəndə əsasən əsasən "bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir". Bu səbəbdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, X4 24.02.2028-ci il tarixinədək Cavabdeh1 'AccessBank" QSC-yə olan borcunun ödənilməsi üzrə məsuliyyət daşıyırlar.Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə, yəni zaminlərə qarşı vaxtında iddia qaldırılmaması əsassızdır, belə ki, iddiaçı tərəfindən zaminlərə qarşı tələb həmin müddət çərçivəsində olmuşdur, yəni artıq 29.01.2021-ci il tarixində iddiaçı tərəfindən biitün cavabdehlərə qarşı məhkəmə müstəvisində iddia tələbi irəli sürülmüş və həmin iş də məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, yüklülükdən azad etmə ilə bağlı məktubun səhvən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə getdiyini, buna görə də iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət etdiklərini, bağlanılmış zaminlik müqaviləsininin 4.1-ci maddəsinə əsasən, uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədə olmasının qeyd edildiyini, zaminlərin müqaviləni imzalayan zaman müddətlə bağlı hissə ilə tanış olduqlarını, kredit borcunun bütün zaminlərdən tutlmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 borcu vaxtlı vaxtında ödədiyini, mənzili girovdan azad etmək üçün müraciət edən zaman onun hələ də borcunun olduğunu bildirdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 470-477, 550-554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qətnamə üzrə maddi hüquq normaların tətbiqində ümumilikdə qüsurlar müəyyən edilməsədə, iddianın təmin edilməyən zaminlərə aid olan hissəsində iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi əsasları ilə həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə qətnaməsi qismən - zaminlərə qarşı iddia tələbinin təmin edilməməsi hissəsində əsassızdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə əsaslandırılmışdır. Məhkəmə zaminlik müqavilələrinin 4.1-ci bəndini nəzərdən qaçıraraq təhlil edilməmiş. Həmin bəndə əsasən "bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədə” olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, maddənin dispozitiv şərti ilə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarması ilkin tələbdir ki, bu şərtin olmadığı halda maddənin digər şərtləri qüvvəsin alır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli 2(008)- 2427/2021 saylı qətnaməsi qismən -zaminlərə qarşı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə də təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün tələb olmadığından məhkəmə xərci iddiaçıya aid edilməlidır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli 2(008)- 2427/2021 saylı qətnaməsi qismən - iddia tələbinin zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, X3 qarşı təmin edilməməsinə dair hissədə ləğv edilərək həmin hissədə (zaminlərə münasibətdə) də iddia tələbi qismən təmin edilsin və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2427/2021 saylı işi üzrə 18.08.2021-ci il tarixli qətnaməsi ilə qət edilən məbləğin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar