Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1185/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(007)-48/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Yelobank” ASC (keçmiş İddiaçı İKB) Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı X1 6 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2012-ci il tarixli 17-A-1-0-4104-12 saylı kredit müqaviləsindən irəli gələn 10 sentyabr 2015-ci il tarixə ödənilməmiş 5634,73 manat əsas borc, 1737,21 manat faiz borcu və həmin günə hesablanmış 492,87 manat dəbbə pulu, ümumilikdə 7864,81 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 İddiaçı İKBnin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi girov qoyulmuş cavabdehə məxsus 2012-ci il buraxılışlı, “VAZ-21154” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı, XTA211540C5141898 ban, ******* mühərrik nömrəli, qara metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(007)-48/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, Cavabdeh1 məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən, ölmüş şəxsə qarşı iddia qaldırıla bilməz və iş məhkəmədə baxılmalı deyil. İddiaçı "xxxx" ASC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(007)-48/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, kredit münasibətləri üzrə hüquq varisliyinə yol verildiyindən, iş üzrə icraata xitam verilməməli, hüquqi varis müəyyən olunduqdan sonra tələb həmin şəxsə yönəldilməldir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(007)-48/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki iş materiallarından göründüyü kimi Cavabdeh1 iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmamışdan əvvəl, yəni 12 noyabr 2016-cı il tarixdə vəfat etmiş, iddia ərizəsi isə bundan 2 il 3 ay sonra--- 18 fevral 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmədə izahat verən iddiaçının nümayəndəsi bildirmişdir ki, məhkəmədə iddia qaldırılan zaman cavabdehin ölməsi haqqında məlumatlı olmuş, hətta 2017-ci ildə cavabdehin adına vərəsəlik işinin açılıb-açılmaması haqqında sorğu vermişlər. Hazırda iddiaçı ölmüş şəxsə qarşı iddia qaldıraraq cavabdehin vərəsələrinin müəyyən edilməsi üçün hərəkətlər etməmiş, iddia qaldırılan zaman cavabdehin ölməsi haqqında bilərəkdən məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49- cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Həmçinin, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs isə tərəf kimi qəbul edilə bilməz. Çünki cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə işdə tərəf statusunu əldə etməmişdir. Həmçinin, cavabdeh kimi göstərilmiş şəxsin iddia verilməsindən xeyli əvvəl ölməsinin iddiaçıya məlum olması da işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(007)-48/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Mülki iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(007)-48/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Al Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1185/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1185/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver