Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1194/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İkram Şirinovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 QSC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərzəsində tələb olunub ki, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev № 15-də yerləşən 9 №-li mənzilin (bundan sonra – mənzil) Cavabdeh1 QSC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilsin və dövlət reyestrində ipoteka yüklülüyünə dair qeydiyyat ləğv edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, ipoteka yüklülüynə xitam verilsin və ipoteka yüklülüyünə dair qeydiyyat ləğv edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil İddiaçı mülkiyyətindədir. "xxxx" ASC-nin Qaradağ filialı (kredit verən və ipoteka saxlayan), İddiaçı (ipoteka qoyan) və Solmaz Əskərova (kreditin alan) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 026 nömrəli ipoteka müqaviləsinə əsasən mənzil kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilib (iş v. 76). Kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka pedmetinə yönəldilməsi barədə qətnamə qəbul olunub və həmin qətnamə Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılıb (iş v. 95). Bundan sonra kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" ASC tərəfindən Cavabdeh1 QSC-yə güzəşt edilib. İpoteka predmetinə tutma yönəldilməsi üçün hərrac sifariş olunub, lakin təkrar hərrac baş tutmayıb, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmeti əldə etməyib (iş v. 72). “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə, belə halda ipotekaya xitam verilir. Bank ipoteka predmetini almağa xx.xx.2016-ci il tarixli məktubla razılığını bildirib (iş v. 71). Lakin 2 ildən artıq müddətdə onu almağa yönələn heç bir hərəkət etməyib. İcra məmuru xx.xx.2018-ci il tarixli qərarı ilə icra edilməyən icra sənədinin məhkəməyə qaytarılmasını qərara alınıb. Qərar onunla əsaslandırılıb ki, ipoteka predmetinin alınması tələbkara (banka) təklif olunub, lakin tələbkar əmlakı almayıb. Qərarın hüquqi əsası kimi “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə istinad olunub. Həmin maddəyə görə, üzərinə həbs qoyulmuş əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Bank bu qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin (iş v. 102). Həmin qərarda qeyd olunub: “...kollegiya hesab edir ki, ipoteka saxlayan qanunun ona vermiş olduğu hüquqdan istifadə etmədiyindən və həmin hüququ itirmiş olduğundan hazırkı halda mənzil üzərində hər hansı icra hərəkətlərinin davam etdirilməsi də mümkün deyildir” (iş v. 105). Bu qərardad qanuni qüvvəyə minib. Beləliklə, məhkəmə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin göstərişinə əsaslanraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1194/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1194/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver