Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1189/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işçilərin sayının azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X6, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərə görə kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2231/2023 saylı 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də aylıq əmək haqqı 321 manat olmaqla Maliyyə Departamentində mühasibatlıq şöbəsinə (əsas) kiçik mühasib vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə X4 uçotu departamenti Mühasibatlıq şöbəsi xərclər bölməsinə xərclər üzrə aparıcı mühasib vəzifəsinə yüksəlmişdir. xx.xx.2023-cü il tarixdə X1 departamenti Kreditorlar şöbəsinə aparıcı mühasib vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli “Struktur, ştat və işçi məsələlərinə dair” 002/Ş nömrəli əmri ilə Maliyyə direktorluğunun Mühasibatlıq departamenti üzrə optimallaşmanın aparılmasını təmin etmək məqsədi ilə həmin Departamentinin ştatı 1 (bir) vahid azaldılması və ilin sonunadək qiymətləndirmə və Peşəkarlıq səviyyəsinin ölçülməsi prosesi davamlı olaraq aparılmaqla ştat vahidləri ümumi olaraq 10 vahidədək azaldılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli 037.1/K nömrəli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunması barədə 15 may 2023-cü il tarixli, 037.1/K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə işləmədiyi aylar üzrə əmək haqqının ödənilməsi, əvvəlki işinə, vəzifəsinə (müqaviləsinə xitam əmri verilməzdən əvvəl olduğu vəzifəyə və icra etdiyi işlərə), əvvəlki müqaviləsinin şərtləri (müddətsiz müqavilə) ilə bərpa edilməsi, vəkil, məhkəmə xərclərinin, mediasiya xərclərinin və dövlət rüsumunun işəgötürən tərəfindən ödənilməsi, işdən çıxdıqdan sonra işəgötürənin təqsiri üzündən məcburi işburaxma səbəbindən ödənilməyən əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc verilməsi, baş vermiş qanunsuz hərəkətlərə və hərəkətsizliklərə görə rəsmi qaydada üzr istənilməsi və 5.000 manat (beş min manat) mənəvi təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər Cavabdeh MMC-də (bundan sonra “Şirkət”) Kiçik mühasib, Mühasib və Xərclər üzrə aparıcı mühasib vəzifələrində işləmişdir. Şirkətin verdiyi 15 may 2023-cü il tarixli, 037.1/K nömrəli əmr ilə onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. Şirkətdə çalışdığı müddət ərzində hər zaman dəqiqliyi, məsuliyyəti, şirkətin korporativ qaydalarına, təlimat və prosedurlarına ciddi riayət etməyi ilə nümunəvi əməkdaş olmuşdur və bu illər ərzində ona qarşı heç vaxt, hər hansı intizam tənbehi tətbiq edilməmiş, öz zəhməti və çalışqanlığı ilə Kiçik mühasib vəzifəsindən Aparıcı mühasib vəzifəsinə qədər yüksəlmişdir. Şirkətin Mühasibat uçotu departamentinin müdiri Samir Süleymanovun (bundan sonra “Baş mühasib”), İdarə Heyətinin üzvü, İnsan Resursları direktoru, Nizam-İntizam Komissiyasının üzvü Samir Əmirovun (bundan sonra “İR direktoru”) və İdarə Heyətinin üzvü, Maliyyə direktoru Ziya Məmmədovun (bundan sonra “Maliyyə direktoru”) ona qarşı qərəzli münasibəti nəticəsində əmək müqaviləsinə real olmayan ixtisar əmri ilə xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarlması barədə ixtisar əmri qərəzli olaraq verilmişdir. Samir Süleymanov xx.xx.2021-ci il tarixindən Mühasibatlıq departamentinə Baş mühasib təyin edilmişdir. Fəaliyyətə başladığı ilk 3-4 ay ərzində iddiaçı ilə münasibətləri normal olmuşdur. Həmin ərəfələr Şirkətin “SAP” proqram təminatına keçid və ilin bağlanması dövrlərinə təsadüf etmişdir. Bu səbəbdən çox vaxt iş vaxtından sonra qeyri-iş saatlarında, şənbə-bazar qeyri-iş günlərində, hətta Samir Süleymanovun xahişi ilə gecədən səhər saat 5-ə qədər işlədiyi vaxtlar olmuşdur, lakin bunların qarşılığında ona hər hansı əlavə ödəniş edilməmişdir. Samir Süleymanov onun bilik-bacarıqlarından, işə yanaşma prinsipindən razı olduğunu bildirirmiş, bütün bunların qarşılığında ona mükafat (bonus) ayrılması üçün rəhbərliyə məlumat verəcəyini, həmçinin, əmək haqqı artımında da onu nəzərə alacağını bildirmişdir. Demək olar ki, hər gün ona belə vədlər verilirmiş, lakin Mühasibatlıq departamenti əməkdaşlarına 2022-ci ilin mart ayında bonus verildiyi haqda söz-söhbətlər gəzirmiş. xx.xx.2022-ci il tarixində Samir Süleymanov 2.700 AZN “SAP” proqram təminatına keçid ilə bağlı bonus məbləğini kassadan almış və həmin məbləği Mühasibatlıq departamenti əməkdaşları arasında bölüşdürmüşdür. O, bu söz-söhbətlərin doğru olduğuna əmin olduqdan, bu haqda dəqiq məlumatı olduqdan sonra xx.xx.2022-cü il tarixində e-mail üzərindən cc-də keçmiş İdarə Heyətinin üzvü, Maliyyə direktoru Tural Cəfərli və hal-hazırki İnsan Resursları direktoru Samir Əmirovu əlavə etməklə, Baş mühasibə və keçmiş Xərclər bölmə müdiri Orxan Alyarova müraciət ünvanlamışdır. Emaildə mükafat (bonus), əmək haqqı, vəzifə artımı kimi məsələlərdə ona qarşı ayrı-seçkilik olduğunu və bu kimi məsələlərin Şirkətin prinsipləri, prosedurları əsasında əməkdaşlar arasında ayrı-seçkiliyə yol vermədən baxılmalı olduğunu bildirmişdir. İnsan Resursları direktoru və Baş mühasib həmin dövrlərdə Şirkətdə yeni fəaliyyətə başladıqları üçün onlara e-mail ilə müraciətindən sonra onun əmək haqqı 920 AZN-dən 1100 AZN-ə qaldırılmışdır. Bu e-maildən sonra Baş mühasibin ona qarşı münasibətində soyuqluq yarandığı hiss olunmuşdur. İş yükünün çoxluğundan məzuniyyətə çıxa bilməmişdir, çox vaxt qeyri-iş saatlarında da işləməyə məcbur olmuşdur. Bu səbəbdən Samir Süleymanov Baş mühasib kimi fəaliyyətə başlayandan həm ona, həm də keçmiş Bölmə müdiri Orxan Alyarova iş yükünün çoxluğu, əməkdaşlar arasında iş bölgüsünə yenidən baxılmasını, xüsusilə bilet və otel ödənişləri ilə bağlı işlərin bölmənin digər əməkdaşlarına yönləndirilməsini dəfələrlə şifahi və yazılı olmaqla xahiş etmişdir. Lakin hər dəfə tezliklə iş bölgüsünə yenidən baxılacağı bildirilərək vədlər verilmiş və səbrli olmağı bildirilmişdir. 2022-ci ilin avqust ayında onun işlədiyi bölmənin əməkdaşı Xərclər üzrə aparıcı mühasib vəzifəsində çalışan bir əməkdaşı və həmin ilin sentyabr ayında Bölmə müdiri də işdən ayrılmışdır. Onların yerinə yeni əməkdaşlar götürülməmişdir və onların əmək haqqlarının müəyyən hissəsi onların işlərini faktiki icra edən bölmə əməkdaşları arasında bölüşdürülməmişdir. Bu hal onun iş yükünün daha da artmasına gətirib çıxarmışdır. 2022-ci ilin sentyabr və oktyabr aylarında digər bölmə yoldaşları, Xərclər üzrə aparıcı mühasib vəzifəsini tutan daha iki əməkdaşı da Xərclər bölməsindən ayrılmışdır. Bu əməkdaşların əvəzinə uyğun olaraq Xərclər üzrə aparıcı mühasib Gültac Bəkirova və Mühasibatlıq departamentinin digər bölməsindən Xərclər üzrə aparıcı mühasib Samirə Kərimova təyin edilmişdir. Göründüyü kimi 2022-ci ilin avqust, sentyabr, oktyabr aylarında xərclər bölməsindən 4 əməkdaş işdən ayrılmış, 2 əməkdaşın yerinə işçi təyin olunmuş, işdən çıxmış digər 2 əməkdaşın yerinə isə işçi götürülməmişdir. Xərclər bölməsinin 4 nəfər köhnə əməkdaşı işdən ayrıldıqdan və bölməyə yeni əməkdaşlar gəldikdən sonra Baş mühasibin ona qarşı münasibətində təzyiqlər daha da artmış, bölmənin ən çox iş stajı olan əməkdaşı kimi hədəfdə olduğu hiss olunmuşdur. Xərclər bölməsinin ən çox iş stajı olan əməkdaşı olduğundan işlədiyi bölməyə yeni gələn əməkdaşlara iş zamanı yaranan sualların cavablandırılmasında dəstək olmuşdur. Həmçinin, Xərclər bölməsindən ayrılan əməkdaşların yerinə yeni əməkdaşlar götürülmədiyi üçün onlara aid işləri də icra etmişdir. Bütün bunlar isə onun iş yükünə ciddi təsir etmişdir. Gültac Bəkirova adlı əməkdaş işlədiyi bölməyə yeni təyin edildikdə Baş mühasib Samir Süleymanov onun iş yükünün çoxluğunu nəzərə alıb, ona şifahi olaraq bilet və otel ödənişləri ilə bağlı işləri Gültac Bəkirovaya və bölmənin digər əməkdaşı Xərclər üzrə aparıcı mühasib Sevilcan Əlibabayevaya yönləndirməyi tapşırmışdır. Lakin xx.xx.2022-ci il tarixində Gültac Bəkirovanın bilet və otel ödənişləri ilə bağlı işlərin hansı əməkdaş tərəfindən icra edilməsi ilə bağlı e-mail üzərindən verilmiş sualına Baş mühasib tərəfindən ona etmiş olduğu şifahi tapşırığına zidd fikir bildirməyi və bunu təkzib etməyi aralarında email üzərindən mübahisə yaratmışdır. O, isə rəhbər şəxsləri, 2022-ci ilin avqust ayından yeni təyin edilmiş Maliyyə direktoru Ziya Məmmədovu və İnsan Resursları direktoru Samir Əmirovu e-maildə cc-yə əlavə edərək, Samir Süleymanovun bu kimi davranışlarını, iş bölgüsündəki natamamlıqları tənqid etmişdir və bu kimi məsələlərə nəzarətin İnsan Resursları departamentinin vəzifə səlahiyyətlərinə aid olduğunu qeyd etmişdir. Bu mübahisə ilə bağlı İnsan Resurslar direktoru e-mail üzərindən ona “iş bölgüsü ilə əlaqədar” mövzusu ilə görüş təyin etmişdir. İnsan Resursları direktorunun mübahisəyə reaksiyası və onunla görüşmək istəməsindən çox şad olmuşdur. Lakin görüşün mövzusu “iş bölgüsü ilə əlaqədar” olsa da görüş zamanı İR direktoru iş bölgüsündən qətiyyən bir cümlə belə olsun danışmamış, əksinə, görüş zamanı ona kommunikasiya, ünsiyyət problemi olduğunu və onun kimi əməkdaşla 1-2 aya yollarını ayıracağını bildirmişdir. O, isə İnsan Resursları departamenti tərəfindən rəsmi təsdiqlənmiş, işçilərlə razılaşdırılmış vəzifə öhdəliklərinin, əmək funksiyalarının olmaması və bu haldan Samir Süleymanovun rəhbər olmasından istifadə etməsini, əmək haqqı və vəzifə artımları zamanı ayrı-seçkiliyə yol verildiyini və bununla bağlı prosedurlar hazırlanmasını təklif etdiyini, bölmədən iki əməkdaşın ayrılmasına baxmayaraq əvəzinə yeni işçilər götürülməməsi və onların əmək haqqlarının müəyyən hissəsinin onların işlərini faktiki icra edən əməkdaşlar arasında bölüşdürülməməsini bildirmişdir. İddiaçı İnsan Resurslar direktorunun görüş zamanı ona qarşı qərəzli münasibətinin şahidi olmuş və görüş zamanı danışdıqları problemlər haqqında Şirkətin prosedurlarına əsasən protokol hazırlanmasını təklif etsə də İnsan Resurslar direktoru bunu qəbul etməmişdir. Bundan sonra İnsan Resursları direktorunun “sənin kimi işçi ilə 1-2 aya yollarımı ayıraram” ifadəsindən ehtiyat etdiyi üçün o, görüş zamanı şifahi olaraq bildirdiyi problemləri xx.xx.2022-ci tarixində e-mail üzərindən də yazılı şəkildə bildirmişdir. Baş mühasib İnsan Resursları direktoru ilə olan görüş və onun yazdığı e-mailə görə ona bir söz deməsə də münasibəti birmənalı olmamışdır. xx.xx.2023-cü il tarixində Baş mühasib ilə görüş zamanı bir neçə aydır ki, Bölmə müdiri və Xərclər üzrə aparıcı mühasib vəzifəsinin boş qaldığını, onun iş təcrübəsi və bilikləri, rəsmi olmasa da faktiki bölmə müdiri əvəzi olaraq çalışdığını nəzərə alıb, onun Bölmə müdiri kimi namizədliyini dəyərləndirməsini, əmək haqqı artımları zamanı onu də nəzərə almasını xahiş etmişdir. Baş mühasib isə yuxarıda qeyd olunan 2022-ci ilin aprel ayında mükafat (bonus), əmək haqqı ilə bağlı onun yazdığı e-maili, xüsusilə 2022-ci ilin noyabr ayında İnsan Resursları direktoruna yazdığı e-maili öz kompüterindən oxuyaraq, məhz bu e-mailə görə onunla birgə işləməyinin sual altında olduğunu bildirmişdir. Buna baxmayaraq, sonda onun xahişi ilə bağlı Maliyyə direktoru Ziya Məmmədov ilə danışacağını bildirmişdir. Bu görüşdən təxminən 3-4 gün sonra onun işlədiyi departamentdə ixtisarlar ilə bağlı sözsöhbətlər gəzmiş və hətta əməkdaşlardan bəziləri Baş mühasib ilə onun münasibətlərinin normal olmadığını bildiyindən onun ixtisar olunmaq ehtimalını da bildirmişlər. O, bu sözsöhbətlərdən narahat olsa da Şirkətin günügündən böyüməsi, genişlənməsi, iş yükünün çoxluğundan məzuniyyətə çıxa bilməməyindən onun ixtisar ilə işdən uzaqlaşdırılacağına inanmamışdır. xx.xx.2023-cü il tarixində o, Baş mühasib ilə yenidən görüşmüşdür. Görüş zamanı onu Bölmə müdiri kimi görmədiyindən bu vəzifə üçün dəyərləndirməyəcəyini, əmək haqqı ilə bağlı artımların isə ona aid edilməyəcəyini qeyd etmişdir. İxtisar ilə bağlı gəzən söz-söhbətlər ilə bağlı soruşduqda isə qeyd etmişdir ki, bu haqda ona keçən dəfə böyük sual altında olduğunu bildirmişdir. Bundan sonra o, Baş mühasibə baş verənlərlə bağlı subordinasiya qaydalarına riayət etməklə aiddiyəti rəhbər şəxslər ilə görüşüb problemi həll etməyə çalışmağa cəhd edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixində o, baş verənlərlə bağlı X9 Tərəfdaşlıq və X13 müdiri Samirə Məmmədovaya (bundan sonra “İR Biznes təfədaşlıq şöbə müdiri”) “Microsoft Teams” yazışma proqramı üzərindən məlumat vermiş, onunla görüşməsi üçün vaxt ayırmasını xahiş etmişdir. Çox çətinliklə xx.xx.2023-cü il tarixində İR Biznes tərəfdaşlıq şöbə müdiri və İnsan Resursları üzrə aparıcı biznes tərəfdaş (bundan sonra “İR aparıcı biznes tərəfdaş”) Fəridə Qurbanovanın iştirakı ilə görüş baş tutmuşdur. Görüş zamanı bütün baş verənlər haqqında o məlumat vermişdir, noyabr ayında İnsan Resursları direktoru ilə görüşdüyünü, lakin görüşün nəticəsiz qaldığı üçün yenidən İnsan Resursları direktoruna müraciət etməyinin əhəmiyyətsiz olduğunu, əksinə yazdığı tənqidi e-mailə görə böyük sual altında olduğunu, bu e-mailə görə Baş mühasib tərəfindən işdən çıxarılmağı ilə hədələndiyini bildirmişdir. Şirkətin “Davranış kodeksi” ilə bağlı proseduruna əsasən İnsan Resursları əməkdaşlarına yaranan vəziyyət ilə bağlı ona dəstək olmalarını, rəhbərini tənqid etdiyi üçün onu əvəzçıxmadan qorumalarını xahiş etmişdir, lakin İnsan Resursları əməkdaşları prosedurun qüvvədən düşdüyünü, onlara deyil, Maliyyə direktoruna müraciət etməli olduğunu bildirmişlər. Daha sonra o, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər “Microsoft Teams” üzərindən 3 dəfə Maliyyə direktoruna bəzi problemlər ilə bağlı görüşmək istədiyini, ona vaxt ayırmasını xahiş etsə də ilk dəfə oxuyub cavab yazmamış, növbəti dəfə isə vaxtı olmadığını, vaxtı olduqda ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra 13.03.23 tarixində X10 rəhbərləri (bundan sonra “Mərkəz İR rəhbərləri”) ilə görüşmüş, görüş zamanı Baş mühasibin biznes mühitinə, korporativ mühitə uyğun olmayan davranışı, tənqidi emaillərinə görə onun böyük sual altında olduğunu bildirməsi, o cümlədən əmək haqqı, vəzifə artımlarında ayrı-seçkiliyə məruz qaldığını bildirmişdir. X10 rəhbərləri onlara deyil, Şirkətin Baş direktoru Qabil Əhmədova müraciət etməli olduğunu bildirmişlər və Qabil Əhmədov ilə görüşməyi tövsiyə etmişlər. Lakin onun Qabil Əhmədov ilə görüşməsi baş tutmamışdır. Bundan sonra, 2023-cü ilin mart ayının sonlarında Maliyyə direktorluğu, Mühasibatlıq departamenti ilə bağlı struktur dəyişikliyinin təsdiq edildiyi, əsas dəyişikliyin Xərclər, Kreditor, Anbar uçotu bölmələrinin birləşdirilərək vahid Kreditor şöbəsi; Debitor, Faktura nəzarəti və uçotu bölmələrinin birləşdirilərək vahid Debitor şöbəsi; Pul vəsaitlərinin idarə edilməsi bölməsinin Mühasibatlıq departamentinin tərkibindən çıxarılıb, Maliyyə direktorluğunun tərkibinə ayrıca Xəzinədarlıq şöbəsi kimi keçirilməsi, onun işlədiyi Departamentdə şöbə müdiri, ekspert kimi yeni vəzifələrin yaranması, bəzi əməkdaşlarda vəzifə artımları haqqında fikirlər eşidilmişdir. İnsan Resursları tərəfindən əməkdaşlara rəsmi elan olunmasa da mart ayının sonlarında, aprel ayının əvvəllərində Şirkət böyük kollektivə sahib olduğundan əməkdaşlar arasında gedən müzakirələr, danışıqlar, əməkdaşların bir-birilərini təbrik etməsindən, iş elanı saytlarından bu struktur dəyişikliyi nəticəsində Mühasibatlıq departamentində əvvəllər heç vaxt mövcud olmayan Kreditorlar və Debitorlar şöbə müdirləri kimi 2 yeni şöbə müdiri vakansiyasının yarandığını, 1 Bölmə müdirinin Şöbə müdiri, 4 Bölmə müdirinin Ekspert, 2 Aparıcı mühasibin Ekspert, 2 Mühasibin Aparıcı mühasib, 1 nəfər Kiçik mühasibin isə Mühasib kimi vəzifə və əmək haqqı artımları olduğunu, Şirkətdə və o cümlədən onun işlədiyi Departamentdə əksər əməkdaşlarda vəzifə artımı olmasa da, əmək haqqı artımları olduğunu bilmişdir. Bu vəzifə və əmək haqqı artımları isə ona şamil edilməmişdir. O, xx.xx.2023-cü il tarixində Maliyyə direktoru, İR direktoru və Baş mühasibi e-maildə cc-də əlavə etməklə X9 tərəfdaşlıq şöbə müdirinə Maliyyə Direktorluğunun yeni strukturu, yeni vəzifə dərəcələndirmə siyasəti və mühasibatlq departamenti əməkdaşları üçün nəzərdə tutulmuş əmək haqqı tarif cədvəli ilə bağlı məlumatın təqdim edilməsində köməklik göstərməsi üçün email üzərindən xahiş etmişdir. E-maili cavablandırılmadığı üçün eyni məzmun ilə xx.xx.2023-cü il tarixində xatırlatma məqsədilə yenidən e-mail yazmış, göndərilmiş e-maili isə yenə cavablandırılmamışdır. xx.xx.2023-cü il tarixində, təxminən 14:30-da İnsan Resursları aparıcı biznes tərəfdaşı Fəridə Qurbanova işlədiyi departamentə gələrək, onu Departament müdiri, Baş mühasib Samir Süleymanovun otağına dəvət etmişdir. Baş mühasibin yanında yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixində İR Biznes tərəfdaş şöbə müdiri Samirə Məmmədovaya yazılmış e-mailə görə Maliyyə direktoru Ziya Məmmədov və İnsan Resursları direktoru Samir Əmirovun qərarı ilə Şirkətin onunla yollarını ayırmaq istədiyini bildirmişdir. O, hansı maddə ilə işdən çıxarılacağını soruşduqda isə ixtisar edildiyini bildirmişlər. Bundan sonra yaranmış hal ilə bağlı onun səhhəti kəskin pisləşmiş və bu səbəbdən Şirkətin tibb məntəqəsinə müraciət etmişdir. Şirkətin həkimi Qədir həkim və tibb bacısının müayinəsi zamanı qan təzyiqinin yüksək olması (təqribən 180/110), ürək döyüntüsünün normadan çox (110) olması aşkar edilmiş, səhhətinin nisbətən normallaşması üçün dərman verilmişdir. Qədir həkim tərəfindən SƏTƏM meneceri Şahin Vəliyevə məlumat verilərək onun səhhəti ilə əlaqədar olaraq bir neçə günlük məzuniyyət götürməsi tövsiyə edilmişdir. Həmin gün şifahi danışıqlar zamanı o, İnsan Resursları aparıcı biznes tərəfdaşına, Baş mühasibə baş verənlərin qanunsuz olduğunu Şirkətin Prezidenti Aydın Talıbova da bildirəcəyini, hüquqlarını qanunvericilik çərçivəsində, məhkəmə yolu ilə qoruyacağını bildirsə də ironiya ilə gülərək “buyur, nə istəyirsən elə” deyərək Baş mühasib bildirmişdir. Həmin gün Hüquq və təşkilati işlər üzrə şöbə müdiri Orxan Səfərov (bundan sonra “Hüquq şöbə müdiri”) ona “Microsoft Teams” üzərindən yazaraq görüşmək istədiyini bildirmişdir. O, görüş zamanı bütün baş verənləri danışmış, ona qarşı bir neçə aydır ki, qərəzli münasibət olduğunu, Baş mühasibin ona “böyük sual altındasan” deməsini, bu sözlərdən sonra rəhbərlərlə görüşsə də bunun nəticəsiz olmasını və İR Biznes tərəfdaş şöbə müdirinə yazdığı e-mailə görə onu qərəzli olaraq real olmayan ixtisarla şirkətdən uzaqlaşdırmaq istədiklərini, şirkətin hüquq rəhbəri kimi baş verən qanunsuzluqlara müdaxilə etməsini xahiş etmişdir. Hüquq şöbə müdiri isə ona qarşı haqsızlıq edənləri boş buraxaraq, öz xahişi ilə ərizə yazmağı tövsiyə etmişdir. Daha sonra eyni təklifi İnsan Resursları direktoru da etmişdir. Hüquq şöbə müdiri və İnsan Resursları direktoru o, öz xahişi ilə ərizə yazarsa, ixtisarla bağlı ayrılmış orta əmək haqqı məbləğinin 3.1 misli ilə bağlı təminatların (1.4 – 6 həftəlik xəbərdarlıq müddəti əvəzinə və 1.7 – 5 ildən çox iş stajı olduğu üçün) mükafat şəklində ödəməyə razı olduqlarını bildirsələr də bu təklifi qəbul etməmiş, baş verənlərin qanunsuz olduğunu, səhhətinin çox pis olduğunu, bu haqda Şirkətin həkimi və SƏTƏM menecerinin də məlumatlı olduğunu, səhhəti ilə əlaqədar xx.xx.2023-cü il tarixindən 3günlük məzuniyyət götürəcəyini bildirmişdir. İnsan Resursları direktoru isə cavabında “artıq saat 18:00-i keçib, İnsan Resurslarında heç bir əməkdaş ofisdə yoxdur. Əgər sabah ofisə gəlməsən, səni 70 ç ilə işdən çıxartmasam, mənə də Əmirov Samir deməsinlər” deyərək gülmüş, səhhətinin pisləşdiyini belə nəzərə almadan tez-tez onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə hədələmiş, öz xahişi ilə işdən çıxmağı təklif etmişdir. O, isə Şirkətin ofis əməkdaşları üçün nəzərdə tutulmuş ay ərzində 4 gün distant iş rejimində çalışmaq hüququndan istifadə edib, xx.xx.2023-cü il tarixində distant iş rejimində işlərini davam etdirmək istədiyini bildirdikdə isə gülərək “distant iş rejimini sənin üçün ləğv etmişəm” deyə bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində səhhətinin çox pis olmasına baxmayaraq, Şirkətə gəlib 3 günlük (xx.xx.2023xx.xx.2023) əmək məzuniyyəti ilə bağlı ərizə yazmış və xx.xx.2023-cü il tarixində baş verən hadisələri aiddiyyəti şəxsləri e-mailə əlavə edərək bu haqda e-mail yazmışdır. Həmin gün ona ixtisar bildirişi təqdim edilərkən, bildirişdə Şirkətin Baş direktoru tərəfindən imzalanmış 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrə istinad edildiyi üçün həmin əmri həmin gün və sonrakı günlərdə də şifahi və yazılı olmaqla dəfələrlə Şirkətdən istəsə də ona təqdim etməkdən imtina etmişlər. Bütün bunlara əsasən, o, hesab edir ki, onun işdən çıxarılmasının əsasını təşkil edən ixtisar əmri real olmamış, onun işdən çıxarılması qərəzli və qanunsuz olmuşdur.
4. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan bütün hallar əsassızdır və bu səbəbdən iddiaçının iddia tələbi təmin edilə bilməz. Bildirmək istəyir ki, iddia ərizəsinin məzmununda iddiaçı ilk olaraq ona qarşı soyuq münasibətin və qərəzli mövqenin olduğunu qeyd etməklə bu istiqamətdə həqiqətə uyğun olmayan qeydlər etmiş, daha sonra isə onun qənaətinə əsasən ixtisar əmrinin qeyri-qanuni, real olmamasını sübut edən bir neçə halı qeyd etmişdir. İddia ərizəsinin əsasən bu iki istiqamətdə tərtib edilməsini və iddia ərizəsində qeyd edilən məsələlərin ardıcıllıqla cavablandırılmasının məntiqi olaraq daha düzgün olacağını nəzərə alaraq etiraz ərizəsini də qeyd olunan istiqamətlərə müvafiq olaraq iki istiqamətdə tərtib etməyi məqsədə müvafiq hesab edirlər. İxtisar əmrinin qərəzli olaraq verilməsini sübut edən hallara dair qeyd olunanlara münasibətdə bildirir ki, iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi 12 fevral 2018-ci il tarixdən 15 may 2023-cü il tarixədək Cəmiyyətdə müxtəlif vəzifələrdə işləmişdir. Hər nə qədər iddiaçı öz iddia ərizəsində ona qarşı Cəmiyyətin bir sıra rəhbər vəzifəli şəxslərinin qərəzli münasibətinin olduğunu və özünün qeyd etməsinə görə məhz bu səbəbdən ştatının ixtisar olunduğunu bildirsə də qeyd edilən bu 5 il müddətində Cəmiyyətin nəinki iddia ərizəsində adı çəkilən rəhbər vəzifəli şəxsləri, ümumiyyətlə heç bir əməkdaşı ilə iddiaçı arasında hər hansısa bir mübahisə mövcud olmamış, ona qarşı hər hansısa bir qərəzli mövqe tutulmamışdır. Baxmayaraq ki, aşağıda qeyd edəcəyi bir sıra faktlardan da göründüyü kimi iddiaçı Cəmiyyətdə işlədiyi son dövrlərdə bir sıra pozuntulara, bilavasitə tabe olduğu rəhbər vəzifəli şəxslərlə ünsiyyətdə ciddi uyğunsuzluqlara yol vermiş, bununla da sərgiləmiş olduğu sərt və bir o qədər aqressiv mövqeyindən dolayı öz əmək fəaliyyəti ilə yanaşı işləmiş olduğu şöbənin digər əməkdaşlarının da iş axınına ciddi mənfi təsir göstərmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçı hər dəfəsində problem olduğunu düşündüyü hallarla bağlı işlədiyi strukturdan kənara çıxmaqla cəmiyyətdaxili qaydalara zidd hərəkət etmişdir. Belə ki, iddiaçı hər dəfəsində X7 direktorluğunun direktoru, İdarə Heyətinin üzvü Samir Əmirova e-mail üzərindən müraciət etməklə və bu müraciətlərdə şöbəsinin fəaliyyəti barədə yanlış hesab etdiyi məlumatları qeyd etməkdə çox ciddi pozuntuya yol vermişdir. Belə ki, iddiaçının baş mühasibin fəaliyyəti ilə əlaqədar hər hansısa bir şikayəti, təklifi və yaxud da digər bu kimi müraciətləri olduqda bu zaman bu müraciətlərini şikayət olunan şəxsin bir üst rəhbərinə etməli, bu mümkün olmadıqda və ya həmin üst rəhbər tərəfindən verilən qərar iddiaçını qane etmədikdə də həmin üst rəhbərin tabe olduğu rəhbər vəzifəli şəxsə etməli idi. Qeyd edilməlidir ki, X7 direktorluğunun direktoru, İdarə Heyətinin üzvü Samir Əmirov mühasibatlıq departamenti direktorunun üst rəhbəri olmamaqla yanaşı, strukturlarda iş bölgüsünə nəzarət edən və yaxud bu bölgünü həyata keçirən şəxs olmamışdır. Bütün bu qeyd olunanlara baxmayaraq, Samir Əmirov ilə iddiaçı arasında görüş keçirilmiş, görüşün nəticəsində iddiaçıda kommunikasiya və ünsiyyət problemlərinin olduğu müəyyən edilmiş və ona əmək funskiyalarının düzgün icrasına dair bir sıra tövsiyələr verilmişdir. Lakin, iddiaçı bu görüşdən də nəticə çıxarmamış, onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyini zənn edərək, önləyici tədbirlər alınması düşüncəsi ilə işlədiyi şöbə ilə əlaqəli olmayan struktur rəhbərlərinə e-mail müraciətlər etməyə, eyni zamanda onlarla görüşməyə çalışmış, mövcud şikayət və təkliflərə baxmalı olan Cəmiyyətin baş direktoru Qabil Əhmədova öz şikayətləri barədə ümumiyyətlə müraciət etməmiş bu halı isə iddia ərizəsində “bu və ya digər səbəblərdən Qabil Əhmədov ilə görüşməyim baş tutmadı” olaraq qısaca qeyd etmişdir. Bildirir ki, Cəmiyyətin insan resursları üzrə işləyən əməkdaşları mütəmadi olaraq bütün əməkdaşlara e-mail müraciətlər edərək Cəmiyyətin baş direktoru Qabil Əhmədov ilə Cəmiyyət əməkdaşları arasında ünsiyyətin qurulmasını, Cəmiyyətin inkişafı üçün əməkdaşların təkliflərini və eyni zamanda əməkdaşların üzləşmiş olduğu problemləri Baş direktora birbaşa deyə bilmələrinin təmin edilməsi məqsədi ilə Baş direktorun iştirakı ilə müxtəlif tədbirlərin təşkil edildiyi barədə məlumatlar əməkdaşların diqqətinə çatdırır. Bununla bağlı sözügedən email müraciətlər məhkəməyə təqdim oluna bilər. Göründüyü kimi, iddiaçı istənilən zaman Cəmiyyətin baş direktoru Qabil Əhmədovla görüşə bilmə və problem olduğunu düşündüyü məsələləri ona bildirə bilmə imkanında ola-ola, bu imkanlarından istifadə etməyərək, cəmiyyətdaxili subordinasiya qaydalarını pozmaqla onun işlədiyi strukturun fəaliyyəti ilə əlaqəli olmayan şəxslərə cəmiyyətin baş mühasibi barədə həqiqətə uyğun olmayan məlumatlar vermiş, diqqətini daima bu tip məsələlərə ayırdığından əmək funksiyalarının icrasında ciddi nöqsanlara - tapşırıqların icrasının gecikdirilməsi, tapşırıqların tam icra olunmaması, struktur daxili kommunikasiya qaydalarının pozulması və s. kimi nöqsanlara yol vermişdir. İddia ərizəsində qeyd olunan daha bir məqamı qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı qeyd edir ki, 01 fevral 2022-ci il tarixində Baş mühasiblə yenidən görüşmüş və görüş zamanı Baş mühasibə müraciət edərək onun bölmə müdiri vəzifəsinə təyin edilməsini xahiş etmişdir. Daha sonra qeyd edilir ki, baş mühasib yazdığı e-mail müraciətlərə görə onunla işləməyin sual altında olduğunu bildirsə də ən sonda, onun bölmə müdiri təyin edilməsi üçün Maliyyə direktoru Ziya Məmmədovla danışacağını bildirmişdir. Göründüyü kimi, bütün baş verənlərə rəğmən, yəni iddiaçının Baş mühasib barədə aidiyyəti olmayan rəhbər vəzifəli şəxslərə tənqidi, həqiqətə uyğun olmayan müraciətlər etməsinə rəğmən Baş mühasib iddiaçının bölmə müdiri olması üçün zəruri addımı atacağını, yəni bu barədə səlahiyyətli şəxslə danışacağını bildirmişdir. Belə olan halda, iddiaçıya qarşı hansı soyuq münasibətdən, hansı qərəzli mövqedən danışmaq olar? Bu fakt bir daha sübut edir ki, iddiaçıya qarşı soyuq münasibətin, qərəzli mövqenin olması tamamilə iddiaçının xəyali məhsuludur və cəfəngiyyatdır. Əlavə olaraq iddiaçının məzuniyyət hüququndan istifadə etməsinə imkan verilməməsi, o cümlədən distant iş rejimində işləmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar olaraq bildirir ki, iddiaçının məzuniyyət hüququndan istifadə etməsi ilə bağlı işəgötürənə ünvanlamış olduğu elektron müraciətlərdə qeyd olunan müddətlər üzrə onun bu hüququndan istifadə etməsi təmin edilmişdir. Beləliklə, iddiaçı 2019-cu il üzrə 32 gün, 2020-ci il üzrə 14 gün, 2021-ci il üzrə 13 gün, 2022-ci il üzrə 24 gün və 2023-cü il üzrə 4 gün müddətində məzuniyyət hüququndan istifadə etmiş, işləmiş olduğu bütün dövrlər üzrə qalıq məzuniyyətə görə pul əvəzi isə son haqq-hesabı zamanı ona ödənilmişdir. Distant iş rejiminə gəldikdə isə məlum olduğu kimi Azərbaycan Respublikası əmək qanunvericiliyində işin distant rejimdə təşkil edilməsi ilə əlaqədar müddəalar öz əksini tapmamışdır. Sadəcə olaraq, Covid-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə ölkədə tətbiq olunan karantin rejimi müddətində bütün digər dövlət qurumları, müəssisə və təşkilatlar kimi Cəmiyyət də işin məsafədən təşkili ilə bağlı Azərbaycan Respublikası Nazirlər X2 tövsiyə və göstərişlərinə ciddi əməl etmək və vətəndaşların, o cümlədən, Cəmiyyət əməkdaşlarının sağlamlığını qorumaq məqsədi ilə işin məsafədən təşkil edilməsinə şərait yaratmışdır. Lakin, sonradan epidemiyanın sona çatdırılması və bu sahədə tətbiq edilən qadağaların yumşaldılması nəticəsində Cəmiyyət tərəfindən işin ənənəvi qaydada, yəni iş yerlərində həyata keçirməsinə keçid edilmiş, bununla da məsafədən işin təşkili, yəni iddiaçının bildirdiyi kimi “distant iş rejimində işin təşkili” ləğv edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçı heç bir məntiqi əsaslandırması olmayan qeydlər etməklə ixtisar əmrinin qərəzli olaraq verilməsini sübut edə bilməmişdir. İxtisar əmrinin qeyri-qanuni, real olmamasını sübut edən hallar üzrə qeyd olunanlara münasibətdə isə aşağıdakı faktların qeyd edilməsini məqsədə müvafiq hesab edir. İddia ərizəsində qeyd edilir ki, əgər həqiqətən də ixtisar əmri var idisə, o zaman ixtisar bildirişi təqdim edildikdən bir neçə gün sonra niyə iddiaçı Şirkətdə işləməyinə baxmayaraq onun yerinə yeni işçi təyin edilirdi? - Bu suala cavab olaraq bildirir ki, iddiaçının işlədiyi vəzifə üzrə ştat ixtisar olunduqdan sonra Cəmiyyət tərəfindən onun yerinə işçi alınmamışdır. Ümumiyyətlə əgər ştatın ixtisarından söhbət gedirsə, iddiaçı başa düşməlidir ki, artıq həmin ştat faktiki olaraq möcud deyil və belə olan təqdirdə yeni işçinin işə götürülməsindən söhbət belə gedə bilməz. İddia ərizəsində adı çəkilən Murad Niftalızadə adlı əməkdaş İxtisar əmrinin verilməsindən xeyli müddət əvvəl, yəni 18 mart 2022-ci il tarixində Cəmiyyətin Maliyyə Direktorluğunun; Mühasibat şöbəsinin, Faktura Nəzarəti və Uçotu Bölməsinin mühasibi vəzifəsi üzrə işə qəbul edilmişdir. Göründüyü kimi, Murad Niftalızadə yeni əməkdaş olmamış sadəcə olaraq yeni iş bölgüsü zamanı iddiaçının əmək funksiyalarından bəziləri ona həvalə edilmişdir. İddiaçı isə iddia ərizəsində bu bölgünü işlərinin təhvil verilməsi kimi qələmə vermiş, əmək funksiyasının həvalə edilməsi ilə hər hansısa bir işin həvalə edilməsi kimi anlayışları qarışdırmışdır. Digər nüans qeyd olunan səs yazıları ilə əlaqədardır. Belə ki, iddia ərizəsində qeyd olunur ki, məhkəməyə təqdim ediləcək səs yazılarından müəyyən olunur ki, Baş mühasib ixtisar əmrinin qərəzli olduğunu etiraf edərək bildirmişdir: “indi məndə ki, yenə deyirəm də Azərbaycandır da. İndi hər hansı x səbəbdən, y səbəbindən bizim aramızda nəsə olub, tək səninlə mənim aramda olmayıb, nəsə bir şey olub, qərar verilib ki, sənin “sakraşeniyanla” bağlı. Düzdümü? Yəni onun işlə nə dəxli var ki?”. Məlum olduğu kimi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ bəndinin tələbinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bildirir ki, iddiaçı heç bir məlumat vermədən, gizli yolla Baş mühasibin səsini yazmaqla Baş mühasibin konstitusion hüquqlarını pozmuşdur. O da məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinin tələbinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Göründüyü kimi, AR Konstitusiya Məhkəməsi səs yazısının sübut kimi qiymətləndirilməsinə dair öz mövqeyini bildirərkən “qarşı tərəfin bildirdiyi” ya “başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqları” kimi ifadələri qeyd etməklə qarşı tərəfin kimliyinin və səlahiyyətlərinin müəyyən olunmasının, onun bu işdə tərəf olub olmamasının dəqiqləşdirilməsinin vacibliyini bir daha vurğulamışdır. Qeyd edilməlidir ki, hazırki iddia tələbi üzrə birbaşa əlaqədar şəxs Cəmiyyətin Baş direktoru Qabil Əhmədovdur və yalnız Baş direktor Qabil Əhmədovla olan danışıqların səs yazısı məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə, digər əməkdaşların səs yazısı sübut kimi qiymətləndirilə bilməz. Eyni ilə, iddia ərizəsində səs yazılarının olduğu qeyd olunan Cəmiyyətin digər əməkdaşlarından Hüquq və Təşkilati İşlər şöbəsinin müdiri Orxan Səfərovun və insan resursları əməkdaşı Leyla Məmmədovanın da səs yazıları onların xəbəri və razılığı olmadan, gizli şəkildə yazıldığından yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən sübut kimi qiymətləndiirlə bilməz. Daha sonra iddia ərizəsində sual formasında qeyd olunur ki, “işdən azad olunma barədə xitam əmrində Kreditorlar şöbəsinin aparıcı mühasibi ştatının ixtisar edilməsi qeyd edilib. Ştatın ixtisarı isə həmin ştatda çalışan bütün əməkdaşların ixtisarı deməkdir. “Kreditorlar şöbəsində məndən başqa 8 nəfər aparıcı mühasib olsa da ixtisar əmri zaman niyə yalnız ona münasibətdə tətbiq edilib?” Departamentdə Kreditorlar, Debitorlar, Vergi və gömrük, Xəzinədarlıq şöbəsi olmaqla 15 nəfər aparıcı mühasib vəzifəsində çalışdığından, o zaman sual yaranırdı ki, hansı şöbənin aparıcı mühasibi 1 ştat vahidi qədər ixtisara salınır və niyə məhz İddiaçı ixtisar edilir?-Qeyd olunan bu sualları aşağıdakı qaydada konkretləşdirərək bu aşağıdakı kontekstdə izah verilməsinin daha məqsədə uyğun olduğu qənaətindədirlər: 1)Struktur dəyişikliyinə dair əmrdə sözügedən ştatın ixtisar olunmasına zərurət var idi mi, belə bir zərurət mövcud idisə, bu zərurətin əsaslandırılması nəyə əsasən aparılmışdır? 2)Hansı əsaslara uyğun olaraq məhz iddiaçının işlədiyi vəzifə üzrə ştat vahidi ixtisar olunmuşdur? Birinci sualın izahı ilə əlaqədar olaraq bildirir ki, Cəmiyyət tərəfindən sahibkarlıq fəaliyyəti üzrə görülən işlərin effektivliyinin yaxşılaşdırılması, ümumi xərclərin minimallaşdırılması və bir sıra ştatların optimallaşdırılması sözügedən əmrin verilməsini zəruri edən başlıca amil olmuşdur. Belə ki, sözügedən əmrin preambulasında Mühasibatlıq Departamentinin fəaliyyətinin analizinin aparılması nəticələrinə əsasən, bu analizin nəticələri üzrə ştatların optimallaşdırılmasına zərurət olması, ştatların optimallaşdırılması nəticəsində əldə ediləcək qazancın çəkisinin müəyyən olunmasına dair qeydlər öz əksini tapmışdır. Göründüyü kimi, Mühasibatlıq departamentinin iş analizi həyata keçirilmiş, bu analiz nəticəsində Mühasibatlıq departamenti üzrə ştatların optimallaşdırılmasının məqsədə uyğunluğuna dair rəy verilmiş və bu analizin nəticələri Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli, 002/Ş saylı əmrinin verilməsini zəruri etmişdir. Digər sualın izahı ilə əlaqədar olaraq bildirir ki, Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrinin 2-ci maddəsinin tələbinə əsasən Mühasibatlıq Departamentinin Kreditorlar Şöbəsinin aparıcı mühasib vəzifələri üzrə optimallaşmanın aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri və Cəmiyyətin müvafiq komitəsinin “işçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokolu əsas götürülməklə əmək funksiyasının icrası üçün tələb olunan peşənin və peşəkarlıq səviyyəsinin daha aşağı göstəricilərinə malik olan işçisi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Yuxarıda qeyd olunan, “işçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokoldan da göründüyü kimi iddiaçı qiymətləndirilən meyarlar üzrə digər əməkdaşlara münasibətdə daha aşağı göstəricilərə malik olmuşdur. Bundan əlavə digər aparıcı mühasib vəzifəsində işləyən əməkdaşların sosial vəziyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tələbləri ilə əhatə olunduğundan, həmin şəxslərin işdə saxlanılmasına üstünlük verilmişdir. Yuxarıda qeyd olunanlardan və Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrindən də göründüyü kimi iddiaçının vəzifəsi üzrə ştatın ixtisarı əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılmasını təmin etmək məqsədi ilə tam qanuni və əsaslandırılmış şəkildə aparılmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, Cəmiyyət ərzaq və qeyri-ərzaq məhsulların istehsalı, idxalı, ixracı, topdan və pərakəndə satışı sahəsində ölkənin qabaqcıl müəssisələrindən biri olmaqla mövcud qlobal biznes mühitinə uyğun fəaliyyət göstərməkdədir. Qeyd olunan bu uyğunlaşma bir neçə istiqamətdə insan əməyi ilə görülən işlərin avtomatlaşdırılmasına gətirib çıxarır ki, bu da öz növbəsində bir çox vaxt ştatların ixtisarına gətirib çıxarır. Misal üçün, iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu və istifadəsi bütün dünyada geniş yayılmış “SAP” proqram təminatına keçid qeyd olunan faktora başlıca misal olaraq göstərilə bilər. Ona görə ki, bu proqram təminatı insan əməyi ilə ərsəyə gətirilən bir çox işin avtomatlaşdırılmış rejimdə emalına xidmət edir. Məhz qeyd olunan bu səbəblərdən dolayı mütəmadi olaraq Cəmiyyətin ştatlarında optimallaşdırılmanın aparılması ilə əlaqədar ştatların ixtisar edilməsi zəruri olmuşdur. 2022-ci ilin avqust ayından etibarən müxtəlif vaxtlarda verilmiş struktur dəyişikliklərinə dair əmrlərlə təkcə iddiaçının işləmiş olduğu Mühasibatlıq Departamentində 15 ştat vahidinin ixtisar olunaraq ləğv edilməsini qeyd olunanlara başlıca misal olaraq göstərmək olar.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2231/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərəkCavabdeh 15 may 2023-cü il tarixli, 037.1/K nömrəli əmrinin ləğv edilməsi; İddiaçı əvvəlki işinə, vəzifəsinə (müqaviləsinə xitam əmri verilməzdən əvvəl olduğu vəzifəyə və icra etdiyi işlərə), əvvəlki müqaviləsinin şərtləri (müddətsiz müqavilə) ilə bərpa edilməsi; məcburi işburaxmaya görə işləmədiyi aylar üzrə İddiaçı əmək haqqının ödənilməsi; işdən azad olunduqdan sonra məcburi işburaxma səbəbindən Cavabdeh tərəfindən ödənilməyən əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödəncin İddiaçı ödənilməsi; Cavabdehndən hüquqi xidmətə görə ödənilmiş 700 (yeddi yüz) manat, mediasiya xərci 50 manat, ödənilmiş dövlət rüsumu 70 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya təqdim edilmiş xəbərdarlıq məktubunda və işdən azad olunma barədə xitam əmrində bir-birinə zidd məqamlar mövcuddur. Belə ki, cavabdeh müəssisənin xəbərdarlıq məktubunda aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidinin ixtisara salınacağı qeyd edilir ki, bu hal işçilərin sayı halına uyğundur. Lakin işdən azad olunma barədə əmrdə isə Kreditorlar şöbəsinin aparıcı mühasibi ştatının ixtisar ediməsi qeyd edilib. Əgər aparılan ixtisar ştatın ixtisarı olmuşdursa, həmin dövrdə ştatda çalışan bütün əməkdaşlar ixtisar edilməli idi. Kreditorlar şöbəsində həmin dövrdə iddiaçıdan başqa 8 nəfər aparıcı mühasib olsa da ixtisar əmri yalnız iddiaçıya münasibətdə tətbiq edilmişdir. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə Maliyyə direktorluğu, Mühasibatlıq departamentində iddiaçıdan başqa heç bir əməkdaş ixtisar edilməmişdir. Bundan başqa, iddiaçıya təqdim olunmuş xəbərdarlıq məktubunda Cəmiyyətin Baş direktoru tərəfindən imzalanmış 03 aprel 2023-cü il tarixli, 002/Ş saylı əmrinə istinad edilir və Aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidi ixtisara salınacağı qeyd edilir. İddiaçının işlədiyi departamentdə Kreditorlar, Debitorlar, Vergi və Gömrük, Xəzinərdalıq şöbəsi olmaqla ümumilikdə 15 nəfər Aparıcı mühasib vəzifəsində çalışdığından, hansı şöbənin tərkibində olan aparıcı mühasib ştatının 1 ştat vahidi qədər ixtisara salınması və niyə məhz iddiaçının ixtisar edilməsi mübahisə doğurur.
7. Cavabdeh müəssisədə mühasibatlıq departamentində təxminən 55 nəfər işçi çalışmasına baxmayaraq, ixtisar əmri məhz iddiaçıya aid edilmişdir. Lakin iddiaçının ixtisar edilməsi ilə bağlı analiz, təhlilin hansı meyarlara uyğun aparılması və bu barədə işçilərin daha öncədən məlumatlandırılması aparılmamışdır. Əgər ixtisarın məhz idiaçıya aid edilməsi ilə bağlı şirkətdaxili performans dəyərləndirilməsi aparılması ilə bağlı iddiaçının da xəbəri olmamışdır. Əks halda o iş ili ərzində qarşıya qoyulmuş meyarlar üzrə özünü inkişaf etdirərdi. İddiaçı bildirir ki, onun əmək funksiyaları, vəzifə öhdəlikləri ilə bağlı ümumiyyətlə hər hansı sənəd olmamışdır və işə götürülərkən məhz hansı funksiyaları icra edəcəyi əmək müqaviləsində də detallı olaraq göstərilməmişdir. İddia ərizəsində qeyd edildiyi, həmçinin cavabdehin nümayəndəsinin də bildirdiyi kimi 2023-cü ilin mart ayının sonlarında Mühasibatlıq departamentinin əksər əməkdaşlarında vəzifə və əmək haqqı artımları olmuş, əvvəllər heç vaxt mövcud olmayan yeni ştatlar (Kreditorlar üzrə şöbə müdiri, Debitorlar üzrə şöbə müdiri və Ekspert) yaradılmışdır. Bu struktur dəyişiklikləri zamanı məhz yeni yaradılmış Kreditorlar şöbəsində işləyən 2 nəfər əməkdaşın vəzifələri artırılaraq mühasib vəzifəsindən aparıcı mühasib vəzifəsinə keçirilmiş, iddiaçıya isə Kreditorlar şöbəsində aparıcı mühasib vəzifəsində işlədiyi halda ixtisar əmri verilmişdir. Göründüyü kimi ixtisar əmrinin verilməsi üçün heç bir zərurət olmamışdır. Bu struktur dəyişikliyi zamanı Mühasibatlıq departamentində ixtisara məruz qalan yalnız iddiaçı olmuşdur. İşəgötürən isə struktur dəyişikliyi zamanı Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissənin “ə” bəndinə əsasən işçilərin sayı və ya ştatların ixtisarı kimi hüququndan qanunvericiliyin tələblərini pozmaqla sui-istifadə etmişdir
8. İddiaçının işdən azad olunması barədə əmrdən və ixtisar ilə bağlı xəbərdarlıq məktubundan göründüyü kimi ixtisar ilə bağlı hər hansı əsaslandırılma göstərilməmişdir. Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrinə istinad edilməyi əsaslandırma deyil, yalnız məlumat xarakteri daşıyır. Struktur dəyişikliyinin və bunun nəticəsində ixtisarın hansı zərurətdən yarandığı, ixtisar zamanı xərclərin necə minimallaşdırılması, ştatların necə optimallaşdırılması, effektivliyin necə yaxşılaşdırılması, ixtisar nəticəsində qarşılanacaq itkilərlə əldə ediləcək qazancın çəkisi necə olacağı, ixtisar nəticəsində əldə olunacaq nəticələr və.s ilə bağlı hər hansı əsaslandırma yoxdur.
9. İxtisar ilə bağlı xəbərdarlıq məktubu iddiaçıya təqdim edilərkən cavabdeh müəssisədə olan mühasibatlığa aidiyyəti olmayan boş vakansiyaları təqdim etmək əvəzinə əmək şəraitinin şərtlərinin dəyişməsi halı olaraq mühasib kimi fəaliyyətini davam etdirməyi təklif edilə bilərdi. Hərçənd ki, cavabdeh müəssisədə yeni vakansiyaların yaranması, Kreditorlar şöbəsində 2 nəfər Mühasib, Aparıcı mühasib vəzifəsi verilməsi, əksər əməkdaşlarda vəzifə və əmək haqqı artımların olması və s. əmək şəraitinin şərtlərinin bu cür dəyişməsinə də heç bir zərurət olmadığını göstərir. İxtisar zamanı iddiaçının əmək müqaviləsinin müddətsiz olması, Cavabdeh MMCnin Mühasibatlıq departamentində 5 ildən artıq iş stajı nəzərə alınmayıb. İxtisar zamanı müəssisədə olan Xərclər bölməsi, struktur dəyişikliyindən sonra isə Kreditorlar şöbəsi olaraq adlandırılan şöbədə müddətli müqavilə ilə çalışan əməkdaşların olduğu nəzərə alına bilərdi. Əgər işçilərin sayının azaldılması zərurəti var idisə o zaman müqaviləsinin vaxtı bitən əməkdaşlara Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə müqaviləsinə xitam verilə və əvəzində yeni işçi götürülməyə bilərdi.
10. Məhkəmə gəldiyi nəticəni, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 71, 74.2, 132, 154, 156-cı maddələri; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2231/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən qeyd edir ki, “bundan başqa, iddiaçıya təqdim olunmuş xəbərdarlıq məktubunda Cəmiyyətin Baş direktoru tərəfindən imzalanmış 03 aprel 2023-cü iltarixli, 002/Ş saylı əmrinə istinad edilir və Aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidi ixtisara salınacağı qeyd edilir. İddiaçının işlədiyi departamentdə Kreditorlar, Debitorlar, Vergi və Gömrük, Xəzinərdalıq şöbəsi olmaqla ümumilikdə 15 nəfər Aparıcı mühasib vəzifəsində çalışdığından, hansı şöbənin tərkibində olan aparıcı mühasib ştatının 1 ştat vahidi qədər ixtisara salınması və niyə məhz iddiaçının ixtisar edilməsi mübahisə doğurur”. Qeyd olunan hallar eynilə iddia ərizəsində qeyd olunmuş və bu halların aydınlaşdırılması məqsədilə etirazda məhkəməyə yazılı qaydada əsaslandırılmış izah verilmişdir. İddiaçı tərəfindən irəli sürülən suallar aşağıdakılardan ibarətdir: 1) Struktur dəyişikliyinə dair əmrdə sözügedən ştatın ixtisar olunmasına zərurət var idimi, belə bir zərurət mövcud idisə, bu zərurətin əsaslandırılması nəyə əsasən aparılmışdır? 2) Hansı əsaslara uyğun olaraq məhz iddiaçının işlədiyi vəzifə üzrə ştat vahidi ixtisar olunmuşdur? Birinci sualın izahı ilə əlaqədar olaraq bir daha bildirir ki, Cəmiyyət tərəfindən sahibkarlıq fəaliyyəti üzrə görülən işlərin effektivliyinin yaxşılaşdırılması, ümumi xərclərin minimallaşdırılması və bir sıra ştatların optimallaşdırılması sözügedən əmrin verilməsini zəruri edən başlıca amil olmuşdur. Belə ki, sözügedən əmrin preambulasında Mühasibatlıq Departamentinin fəaliyyətinin analizinin aparılması nəticələrinə əsasən, bu analizin nəticələri üzrə ştatların optimallaşdırılmasına zərurət olması, ştatların optimallaşdırılması nəticəsində əldə ediləcək qazancın çəkisinin müəyyən olunmasına dair qeydlər öz əksini tapmışdır. Göründüyü kimi, Mühasibatlıq departamentinin iş analizi həyata keçirilmiş, bu analiz nəticəsində Mühasibatlıq departamenti üzrə ştatların optimallaşdırılmasının məqsədə uyğunluğuna dair rəy verilmiş və bu analizin nəticələri Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 3 aprel 2023-cü il tarixli, 002/Ş saylı əmrinin verilməsini zəruri etmişdir. Digər sualın izahı ilə əlaqədar olaraq bildirir ki, Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrinin 2-ci maddəsinin tələbinə əsasən Mühasibatlıq Departamentinin Kreditorlar Şöbəsinin aparıcı mühasib vəzifələri üzrə optimallaşmanın aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri və Cəmiyyətin müvafiq komitəsinin “işçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokolu əsas götürülməklə əmək funksiyasının icrası üçün tələb olunan peşənin və peşəkarlıq səviyyəsinin daha aşağı göstəricilərinə malik olan işçisi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Yuxarıda qeyd olunan, “işçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokoldan da göründüyü kimi iddiaçı qiymətləndirilən meyarlar üzrə digər əməkdaşlara münasibətdə daha aşağı göstəricilərə malik olmuşdur. Bundan əlavə digər aparıcı mühasib vəzifəsində işləyən əməkdaşların sosial vəziyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tələbləri ilə əhatə olunduğundan, həmin şəxslərin işdə saxlanılmasına üstünlük verilmişdir. Yuxarıda qeyd olunanlardan və Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrindən də göründüyü kimi iddiaçının vəzifəsi üzrə ştatın ixtisarı əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılmasını təmin etmək məqsədilə tam qanuni və əsaslandırılmış şəkildə aparılmışdır. Göründüyü kimi qeyd olunan hallarla bağlı cavabdeh tərəfindən məhkəməyə qanuni və əsaslı izahat verilmiş və sual doğuran hallar öz həllini tapmışdır. Lakin birinci instansiya məhkəməsi bu izahatları, onları təsdiq edən sübutları görməzdən gəlmişdir. Həmçinin bu halları açıq qalan və həllini tapmayan mübahisə kimi qiymətləndirərək bu hallara istinad edib iddia tələbini təmin etmişdir. Halbuki AR Əmək Məcəlləsinin müəssisədə neçə işçinin ixtisar olunması barədə imperativ norması və ya yalnız 1 (bir) işçinin ixtisar olması barədə qadağası yoxdur. İxtisarla bağlı olan qaydalar gözlənilməklə işçinin ştat vahidinin ləğv edilməsi və ya sayının azaldılması işəgötürənin hüququdur. Birinci instansiya məhkəməsi isə bu qaydalara riayət edilməsini nəzərə almadan, sual doğuran hallara verilən izahatlara diqqət yetirmədən yalnız iddiaçının şifahi mülahizəsinə əsaslanaraq, iddiaçının mövqeyindən çıxış edərək iddia tələbini təmin etməsi işəgötürənin əmək qanunvericiliyi ilə ona verilən hüquqlarından məhrum edilməsi kimi qiymətləndirilməlidir. Bu da nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. Qətnamədə qeyd olunur ki, “ixtisar əmrinin verilməsi üçün heç bir zərurət olmamışdır. Bu struktur dəyişikliyi zamanı Mühasibatlıq departamentində ixtisara məruz qalan yalnız iddiaçı olmuşdur. İşəgötürən isə struktur dəyişikliyi zamanı Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissənin “ə” bəndinə əsasən işçilərin sayı və ya ştatların ixtisarı kimi hüququndan qanunvericiliyin tələblərini pozmaqla sui-istifadə etmişdir”. Göründüyü kimi məhkəmə iddiaçının ixtisar edilməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Lakin suiistifadənin nədən ibarət olduğunu və bunun qanunvericilikdə müəyyən olunmuş hansı norma ilə tövsif edilməsinin izahını verməmişdir. Məlum olduğu kimi hüquqdan sui-istifadə edilməsinin qadağan olunduğu hallar AR MM-nin 560-cı maddəsində dəqiq olaraq sadalanır. Lakin iddiaçının ştat vahidinin ixtisar olunması 560-cı maddənin hansı bəndinə əsasən sui-istifadə kimi qiymətləndirilməsi qeyd olunmamışdır. Belə olan halda məhkəmənin yalnız iddiaçının şifahi mülahizəsinə uyğun olaraq bunu hüquqdan suiistifadə kimi qiymətləndirməsi iddiaçının hüquqlarının pozulması ilə yanaşı ona əmək qanunvericiliyi ilə verilən hüquqlardan istifadəsini də məhdudlaşdırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsində göstərdiyi dəlillərlə əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun məzmunda izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamədən narazı olduğu hallar odur ki, iddiaçıya təqdim olunmuş xəbərdarlıq məktublarında cəmiyyətin baş direktoru tərəfindən imzalanmış, 3 aprel 2023-cü il tarixli əmrə aparıcı mühasib vəzifəsi üzrə bir ştat vahidi ixtisar olunmuşdur. Halbuki həmin departamentdə 15 nəfər aparıcı mühasib vəzifəsində çalışdığı və yalnız iddiaçının ixtisar edilməsi mübahisə yaradır. Onlar birinci instansiya məhkəməsində açıq qalan mövzuların hamısına yazılı qaydada izah gətirmişlər. Belə ki, əmrin verilməsinə zəruri edən hallardan biri odur ki, şirkətdə ümumi xərclərin minimallaşdırılması və iş səmərəliliyinin artırılmasıdır və buna uyğun olaraq işçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair protokol tərtib olunub. Həmin protokolda əmək funksiyasının icrası üçün tələb olunan peşənin və peşəkarlıq səviyyəsi aşağı göstəricilərə malik olan işçilərlə bağlı əmək müqaviləsinə xitam verilməsi qeyd olunur. Buna uyğun olaraq iddiaçının ştat vahidi ixtisar olunub və əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində ştatın ixtisarını, əmrin verilməsi və əmrin verilməsi üçün yaranan şəraiti yazılı qaydada izah etmişlər. Onlarda həmkarlar ittifaqı mövcud deyil. İddiaçının vəzifəsində 15 nəfər işləyirdi. Departamentdə kreditorlar, debitorlar, vergi və gömrük-xəzinədarlıq şöbələrində 15 nəfər aparıcı mühasib işləyib. Digər əməkdaşların işdə saxlanmasının səbəbi odur ki, həmin əməkdaşların sosial vəziyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddənin 2-ci bəndinin tələblərinə uyğun olduğuna görə həmin əməkdaşların işdə saxlanmasına üstünlük verilib. Qiymətləndirmə ümumi aparılıb. İşəgötürənin iddiaçıya qarşı hər hansı qərəzli mövqeyi olmayıb. Ştatların deyil, işçilərin sayının ixtisarı nəzərdə tutulub. Belə ki, ixtisar barədə əmrdə texniki səhvə görə ziddiyyət yaranıb və anlaşılmazlıq var. Bütün sənədlər onu göstərir ki, aparıcı mühasib vəzifəsi üzrə bir ştat vahidinin azaldılması nəzərdə tutulub. Ümumi optimallaşdırma haqqında əmrdə göstərilir ki, əvvəlcə bir nəfərin daha sonra isə bir neçə işçinin (konkret olaraq ad nəzərdə tutulmayıb), habelə ştat vahidinin ixtisarı nəzərdə tutulub. İddiaçı ixtisar olunduqdan sonra digər işçilərə bildirişlər verilib və xəbərdarlıq edilib. Xəbərdarlıq müddəti ərzində digər işçilər başqa yerdə iş tapdıqları üçün öz ərizələri əsasında işdən azad olunublar. Burada konkret olaraq işçi sayı ştat vahidinin azaldılması nəzərdə tutulub. Qarşı tərəf idarənin deyil, şöbənin işçisi olub. Departamentdə 15, şöbədə isə 8 nəfər olub. Bilik səviyyələrinin yoxlanılmasını təsdiq edən sənədi birinci instansiya məhkəməsinə təqdim etmişlər. Qarşı tərəfə vəzifələr təklif olunub. Onlardan birin eyni vəzifə üzrə daxili nəzarət departamentinin aparıcı mütəxəssis vəzifəsidir. Bu vəzifə maliyyə sahəsinə aid olduğu üçün spesifik sahədir. Həmin dövrdə də təklif olunan bu vəzifə onun tutduğu vəzifəyə uyğun idi. Yalnız bu vəzifə deyil, habelə başqa-başqa vəzifələr də təklif olunub. İdarəetmə komitəsinin iclas protokolunda və yekun əmrdə qeyd olunub ki, SAP proqramına keçid olub. Bu proqramın tətbiq olunmasının iki səbəbi var:1) Əvvəllər anbar, satış və mühasibatlığın ayrıca proqramları vardır. Bu SAP proqramı hamısını bir-biri ilə inteqrasiya edərək bir sistemdə idarə edir; 2) Əvvəllər hesablamalar manual şəkildə aparılırdı. Yəni ki, işçilər 1 həftə ərzində aylıq, rüblük, illik hesabatları hesablayırdı. Bu proqram vasitəsilə artıq 15 dəqiqəyə hesablanır. Həmin dövrdə xərclərin minimallaşdırılması və işlərin optimallaşdırılması nəzərdə tutulub. Artıq iş yükündən də görünür ki, işçilərin xərclərinin və sayının azaldılması zəruridir. Buna görə də idarəetmə komitəsinin iclası keçirilib. İclas protokuluna uyğun olaraq işçilərin sayı hissə-hissə azaldılıb. Qarşı tərəfin izahatına görə şirkətin qarşı tərəfə olan şəxsi qərəz və prinsipə görə o vəzifədən kənarlaşdırılıb. Halbuki digər departamentlərdə və şöbələrdə təklif olunan eyni mütəxəssis səviyyəsindən görünür ki, burada qərəz və başqa məsələdən söhbət gedə bilməz. Qarşı tərəfin İnstagram sosial şəbəkəsindən təqdim etdiyi şəkillərə münasibət bildirməkdən imtina edir və həmin sənədlərin sübutların siyahısına daxil edilməsinə etiraz edirlər. Çünki şəxsin sosial şəbəkə profilindən screenshot vasitəsilə təqdim olunmuş şəkillərdir ki, bu hərəkətin edilməsinə üçüncü şəxs razılıq verməmişdir. 15.Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, SAP proqramının qiyməti 120.000-dir. Bu proqram mühasibatlıq məsələsini ya tam, ya da yarıya qədər aradan qaldıra bilər. Burada problem şirkətin maliyyə çətinliyi məsələsi deyil, yəni ki bu proqram vasitəsilə 10 nəfərin işini 3 nəfər də görə bilər. Həmin şöbənin 8 aparıcı mühasibi olur. Belə ki, verilən əmrdə göstərilir ki, kreditorlar şöbəsinin 8 aparıcı mühasibi olub. Şöbənin hamısı aparıcı mühasib deyil. Belə ki, 1-i bölmə rəhbəri, 1-i mühasib rəhbəri, 6 nəfər də aparıcı mütəxəssisdir. 6 nəfərin bilik səviyyəsi ilə əlaqədar yoxlanış aparılıb. Təqdim olunan disklə bağlı münasibəti odur ki, əvvəlcə həmin səs yazısında nədən söhbət getdiyi dəqiq eşidilimir. Bundan başqa, şəxsin özünün dedikləri həmin səs yazısında olsa belə, bunun bu işlə heç bir əlaqəsi yoxdur. Bu səs yazısında sübut və iş mahiyyətinə aid olan hallar yoxdur. Məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, vakant yerləri ixtisardan bir ay əvvəl olsa da, 3 aprel tarixli əmrindən sonra ştatların və işçilərin sayının azaldılması barədə əmr verilir və ilin sonuna kimi işçi sayının 10 vahid azaldılması qərarlaşdırılır. Birinci instansiya məhkəməsində iş materiallarına əlavə olunmuş sənəddən görünür ki, işçilərin sayında azalma var. Belə ki, 4 vakant yeri ləğv edilir və o əmrə əlavə olunmuş struktur cədvəlindən də görünür ki, 21+1 ştat olsa da belə, 1 ştat vahidi ləğv edilib. 3 aprel 2023-cü il tarixli 2 saylı əmr var və həmin əmrdə SET proqramı ilə bağlı məsələ qeyd olunub. Əvvəlki iclasda iddiaçı bu proqramı qismən olsa da, təsdiq etdi. İş materiallarında 3 aprel 2023-cü il tarixli struktur cədvəli var və burada 57 nəfər göstərilib. 3 aprel 2023-cü il tarixində şirkət tərəfindən verilmiş əmrdə göstərilir ki, ştat vahidləri 10 vahid azaldılsın. Məhkəməyə təqdim etdiyi struktur cədvəlindən görünür ki, ştat vahidi azladılaraq 44-ə endirilib. Yeni işçi işə qəbul edilmədiyi görə əlavə sənəd gətirə bilməmişlər. Hal-hazırda mühasibatlıq departamentinin 44 əməkdaşı var. Həmin tarixdə isə əməkdaşların sayı 57 nəfər olub. Burada söhbətin azalmadan getdiyi görünür. Bu müddət ərzində cəmi 13 nəfər ixtisar olunub. Qarşı tərəfin olduğu kreditorlar şöbəsindən 5 bəfər ixtisar olunub. Qarşı tərəfin verdiyi sənədlərə əsasən Murad Niftəlizadə aparıcı mühasib kimi deyil, mühasib kimi vəzifəyə gətirilib. Qarşı tərəfin gördüyü işlər məlum olduğu üçün onun iştirakı olmadan qiymətləndirmə aparıla bilər. 16.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qarşı tərəfin Mülki-Prosessual Məcəllənin tələblərini pozmasına baxmayaraq ixtisar əmrinin real olmadığı, qərəzli olduğu və ixtisar əmrinə zərurət olmadığı qənaətinə gəlmişdir. O, 28 dekabrda Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş icraata götürüldükdən sonra 7 yanvar tarixində qarşı tərəfin sübut qismində təqdim etdiyi sənədlərlə tanış ola bildi. O, qarşı tərəfin sübut qismində təqdim etdiyi sənədlərlə tanış olanda qarşı tərəfin sənədlərinin saxta olduğunu gördü. Qarşı tərəf bildirir ki, Əmək Məcəlləsində imperativ norma yoxdur. Qətnamədə qeyd olunub ki, iddiaçının xəbərdarlıq məktubunda ştat vahidinin ixtisarı, çıxış əmrində isə ştatın ixtisarı qeyd olunub. Qətnamədə belə qeyd olunmasının səbəbi isə fərqli-fərqli anlayışlar olmasından irəli gəlir. Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinin adından (işçilərin sayı və ya ştatların ixtisarı) göründüyü kimi “və ya” bağlayıcısı ilə bu iki anlayış bir-birindən fərqlənir. 2021-ci il 15 noyabr tarixində şirkətə yeni baş mühasib təyin olunur (mühasibatlıq departamentinin sədri Samir Süleymanov). Həmin vaxtlar münasibətlər yaxşı idi. Gecə saat 4-ə kimi işləyirdi, xahişlərini təmin edirdi. O da ona hər dəfə bildirirdi ki, narahat olma, maaş artımlarında səni təmin edəcəyəm. 2022-ci ilin aprel ayının əvvəlində (daha doğrusu mart ayında) ondan başqa işçilərin əmək haqları artırıldı və bonuslar verilirdi. Lakin onun əmək haqqı artmır və bonuslar verilmirdi. Bu barədə 2022-ci il aprel ayında baş mühasibə tənqidi mail yazaraq bildirdi ki, niyə digər əməkdaşların maaşları artırılır və bonuslar verilir, amma ona bunlar edilmir? Halbuki o, gecə saat 4-də kimi işləyir, səhərə kimi yatmır, şirkət üçün can yandırır, şirkətin maraqları üçün çalışır, amma bu məsələlər ondan kənarda qalır. Bu maildən sonra insan resurslarının direktoru Samir Əmirov, onun fikrincə, yeni təyin olunduğu və söz-söhbətlərdən uzaq olmaq üçün onun maaşını artırmışdı. Doğrudur, həmin maildən sonra baş mühasiblə münasibətləri soyuqlaşdı. Təkcə ona qarşı deyil, digər əməkdaşlarla da kobud, aqressiv rəftar edirdi. Bir sözlə, rəhbərə xas olmayan xarakterik xüsusiyyətləri var idi. Noyabr ayında onlarda iş bölgüsü məsələsi gedirdi. Həmin dövrdə xərclər bölməsində ondan başqa əməkdaşlar işdən çıxarılır və yeniləri ilə əvəz olunurdu. Köhnə əməkdaşların işdən çıxması səbəbi baş mühasibin təzyiqləri ilə bağlı idi. Yeganə olaraq bu bölmədə qalan və təzyiqlərə dözən o idi. 2022-ci ildə yenidən iş bölgüsü ilə əlaqədar tənqdi mail yazdı. 2023-cü ilin 1 fevral ayında baş mühasib onu otağına dəvət etdi və onunla səmimi söhbət qurdu. Söhbətlə əlaqədar onda olan səs yazısında mühasib qeyd edir ki, onun cavabdehlə işləməyi böyük sual altındadır və o cavabdehlə işləyə bilmir. 21 fevralda şirkətin rəhbər şəxslərlə görüşməyə çalışdı. Maliyyə şöbəsinin direktoru isə ümumiyyətlə görüşdən imtina etdi. Vəzifələrlə əlaqədar müəyyən sertifikatlar və meyarlar var. Onun da yerli, beynəlxalq sertifikatlara və 5 illik iş təcrübəsi olduğu üçün onda da maraq yarandı və vəzifələrlə əlaqədar kriteriyaları öyrənmək üçün insan resurslarının şöbə müdürü Samirə xanıma mail yazdı. Mailinə cavab gəlmədiyi üçün xatırlatmaq məqsədilə 7 apreldə yenidən mail göndərdi. 11 apreldə insan resurslarının aparıcı biznes tərəfdaşı Fəridə Qurbanova iş otağına daxil olaraq baş mühasibin otağına onu dəvət etdi. Orada ona bildirdilər ki, “siz Samirə xanıma mail yazmısınız və mailə görə maliyyə direktoru ilə insan resurslarının direktoru sizlə yollarını ayırmaq istəyir”. O, çaşıb qaldı və Fəridə xanımdan soruşdu ki, niyə? Fəridə xanım dedi ki, o mailə görə işdən çıxarılırsınız. Bundan sonra səhhəti pisləşdi, şirkətdə olan tibbi məntəqəsinə aparıldı və çətinliklə olsa da sakitləşdirildi. Səhhətinin pis olmasına baxmayaraq həmin gün saat 18:00-da hüquq rəhbəri və insan resurslarının rəhbəri onunla görüşdü. Həmin görüşdə onlar onu məcbur edirdilər ki, ərizə xoşluqla yazıb işdən çıxsın. O da bildirdi ki, bunu qəbul edə bilməz, haqsızlıqdır və məhkəmədə buna hüquqi qiymət verilməlidir. Bu mail iş materiallarında var. O, səhhəti pis olmasına baxmayaraq 12 aprel tarixində işə getdi və 3 günlük məzuniyyət ərizəsini yazdı. Həmin gün 11 aprel tarixində olan hadisələri qeyd edərək aidiyyəti şəxslərə mail göndərdi. Qarşı tərəf mediasiya prosesi zamanı gətirdiyi Murad Niftəlizadə adlı şəxsi onun yerinə gətirmiş, onu faktura nəzarəti üzrə vakansiyası verildi. Halbuki, bu vəzifə mediasiya prosesi zamanı ona təklif edilməmişdir. Birinci instansiya məhkəməsində qarşı tərəf ona qəti şəkildə bildirmişdi ki, şirkətə bir daha qayıtmayacaqsan. 10 gün tez çıxdığı üçün müavinət aldı. Xəbərdarlıq 12 apreldə verilmişdir. 6 həftə əvvəl xəbərdarlıq verilmişdir. Onun dediklərinə dair heç bir qiymətləndirmə aparılmayıb. Onun vəzifəsinə uyğun vəzifə təklif etməmişdilər. Ona satış meneceri, İT üzrə və marka üzrə meneceri təklif olunmuşdur. Nisbi olaraq onun vəzifəsinə daxili nəzarət üzrə vakansiya ona uyğun gəlirdi. Ailəsi imkan cəhətdən kasıb olduğu üçün məcburiyyət qarşısında qalıb bu vəzifəyə keçmək istəyirdi. Qarşı tərəfin nümayəndələri ilə bu vakansiya barədə müzakirə edəndə qarşı tərəf onun 5 il mühasib vəzifəsində çalışdığı və mühasiblikdən çıxmağının yaxşı olmadığını, habelə əmək şəraitinin şərtləri səhhətində olan problemlərə uyğun gəlmədiyi üçün bu vəzifəni seçmədi. Çünki qarşı tərəf bildirmişdir ki, Məhəmmədi anbarında təftiş keçirilməldi və bu onun qan dövranına uyğun gəlmirdi. Birinci instansiya məhkəməsində barışıq təklif olunmuşdur, lakin qarşı tərəf ona qəti şəkildə bildirmişdi ki, şirkətə bir daha qayıtmayacaq. İxtisası xəzinə üzrə aparıcı mühasibdir. Murad Niftəlizadə fakturaya mühasib kimi götürülüb. Təqdim etdiyi sübutdan görünür ki, hal-hazırda Murad Niftəlizadə kreditor şöbəsində işləyir, bunu qarşı tərəf təsdiq edir və bildirişi təqdim edərək onun may ayından çalışdığını deyib. Daxili nəzarət üzrə aparıcı mütəxəssis təklif olunub. Konkret olaraq ona baş promoter, merçandayzer, satış üzrə və daxili nəzarət üzrə vəzifələr təklif edilmişdir. Ona daxili nəzarət təklif olunub. İddia ərizəsində qeyd etmişdir ki, səhhətidə olan problemlərə görə bunu qəbul etməmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən apellyasiya baxışının predmetini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
21.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 22.11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 23.70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 24.71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 25.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 26.77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 27.78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 28.80-ci maddəsinin birinci və ikinci bəndlərinə əsasən, 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 29.83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 30.172-ci maddəsinin 5-ci hissəsinə müvafiq olaraq, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
31. 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
32.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 33.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 34.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 35.Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. (76.3-cü maddə).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. 37.Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. 38.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. MMC-də aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq şirkətin daxili strukturuna dəyişikliklər edilməsi və ştat vahidlərinin azaldımasına dair qərar qəbul edilmiş, iddiaçının işlədiyi bölmədə aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidi ixtisara salınmışdır. Mühasibatlıq departamentinin Kreditorlar şöbəsinin aparıcı mühasib vəzifələri üzrə optimallaşmanın aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri və Cəmiyyətin müvafiq komitəsinin “İşçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokolu əsas götürülməklə həmin vəzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi keçirilmiş, iddiaçının qiymətləndirilən meyarlar üzrə digər əməkdaşlara münasibətdə daha aşağı göstəricilərə malik olduğu müəyyən edilmişdir. Bunun nəticəsində 15 may 2023-cü il tarixli, 037.1/K saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. 39.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. 40.Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 41.Qeyd edilməlidir ki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İxtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. 42.Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət yönəlməsi zəruri hesab olunur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. 43.İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştat üzrə işçilərin sayının azaldılması (ixtisarı) əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənədlər tərtib olunmuş, iddiaçı cavabdeh tərəfindən ixtisar səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. 44.Bundan başqa MMC tərəfindən 15 may 2023-cü il tarixli, 037.1/K saylı əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən müvafiq məbləğdə işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının ona təqdim edilməsi təmin edilmişdir. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı 10 gün xəbərdarlıq müddətinin əvəzinə müavinətin ona ödənilməsinə yardımçı olmasına və xx.xx.2023-cü il tarixində müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçıya ixtisas səviyyəsinə uyğun (iş materiallarına əlavə edilmişdir) başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilmiş, o, təklif edilmiş vəzifədən imtina etdiyindən əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir (iddiaçı Həmkarlar İttifaqının üzvü olmadığı üçün razılığı alınmamışdır). 45.Məhkəmə kollegiyası birdə vurğulayır ki, işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmasının qanuniliyini və əsaslılığını yoxlayarkən məhkəmə, müəyyən bir vəzifənin və ya bu vəzifə üzrə müəyyən sayda işçilərin ştat cədvəlindən xaric edilməsinin məqsədəuyğunluğu məsələsini həll etmək səlahiyyətində olmur. Belə ki, işçilərin ixtisarının məqsədəuyğunluğu məsələsi hüquqi şəxsin səlahiyyətli rəhbərliyinin əmrləri, habelə ştat cədvəlləri ilə təsdiqlənir. Hazırda da ixtisarın real olub-olmadığı, iddiaçı ilə eyni vəzifə tutan digər işçilərin onunla müqayisədə işdə qalmaqda üstünlüklərin müəyyən edilməsinin düzgün olub-olmadığı, o cümlədən əmək münasibətlərinə xitam verilməsinə səbəbin işəgötürənin iddiaçıya qarşı qərəzli münasibəti olub-olmadığı aydınlaşdırılmalı olan hallardır. 46.İş materiallarında olan MMC-nin Maliyyə Direktorluğunun xx.xx.2023-cü il tarixli işçilərin ştat cədvəlindən göründüyü kimi, işçilərin sayının azaldılması prosesinə başlamazdan əvvəl Mühasibatlıq Departamentində 60 ştat vahidi, o cümlədən iddiaçının aid olduğu Kreditorlar şöbəsində 22 ştat vahidi mövcud olmuşdur. Maliyyə Direktorluğunun xx.xx.2024-cü il tarixli işçilərin ştat cədvəlindən isə görünür ki, hazırda Mühasibatlıq Departamentində 44 ştat vahidi, o cümlədən iddiaçının aid olduğu Kreditorlar şöbəsində 17 ştat vahidi mövcuddur. Qeyd edilənlərə əsasən də müəyyən edilir ki, Cəmiyyətin baş direktorunun “Struktur, ştat və işçi məsələlərinə dair” 03 aprel 2023-cü il tarixli, 002/Ş saylı əmrinin icrası zamanı işçilərin sayı yalnız iddiaçının hesabına azaldılmamış, Mühasibatlıq Departamenti üzrə ümumilikdə 16 nəfər işçinin, o cümlədən iddiaçının birbaşa aid olduğu Kreditorlar Şöbəsi üzrə 5 nəfər işçinin sayının azaldılması ilə nəticələnmişdir. 47.İddiaçının tutduğu və işçilərin sayı azaldılan vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin müəyyən edilməsi məqsədilə müvafiq meyarlar üzrə qiymətləndirmə keçirilmiş, iddiaçının peşəkarlıq səviyyəsini digər işçilərə nisbətdə aşağı qiymətləndirilmiş, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinə görə onun işdə saxlanmasına hüquq verən hər hansı amillər müəyyən edilməmişdir. 48.Göründüyü kimi işçilərin sayı azaldılarkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin işəgötürənə aid etdiyi hüquqlardan sui-istifadə hallarına yol verilməmişdir. Cavabdehişəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edərək iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi halları da aşkar edilməmişdir. İddiaçının iddia etdiyi kimi ona qarşı qərəzli münasibəti nəticəsində əmək müqaviləsinə real olmayan ixtisar əmri ilə xitam verilməsi ağlabatan görünmür. İddiaçının cavabdeh tərəfindən işçilərin sayı real olaraq azaldılmadığına dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Nəzərə alınmalıdır ki, iddiaçı verdiyi iddia ərizəsində bəzi əməkdaşların işdən ayrıldığını, onların yerinə yeni əməkdaşlar götürülmədiyini, bu halın onun iş yükünün daha da artmasına gətirib çıxardığını, şirkətin “SAP” proqramına keçid etdiyini göstərmişdir. 49.Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 50.İddiaçının sübut qismində təqdim etdiyi səs yazısını özündə əks etdirən disk və “İnstagram” sosial şəbəkəsindən X3 məxsus şəkillər ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının qeyd etdiyi dəlillərin mövcudluğu məhkəməyə sübut qismində təqdim edilmiş bu sənədlər əsasında qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş diskdəki səslərin keyfiyyəti aşağı olduğundan həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Halbuki mülki prosessual qanunvericliyə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini, yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını müəyyən etmək mümkün olsun. Bundan əlavə Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. 51.Məhkəməyə təqdim olunmuş şəkillərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçının, özünün əmək hüquqlarının pozulmasını sübut etmək üçün təqdim etdiyi şəkillərdən hazırda araşdırılan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilməli və sübut qismində nəzərə alınmamalıdır. 52.Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. 53.Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. 54.Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə, əmək haqqının bir faizi məbləğində ödənc verilməsi və s. məsələlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, bu iddia tələbləri rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar İddiaçı iddia tələbi də rədd olunmalıdır.
55. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
56. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2231/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərə görə kompensasiya” tələbinə dair iddiası rədd edilməlidir. 57.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 58.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2231/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova