Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11896/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdehin nümayəndəsi –vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdeh ASC "xxxx" Bank-a qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2215/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh ASC "xxxx" Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh ASC "xxxx" Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC "xxxx" Bankının 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrinin ləğv edilməsi, ASC "xxxx" Bankının "20 yanvar" filalının Müştəri xidməti şöbəsinin Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis" vəzifəsinə bərpa olunmağı, cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 2007-ci ildə “Finca Azərbaijan” BOKT-da Maliyyə operatoru vəzifəsində başlamışdır. 2008-ci ildə «Unibank» KB-da işə qəbul olunmuş və 2012-ci ildə həmin bankdan “Fiziki şəxslrə xidmət üzrə aparıcı mütəxəssis” olaraq öz istəyi ilə işdən ayrılmışdır. 27 noyabr 2012-ci il tarixli əmək müqaviləsi ilə ASC “Xalq" Bankının” “20 Yanvar” filalının Müştəri xidməti şöbəsinin “Fiziki şəxslərə xidmət üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. 2017-ci ildə ştatdan kənar daxili əmrə əsasən həmçinin “Hüquqi şəxslərə xidmət üzrə mütəxəsisi” vəzifəsi ona həvalə edilmiş, 2017-ci ilin avqustunda bankın daxili vəzifə dəyişikliyi üçün keçirdiyi imtahandan 89% nəticə göstərərək “Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. 2019- cu il noyabr ayında bankın verdiyi digər əmrə əsasən ştat cədvəlinə uyğun olaraq “Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. Bildirmək istəyir ki, 12 ilə yaxın bank sektorunda, o cümlədən, ASC «Xalq Bankı»nda çalışdığı 7 ildən artıq müddət ərzində əmək müqaviləsi üzrə əmək funsiyaları ilə yanaşı, rəhbərliyin ona həvalə etdiyi vəzifələri də lazımınca və vicdanla yerinə yetirmiş, əmək və icra intizamına ciddi riayət etmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamışdır. Buna baxmayaraq 31 yanvar 2020-ci il tarixdə iş yerində əmək funksiyalarını yerinə yetirdiyi zaman bankın kadrlar şöbəsindən ona zəng vuraraq bildirmişlər ki, onun elektron poçt ünvanına göndərdikləri “öz istəyimlə işdən çıxmağımla” bağlı ərizəni imzalasın. Bununla bağlı olaraq işlədiyi filalın direktoruna müraciət etmişdir. Filial direktoru ona bildirmişdir ki, o, təsis etdiyi hüquqi şəxsin bank hesabı onların filialında açılmışdır. O, bunun əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını və bank hesabı açılarkən filial direktoruna məlumat verdiyini və onun icazəsi ilə bank hesabı açıldğını, hazırda bank hesabını bağlaya, başqa bankda aça və ya hüquqi şəxsin rəhbərliyini başqa şəxslərə həvalə edə biləcəyini bildirmişdir. Lakin kadrlar şöbəsinin rəisi ərizəni imzalamayacağı təqdirdə maddə ilə işdən çıxaracaqlarını və bundan sonra başqa işə düzələ bilməyəciyi ilə təhdid etmişdir. O, yenə onlara ərizəni imza etməyəcəyini və bankın rəhbrəliyi ilə görüşmək istədiyini bildirsə də, heç bir nəticə verməmişdir. Bundan sonra bankın baş ofisindən gələn əməkdaşlar ona işdən azad edildiyini bildirərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmri ona təqdim etmişdirlər. Hesab edir ki, 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmr əsasız və qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, sözügedən əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç"bəndinə istinad edilmişdir. Həmin maddəyə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə müəyyən edilmişdir ki, işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işdən azad olunması üçün işəgötürən işçi tərəfindən hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmasını, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndində göstərilən kobud pozuntuya yol verməsini müəyyən etməli və əmrdə həmin halları qeyd etməklə Əmək Məcəlləsinin müvafiq normalarına istinad etməlidir. Lakin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə tərəfindən əmək funksiyalarının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə, yaxud vəzifələrinin kobud şəkildə pozulmasına istinad olunmamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə müəssisənin hüquqi ünvanı göstərilməmiş, işəgötürənin adı, atasının adı tam göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası ümumiyyətlə qeyd olunmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas kimi heç bir rəsmi sənəd göstərilməmişdir. Göründüyü kimi, onunla əmək müqaviləsinin ləğvi barədə əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə müvafiq qaydada tərtib olunmamışdır. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdlərim nəticə verməmişdir. Hazırda əmək hüquqları pozulduğundan məhkəməyə müraciət edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2215/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, xxxxn 31.01.2020-ci il tarixli, XB-K1/018 saylı əmrinin ləğv edilməsi, İddiaçı xxxxnın “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin “Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsində işə bərpa edilməsi, 31.01.2020-ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh ASC "xxxx" Bank apellyasiya şikayətləri verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi üçün qanunvericiliklə və əmək müqaviləsi ilə nəzərdə tutulmuş hallar mövcud olmuşdur. Belə ki, ASC "xxxx" Bankının “20 Yanvar” filialının bəzi əməkdaşları imzaları və izahatları ilə təsdiq edirlər ki, Filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edan İddiaçı Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etmiş və mobil telefon danışıqlarına həddən artıq çox yol vermişdir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsaslar olmuş, bu əsasların mövcudluğu Bankın işçilərinin, o cümlədən, iddiaçı ilə bilavasitə bir ofisdə işləyən işçilərin yazılı formada tərtib etdikləri aktla, verdikləri izahatlarla və həmin məlumatların əsasında tərtib edilmiş xidməti məktublarla tam sübuta yetirilmişdir. Məhkəmənin digər “əsaslandırması” ondan ibarət olmuşdur ki, guya, intizam tənbehinin verilməsi ardıcıllığına riayət edilməmişdir. Qanunverici heç də ƏM-in 186.2-ci maddəsində sadalanan tənbeh tədbirlərinin hər hansı ardıcıllıqla tətbiq edilməsini deyil, işçi tərəfindən yol verilmiş pozuntunun xarakterinə uyğun tətbiq edilməsini nəzərdə tutur. Hazırkı halda, işçinin yol verdiyi pozuntular ƏM-nin 70-ci maddəsinin ç) bəndinin təsiri altına düşdüyü üçün həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinin ç) yarımbəndinə nəzərdə tutulmuş tənbeh tətbiq edilmişdir Məhkəmənin digər əsaslandırması ondan ibarət olmuşdur ki, guya, iddiaçının yol verdiyi pozuntuya dərhal münasibət bildirilməli və bunun qarşısının alınması üçün müvafiq təsir (intizam) tədbiri görülməli idi. Lakin bu məsələyə münasibətdə də məhkəmə, bir tərəfdən işin faktiki hallarına düzgün qiymət verməmiş, digər tərəfdən isə Əmək Məcəlləsinin belə münasibətləri tənzimləyən normalarının tələblərini nəzərə almamışdır. Qanunverici Əmək Məcəlləsinin “İntizam tənbehinin verilməsi qaydaları” adlanan 187-ci maddəsində də pozuntuya dərhal münasibət bildirilməsi barədə heç bir müddəa nəzərdə tutmamış, yalnız intizam tənbehinin verilməsi müddətini onun aşkar edildiyi tarixdən 1 ay müddəti ilə məhdudlaşdırmışdır. Bundan əlavə, izahatları alınmış işçilər tərəfindən də həmin xidməti məktublarda qeyd edilənlər təsdiqləndiyindən, ümumiyyətlə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas verən halların mövcudluğu tam sübuta yetirildiyindən məhkəmənin bu sübutlara tənqidi yanaşması anlaşılan deyil. Guya, yol verilən pozuntuların iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsi üçün əsas olmadığı barədə də məhkəmənin gəldiyi nəticəni əsaslı və qanunauyğun hesab etmek olmaz. Belə ki, iş vaxtı ərzində müştərilərə işəgötürənin fəaliyyəti ilə bağlı xidmətlər göstərmək əvəzinə, onlara öz şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi, bununla da bir tərəfdən iş vaxtının itirilməsinə, digər tərəfdən müştərilərin Banka olan etimadının azalmasına səbəb olan hərəkətlərə yol verməsinə, yəni iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə məhkəmə, nədənsə, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin dispozisiyası ilə müəyyən olunmuş halın yaranmaması kimi qiymət vermişdir. "xxxx" MMCnin fəaliyyətinin 19.12.2019-cu il tarixdən dayandırılması və bu səbəbdən də guya, iddiaçının öz şirkətinin xidmətlərini bankın müştərilərinə təklif edə bilməməsi barədə məhkəmənin gəldiyi nəticə də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı özünün təsisçi və direktoru olduğu "xxxx" MMC-nin fəaliyyətinin 19.12.2024-cü il tarixinədək dayandırılması barədə 19.12 2019-cu il tarixdə vergi orqanına ərizə ilə müraciət etsə də, bundan qısa müddət sonra, yeni 09.02.2020-ci il tarixdə ərizə ilə vergi orqanına müraciət edərək elə həmin tarixdən MMC-nin fəaliyyətini bərpa etmişdir. Göründüyü kimi, cəmiyyətin fəaliyyətinin çox qısa müddətə dayandırılması həmin cəmiyyətin xidmətlərinin təklif olunmasını istisna eden hal kimi qəbul edə bilməz. Belə ki, iddiaçı "xxxx" MMC-nin fəaliyyətinin qısa müddət ərzində bərpa olunacağını bilərək, öz şirkətinin potensial müştərilərinə xidmətlər təklif etmişdir Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-544/2021 saylı 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2215/2020 saylı 19 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh ASC "xxxx" Bank kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-4187/2020 saylı 04 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş; hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-544/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı tam araşdırma aparmayaraq və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdeh ASC "xxxx" Bank-ın nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq atasının xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək icasın təxirə salınmasını xahiş etmişdir. Həmçinin, iddiaçı vəkili Vəkil2 də məhkəməyə ərizə ünvanlayaraq ailə məsələləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək icasın təxirə salınmasını xahiş etmişdir. İşin halları, həmçinin, prosesin təxirə salınmasını xahiş edən iddiaçının və vəkilinin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia təmin olunduğundan qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh şikayət verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ASC "xxxx" Bankının 31.01.2020-ci il tarixli, XBK1/018 nömrəli əmrinin kserosurətindən görünür ki, əmrin İ hissəsinə əsasən Bankın "20 yanvar" filialının Müştəri xidməti şöbəsinin "Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis"i İddiaçı əmək müqaviləsinə 21 yanvar 2020-ci il (son iş günü) tarixindən etibarən AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsinin məhkəmə baxışı təqdim etdiyi ASC "xxxx" Bankının 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrinin kserosurətindən görünür ki, əmrin İ hissəsinə əsasən Bankın "20 yanvar" filialının Müştəri xidməti şöbəsinin "Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis"i İddiaçı əmək müqaviləsinə 21 yanvar 2020-ci il (son iş günü) tarixindən etibarən AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmiş, əmrin verilməsinə əsas İddiaçı fəaliyyətindəki nöqsanlar haqqında 20.01.2020-ci il tarixli akt göstərilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin "xxxx" MMC-yə ünvanladığı vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubundan görünür ki, 19.12.2019-cu il tarixli ərizəyə əsasən MMC-nin fəaliyyəti 19.12.2024-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin "xxxx" MMC-yə ünvanladığı vergi ödəyicisinin fəaliyyətinin bərpası barədə məktubundan görünür ki, 09.02.2020-ci il tarixli ərizəyə əsasən MMC-nin fəaliyyəti 09.02.2020-cü il tarixindən bərpa olunması vergi orqanı tərəfindən nəzərə alınmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 27 noyabr 2012-ci il tarixli əmək müqaviləsi ilə ASC "xxxx" Bankının "20 yanvar" filialının Müştəri xidməti şöbəsinin "Fiziki şəxslərə xidmət üzrə mütəxəssis" vəzifəsinə işə qəbul edilmiş, 2017-ci ilin avqustunda «Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsinə, 2019-cu il noyabr ayında bankın verdiyi digər əmrə əsasən ştat cədvəlinə uyğun olara “Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis2 vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə iddiaçı təsis etdiyi hüquqi şəxsin ("xxxx" MMC-nin) bank hesabını işlədiyi filialda açmış, bu barədə filial rəhbərliyi məlumatlı olmuş, (sonuncu 30.01.2020-ci il tarixdə qeydə alınmış izahatında bu faktı etiraf etmişdir) 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin ilk əsaslandırması ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya verilən 31.01.2020-ci il tarixli, XB- K1/018 nömrəli əmrin surətində əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tətbiq etdiyi Əmək Məcəlləsinin 84.1-ci maddəsində sadalanan məlumatların göstərilmədiyi əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi heç də imperativ norma deyil. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Hazırkı halda işəgötürənin əmrində onun hüquqi ünvanının, iddiaçının atasının adının göstərilməməsinin iddiaçının hüquqlarını hansı tərzdə pozduğu və bunun iddiaçı üçün hansı neqativ hallara səbəb olması və nəhayət, mahiyyətcə həmin əmrin verilməsinə əsas olan halları aradan qaldıra biləcəyini məhkəmə qətnaməsində əsaslandırmamışdır. Əmək Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərə gəldikdə isə, işəgötürən tərəfindən məhkəməyə iddiaçıya irad tutulan hallar barədə müvafiq aktlar və sübutlar əlavə edilmişdir (həmin sübutlar yuxarıda sadanmışdır). Məhkəmə kollegiyası həmçinin yol verilən pozuntuların iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə ilə xitam verilməsi üçün əsas olmadığı barədə də birinci instansiya məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işgötürən tərəindən ləğv edilə bilər. Həmin Məcəlləyə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 71.2); İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (71.3). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (maddə 80.1). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (maddə 80.2) ASC "xxxx" Bankının “20 yanvar” filialının aparıcı təhlükəsizlik inspektoru X25 tərəfindən Bankın Təhlükəsizlik İdarəsinin rəisi İ.M.Bəkirova ünvanladığı, 13.01.2020-ci il tarixdə qeydiyyata alınmış xidməti məktubunda göstərilmişdir ki, Bankın “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı cari ilin yanvar ayının əvvəlindən etibarən iş vaxtı ərzində şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olur. Belə ki, Bankın müştərisinə Bank xidmətlərini deyil, şəxsi biznesinin məhsulunu satmaqdadır. Nəzərinizə çatdırıram ki, iş günü ərzində İddiaçı şəxsi işi ilə əlaqədar çox tez-tez mobil telefonla danışır ki, bu da ASC “Xalq “ X23 Məcəlləsinin 5.10-cu maddəsinin 5.10.7-ci bəndinə ziddir. Məsələnin müvafiq strukturlara çatdırılmasında köməklik göstərilməsi xahiş olunur. ASC "xxxx" Bankının Təhlükəsizlik İdarəsinin rəisi X9 tərəfindən X24 sədri E.M.Ağayevə ünvanladığı, 14.01.2020-ci il tarixdə qeydiyyata alınmış xidməti məktubunda göstərilmişdir ki, 13.01.2020-ci il tarixində Bankın “20 Yanvar” filialının aparıcı təhlükəsizlik inspektoru X25 tərəfindən ona ünvanlanan məktub daxil olmuşdur. Məktubdan belə aydın olur ki, Bankın “20 Yanvar” filialının Müştəri Xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı iş vaxtı ərzində Bankın müştərilərinə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin xidmətlərini (ölkədaxili və ölkəxarici otellərin rezervasiyası, biletlərin satışı, tur paketlərin təşkili və s.) təklif edir və mobil telefon danışıqlarına həddən artıq çox yol verir. Bununla da Bankla İddiaçı arasında bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi sonuncu tərəfindən pozulur. Müvafiq məsələnin daha ətraflı araşdırılmasına şərait yaradılması xahiş olunur. 30.01.2020-ci il tarixli aktdan görünür ki, ASC "xxxx" Bankının “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə mütəxəssisi X2, Filialın Müştəri Xidməti şöbəsinin fiziki şəxslərə xidmət üzrə mütəxəssisi X7, Filialın Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssisi X12, Filialın aparıcı təhlükəsizlik inspektoru X25 və Filialın təhlükəsizlik inspektoru X10 öz imzaları ilə təsdiq edirlər ki, Filialın müştəri xidməti şöbəsinin hüquqi şşəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən X3 müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etmiş və mobil telefon danışıqlarına həddən artıq çox yol vermişdir. 30.01.2020-ci il tarixli aktdan görünür ki, ASC "xxxx" Bankının İşlər İdarəsinin rəisi vəzifələrini icra edən X15, eyni adlı idarənin Kadrlar şöbəsinin baş mütəxəssisi X4, eyni adlı idarənin Kadrlar şöbəsinin baş mütəxəssisi X16 öz imzaları ilə təsdiq edirlər ki, Bankın “20 Yanvar” filialının Müştəri Xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi (Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi və mobil telefon danışıqlarına həddən artıq çox yol verməsi) ilə bağlı izahat verməkdən imtina etmişdir. ASC "xxxx" Bankının “20 Yanvar” filialının kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssisi X8 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatdan görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərlə xidmət üzrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı əmək funksiyaların iclasında yol verdiyi pozuntuların araşdırılması çərçivəsində ona verilən suallara cavab olaraq bildirir ki, qeyd edilən əməkdaş iş vaxtı ərzində şəxsi biznesinə aid məsələləri ilə əlaqədar olaraq digər işçilərin işinə mane olacaq səviyyədə mobil telefonla dəfələrlə və uzun-uzadı danışmağına və filiala gələn müştərilə şəxsi biznesi, müxtəlif istiqamətlər üzrə tur-paketlər barədə ətraflı məlumat verməsinin şahididir. ASC "xxxx" Bankının “20 Yanvar” filialının müştəri xidməti şöbəsinin fiziki şəxslərə xidmət üzrə mütəxəssisi X7 tərəfindən 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatdan görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərlə xidmət üzrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı əmək funksiyaların iclasında yol verdiyi pozuntuların araşdırılması çərçivəsində ona verilən ona verilən suallara cavab olaraq bildirir ki, İddiaçı iş saatlarında sahibkarlıq fəaliyyətinə dair məsələlərlə əlaqədar olaraq mobil telefnla uzun müddət danışmağının şahididir. ASC "xxxx" Bankının “20 Yanvar” filialının direktoru X13 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatdan görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərlə xidmət üzrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı özünə məxsus olan (təsisçisi və direktoru özü olan) "xxxx" MMC-nin yaratması barədə ona məlumat versə də, tərəfindən kadr işinə məsul struktur bölmə olan Bankın işlər idarəsinin kadrlar şöbəsi xəbərdar edilməsə də, İddiaçı aidiyyatı bölməni məlumatlandarıması barədə bildirmişdir. Diqqətə çatdırır ki, filialın təhlükəsizlik işinə məsğul oln əməkdaşlarının bildirdiyinə görə İddiaçı iş vaxtı ərzində bankın müştərilərinə təsisçi və direktoru olduğu "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məlumatlar verir və öz xidmətlərini təklif edir. Şirkətin işi ilə əlaqədar mobil telefonların danışıqlarına həddən artıq çox vaxt ayırır ki, bu da hal-hazırda tutduğu vəzifə öhdəliklərinin icrasına maneçilik törədir. İddiaçı şifahi xəbərdarlıq etməyinə baxmayaraq belə hallar sonuncu tərəfindən yenə təkrarlanır. Bu məsələyə münasibət bildirilməsi və rəhbərlik etdiyi filialda nəzarətinin zəifliyi nəticəsində yuxarıda qeyd edilən halların baş verməsi və ya qarşısının alınmamasını üzürlü hesab edilməsi xahiş edir və bir daha belə hallara yol verilməyəciyini və filialda nəzarətinə götürəcəyini bildirir. ASC "xxxx" Bankının “20 Yanvar” filialının təhlükəsizlik inspektoru X5 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatdan görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərlə xidmət üzrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi pozuntularının araşdırılması çərçivəsində ona verilən suallara cavab olaraq bildirir ki, İddiaçı iş vaxtı ərzində, Filialda bank xidmətlərinin göstərilməsi üçün uzun müddət gözləyən müştərilərinin olduğu halda, şəxsi biznesinə aid olan məsələlərlə əlaqədar olaraq mobil telefonla tez-tez və ya uzun müddətli danışmağının və müxtəlif bank əməliyyatlarının həyata keçirilməsi üçün Filiala müraciət edən müştərilərə öz tur agentliyinin xidmətlər ibarədə ətraflı məlumat verməyinin şahidi olmuş və bununla əlaqədar olaraq öz səlahiyyətləri çərçivəsində araşdırma aparmış və aşağıdakı faktlarla qarşılaşmışdır. Belə ki, İddiaçı Filialda istifadəsində olan kompyuterində iş vaxtı ərzində şirkətin loqosunun eskizinin hazırlanması, şirkətə aid müqavilələr və digər sənədləşmə işlərini həyata keçirmişdir. İddiaçı korporativ e-mail ilə 21 yanvar 2020-ci il tarixində müxtəlif saatlarda şirkətinin işləri ilə əlaqədar yazışmalar aparmış və sənədlər göndərmişdir. ASC "xxxx" Bankının “20 Yanvar” filialının müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə mütəxəssisi X1 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatından görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərlə xidmət üzrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı əmək funksiyaların iclasında yol verdiyi pozuntuların araşdırılması çərçivəsində ona verilən suallara cavab olaraq bildirir ki, İddiaçı iş vaxtı ərzində şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarının reklamı ilə məşğul olur, xidmət göstərdiyi Bankın müştərilərinə müxtəlif tur-paketlər təklif edir. Baxılan iş üzrə iddiaçının vəzifə borcunu (öhdəliklərini) lazımınca yerinə yetirməməsi nəticəsində işin normal ahənginin pozulduğu yuxarıda qeyd edilən sübutlarla müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd edilən izahatlara və aktlara tənqidi yanaşmasını qeyd etsə də, qeyd edilən izahat və aktların hansı əsasla sübut olmadığı qənaətinə gəldiyini əsaslandıra bilməmişdir. Məhkəmə yalnız qeyd etmişdir ki, izahatlarda iddiaçının təsisçisi olduğu şirkətin məhsullarını bankın müştərilərinə təklif etməsini və mobil telefon danışıqlarını həddən artıq çox yol verməsinin hansı tarixlərdə olmasının, dəfələrlə təkrarlanmasını və ya mütəmadi olmasını göstərə bilməmişlər. Lakin izahatlardan görünür ki, izahat verən şəxslər İddiaçı iş vaxtı ərzində qeyd edilən hərəkətləri törətdiyinin şahidi olduqlarını bildirmişlər. İzahat verən şəxslərin konkret günün və ayın göstərilməməsi qeyd edilən halların baş verməsini sitisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə səbəb də, onun qeyd edilən hərəkətləri iş vaxtı ərzində törətməsi olmuşdur ki, bu da izahatlarla təsdiq olunur. Birinci instansiya məhkəməsinin digər bir əsası o olmuşdur ki, cavabdeh tərəfindən intizam tənbehinin verilməsi ardıcıllığına riayət edilməmiş, bununla da ƏM-nin 186-cı maddəsinin 3-cü hissəsi və 311-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsini də əsassız hesab edərək aşağıdakıları qeyd edir. Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Qanunvericilikdən də göründüyü kimi işçiyə ƏM-nin 186.2-ci maddəsində sadalanan tənbeh tədbirlərinin hər hansı bir ardıcıllıqla tətbiq edilməsini nəzərdə tutumamışdır. Yalnız işçi tərəfindən törədilmiş xətanın xarakterinə uyğun tənbeh tətbiq edilməsi nəzərədə tutulmuşdur. Hazırki iş üzrə də, cavabdeh tərəfindən iddiaçı tərəfindən törədilmiş pozuntunun xarakteri nəzərə alınaraq ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin Ç) bəndində nəzərədə tutulmuş tənbehin tətbiq olunmasında hər hansı bir qanun pozuntusu müəyyən olunmur. Birinci instansiya məhkəməsinin digər əsaslandırması ondan ibarət olmuşdur ki, iddiaçının yol verdiyi pozuntuya dərhal münasibət bildirilməli və bunun qarşısının alınması üçün müvafiq təsir (intizam) tədbiri görülməli idi. Məhkəmə kollegiyası bu nəticəni də əsasız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, Əmək Məcəlləsinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir (maddə 187.1). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (maddə 187.2). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir (maddə 187.3). Göründüyü kimi, Əmək Məcəlləsinin 187-ci maddəsində pozuntuya dərhal münasibət bildirilməsi nəzərdə tutmamış, yalnız intizam tənbehinin verilməsi müddətini onun aşkar edildiyi tarixdən 1 ay müddəti ilə məhdudlaşdırmışdır. İş materiallarında olan işçilərin izahatları, tərtib edilmiş akt və xidməti məktubların məzmun və tarixlərindən görünür ki, iddiaçının yol verdiyi pozuntular 2020-ci ilin yanvar ayının ortalarından başlayaraq, 30-na kimi davam etmiş, ilk araşdırma subordinasiya qaydasında ASC "xxxx" Bankının “20 Yanvar” filialının aparıcı təhlükəsizlik inspektoru X17 Bankın Təhlükəsizlik İdarəsinin rəisinə ünvanlanmış 13.01.2020-ci il tarixli xidməti məktubu, onun əsasında isə sonuncunun X24 sədrinə ünvanlanmış 14.01.2020-ci il tarixli xidməti məktubu əsasında başlanaraq, 30.01.2020-ci il tarixdə işçilərin izahatları alınmış, xidməti məktublarda göstərilən faktlar bir daha öz təsdiqini tapdıqdan sonra müvafiq akt tərtib edilmiş, iddiaçı həmin aktda göstərilənlərlə bağlı izahat verməkdən imtina etdiyi üçün həmin tarixli akt tərtib edilmiş, həmin rəsmi sənədlərdə öz təsdiqini tapmış pozuntuların nəticəsi kimi 31.01.2020-ci il tarixli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin digər əsaslandırması ondan ibarətdir ki, “...təhlükəsizlik İdarəsinin rəisi X6 da xidməti məlumatının məzmunu ASC "xxxx" Bankının “20 yanvar” filialının aparıcı təhlükəsizlik inspektoru X17 xidməti məktubunda göstərilən məlumatlar əsasında qurulsa da, sonuncunun məktubunun məzmunundan fərqli olaraq İ.M.Bəkirovun xidməti məktubunda iddiaçının şəxsi şirkəti ilə əlaqədar etdiyi hərəkətlər daha qabarıq və ətraflı qeyd edilmişdir”. Məhkəmə kollegiyası qeyd edilən əsaslanmanı əsassız hesab edərək qeyd edir ki, qeyd edilən xidməti məktublar arasında yeganə fərq İ.M.Bəkirovun xidməti məktubunda iddiaçının şəxsi şirkəti ilə əlaqədar etdiyi hərəkətlərin daha ətraflı şəkildə qeyd edilməsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, İ.M.Bəkirovun xidməti məktubunda iddiaçının şəxsi şirkəti ilə əlaqədar etdiyi hərəkətlər filial işçilərinin verdiyi izahatlarla bir daha təsdiq olunur. İ.M.Bəkirov da aparılmış araşdırma zamanı müəyyən olunmuş halları öz xidməti məktubunda qeyd etmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi hər iki xidməti məktubun məzmunlarının eyni olmaması həmin xidməti məktubların əsassız olması qənaətinə gəlməyə əsas vermir. Qeyd olunanlar kontekstində kollegiyanın qənaəti bundan ibarətdir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh ASC "xxxx" Bank tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2215/2020 saylı 19 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-11896/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11896/2021
15.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver