Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1196/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti və X5 cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək mübahisələri, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-nin nümayəndəsi və vəkili Vəkilnın iştirakı ilə, İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti və X5 cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3490/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, 03 saylı Xidmət müqaviləsindən görünür ki, sifarişçi “Football-plus.az” saytının rəhbəri X12 ilə icraçı İddiaçı arasında bağlanmış müqaviləyə əsasən icraçı sifarişçinin müəyyən etdiyi sosial media marketinqi sahəsində layihələr həyata keçirəcək, sayt ilə auditoriya arasında interaktiv əlaqənin güclənməsinə imkan verəcək intellektual və əyləncəli layihələr aparacaq, saytın kontentinin öyrənilməsi istiqamətində xidmətlər göstərəcək.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti və X5 cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetinin Baş Redaktorunun xx.xx.2024-cü il tarixli işdən azad olunmağı haqqında əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi, həmin vəzifəyə işə bərpa və hər ay 500 manat hesablamaqla aylıq əmək haqqının ödənilməsi və əmək müqaviləsinə uyğun olaraq işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2015-ci ildən qəzet və saytlarda publisistik yazılar, tarixi araşdırmalar və digər mövzularla bağlı məqalələrlə çıxış edir. 2018-ci ilin yayından isə "Yeni Sözçü” qəzetində müxbir kimi işə başlamış, bununlada jurnalist karyerasına qədəm qoymuşdur. 2018-22-ci illərdə “Yeni Sözçü”, “GundemXeber.az”, “AtaTv.az”, İxaTv.az (hazırda “qerar.az”) saytlarında müxbir, xüsusi müxbir vəzifələrində çalışmış, “Ədalət” qəzetində isə köşə yazarı kimi dərc olunmuşdur. 2022-ci ildə “X2”nin nəzdindəki Media Məktəbini irinciliklə bitirmiş, həmin il mayın 5-də «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetində vakansiya müsabiqəsində uğurla keçərək adı çəkilə mətbu orqana işə qəbul olunmuşdur. İşə qəbul zamanı adı çəkilən qəzetin baş redaktoru Mahir Rüstəmov (yazılarında Mahir Rüstəmli imzasıyla tanınır) onun savadından, jurnalist təcrübəsindən, bacarığından, işçi keyfiyyətlərindən razı qalaraq onu işə götürmüş və ştata salmamaqla yanaşı dövlətin təyin etdiyi minimum əmək haqqından (345 manat) daha az məbləğlə maaş verməyə başlamışdır. İddiaçı bildirir ki, halbu ki, işə qəbul zamanı ondan əmək haqqının miqdarını dəfələrlə soruşsa da, hər dəfəsində “yaxşı olacaq, narazı qalmayacaqsan ifadələriylə” yola verirdi. Bildirir ki, 2022-ci ilin may-dekabr aylarında 200- 320 manat arası əmək haqqı alırdı. Bu müddət ərzində baş redaktordan dəfələrlə işini rəsmləşdirməsini xahiş edib, tələb etsə də, hər dəfə o qulaq ardına vurur və ya yola verirdi. Buna rəğmən adı çəkilən qəzetin vəsiqəsini və PFL-in akreditasiyasıyla təmin olunmuş ölkə çempionatının oyunlarına, o cümlədən rayonlara ezamiyyətlərə göndərilirdi. İşinin öhdəsindən layiqincə gəlir, bacardığı qədər qəzet rəhbərliyinin tələblərini yerinə yetirir və alternativ təkliflər, kreativ yaradıcılıqla daha çox mətbu orqanın nüfuzunu qaldırmaq üçün fəaliyyətlər göstərmişdir. Buna baxmayaraq, baş redaktor Mahir Rüstəmov dəfələrlə onun hüquqlarını pozmuş, onu istismar etmiş, onunla əmək müqaviləsi bağlamamış, bu azmış kimi siyasi, ictimai, sosial, tarixi mövqeyimə də dəfələrlə təzyiqlər göstərmişdir. Belə ki, o hər zaman elm, idman, incəsənətin və digər bu kimi sahələrin siyasətə, milliyətçilik, şovinistlik mətbəxinə salınmasının qəti əlehdarı olmuşdur. Bu mövqeyini də həm işə qəbulda, həm də Rusiya-Ukrayna müharibəsi zamanı dəfələrlə bildirmişdir. Hətta, Mahir bəy rəsmi dövlət bayramlarından olan 9 May faşizm üzərində qələbə gününü dəfələrlə aşağılayıb, bunu Rusiyanın, Putinin bayramı kimi təqdim etdiyini vurğalayanda da ona qarşı müxalif olmuşdur. Hər zamanda bu səpkidə yazılarıyla çıxış edib, dünyadakı rus idmançılarına qarşı diskriminasiyaları, o cümlədən çempionatımızın klubu “Sabah”ın rusiyalı baş məşqçisini də dəfələrlə siyasi yöndən yanaşıb. Bildirir ki, hər zaman da bunu iclaslarda ona aşılamağa çalışsa da, onun bu mövqeyi ilə razılaşmadığını dəfələrlə bildirmiş, həmçinin «Futbol+Qəzeti Redaksiyası” MMC-dakı köşə yazıları, tənqidlərində dəfələrlə idmanın siyasətdən, siyasətin də idmandan uzaq olmasını dəfələrlə bildirmişdir. 2023-cü ilin yanvar-may aylarında əmək haqqı 320-420 manat təşkil etsə də, baş redaktor onu bu müddət ərzində də rəsmi ştata keçirməkdən boyun qaçırdı. 2023-cü il mayın 16-da Mahir Rüstəmov yenidən, (bu dəfə daha kəskin şəkildə) onun siyasi, ictimai mövqeyinə müdaxilə etməklə yanaşı, şərəf, ləyaqətini də aşağıladı. O bildirir ki, artıq bıçağın sümüyə dirəndiyini anladı və vergi orqanlarına, məhkəməyə şikayət edəcəyini bildirib işdən çıxıb getdi. İyunun axırında VÖEN-ini aktivləşdirib, asan imza əldə etdikdən sonra «Futbol+Qəzeti Redaksiyası” MMCda müqavilə əsasında işə davam etsə də, nə ona müqavilə təqdim olundu, nə də bu kimi şərtlər bildirildi. 2023-cü ilin iyunundan 2024-cü ilin yanvarına kimi «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetində məhsuldar işləməyə başladı. Hətta yazılarını, reportajlarını, müsahibələrini, köşə yazılarını, təhlil, analizlərini 1 gün öncədən verir, redaksiyada olduğu müddətdə isə maksimum 3 saata işlərini yekunlaşdırıb gedirdi. Mahir Rüstəmli materialları hamıdan tez atıb, operativ işlədiyinə, çoxlu sayda təkliflər dediyinə görə onu dəfələrlə də tərifləyib. İşi rəsmləşdirildikdən sonra əmək haqqı rəsmi olaraq 500 manat oldu (400 manat bank hesabına köçürülür 100 manat isə əlbəəl alırdı). 2023-cü ilin noyabrına kimi daxili şöbənin veteran işçiləri, o cümlədən 17 ildən çox daxili şöbə redaktoru Kənan Həsənov da əmək haqqı və şəraitsizlikdən dolayı işdən ayrıldı. Daxili şöbədə yeganə təcrübəli jurnalist (ümumi 6 illik praktika, onun da 1,8 ili idman “futbol+ da vardı) o qaldı. Onun işçi yükü bir qədər artmasına rəğmən, yenə də yazıları, tapşırıqları hamıdan tez verir, son 3 ayda isə (2023 noyabr, dekabr, 2024 yanvar) hamıdan çox təkliflər verməklə əlavə mövzular işləyirdi. Bunu da baş redaktor görüb və qiymətləndirib. Dekabrda isə redaksiyaya heç bir yerdə işləməmiş və imzası olmayan daha 2 işçi götürüldü (təbii ki, qeyri-rəsmi). Bildirir ki, dekabrın 31-dən yanvarın 2-si aralığı istirahət etdiyindən saytda gedən yazılardan xəbərsiz idi. Yanvarın 3-də redaksiyanın vatçap qrupundan öyrəndi ki, feysbuk sosial şəbəkəsində “onside.az” futbol səhifəsində xx.xx.2023-cü il tarixdə saytda gedən “Neftçi”nin baş məşqçisi ermənini yaxşı sayır - belə olarmı?” adlı yazının getdiyindən xəbərdar oldu. Həmin yazıyla tanış olduqdan sonra “Orxan” adlı müəllifin idman, futbol prinsiplərinə sığmayan, həmçinin idmanı siyasətə qarışdıran, savadsız, təşviqat xarakterli təşviqat olduğunu gördü. Məhz adı çəkilən onside.az səhifəsində, həmçinin “Futbol +” qəzetinin feysbuk səhifəsində bu yazıya görə oxucuların mütləq əksəriyyətinin ünvanına kəskin tənqid, aşağılama, təhqirlər yazdığını gördü. Bu barədə redaksiyanın vatçap qrupundan yazıyla bağlı mövqeyini bildirdiməklə yanaşı Mahir Rüstəmliyə oxucuların onları haqlı olaraq qınadığını, aşağıladığını vurğuladı. Baş redaktor isə buna reaksiyası belə oldu: “O, yazını mən yazmışam, fikirimi də hər yerdə, hamının qarşısında müdafiə etməyə hazıram”. Bildirir ki, bir neçə uzun səs atmaqla baş redaktorun və onun təqlid edən “gənc həmkar”larının yanlış mövqedə olduqlarını, belə ucuz populizm, psevdovətənpərvərliyin yaxşı hal olmadığını deməyinə rəğmən Mahir Rüstəmli əcəb etdiyini və doğru yazdığını bildirdi. Bundan sonra o da bu yazıya alternativ yazı yazıb, onunla eyni fikirdə olmadığını və söyüş, təhqirlər haqq etmədiyini vurğuladı. Elə yanvarın 3-ü gecədən bu səpkidə məqalə qələmə almağa başladı. Ayın 5-də “demotiya.com” saytında «Futbol+Qəzeti Redaksiyası” MMCun psevdovətənpərvərliyi” başlıqlı yazısı dərc olundu. X7 futbolu siyasətə qarışdırmasını, yersiz həssas, məqamlıqdan danışmasını və s. bu kimi halları faktlarla tənqid etmişdir. Həmçinin incəsənətin, kinonun, ədəbiyyatın, həmçinin futbolun siyasətə qarışdırmağın zərərlərində danışmış və buna faktlarla nümunələr gətirmişdir. O bildirir ki, yanvarın 7-də, bayram bitdikdən sonra ilk iş günü iclasda bir daha Mahir Rüstəmlinin “məşhur” yazısının düzgün olmadığı, həm qəzetin, həm də ölkəyə bunun zərərli olduğunu bir daha vurğuladı. Yanvarın 8-də isə Mahir Rüstəmlini tənqid etdiyi yazını kağız formatında özünə təqdim etdi. O, isə bunu vecinə də almayıb, “mənə sənin yazın maraqlı deyil” dedi. Yanvarın 7-15 arası qəzet üçün məhsuldar işləməyinə, hamıdan əvvəl artıqlamasıyla yazılar atmağa davam etdi. Hətta bu müddət ərzində Mahir Rüstəmli kollektiv içində operativ işlədiyinə və hamıdan çox materiallar atıb, əlavə təkliflər verdiyinə görə onu bir daha təriflədi. Yanvarın 15-də səhər işə gələn zaman Mahir Rüstəmli “fövqəladə iclas” keçirdi. Özü də iclasa xarici şöbəni və qəzet-sayt işinə yaxından-uzaqdan heç bir aidiyyatı olmayan, redaksiyada çay dəmləmək, təmizlik, yemək işinə baxan Günel (bu şəxs 11 ildi qanunsuz əsaslarla çalışır və ona görə vergi ödənilmir) adlı əməkdaşı da dəvət etdi. İlk dəfəydi belə hal baş verirdi. Sən demə iclas onun xx.xx.2024-cü ildə dərc olunmuş məqaləsinə görəymiş. Yığıncağa dəvət olunan 6 nəfərdən 3-nün yazıdan ümumiyyətlə xəbərsiziydilər və orda yazılandan bir hərf belə oxumamışdılar. Qondarma “iclas”da Mahir Rüstəmli məqalənin orasından burasından nələrisə oxuyub, kontekstdən çıxararaq güya onun və qəzeti təhqir etməyini, baş redaktor və işçilərin işçi nüfuzunu aşağılamaq kimi təşviqat, təbliğat kimi qələmə verdi. O, yazısında təhqir, aşağılamanın olmadığını faktlarla sübut etdikdə isə Mahir Rüstəmli yazısına heç bir dəxli olmayan, aylarla, hətta bir il öncə səsləndirdiyi siyasi, ictimai, sosial, tarixi mövqelərini qabartmağa başladı. Qısası yazısında təhqir, aşağılama, söyüş olmadığı və məqaləyə dəxli olmayan mövzuları da ora əlavə etməklə ona yazının saytdan çıxarmalı və üzr istəməli olduğunu, ya da işdən qovulacağını bildirdi. Ona bir daha yazıda təhqir, aşağılamanın olmadığını, amma istəsə onunla birgə yenidən yazını gözdən keçirib redaktə etməyə hazır olduğunu bildirsə də, o buna məhəl qoymadı və qondarma “iclas” da üzünə qarşı adamlar qoymaq və “səs verdirmək”lə onu işdən qovdu. Onu da xüsusi vurğulayır ki, onun işdən qovulmağına səs verən 2 əməkdaş 1 aydı qazetdə çalışır, əvvəllərdə heç bir yerdə imzaları olmayıb və onların da heç birinə pisliyi dəyməyib. Həmçinin səs verən bir nəfər isə yuxarıda qeyd etdiyi kimi ümumiyyətlə qəzet işinə aidiyyatı olan şəxs deyil. Bu cür “səsvermə”, donosbazlıqla həm jurnalist etikasından uzaqdı, həm işdən çıxarılma haqqında qanunun müdəalarına ziddi, həm jurnalistin, əməkdaşın şərəf ləyaqətini aşağılamaq, həm də Azərbaycan Respublikasım Konstitusiyasından başlayaraq, Media haqqında qanunlar, əmək məcəlləsi, işəgötürənin və işşilərlə bağlı qanunların, o cümlədən ölkə başçısının göstəriş sərəncamlarına, həmçinin X6 müdəalarına əsasən jurnalistin tənqidi yazı yazmasına görə işdən qovulması yolverilməzdi. «Futbol+Qəzeti Redaksiyası” MMC dakı vergi özbaşınalıqları və işçilərin qanunsuz işlədilib, istismar olunmasıyla bağlı Vergi Departamentliyinə şikayət etmişdir. Adı çəkilən qəzetdə qanunsuz çalışmış və hazırda çalışan şəxslər: Onlara görə bir sıra tanıdıqlarını və rəsmi çalışmayan şəxslərə görə vergi ödənilməyib, DSMF-yə məcburi ödənişlər həyata keçrilməyib, əmək müqaviləsi bağlanmayıb. İddiaçı bildirir ki, işdən çıxarılma haqqında əmrini aldıqdan sonra məhkəməyə iddia ərizəsi verməyi qət etmişdi. Mahir Rüstəmliyə dəfələrlə işdən çıxma haqqında əmrini verilməsini istəsə də, müxtəlif bəhanələrlə vaxtı uzatdı və əmrin sürətini ona vermədi. Yalnız xx.xx.2024-cü il tarixində işdən çıxarılma haqqında əmri ona təqdim etdi. Əmrlə tanış olduqdan işinə xitam tarixi 22 yanvar 2024-cü il tarix qeyd olunmuşdu. İşdən çıxma haqqında əmrdə nə vaxt işə qəbul edilməyi, hansı vəzifədə olmağı, əmək haqqı, ailə vəziyyəti, şəxsiyyət vəsiqəmin inisialları, fəaliyyətim zamanı aldığım xəbərdarlıq, məzəmmət, töhmət, şiddətli töhmət və s. bu kimi cəzalar, eləcə də qanunda göstərilmiş digər müdəalardan heç nə göstərilməyib. Göstərilənlərə baxmayaraq cavabdeh 01 iyul 2023-cü ildə Xidməti müqavilə tərtib edərək onu işdən azad etmişdir. Həmin “Xidməti müqavilə”nin bir nüsxəsi işlədiyi müddətdə ona təqdim olunmayıb. İşdən çıxarılma haqqında əmri aldıqdan sonra dərhal qanunsuz işdən azad edilməyi və 13 ay qanunsuz işləməyilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (şikayətin surəti əlavə edilir) xx.xx.2024-cü il tarixdə şikayət bildirmiş, orda ondan izahat alıb, şikayət yazdırsalar da, amma 3 aydan çoxdu cavab verilməyib. Həmçinin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Əmək Müffətişliyi Xidmətinə rəsmi şikayət təqdim etmiş, (şikayətin surəti əlavə edilir) həmin dövlət orqanı bu günədək ona rəsmi cavab verilməmiş, təkrar müraciətinə cavab olaraq bildirilir ki, aprelin 15-nə kimi araşdırma aparılıb cavab veriləcək. Amma hələ də susqunluq davam edir.
4. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında müqavilə bağlanması, «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetinin baş redaktorunun xx.xx.2024-cü il tarixli onun işdən azad olması ilə bağlı natamam əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi, xx.xx.2024-cü il tarixdən başlayaq məhkəmənin verəcəyi yekun qərara kimi olan müddətdə məcburi işburaxmaya görə hər ayı 500 (beş yüz ) manat hesablanmaqla əmək haqqının ödənilməsi, X15 (PFL) tərəfindən təyin olunan və jurnalistlərə rayon oyunlarının getməsi üçün verilən ezamiyyət pullarının və Mahir Rüstəmli tərəfindən 2022-2023-cü illərdə kəsilən həmin ezamiyyət pullarının hissələrinin cəmi - 830 manat (səkkiz yüz otuz manat) ezamiyyət pullarının ona ödənilməsi, müxbir vəzifəsinə bərpa olunmaq, hazırkı qanunvericilikdə olan əmək müqaviləsinə əsasən onunla müddətsiz əmək müqaviləsinin bağlanması, qanunsuz işlədilmə, istismarçılıq, qanunsuz işdən çıxarma və digər bu kimi əməlləri görə rəsmi olaraq ondən üzr istənilməsi və bu barədə «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetində və saytında üzürxahlıq yazısının dərc olunması, həmçinin rəsmi qaydada, əmək müqaviləsinə uyğun olaraq işə bərpa olunduqdan sonra Mahir Rüstəmimin ona qarşı qanunsuz əməllərə, istismarçılığa konstitusiyon hüquqlarının məhdudlaşdırılmaması və onu mənəvi repressiyalara məruz qoymayacağı barədə iltizam verməsi , qanunsuz işlədilmə, istismarçıiıq, qanunsuz işdən çıxarma, vergidən yayınma, barəsində yalanlar yaymaq, böhtan atmaq, işçi nüfuzuma zərbə və digər bu kimi əməllərə görə Mahir Rüstəmliyə qanunvericilikdə nəzərdə tutulmuş qayadada məsuliyyətə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizəni onunla əsaslandırmışdır ki, «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetinin baş redaktoru X3 (əsasən Mahir Rüstəmli kimi tanınır) 22 yanvar 2024-cü il tarixli müqavilənin müddətinin uzadılmaması haqqında qanunsuz və natamam qərarda işlədiyi müddətdə onu dini, etnik ayrı-seçkiliklə bağlı şüarlar səsləndirdiyini, qəzet və saytdakı gənc həmkarlarında hədə-qorxu, təhdid dilində danışdığını və onları aşkarca təhqir etdiyini, ictimai yerdə davranış qaydalarını pozduğunu, redaksiya daxilində intizam qaydalarını pozduğunu və qəzet haqqında tənqid yazdığına görə müqavilə müddətinin uzadılmaması vurğulanır. Hələ bu azmış kimi 7 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Mətbuat Şurasının sədri Rəşad Məcidə onun barəsində həqiqəti əks etdirməyən yalanlar, böhtanlar, qarayaxmalarla zəngin şikayət bildirib. Həmin şikayətdə onu ləkələyən ən böyük nüans belədir: “İlk imkandaca ölkədən qaçıb getməyi jurnalist həmkarları arasında təşviq edir. Mənə bildirdiyinə görə, ötən il ərzində dəfələrlə mühacirət məqsədilə ayrı-ayrı səfirliklərə viza almaq üçün müraciət edib”. İddiaçı bildirir ki, bu ifadə birbaşa onu mətbuat camiyasında, dövlət və ölkə qarşısında ləkələmək və imicinə zərbə vurmaqdır. Mahir Rüstəmlidən səsləndirdiyi bu ifadəni sübut etməsini tələb edir. Barəsində yazılan bu tip böhtan və qarayaxmalarla bağlı şikayət məzmununu yalnız sentyabrın 17-də (israrlı tələblərimdən və sonda Mətbuat Şurasından faktları gizlətməsiylə bağlı məhkəməyə müraciət edəcəyini bildirdikdən sonra) əldə edə bilmişdir. Bu böhtanla tanış olduqdan sonra 3 gün əsəb-stress keçirmiş. Halbuki, iddiaçı heç vaxt mühacirətə getməklə bağlı nə Mahir Rüstəmli, nə “Futbol+Qəzeti Redaksiyası” MMC-də çalışan bir kimsəylə söhbət etmiş, nə də bu barədə əməllərə yol vermişdir. Ona 2023-cü ilin əvvələrində Polşada işləmək üçün rəsmi iş dəvəti gəlib. Həmin işdə Krakov şəhərində yerləşən quşçuluq fabrikində sulayıcı idi. Amma Polşa səfirliyi 2 dəfə viza müraciətinə imtina cavabı verdi və o iş dəvəti üzrə təyinat yerinə gedə bilməməmişdir. Ondan başqa heç bir xarici ölkədən iş dəvəti almamış, nə də bu səbkidə özünün təşəbbüsləri olmamışdır. Dediklərini sübuta yetirəcək rəsmi sənədləri də var, hansı ki, məhkəməyə təqdim olunub. Bundan başqa Mahir Rüstəmli ona qarşı qarayaxma, şər, böhtan kompaniyasını davam etdirərək əvvəlcə xx.xx.2024-cü il tarixə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə barəsində güya onu təhqir etməyilə bağlı xüsusi ittiham qaydasında şikayət etdi. Adı çəkilən məhkəmə qeydiyatı üzrə işi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərdi. Sonuncu məhkəmədə aprel - sentyabr aylarında (6 ay ərzində) Mahir Rüstəmli 3 dəfə onun barəsində Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən xüsusi ittiham qaydasında iddia ərizəsiylə müraciət etsə də, hər dəfəsində məhkəmə onun iddiasında dəlil-sübutların olmadığına və Cinayət Prosessual Məcəllənin tələblərinin pozulmasına görə qarşı tərəfin iddia ərizəsi icraata qəbul edilməkdən imtina olundu. Həmin iddia ərizələrində də ona qarşı böhtanlar, şər, ləkələr yaxması ilə “zəngin”dir. Qarşı tərəf onu qanunsuz işdən çıxarması bəs deyilmiş kimi, həm də öz hüquqlarını bərpa üçün mübarizə aparmağının qarşısını almaq üçün qarayaxma kompaniyaları aparır. Eyni zamanda da qarşı tərəfin qanunsuz, özbaşınalıq, vergidən yayınma, dövlətin qanunlarını aşkarca pozmaq, saymamazlıq kimi əməllərinin üzə çıxarmağını ləngitmək üçün əllərindən gələni edirlər. Bildirir ki, artıq 11 aydır ki, onun qanuni hüquqlarını bərpa etməyinə əngəllər törədilir və hər dəfəsində qarşı tərəf müxtəlif bəhanələrlə məhkəmələri uzatdırır. Həmçinin hər hazırlıq iclasında barəsində həqiqəti əks etdirməyən şaiələr, böhtanlar atdıqlarına görə o da məcbur olub, onların əməllərinin yalan olduğunu sübut etmək üçün faktları toparlayara məhkəməyə əlavə və yeni iddialarla müraciət məcburiyyətində qalır. Bildirir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə verdiyi iddia ərizəsində, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iddia ərizəsinə əlavələrdə 1 il 6 ayda (18 ayda) “Futbol+Qəzeti Redaksiyası” MMC –də çalışdığı zaman Mahir Rüstəmlinin ona qarşı qanun pozuntuları, özbaşınalıqları, istismarçılıq, qanunsuz işlədilməyi və qanunsuz işdən çıxarılmağı ilə bağlı geniş vurğulamışdır. Qarşı tərəfin vəkili əvvəlki məhkəmə proseslərində qondarma iclas protokolu, guya redaksiyada aylarla işə gəlməməyilə bağlı davamiyyət dəftəri (möhürsüz, sənədsiz) təqdim etməsinə və işə aidiyyatı üzrə guya Bakı Kommersiya Məhkəməsinin baxması iddiasıyla çıxış etmişdir. Bu da təbii ki, qarşı tərəfin nəyəsə görə vaxt udmasına çalışmasından başqa bir şey deyildi. xx.xx.2024-cü il tarixdəki Məhkəmənin hazırlıq iclasında qarşı tərəf israrla qeyd edir ki, İddiaçı ilə xidməti müqavilə bitib və müqavilənin müddətinin uzadılmaması haqqında qərar qəbul edilib. Yəni, guya onun işinə qanunlar çərçivəsində xitam verilib. Bir daha geniş olaraq yazıb qeyd edir ki, o, 5 may 2022-ci ildən “Futbol+Qəzeti Redaksiyası” MMC –ə işə düzəlmiş, amma 1 il 2 ay qanunsuz əsaslarla işlədilmiş, istismar olunmuş, minimum əmək haqqından da az maaş almış və dəfələrlə X14 Məcəlləsinə uyğun olaraq işimi leqalaşdırmasını, ştata salmasını xahiş, tələb etsə də, hər dəfəsində yola verilmişdir. Yalnız iyulda o, artıq leqal işlədiyini vurğulasa da, nə ona hansı şərtlərlə işləyəcəyini, nə müqavilə şərtləri, nə də müqavilə nüsxəsi təqdim olunmamışdır. Mahir Rüstəmli iyun ayının axırlarında ona VÖEN-in aktivliyi və istiqamətiylə bağlı “mühasib Yeganə xanıma (soyadını bilmir) sənin işinin gələcəkdə leqallaşdırılmasıya əlaqədar imza atmalısan” dedi və qarşısına onun ilə iddiaçının VÖEN-lərinin inisialı qeyd olunan vərəq qoydu və ona qol çəkdirdi. Qol çəkdiyi sənəddə yalnız iki VÖEN ilə iki bank hesabları vardı və direktor M.Ə.Rüstəmov ilə Fərdi sahibkar İddiaçı sözləri qeyd edilmişdir. Bildirir ki, onun dediklərinə inanıb qol çəkdi. Ona müqavilərin yer aldığı səhifələr göstərilmədi. Amma bilsəydi ki, Mahir Rüstəmli saxtakarlıq edərək ona müqaviləyə qol çəkdirir, həyatı boyu müqaviləylə tanış olmamış imza atmazdı. Zatən sonrakı 6 ay ərzində də ona müqavilə təqdim olunmadı. Qanunsuz olaraq işdən çıxarddıqdan sonra Mahir Rüstəmliylə hüquqi müstəvidə mübarizə aparanda 8 saylı Mediasiyada mediator Mayıl Əhmədin sayəsində müqavilənin kserosurətini əldə etdi. Hətta, mediasiya zamanı Mahir Rüstəmlidən niyə ona müqavilənin nüsxəsini vermədiyini sual edəndə qayıtdı ki, "ağlın olardı istəyərdin, mən də verərdim”. Əldə etdiyi müqavilə Mülki Məcəlləyə uyğun tərtib edilmişdir. Bunun özü də qanun pozuntusudur. Həmçinin 8 saylı Mediasiyada əldə etdiyi “Xidməti müqavilə”nin 9-cu maddəsi olan “Yekun müddəalar”da qeyd olunur: Hazırkı Müqavilə hər biri 3 (üç) səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik və hər tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilmişdir.Həmçinin onun əmək haqqı 500 manat olsa da, müqavilədə 400 manat göstərilib. Müqaviləylə tanış olmamışdan da öncə Unibankdakı VÖEN-ə bağlı hesabına 400 manat yüklənir, 100 manatı isə Mahir Rüstəmli maaş köçəndən bir həftə, 10 gün ərizndə əlbəəl verirdi. Ondan bir neçə dəfə niyə pulunu bütünlüklə kartına yükləmədiyini soruşanda hər dəfə deyirdi ki, “Maaşını 500 manat kimi göstərsə, dövlətə daha çox vergi verməliyəm ki, bu da mənə sərf etmir. Xidməti müqavilənin 4-cü maddəsində “Müqavilə müddəti” göstərilib. Orda qeyd olunur ki, “müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2023-cü il tarixə qədər qüvvədədir. Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla və ya yeni müqavilə bağlana bilər”. Bildirir ki, Mahir Rüstəmli ilə arasında müqaviləmin bitməsinə nə 1 ay qalmış, nə 1 həftə qalmış, nə də 1 gün qalmış vaxtlarda bir dəfə də olsun söhbət olmayıb. Həmçinin o, demədi ki, sənin xidmətin müqavilən bitir və sənlə müqaviləni yeniləməyəcək (və ya yenilənəcək). Əksinə 29 dekabr 2023-cü ildə tarixdə bayram günlərində iş vaxtlarını müəyyən edəndə hansı günlər istirahət edib, hansı günlərdə çalışmağı ilə bağlı sual verdi. O da dedi ki, 31 dekbar - 2 yanvar arası işləməyəcək və yanvarın 3-dən xəbərlər atacaq. Mahir Rüstəmli etiraz etmədi. Birdə qarşı tərəfdən maaşın 700 manata qaldırılmasını tələb etdi. Mahir Rüstəmli isə vurğuladı ki, yanvardan maaşın 600 manat olacaq. O isə dedi ki, bu qədər məvacib yetərli deyil. Mahir Rüstəmli isə vurğuladı ki, hələ yanvardan 600 manat ilə davam elə, martdan sonra çalışacaq artırsın. Beləliklə yanvarın 3-dən 15-nə kimi o qəzet və sayt üçün məhsuldar işləmiş, reportajlara getmiş, müsahibələr götürmüş, açıqlamalar almış və onların hər biri sayt ilə qəzetdə getmişdir. xx.xx.2024-cü il tarixdə demotiya.com saytında Mahir Rüstəmlinin həm dövlətin, həm də beynəlxalq qanunları tapdalayaraq idmanı aşkarcasına siyasətə qarışdırdığına görə tənqidi yazı yazdıqdan 10 gün sonra ona qondarma iclas qurmaqla işdən qovduğunu dedi, 22 yanvarda müqavilənin uzadılmaması haqqında qanunvericiliyə zidd natamam əmr hazırlatdı. Bu əmri isə ona əlbəəl 13 fevral 2024- cü ildə təqdim etmişdi. X8 Şurasının sədri Rəşad Məcidə ünvanladığı şikayətində qeyd edir. İddiaçı (İsmayıl oğlu) 2022-ci ilin yayından rəhbərlik etdiyi «Futbol+Qəzeti Redaksiyası” MMC qəzeti ilə müxtəlif formalarda əməkdaşlıq edib. Təxminən 1 illik sınaq dövründən sonra 2023-cü ilin iyul ayında onunla dekabr ayının 31-nə qədər xidməti müqavilə bağlamışlar. Təkcə müqavilə müddəti bitdiyinə görə yox, kollektivdə yer tapa bilmədiyinə, hər zaman mehribançılığı ilə seçilən «Futbol+Qəzeti Redaksiyası” MMC ailəsinin bütün üzvləri ilə problem yaşadığına, habelə əməkdaşlıq edən qurumlar, reklam tərəfdaşları ilə münasibətlərə xələl gətirdiyinə görə İddiaçı ilə yollarını birdəfəlik ayırmışlar. Amma nədənsə Mahir Rüstəmli qanunda göstərilmədiyi halda onunla 1 ilə qədər sınaq müddətində olmağı və müxtəlif formalarda onunla əməkdaşlıq etdiyini vurğulayır. Mahir Rüstəmli güya onu təhqir etdiyi, aşağıladığı üçün xüsusi ittiham qaydasında 4 dəfə məhkəmələrə şikayət versə də, hər dəfəsində məhkəmə dəlillər, sübutlar, faktlar olmadığına görə onun ərizəsini icraata qəbul etməkdən imtina etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti və X5 cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan iddiaçı işdən azad olması ilə bağlı natamam əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi və s.ni tələb edərkən iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmayan iddia ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçının hazırda cavabdeh "Futbol+Qəzeti Redaksiyası" MMC-dən iddia etdiyi kimi əmrin ləğv edilməsini, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, müddətsiz əmək müqaviləsinin bağlanmasını tələb etməsinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı cavabdehə qarşı belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “tapşırıq” müqaviləsi təşkil edir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 389.1, 390.1, 442, 445, 448.1, 777.1, 777.2, 778.1, 778.2-ci maddələri, “Media haqqında” Qanunun 1.1.4, 74.2.12-ci maddələri, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88-ci, 217.4, 220.5, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-2(005)-3490/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, ilk tələbi onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğvi olmuşdur. Birincisi qeyd edilməlidir ki, əgər onunla əmək müqaviləsi bağlanmamışdırsa nə üçün onunla münasibətlərin davam etdirilməməsi barədə qərar qəbul edilməsi üçün iclas keçirilir. Yəni əgər məhkəmə tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması qənaətinə gəlirsə onda heç bir qanunla tapşırıq verən vəkalət alanla münasibətlərə son qoyulması üçün iclasın keçirilməsini nəzərə almamışdır. Bu da onu göstərir ki, cavabdeh məhz Əmək Məcəlləsinin müddəalarına istinadən münasibətlərə xitam verilməsi məsələsini həll etməyə çalışmışdır. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. O, 1 il 2 ay cavabdeh qurumda fəaliyyət göstərmiş, müqavilə müddəti isə cəmi 6 aylıq bağlanmışdır. Necə ola bilər ki, onun orada 1 ildən çox müddət işləməyi mötəbər sübutlarla təsdiq olunduğu halda ortaya çıxan və məhkəməyə təqdim edilən müqavilə cəmi 6 aydır? Bəs qalan 1 il 2 ay o kimə işləyib? Eyni zamanda birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın mahiyyətinə də varmamışdır. Belə ki, əmək müqaviləsi üzrə işləyən işçi müəssisədaxili intizam qaydalarına, əmək qanunvericiliyi ilə üzərinə qoyulan vəzifələrə əməl etməlidir, əks təqdirdə ona xəbərdarlıq edilir, intizam məsuliyyətinə cəlb olunur və ya işdən çıxarılır. Əmək müqaviləsindən fərqli olaraq, xidmət müqavilələrində müəssisədaxili intizam qaydaları yox, müqavilə üzrə tələblər var və bu tələblər pozulduğu halda icraçı hər hansısa intizam tədbirinə məruz qalmır, sadəcə olaraq müqavilənin digər tərəfi olan sifarişçi tərəfindən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilmədiyi üçün müqaviləyə vaxtından öncə xitam verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi onunla işəgötürən arasında xidmət müqaviləsi bağlanmağına baxmayaraq faktiki olaraq aralarında olan münasibətlər və işdən azad olunmağı barədə qəbul edilmiş qərar məhz əmək münasibətlərinin tələb etdiyi tərzdə həyata keçirilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin əməlində açıq-aşkar cinayət əməlinin də olmasına göz yummuş (Cinayət Məcəlləsinin 162-ci maddəsi), cavabdehin barəsində xüsusi qərardad çıxarıb müvafiq orqana göndərməmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması və ədalətli məhkəmə araşdırılmasının pozulması ilə qəbul edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin 4.1-ci bəndinə görə, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2023-cü ilə qədər qüvvədədir. Ancaq onunla münasibətlərə xitam verilməsi barədə məsələyə hələ xx.xx.2024-cü ildə baxılmışdır. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərkən iclasın keçirilərək ona aid olan məsələnin müzakirəsinin zəruriliyi öz təsdiqini tapmır, onun barəsində həmin iclasda səslənən böhtan xarakterli və heç bir təsdiqini tapmayan dəlillər olmuşdur. Orada səslənən heç bir söz qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiqini tapmamışdır. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətinə baxılaraq Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəmə baxışı keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Sonda isə qeyd edilməlidir ki,hər bir halda mülki münasibətlərin olması qənaətinə gəlsə belə, 786.1-ci maddəsinin tələbləri baxımından ona ləğvetməyə dair bildiriş rəsmi qaydada göndərilməli idi ki, buna da əməl edilməmişdir. Ona görə də həmin iclasda qəbul edilən qərarın qanuniliyindən söhbət gedə bilməz. İşə bərpa tələbinə də birinci instansiya məhkəməsi əhəmiyyət verməmişdir. Əslində onun mübahisələndirdiyi və yuxarıda adıçəkilən qərar hazırki işə bərpa tələbinin əsasını təşkil edir. Belə ki, o həmin qurumda müqavilə müddəti başa çatdıqdan sonra da yəni qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi işləmişəm. Həmin əmr qanunsuz olduğu üçün onun da işini davam etdirilməsi barədə qərar qəbul edilməlidir. Sonda isə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi onun əmək haqqı tələbinə göz yummuş və bununla bağlı sənədləri əldə etməmiş,onlara baxış keçirilməmişdir. Halbuki, onun işlərə cəlb edilməyi və 2022-ci ildən 2024-cü ilə kimi həmin qurumda işləməyi təqdim etdiyi vəsiqələrlə təsdiq edilmişdir. Bu halda onun həmin dövrlərdə işlərə cəlb olunmağı, əmək haqqının verilməsi və məzuniyyət pulunun verilməsi aydınlaşdırılmalı idi ki, birinci instansiya məhkəməsi bu kimi hallara əhəmiyyət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Rayon məhkəməsində iş xeyli uzanmışdır. Cavabdehin bəhanələri əsasında iş əvvəl Kommersiya Məhkəməsinə göndərildi, sonra Ali Məhkəməyə aidiyyət məsələsinə görə göndərilib. xx.xx.2023-cü ildə müqavilə bağlanılıb. xx.xx.2023-cü ildə müddəti bitdiyi qeyd edilib. Müqavilənin surəti ona verilməyib. Müqaviləni mediyasiya zamanı alıb. Qarşı tərəfin vəkili bildirib ki, səs yazma gizli olub, amma səs yazma gizli olmayıb. Mahir Rüstəmovun məlumatı olmayıb. Mahir Rüstəmovun ona qarşı qərəzi olub. Qəzet üçün yazdığı məqalələr göz önündədir. Çox sayda reportajları da var. 1 il 2 ay MMC-də fəaliyyət göstərib. Məhkəmə bu halı nəzərə almayıb. Mahir Rüstəmov xüsusi ittiham qaydasında şikayətlər versə də, şikayətləri təmin edilməmişdir. Onun şərəfləyaqətini təhqir etməyib. Akkreditasiya sənədləri də var. Əmək müqaviləsi onunla bağlamadan işləyib. Bu da birbaşa qanun pozuntusudur. Rəhbərliyə dəfələrlə müraciət edib ki, müqavilə bağlanmalıdır, qanunvericiliyin tələbi də budur. MMC-də tək onunla yox, digər əməkdaşlarla da əmək müqaviləsi bağlamayıblar. MMC-nin fəaliyyəti tamamilə qanunsuzdur. Müvafiq orqanlara şikayətlər edəndən sonra MMC üçün maddi yardım verilməsi dayandırılmışdır. MMC-də 1 il 2 ay işləməyini şahidlər də təsdiq edə bilər. Mahir Rüstəmov hətta vergi ödəməkdən də yayınıb. Bununla bağlı da şikayətləri olub. Az müddət işləyib, bu qədər məqalə necə çıxa bilər. Müqavilənin müddəti bitirdisə xx.xx.2024cü ilə kimi orada nə üçün işləyib. Mahir Rüstəmov onu irqçilikdə, dini radikalizm və s. İttiham edib. Ona bildiriblər ki, işçi müdirin fəaliyyətini tənqid edə bilməz. Bu barədə heç bir qanun, sənəd yoxdur. Mahir Rüstəmovun səs yazıları var, iş materiallarına da əlavə edilib. Cavabdehin təqdim etdiyi dəftər var, o da noyabr ayına aiddir. Qalan aylar üçün olan dəftərlər haradadır. İşə gəlirdilər, 10:30-da iclas olurdu. Məqalələr barədə təkliflər verirdilər ki, nələr yaza bilərlər. İclasın protokolu ilə səs yazma tamamilə ziddir. Üst-üstə düşmür. Onunla mülki müqavilə bağlanılıb. Amma Əmək Məcəlləsi tətbiq olunub. Məhkəmə bu halların heç birinə qiymət verməyib. Yanvar ayının 3-15 günləri MMC-də işləyib, məqalələr də yazıb. xx.xx.2024-cü ildə işdən gedib. Mahir Rüstəmova dəfələrlə deyib ki, əmək müqaviləsi bağlasın, işini rəsmiləşdirsin. Amma o, məhəl qoymayıb. Disk yazısına rayon məhkəməsində baxılmadı. Sonuncu iclas başqa zalda keçirildi və diskə baxmaq orada mümkün olmadı. Səs yazmada Mahir Rüstəmov hər bir detalı deyir.xx.xx.2024-cü ildəki məqaləmin müzakirəsi olacağını bildirib. O, deyib ki, işindən də razıdır.
13. Cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, səs yazma olduğunu deməyib. İddiaçı ilə bağlanılan müqavilənin müddəti 3 aylıq olmuşdur. Yanvar ayının əvvəli işə dəfələrlə çağırılıb, amma o, gəlməyib. İddiaçı kollektivlə uyğunlaşa bilməyib. Keçirilən iclasda bu məsələlər danışılıb. xx.xx.2024-cü il tarixdə iclasda qərar qəbul edilib ki, iddiaçının əmək müqaviləsi uzadılmasın. Rayon məhkəməsində disk dinlənilməyib Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Səs yazısının diskini görməyob. Rayon məhkəməsində diskin həcminin çox olduğu bildirilib. Rayon məhkəməsində dinlənilməyib. İddiaçı ay ərzində 2-3 dəfə işə çıxıb. Yanvar ayının əvvəli iş günü olub, çağırılıb. Kollektivdə işləyənlər jurnalistlərdir. 09:00-18:00 saat iş rejimində işləməyiblər. Onların əsas iş məqalə yazmaq, reportaj hazırlamaq olduğu üçün rəhbərlik şərait yaradıb.
Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materialları ilə müəyyən edilir ki, “Sifarişçi” adlanacaq “Football-plus.az” ilə “İcraçı” adlandırılacaq İddiaçı arasında 01 iyul 2023-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən “Sifarişçi”nin sifarişi əsasında “İcraçı” “Sifarişçi”nin müəyyən etdiyi sosial media maketinqi sahəsində layihələr həyata keçirəcək, sayt ilə auditoriya arasında interaktiv əlaqənin güclənməsinə imkan verəcək intellektual və əyləncəli layihələr aparacaq, saytın konkentinin öyrənilməsi istiqamətində xidmətlər göstərəcək. Müqavilənin 2.2-ci maddəsində qeyd edilir ki, “İcraçı”nın müqavilədə nəzərdə tutulan qaydada sosial media marketinqi sahəsində layihələrin icrasını təmin etmək, Xidmətin göstərilməsi ilə əlaqədar “Sifarişçi”yə məlumat vermək, xidməti vaxtında və keyfiyyətlə yerinə yetirib “Sifarişçi”yə təhvil vermək vəzifəsidir.
21. Tərəflər arasında imzalanmış müqavilədən görünür ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2013-cü il tarixə qədər qüvvədədir.
22. İş materiallarından o da müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Futbol+ Qəzet Redaksiyasının kollektivdaxili iclası keçirilmiş, iclasın protokolu ilə müəyyən edilir ki, kollektiv üzvləri yekdilliklə Abdulla İbrahimlli ilə əməkdaşlığın davam etdirməyin mümkünsüz olduğununu imzaları ilə təsdiq etmişdirlər.
23. Bunun nəticəsi olaraq Futbol+ Qəzet Redaksiyasının baş direktoru Rüstəmli M.Ə. tərəfindən İddiaçı ilə müqavilə müddətinin uzadılmaması haqqında 22 yanvar 2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən İddiaçı ilə 2023-cü ilin dekabrın 31-də bitən müqavilənin müddətinin uzadılmamışdır.
24. İddiaçının iddia tələbinin əsası odur ki, tərəflər arasında əmək münasibətləri olmuş və Futbol+ Qəzet Redaksiyasının baş direktoru Rüstəmli M.Ə. 22 yanvar 2024-cü il tarixli əmrinə əsasən o, işdən azad edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəflər arasında əmək münasibətlərinin mövcud olmasına, əmək müqaviləsi əsasında işçi kimi Futbol+ Qəzet Redaksiyasında fəaliyyət göstərdiyinə istinad etsə də, işin hallarından görünür ki, tərəflər arasında müəyyən müddət üçün xidmət müqaviləsi bağlanmışdır.
26. Mülki Məcəllənin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
27. Məcəllənin 399.1-ci maddəsində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əmək müqaviləsi deyil, mülki hüquqi müqavilə imzalanmış, müqavilənin şərtləri üzrə müddət bitdiyindən tərəflər arasında müqavilə münasibətlərinə xitam verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra tərəflər arasında müqavilə münasibətlərinin uzadılması barədə yeni müqavilə bağlanmamışdır. Əksinə cavabdeh tərəf müqavilə münasibətlərinə xitam verilməsini bir daha təsdiq etmək üçün 22 yanvar 2024-cü il tarixli əmr imzalamışdır.
29. İddiaçının şikayətinin digər dəlili odur ki, onunla bağlanmış müqavilə münasibətləri 31 dekabr 2023-cü il tarixdə bitsə də, bu məsələ ilə bağlı qərarın xx.xx.2024-cü il tarixdə qəbul edilməsi tərəflər arasında münasibətlərin davam etdiyini göstərir.
30. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsində qeyd olunur ki, müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla və ya yeni müqavilə bağlana bilər. Göründüyü kimi kimi tərəflər arasında münasibətlərin davam etdirilməsi razılaşdırılmamışdır.
31. Cavabdehin digər dəlili odur ki, Mülki Məcəllənin 786.2-ci maddəsinə əsasən müqavilənin ləğvi ilə bağlı ona hər hansı bildiriş göndərilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəfindən biri müqavilə münasibətlərinə vaxtından əvvəl xitam vermək istədikdə bununla əlaqədar qarşı tərəfə məlumat verməlidir.
33. Hazırkı halda isə tərəflər arasında olan müqavilə münasibətlərinə müddətin bitməsi ilə xitam verilmişdir.
34. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi, həmin vəzifəyə işə bərpa və hər ay 500 manat hesablamaqla aylıq əmək haqqının ödənilməsi və əmək müqaviləsinə uyğun olaraq işə bərpa edilməsi , ezamiyyət pullarının ödənilməsi, hazırkı qanunvericilikdə olan əmək müqaviləsinə əsasən onunla müddətsiz əmək müqaviləsinin bağlanması, qanunsuz işlədilmə, istismarçılıq, qanunsuz işdən çıxarma və digər bu kimi əməlləri görə rəsmi olaraq ondən üzr istənilməsi və bu barədə «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetində və saytında üzürxahlıq yazısının dərc olunması, həmçinin rəsmi qaydada, əmək müqaviləsinə uyğun olaraq işə bərpa olunduqdan sonra Mahir Rüstəmimin ona qarşı qanunsuz əməllərə, istismarçılığa konstitusiyon hüquqlarının məhdudlaşdırılmaması və onu mənəvi repressiyalara məruz qoymayacağı barədə iltizam verməsi barədə iddia tələblərinin də heç bir hüquqi əsası yoxdur.
35. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3490/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov