Məhkəmə qərarları › İş №2(103)-11963/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11963/2021

15.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11963/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı «X2 Kompani S.A» Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6043/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X2 Kompani S.A.» Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 39 T 415390.36 m B 4472859.43 m C, 415387.82 m B 4472859.06 m C, 415391.04 m B 4472849.44 m C, 415387.19 m B 4472849.09 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin zəbt olunmuş hesab edilməsi və nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6043/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı «X2 Kompani S.A.» Şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, onun ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X1” Azərbaycan Respublikası Qanunun 8.1.6-cı maddəsi ilə fiziki şəxslər tərəfindən mübahisələndirilən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu nəzərdə tutulmuşdur, lakin iddiaçı tərəf “X2 Kompani S.A.” Şirkəti hüquqi şəxs olduğundan həmin qanunun şamil edilməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsini görsədir. Eyni zamanda iddia ərizəsinə 10 (on) manat məbləğində rüsum ödənilməsi barədə qəbz əlavə edilmişdir, lakin məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.4-cü maddəsinin “iddianın qiyməti düzgün göstərilmədikdə, həmin qiymət məhkəmə tərəfindən müəyyən edilir” tələbini pozaraq qərardad qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6043/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş “X1” Azərbaycan Respublikası Qanunun 8.1.6-ci maddəsinə istinad etməklə iddiaçı tərəfindən dövlət rüsumunun az ödənildiyi əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmalı olması barədə gədiyi qənaətlə razılaşsa da, bu barədə əsaslandırmanı düzgün etmədiyindən, birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi “X1” Azərbaycan Respublikası Qanunun 8.1.6-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi istinad edilən maddədə fiziki şəxslərə münasibətdə ödənilməli olan dövlət rüsumun məbləği müəyyən edilmişdir, lakin hazırki iş üzrə iddia tələbi qiymətləndirilməyən tələb olmuş və iddiaçı fiziki şəxs deyil, hüquqi şəxs olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün normaya istinad etməməmişdir. Halbuki “X1” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. İstinad edilən normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbi özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması təşkil edir ki, bu tələb qiymətləndirilməyən tələb hesab edilir, eləcə də qeyd olunan maddənin tələblərində fiziki və ya hüquqi şəxs ayrılmamışdır və həmin maddə həm fiziki həm də hüquqi şəxlərə şamil edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman 100 manat məbləğində dövlət rüsumu ödəməli idi, lakin İş materiallarından görünür ki, iddiaçı «X2 Kompani S.A.» Şirkəti tərəfindən dövlət rüsumu cəmi 10 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6043/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməklə iddiaçının “X1” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunu düzgün ödəməməsi əsası ilə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı «X2 Kompani S.A» Şirkətinin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6043/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı «X2 Kompani S.A» Şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar