Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11887/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Ərizəçi X2 nümayəndəsi və vəkili Məmmədova Mehriban Akif qızı iştirakı ilə, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidəmətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4584/2021 nömrəli, 16.09.2021-ci il tarixli qərardadından ərizəçinin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05.12.1961-ci ildə Ermənistan SSR-nin Kalinino rayonunun İlməzli kəndində anadan olmuş Ərizəçi 1989-cu ilin aprel ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4584/2021 nömrəli, 16.09.2021-ci il tarixli qərardadı ilə işin icraatına xitam verilmişdir. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun ərizəsinin məzmununa məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(010)-4584/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili şikayətin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidəmətinin nümayəndəsi şikayətin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Kollegiya tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Kollegiya razılaşır ki, ərizəçi faktiki olaraq dövlət orqanın səlahiyyətlərinə aid olan məsələnin ümumi məhkəmə tərəfindən həll edilməsini xahiş edir. Qaçqın kimi məskunlaşma halı ümumi rayon-şəhər məhkəməsi tərəfindən yox, aidiyyatı orqan tərəfindən müəyyən edilə bilər, əgər həmin orqan bu halı müəyyən etməkdən imtina edərsə orqanın hərəkətindən (hərəkətsizliyindən) inzibati məhkəməyə müraciət edilə bilər. Ərizəçinin şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edimiş, Dövlət Miqrasiya Xidməti tərəfindən ərizəçiyə ünvanlanmış cavab məktubundan aydın olur ki, ərizəçinin 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənəd ( bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənədlə qaçqın düşərək məskunlaşdığı rayonun icra hakimiyyəti başçısının qaçqınların və məcburi köçkünlərin işləri üzrə səlahiyyətli nümayəndəsi tərəfindən verilən) təqdim edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi məsələsinə baxıla biləcəyi qeyd edilmişdir. Dövlət orqanının cavabından aydın olur ki, ərizəçinin sadəcə məskunlaşması yox, qaçqın kimi məskunlaşması halı təsdiq edildikdən sonra onun müvafiq müraciətinə baxıla bilər. Qaçqın kimi məskunlaşma halı isə ya müvafiq sənədin təqdim edilməsi yolu ilə, ya da ki, qaçqın kimi məskunlaşma barədə məlumatları özündə əks etdirən və rayon icra hakimiyyətinin aidiyyati qurumu tərəfindən verilən sənədlə müəyyən edilə bilər. Hazırkı ərizə, ərizəçinin 1989-cu ildən Azərbaycan Respublikası ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsi barədədir. Başqa sözlə, ərizə faktiki olaraq Ərizəçi ölkə ərazisində qaçqın kimi məskunlaşması barədə faktın təsdiq edilməsidir ki, ərizəçinin də şikayətində istinad etdiyi maddi hüquq normalarının tələblərinə görə ümumi məhkəmənin baxmalı olmadığı məsələdir. Şikayətdə də qeyd edildiyi kimi, ərizə təmin edilərsə, ərizəçi 1988-ci il yanvarın 1- dən, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar kateqoriyasına düşəcəkdir. Bu halı müəyyən etmək isə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Müvafiq icra hakimiyyəti orqanı kimi Dövlət Miqrasiya Xidməti çıxış edir. Bununla bərabər, ərizədən və şikayətin məzmunundan göründüyü kimi, ərizəçinin müraciətin məzmunu ondan ibarətdir ki, ərizəçi etnik azərbaycanlı kimi, məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycana köç etmiş, lakin, qaçqınların və məcburi köçkünlərin işləri ilə məşğul olan aidiyyati orqanda qeydiyyata düşə bilməmişdir. Ərizəçinin məqsədi Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin olunmasıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının qanunu” nun 5-ci maddəsinin 3-cü bəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın 4.1.2-ci bəndinə görə 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Göründüyü kimi, etnik azərbaycanlı olan və 1988-1992-ci illərdə Azərbaycan Respublikası ərazisinə qaçqın kimi gəlmiş şəxslər qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilərlər. Bu hal əsasən Ermənistan Azərbaycan Respublikası arasında başlamış münaqişə ilə əlaqədar Ermənistandan qaçqın düşmüş şəxslərə şamil olunur. Mülki-Prosessual Məcəllənin 307.2.10-1-ci maddəsinə görə məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddənin məzmunundan da göründüyü kimi, məhkəmə, vətəndaş mənsubiyəti olmayan şəxsin ölkə ərazisində hər hansı bir statusda yaşaması halını yox, sadəcə daimi yaşaması halını təsdiq edə bilər. Hazırkı ərizə isə qeyd edilən maddənin təsir dairəsinə düşmür. Çünki, ərizədə məhz qaçqın kimi məskunlaşma faktının təsdiq edilməsi xahiş edilmişdir. Kollegiya qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-in 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4584/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-11887/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11887/2021
08.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver