Məhkəmə qərarları › İş №2(103)-11877/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11877/2021

21.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11877/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, İddiaçı Jamshidi Shahsavar (Qurbanova) Mehriban Absatar qızının, Cavabdeh X5 iştirakları ilə İddiaçı X1 cavabdeh X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3421/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X7 ilə 06.06.2011 -ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları olmamışdır. Nikahları qeydə alındıqdan sonra o cehiz əşyalarını və onun şəxsi əmlaklarını Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəbli küçəsi, ev 127 saylı ona məxsus olan torpaqda tikdirdiyi evə aparmışdır. Həmin evdə onunla yaşamışdır. Hazırda onu həmin evdən qovmuş və ora gedib yaşaya bilmir. Ora getdikdə onu öldürməklə hədələyir. Bu səbəbdən o özünə məxsus torpaq sahəsində tikdiyi evə köçüb yaşaya bilmir və torpaq sahəsi üzərində sərəncam vermək və istifadə etmək hüququndan məhrum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3421/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X1 mülkiyyətində olan ünvan 1 ünvana köçürülməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdeh X4 tutularaq X2 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz olaraq onun məhkəmədə iştirak hüququnu təmin etməyərək, ədalətli məhkəmə araşdırması prinsipini kobud surətdə pozmuşdur. belə ki, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, 01.06.2020-ci il tarixdə, saat 16:00-da məhkəmənin hazırlıq iclası keçirilməsi nəzərdə tutulsa da, məhkəmə İ məni əvvəlcədən həmin məhkəmə hazırlıq iclası barədə məlumatlandırmaq əvəzinə, məhz həmin gün, yəni, 01.06.2020-ci il tarixdə formal olaraq onun yaşadığı ünvana məhkəmənin hazırlıq iclasının keçirilməsinə dair məktub göndərmiş, lakin, həmin məktub ona 03.06.2020-ci il tarixdə çatmışdır. Ona görə də o, həmin məhkəmə hazırlıq iclası barədə məlumatlı olmamış və üzrlü səbəbdən məhkəmənin hazırlıq iclasında iştirak edə bilməmişdir. Bundan sonra məhkəmə 29.06.2020-ci il tarixə məhkəmə baxışı təyin etsə də, mövcud COVİD-19 infeksiyası ilə əlaqədar məhkəmə baxışı keçirilməyərək başqa tarixə təxir elan edilmişdir. Lakin, bu barədə də ona hər hansı məlumat verilmədən məhkəmə iddia ərizəsinə cavabdehin iştirakı olmadan baxmış və əsassız qərar qəbul etmişdir. İddiaçı ilə aralarında bağlanmış rəsmi nikaha xitam verilmiş və iddiaçı uzun müddətdir ki, onunla birlikdə yaşamır, ona görə də yenidən onunla birlikdə yaşamaq istəyi absurddur. Qeyd edir ki, hazırda Sabunçu RPİ-də iddiaçının ona xəsarət yetirməsi və təhqir etməsi ilə bağlı cinayət işinin materialları mövcuddur. Qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənəd torpaq sənədi olmaqla, fərdi yaşayış sahəsinə aid deyil. Həmçinin faktiki olaraq cavabdeh qismində göstərilməyən digər şəxslərin də sözügedən torpaqdan istifadə hüquqları mövcud olduğundan məhkəmənin birtərəfli qaydada mülki işə baxılması yolverilməzdir. Eyni zamanda bildirmək istəyir ki, mülki mühakimə icraatı zamanı məhkəmə onun əcnəbi vətəndaş olmasını nəzərə almayaraq onun tərcüməçinin xidmətindən istifadə hüququnu təmin etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Jamshidi Shahsavar (Qurbanova) Mehriban Absatar qızı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarnının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsaasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Shahsavar Jamsudiyə məlumat lazımi qaydada verilməmiş və çəkişmə prinsipi qaydaları pozulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan başqa kollegiya qeyd edir ki, Səadət sarayı Bakı Nikah Evi tərəfindən verilmiş AZ-T 019723 saylı, 16.07.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 06.06.2011-ci il tarixdə nikah bağlamışlar. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01.08.2019-cu il tarixli araryışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0494 ha torpaq sahəsi 09 mart 2017-ci il tarixdən X1 mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, ünvan 2 ünvanında yerləşən 0.0494 ha torpaq sahəsi 09 mart 2017-ci il tarixdən iddiaçı X1 mülkiyyətindədir. İddiaçı X3 ünvan 2 ünvana köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqların pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla onun sahibliyində, istifadəsində və sərəncamındadır. İddiaçının həmin torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərindəki yaşayış sahəsindən köçürülməməsi isə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə olan halda, iddia tələbi təmin edilməli, iddiaçı X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş evə köçürülməlidir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3421/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş evə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar