Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11897/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh X4 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi, 663 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi 663 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzil 23.12.2020-ci il tarixdən onun mülkiyyətindədir, alqı-satqı müqaviləsi əsasında mənzili əldə edilmiş, xeyli müddət keçməsinə baxmayaraq cavabdehlərdən mənzilin təhvil verilərək boşaldılmasını xahiş etsə də, cavabdehlər bundan imtina etmişlər. Cavabdehlərin heç bir əsas olmadan ona məxsus mənzildə yaşamaları onun mənzilə olan mülkiyyət hüqularını məhdudlaşdırır. Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər X8 və Cavabdeh2 ünvan 1, ev 59B, 122 saylı (Yeni qaydalarla: ünvan 2 mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamədən cavabdeh B.Sadıqovun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" MTK ilə aralarında bağlanmış Kooperativ mənzil tikintisi haqqında 08.04.2019-cu il tarixli müqavilə ilə ünvan 1 ünvanında yerləşən payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 122 saylı mənzilini almış, MTK-ya hər hansı borcu olmamış, mənzilin dəyəri tam ödənilmişdir. Mənzilə olan payı aldıqdan sonra ölkədə baş vermiş pandemiya şəraitində yaranmış iqtisadi çətinliklə əlaqədar mənzili formal olaraq 51.000 ABŞ dolları borcun müqabilində X1 adına sənədləşdirmiş, aralarında olan razılaşmaya görə borcu qaytardıqdan sonra Dəyanət Əmrahov həmin mənzilə dair əvvəlki vəziyyəti bərpa edəcəyini öz üzərinə öhdəlik götürmüşdür. X7 mənzilin faktiki payçısı (sahibi) Baba Sadıqovun xəbəri olmadan mənzilə dair hazırkı İddiaçı ilə müqavilə bağlanmış və sonuncu AR ƏMDK yanında DƏDRX-dən 23.12.2020-ci il tarixdə çıxarış almışdır. İş materiallarından da göründüyü kimi Dəyanət Əmrahov mənzilə dair pay hüququnu əldə etdiyi dövrdən hazırkı dövrə qədər həmin mənzildə cavabdehlər yaşayır və hazırkı iş üzrə iddiaçı tərəfindən iddia qaldırılan ana qədər Dəyanət Əmrahov tərəfindən hazırkı cavabdehlərin mənzildən çıxarılmasına dair hər hansı iddia qaldırılmamışdır ki, bu hal da, özlüyündə həqiqətən tərəflər arasında mövcud borca görə mənzilə dair formal borc müqaviləsinin bağlanması halını tam şəkildə göstərir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Dəyanət Əmrahova ödənilən borcun məbləği hazırda iddiaçıya ödənilməkdədir. Yuxarıda da qeyd edildiyi kimi məhkəmənin diqqətindən yayındırılan işin faktiki halı ondan ibarətdir ki, qeyd edilən alqısatqı müqaviləsinin bağlanmasına səbəb X5 Sadiqov arasında bağlanmış borc müqaviləsi olmuşdur və cavabdeh hazırkı ana qədər 51.000 ABŞ dolları məbləğində pulu qaytarır. İşin belə faktiki halından da müəyyən olur ki, cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə digər əqdi pərdələmək məqsədilə bağlanmış yalan əqddir ki, bu əqd də bağlandığı andan etibarsızdır. İddiaçının nümayəndəsi-vəkili şikayətə etiraz edərək təmin olunmamasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və onun vəkili məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1, ev 59B, 122 saylı mənzil (Yeni qaydalarla: AZ 1016, ünvan 2 tam mülkiyyət hüququ üzrə 23.12.2020-ci il tarixdən İddiaçı məxsusdur. İş materiallarında olan 08.12.2020-ci il tarixli, ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı X3 ünvan 1, ev 59B, mənzil 122 (Yeni qaydalarla: AZ 1016, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 125,2 kv.m. olan mənzili bütünlüklə İddiaçı mülkiyyətinə verir, Müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, həmin müqavilənin 11-ci bəndinə əsasən mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 26.01.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, ünvan 1, ev 59B, 122 saylı mənzil (Yeni qaydalarla: ünvan 2 İddiaçı mülkiyyətindədir, qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarında olan 25.02.2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, X8 "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küşəsi, 2942 “d” ünvanında inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 137,82 kv.m. olan 4 otaqlı 122 saylı mənzildən və mənzilə dair paydan imtina edir, həmin mənzilə dair "xxxx" MTK ilə bağladığı 08.04.2019cu il tarixli 122 saylı müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və "xxxx" MTK nizamnaməsinə uyğun tədbir görməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür. İş materiallarında olan Kooperativ mənzil tikintisi haqqında 08.04.2019-cu il tarixli 122 saylı Müqavilədən görünür ki, "xxxx" MTK (satıcı) ilə X8 (payçı) arasında müqavilə imzalanmış, müqavilənin predmetini satıcıya ayrılmış ünvan 4 ünvanında payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 122 saylı mənzili təşkil edir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, "xxxx" MTK-ya məxsus ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, 4 otaqlı, 122 saylı mənzilin pay dəyəri payçı X8 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ünvan haqqında müvafiq surətlərin verilməsi barədə 27.04.2021-ci il tarixli **********14 saylı məktubundan görünür ki, ünvan 1, ev 59B, 122 saylı mənzil (Yeni qaydalarla: AZ 1016, ünvan 2 12.05.2020-ci il tarixdən X1 mülkiyyətində olmuş, 23.12.2020-ci il tarixdən isə tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materialları ilə müəyyən olunur ki, ünvan 1, ev 59B, 122 saylı mənzil (Yeni qaydalarla: ünvan 2 tam mülkiyyət hüququ üzrə 23.12.2020-ci il tarixdən İddiaçı məxsusdur, cavabdehlər mənzilin keçmiş sakinləridir və hazırda qeydiyyatsız olaraq orada yaşayırlar, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehlərin mənzildə yaşaması səbəbindən oradan istifadə edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri apelyatora münasibətdə qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdehin şikayətdə istinad etdiyi dəlillər bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair beynəlxalq təcrübə də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Apelyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3401/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11897/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11897/2021
22.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver