Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11905/2019 21.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat olu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “X10” ASC-yə qarşı “sığortalının ölümü ilə əlaqədar yaranmış kredit borcunun kredit verənə ödənilməsi öhdəliyinin «X10» ASC-nin üzərinə qoyulması və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1686/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “X10” ASC-yə qarşı “sığortalının ölümü ilə əlaqədar yaranmış kredit borcunun kredit verənə ödənilməsi öhdəliyinin «X10» ASC-nin üzərinə qoyulması və sair” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X10” ASC-nin üzərinə sığortalının ölümü ilə əlaqədar yaranmış 3253,44 manat kredit borcunun kredit verən “xxxxxxxxxxxx”a ödənilməsi öhdəliyinin və zaminlik müqaviləsinə əsasən, sığorta hadisəsindən sonra zamin tərəfindən xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi kredit borcuna ödənilmiş 1084,48 manat pulun sığortaçıdan-“X10” ASC-dən alınıb zaminə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1686/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(006)-1686/2019 saylı qətnaməsini maddi və prosessual hüquq normalarının pozulması səbəbi ilə qəbul edildiyinə görə qanunsuz sayırlar. Belə ki, məhkəmə iddianı rədd edərkən belə bir absurd nəticəyə gəlmişdir ki, “sığorta hadisəsi baş verdikdə borc qalığının həcmi üzrə faydalanan şəxs “xxxxxxxxxxxx” ASC hesab edilir. Sığorta ödənişinin tələb edilməsi hüququ “xxxxxxxxxxxx” ASC-yə məxsusdur. İddiaçıların sığorta ödənişinin tələb edilməsi ilə bağlı subyektiv hüquqları mövcud deyildir”. Məhkəmə bu nəticəyə gələrkən “xxxxxxxxxxxxxxxxxx” ASC və sığortalı Novruzova Mömünə İltifat qızı ilə imzalanmış xx.xx.2017ci il tarixli PHS/F-053 saylı kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə istinad etmişdir. Onlar iddiaçı olaraq hesab edirlər ki, bu məsələdə məhkəmə onlara qarşı qərəzli mövqe tutaraq işi birtərəfli qaydada araşdırdığı üçün qanunsuzluğa yol vermişdir. İş materialları ilə təsdiq olunur ki, sığortaçı “X10” ASC sığorta hadisəsi baş verən hallarla əlaqədar sığortalı Novruzova Mömünə İltifat qızı ilə müqavilə bağlamış və tərəflər həmin müqavilə ilə əlaqədar üzərinə öhdəlik götürmüşlər. Həmin müqaviləyə əsasən sığorta hadisəsi ilə əlaqədar sığortaçı təşkilat üzərinə düşən öhdəliyi icra etməlidir. İşdən görünür ki, sığortaçının sığorta hadisəsi halları ilə əlaqədar “xxxxxxxxxxxx” ASC ilə ayrılıqda heç bir müstəqil müqaviləsi yoxdur. Məhkəmənin mövqeyindən belə görünür ki, vətəndaşların müqavilə azadlığı ilə bağlı konstitusion hüquqları 3-cü şəxslər vasitəsi ilə reallaşmalıdır?! Bundan başqa işdən görünür ki, “xxxxxxxxxxxx” ASC işdə öz xeyrinə maraqlı şəxsdir, zaminlik müqaviləsinə əsasən digər şəxs, ölən şəxsin pulları ödəyir. Belə olan halda Bank sığortalının (ölmüş şəxsin) hüquqlarının (borc qalığının) bərpa edilməsinə maraq göstərmir. Çünki bu barədə sığortalı şəxslə (Novruzova Mömünə) ilə aralarında öhdəliklə bağlı müqavilə yoxdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X4 və X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçıların apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, mülki işin materiallarından müəyyən edilmişdir ki, “xxxxxxxxxxxx” ASCilə Novruzova Mömünə İltifat qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli № 162GTKR173340007 saylıkredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki,bank Novruzova Mömünə İltifat qızına illik 29,84% hesablanmaqla 36ay müddətinə 3.200 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağıöhdəsinə götürmüşdür. “xxxxxxxxxxxx” ASC ilə Novruzova Mömünə İltifat qızı (borcalan) və İddiaçı1(zamin) arasında bağlanmış xx.xx.2017-ci il tarixli № Z- 162GTKR173340007 nömrəli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, zamin xx.xx.2017-ci il tarixli № 162GTKR173340007 saylınömrəli kredit müqaviləsi üzrə borcalan Novruzova Mömünə İltifat qızının kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. “X10” ASC və sığortalı Novruzova Mömünə İltifat qızı arasında imzalanmış xx.xx.2017-cı il tarixli, PHS/F-053 saylı kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, bu sığorta müqaviləsi ilə sığortalının istənilən səbəbdən ölünü halına sığorta təminatı verilmiş, sığorta müddəti xx.xx.2017-ci il saat 00:01-dən xx.xx.2018-ci il saat 00:00-dəkdir, sığorta məbləği 669,33 manatdır, sığorta hadisəsi baş verdikdə, borc qalığının həcmi üzrə Faydalanan şəxs “xxxxxxxxxxxx” X8 müəyyən edilmişdir.Cəlilabad rayon İHB-nin Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 907966 saylı xx xxxxxx 2018-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Novruzova Mömünə İltifat qızı xx xxxxxx 2017ci il tarixdə diabetik koma, şəkərli diabet səbəbindən Cəlilabad rayonunun Ağusəm kəndində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. “X10” ASC tərəfindən zaminə ünvanlanmış xx xxx 2018-ci il tarixli məktubdan görünür ki, “X10” ASC tərəfindən kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə sığortalanmış Novruzova Mömünə İltifat qızının ölümü ilə bağlı, müvafiq şəhadətnamədə faydalanan şəxs kimi tanınan “xxxxxxxxxxxx” ASC-nin Cəlilabad filialının müraciəti əsasında sığorta araşdırması aparılır. Məhkəmə kollegiyasının sorğularına cavab olaraq Cəlilabad rayon İHB-nin Cəngan kənd İnzibati Ərazi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə elektron poçt vasitsi ilə təqdim edilmiş ******* saylı ölüm haqqında şəhadətnamədən görünür ki, mərhum M.Novruzova şəkərli diabed, diabetik koma xəstəliyindən vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Həmin məcəllənin 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı formada tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. Həmin məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Kollegiya qeyd edir ki, “X10” ASC və sığortalı Novruzova Mömünə İltifat qızı arasında imzalanmış xx.xx.2017-ci il tarixli, PHS/F-053 saylı kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən, sığorta hadisəsi baş verdikdə, borc qalığının həcmi üzrə Faydalanan şəxs “xxxxxxxxxxxx” ASC hesab edilir. Göründüyü kimi, sığorta ödənişinin tələb edilməsi hüququ “xxxxxxxxxxxx” ASC-yə məxsusdur. İddiaçıların sığorta ödənişinin tələb edilməsi ilə bağlı subyektiv hüquqları mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar müvafiq subyektiv hüquqa, yəni, cavabdehdən sığorta ödənişinin verilməsi tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməzlər. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. İddiaçıların sığorta ödənişinin verilməsinə hər-hansı aidiyyəti olmadığından, onların hazırkı tələblə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqları olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. Bundan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan kredit götürən şəxslərin həyatının müddətli sığortası üzrə ərizə formasında mərhum M.Novruzova diabet xəstəliyindən əziyyət çəkməsi barədə məlumat verməli olduğu halda, o, bunu etməmiş və sığorta müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlandıqdan iki gün sonra, yəni xx.xx.2017-ci il tarixdə şəkərli diabet, diabetik koma səbəsində vəfat etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1686/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-11905/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11905/2019
21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver