Məhkəmə qərarları › İş №2(103)-11902/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11902/2021

23.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11902/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” barədə ilkin, Cavabdeh2 X6 qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilə köçürülmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” barədə iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, həmçinin, Cavabdeh2 X6 qarşı “mənzilə köçürülmə” barədə apellyasiya instansiyasında irəli sürdüyü qarşılıqlı iddia tələbi üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Z.Əliyev küçəsi, 20 saylı evin 49 saylı mənzili üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26.03.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə X4 qızı Nəzrin Mikayılzadə, oğlu Ziya Mikayılzadə, bacısı Cavabdeh2 və sonuncunun oğlu Cavabdeh1 2007-ci ildən qeydiyyatdadırlar.

2. X1 Lalə Ağa qızına və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin 2007-ci ildə formal olaraq mənzilə qeydiyyata alındıqlarını, lakin bir gün də olsun orada yaşamadıqlarını, cavabdehlərin mənzildə qeydiyyatda olmalarına görə hər ay onların əvəzinə kommunal xərclərə görə pul ödədiyini irəli sürmüş, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 20 saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və həmin qətnamənin cavabdehlərin pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasının göstərilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 20 saylı evin 49 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən olunması, qətnamənin cavabdehlərin həmin mənzildə yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması qət edilmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də göndərməmişlər.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilində 2007-ci ildən qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda mənzilin mülkiyyətçisi və ya kirayəçisi ilə birlikdə ailə üzvü kimi yaşamadıqları və onunla ümumi təsərrüfat aparmadıqları, bununla da kirayəçinin ailə üzvü hesab edilmədikləri üçün, mənzildən istifadə hüququ əldə etməmişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlər Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilindən hətta istifadə hüquqları əldə etmiş olsaydılar belə, onlar daimi olaraq başqa yaşayış sahəsində yaşadıqları üçün və onların yaşayış sahəsinə olmuş ehtiyacları digər mənzildə yaşamaqla təmin edildiyi halda, onların həmin mənzildən istifadə hüquqları itirilmişdir. Məhkəmə vurğulamışdır ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, Mənzil Məcəlləsinin 60, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 60-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və ərizənin baxılmamış saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh2 həmçinin brinci instansiya məhkəməsində işə baxılarkən xəbərdar edilmədiyini əsas tutaraq, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qarşılıqlı iddia vermişdir.

9. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi məhkəmənin 01.04.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında icraata qəbul edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və eyni əsaslandırmanı təkrarlamışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “...Cavabdeh2 apellyasiya şikayəti verməklə yanaşı, birinci instansiya məhkəməsində işə baxılarkən xəbərdar edilmədiyini əsas tutaraq, apellyasiya məhkəməsində mübahisəli Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılması barədə qarşılıqlı iddia ərizəsi vermiş və qarşılıqlı iddia ərizəsi məhkəmənin 01.04.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında icraata qəbul edilmişdir (səh. 76). Lakin apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsini ümumiyyətlə müzakirə etməmiş, hər hansı araşdırma aparmamış, bu tələb üzrə qətnamə çıxartmamışdır. Qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi onu ehtiva edir ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmədə iştirakını təmin etməmişdir. Belə ki, MPMin 155.1-ci maddəsinə müvafiq olaraq cavabdeh, işin baxılmasına başlanana kimi ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Ümumi qaydaya uyğun olaraq, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Lakin Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, MPM-in 372.5-ci maddəsinin mahiyyətinə görə dispozitivlik, çəkişmə, tərəflərin bərabərlik prinsiplərinin təmin edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi müstəsna hallarda yeni tələbi qəbul edə və ona baxa bilər. Belə müstəsna halı MPM-in 372.2-ci maddəsi müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair MPM-in 372-ci maddəsində tərəflər üçün başqa müstəsna hal nəzərdə tutulmadığından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilə bilər ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh özündən asılı olmayan səbəblərdən qarşılıqlı iddianı birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi hallarda apellyasiya instansiyası məhkəməsi MPM-in 372.5-ci maddəsində göstərilən əsaslarla tərəflərin təqdim etdiyi yeni tələblərə baxa bilər. Göründüyü kimi, cavabdehin qarşılıqlı iddia ərizəsi, onun birinci instansiya məhkəməsinin iclasında iştirakı təmin edilmədiyinə görə qəbul edilmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi MPM-nin 387.2.2-ci maddəsinin tələbinə əsasən qətnamənin ləğvi üçün əsaslardan biridir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır. Bundan başqa, iddia ərizəsində cavabdehlərin "mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” barədə qətnamə çıxarılması tələb edildiyi halda (iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilməmişdir), birinci instansiyası məhkəməsi "mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi”ni qət etmişdir. İddianın maddi hüquqi əsası kimi məhkəmənin istinad etdiyi Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 60-cı maddəsinin 10-cu hissəsinə görə, şəxsin müəyyən edildyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi baxılan iddialar üzrə qanunvericilik məhkəmənin “yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsini müəyyən etməsi”ni tələb etdiyi halda, məhkəmə “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” barədə nəticəyə gəlmiş və bu nəticəni maddi hüquqi əsasını göstərməklə əsaslandırmamışdır”.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

14. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X5 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclaslarının yeri (vaxtı) barədə məlumatlandırılmalarına baxmayaraq Cavabdeh2 və Cavabdeh1 (onlar həm SMS bildiriş vasitəsilə məlumatlandırılmış, həm də Cavabdeh2 nümayəndəsinə (vəkilinə) yazılı bildiriş çatdırılmışdır) məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

22. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

23. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

24. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

25. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

26. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi

27. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

28. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

29. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

39. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh2 apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır, bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarından görünür ki, Cavabdeh2 birinci instansiya məhkəməsində başlanmış icraat barəsində məlumatlandırılmamış, ona göndərilən məhkəmə bildirişi 5 saylı MKİS-in rəisi tərəfindən onun mübahisəsi gedən mənzildə yaşamadığı barədə qeyd yazılmaqla geri qaytarılmışdır. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsi ilə əsaslandırsa da, onun faktiki olduğu yerin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmişdir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.

40. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, qarşılıqlı iddia tələbi də nəzərə alınmaqla işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, məhz şərh olunan pozuntunun mövcudluğu nəzərə alınaraq Cavabdeh2 qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür; Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. İşin müəyyən olunan halına görə görə ünvan 1 ünvanında yerləşən 49 saylı mənzil 26.03.2011-ci il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Həmin mənzil ilkin olaraq 03.09.1991-ci il tarixdə X2 adına qeydiyyata alınmış, onun vəfatından sonra 15.06.1993-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında 23.07.1993-cü il tarixdə X8 mülkiyyətinə verilmiş, X12-zadə Bəhiyyə Baba qızı arasında bağlanmış 10.03.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncunun adına 07.09.1994-cü il tarixdə rəsmiləşdirilmiş, X13 oğlu həmin mənzili 07.01.1999-cu il tarixli bağışlama müqaviləsi əsasında Bəhiyyə Mikayıl-zadədən bəxşiş almış, 26.06.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən mənzil Şahin Mikayıl-zadə tərəfindən Bəhiyyə Mikayıl-zadəyə bağışlanmış, Bəhiyyə Mikayıl-zadə mənzili 23.02.2011-ci il tarixli bağışlama müqaviləsi əsasında yenidən Şahin Mikayıl-Zadəyə bağışlamışdır.

42. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh2 İddiaçı bacısı, Cavabdeh1 isə bacısının oğludur; Cavabdeh2 1996-cı il tarixdə ailə quraraq ər evinə köçmüş, nümayəndəsinin əvvəlki apellyasiya baxışında bildirdiyinə görə 2006-cı ildə nikahı pozulmuş və yenidən həmin mənzilə qayıtmış, 2007-ci ildə o və oğlu mənzilə pasport qeydiyyatına alınmış, lakin sonradan aralarındakı narazılıqlara görə mənzili tərk edib getmişlər.

43. İşin hallarından görünür ki, Cavabdeh2 İddiaçı qarşı “bağışlama müqaviləsinin ləğv olunması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktı isə Ali Məhkəmənin 03 noyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

44. Kollegiya hesab edir ki, Cavabdeh2 mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil onun anasının mülkiyyətində olduğu dövrdə, yəni 1994-cü ildə anasının ailə üzvü olaraq mənzildə anası ilə birgə yaşadığı zaman 01.10.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 1996-cı ildə ailə qurması ilə əlaqədar mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır.

45. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.

46. Hamıya bəlli olan haldır ki, qız övladı ailə qurub başqa ünvana gəlin köçəndə bunu geri qayıtmaq niyyəti ilə etmir və onun hətta həmin yaşayış sahəsinə qonaq kimi gəlib-getməsi, valideynləri ilə ünsiyyətdə olması və ya özünə məxsus bəzi əşyalarını ata (ana) evində saxlaması belə, gələcəkdə oraya qayıtmaq istəyi kimi qiymətləndirilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh2 mübahisəsi gedən mənzilə, mənzil anasının mülkiyyətində olduğu 1994-cü ildə anasının ailə üzvü olaraq mənzildə anası ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnun, onun ailə qurub mənzildən köçüb getdiyi gündən itirildiyi qəbul olunmalıdır.

47. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. Bu mənada kollegiya hesab edir ki, Cavabdeh2 ailə qurub ərinin evinə köçərkən anasının evinə geri qayıtmaq niyyətində olduğu inandırcı deyildir və işdəki sübutların məcmusu onun mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.

48. Bununla belə yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 2007-ci ildə həmin mənzilə pasport qeydiyyatına alınmış, bildirməsinə görə oğlu Cavabdeh1la birlikdə oraya köçüb bir müddət yaşamış, mənzil həmin dövrdə də anasının mülkiyyətində olmuşdur. Başqa sözlə, Cavabdeh2 və Cavabdeh1 2007-ci ildə Cavabdeh2 anasının mülkiyyətində olan mənzilə köçdüklərindən və qeydiyyata düşdüklərindən, hazırki mübahisə üzrə onların mənzilə istifadə hüququna malik olub-olmaması məsələsi həm də Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun qiymətləndirilməlidir.

49. Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

50. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir.

51. Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında isə göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur.

52. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını rəhbər tutaraq hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 2007-ci ildə Bəhiyyə Mikayıl-zadənin mülkiyyətində olan mənzilə onun razılığı ilə köçüb oraya qeydiyyata alınmaqla Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişlər.

53. Beləliklə hazırkı mübahisənin düzgün həlli, Cavabdeh2 və Cavabdeh1 mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüququnun hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünün müəyyən edilməsindən asılıdır.

54. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.

55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

56. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar”.

57. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 mənzildə 2007-ci ildə bir müddət yaşadıqlarını, lakin sonradan aralarında nazrazılıqlar olması səbəbilə mənzili tərk edib getdiklərini bildirməkdədir; işin hallarından isə görünür ki, tərəflərin arasında etibarlı ailə əlaqələri qalmamaqla yanaşı, Cavabdeh2 2007-ci ildən sonrakı dövrdə mənzilə köçüb yaşamaq üçün heç bir tələb irəli sürməmiş, həmin tarixdən etibarən başqa ünvanda yaşamış, 2011-ci ildə mənzilin İddiaçı bağışlanmasına razılıq vermişdir. Kollegiyanın qənaətinə görə göstərilən hallar, Cavabdeh2 və Cavabdeh1 yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəsi gedən mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olmamaları deməkdir və mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarına xitam verilməsi onlara kompensasiya ödənilmədən mümkündür.

58. Digər tərəfdən yuxarıda göstərildiyi kimi, mübahisəsi gedən mənzil 23.02.2011-ci il tarixli bağışlama müqaviləsi əsasında Şahin Mikayıl-Zadənin mülkiyyətinə keçirilmişdir və bu o deməkdir ki, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da qiymət verilməlidir. Çünkü daşınmaz əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınması onun mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir – çünkü Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

59. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi belə olmuşdur ki, “yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir....Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir”.

60. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

61. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22.01.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.

62. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Lalə Məmmədzadənin və Cavabdeh1 mübahisəsi gedən mənzilin hazırkı mülkiyyətçisi İddiaçı özlərinin saxlanılmasını tələb etmək hüquqları olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda da, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunduğu qənaətinə gəlinməlidir.

63. Kollegiya onu da qeyd edir ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalmaları onların həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, apellyator artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

64. Bununla belə kollegiya, ilkin iddiaçının “qətnamənin cavabdehlərin pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasının göstərilməsi” xahişini əsaslı hesab etmir. Belə ki, ilkin iddia üzrə cavabdehlərin istifadə hüququna malik olmadıqları halda İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda görünmələri mülkiyyətçinin mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilsə belə, bu pozuntunun aradan qaldırılması üçün mülkiyyətçi (ilkin iddiaçı), cavabdehlərin onun mənzilindən qeydiyyatdan çıxarılmaları ilə bağlı müvafiq icra hakimiyyətinə müraciət etməli, daha sonra isə ehtiyac yaranarsa bu orqanın hərəkət (hərəkətsizliyi) ilə bağlı məsələləri mübahisələndirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi də bu istiqamətdə olmuş, “yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər” qənaətinə gəlinmişdir.

65. İlkin iddia tələbi üzrə gəldiyi nəticəyə uyğun olaraq kollegiya, qarşılıqlı iddia tələbini əsassız hesab edir və prossesual qənaət prinsipi baxımından bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır.

66. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək hesab edir ki, iddia və qarşılıqlı iddia ərizələrinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid olunması məqsədəmüvafiqdir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2247/2018 saylı iş üzrə 25 iyun 2018-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” barədə ilkin iddia tələbləri qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 20 saylı evin 49 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunsun. İddiaçı iddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh2 X6 qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbi təmin olunmasın. İddia və qarşılıqlı iddia ərizələrinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar