Məhkəmə qərarları › İş №2(103)-11979/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11979/2021

22.12.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11979/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozitə qoyulmuş pulun və hesablanmış faizlərin geri qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6307/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozitə qoyulmuş pulun və hesablanmış faizlərin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" ASC arasında imzalanmış 56 saylı, 10.05.2013-cü il tarixli depozit müqaviləsinə əsasən 16795 ABŞ dolları olan depozit məbləği və həmin məbləğə hesablanmış 4758 ABŞ dolları, ümumilikdə 21553 ABŞ dolları pulun geri qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC ilə imzalanmış 10.05.2013-cü il tarixli 56 saylı Depozit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 35000 ABŞ dolları pul vəsaitini depozitə qəbul edərək faizlər ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin "xxxx" ASC ləğv edildikdən sonra İddiaçı 18717 ABŞ olları məbləğində pul ödənilmişdir. Sonuncu müraciətdə cavabdeh 02.09.2021-ci il tarixli **********834 saylı məktubda bildirmişdir ki, qalıq məbləğ növbəlilik qaydasında ödəniləcək. Lakin iddiaçı olan İddiaçı növbəsi hansı tarixə təyin olunacağı barədə məlumat verilməmişdir. Cavabdeh orqan "xxxx" ASC-nin ləğvedicisi olmaqla əmanətlərin geri qaytarılmasına mükəlləf olan təşkilatdır. "xxxx" ASC 18.01.2016-cı il tarixli, 4 nömrəli qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin qərarı ilə «Bank of Azerbayjan»a verilən bank fəaliyyətinə dair lisenziya geri alınıb. Depozit müqaviləsinə əsasən 35000 ABŞ dolları qeyd edilən müqavilə üzrə 12%-lə hesablanmalıdır. Müqavilədə qeyd edilən məbləğdən 18717 ABŞ dolları 30.01.2016-cı il tarixdə kompensasiya qaydasında iddiaçıya qaytarılıb. Lakin qalıq məbləğ 16795 ABŞ dolları təşkil edir və həmin qalıq məbləğinə faiz hesablanmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6307/2021 saylı, 22 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüququ normalarının pozulmasıyla çıxarılmışdır. “Əmanətlərin Tam Sığortalanması” haqqında Qanun sığorta hadisəsi baş verdikdən sonra qüvvəyə minsə də, vətəndaşın vəziyyətini yaxşılaşdırdığı üçün qeriyə qüvvəsi tətbiq olunmalı və hazirki işə üzrə tətbiq olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 10 may 2013-cü il tarixli, 56 nömrəli “Proqressiv Əmanət” Müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-da müvafiq olaraq 36 ay müddətinə, 10 may 2016-cı il tarixədək, illik 12,00% dərəcəsi ilə 35.000 ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışının surətindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən İddiaçı 18.717 ABŞ dolları kompensasiya ödənilmişdir, kompensasiya olunmayan məbləğ 16.795,01 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin kreditor tələblərinin qeydiyyatı barədə 00006 saylı Qəbzin surətindən görünür ki, iddiaçının 16,795,01 ABŞ dolları tələbi kreditor tələb kimi 10 fevral 2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı oğuna ünvanlanmış 02.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı kreditor tələbi «Banklar haqqında» Azərbaycan Respublikası Qanunun 76.1-ci maddəsinə uyğun olaraq 10.02.2016-cı il tarixdə 00006 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmiş və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyini nəzərə almasını xahiş olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında 10.05.2013-ci il tarixli əmanət müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) 35.000 ABŞ dolları əmanət məbləğini Banka illik 12% ödənilməsi şərti ilə yerləşdirmişdir. Bank müflis elan olunandan sonra iddiaçıya 30.01.2016-cı il tarixdə 18.717 ABŞ dolları kompensasiya qaydasında qaytarılmışdır. Lakin qalıq qalmış 16.795 ABŞ dolları depozit məbləği qaytarılmamışdır. Hazırda iddiaçı (əmanətçi) depozit müqaviləsinə əsasən 16.795 ABŞ dolları derozit məbləği və həmin məbləğə hesablanmış 4758 ABŞ dolları cavabdehdən ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əmanət yerləşdirilərkən siğortalı əmanət kimi bağlanmış əmanət müqaviləsinin qüvvədə olduğu ərəfədə bank (18.01.2016-cı ildə) ləğv edilmişdir və «Əmanətlərin sığortalanması haqqında» Qanununa əsasən iddiaçıya 18.717 ABŞ dolları kompensasiya ödənilmişdir. Bank ləğv olunandan sonra, yəni sığorta hadisəsi baş verdikdən sonra əmanətlərin tam sığortalanması haqqında qanun qüvvəyə minmişdir. Odur ki, “Əmanətlərin Tam Sığortalanması” haqqında qanunda bu qanunun geriyə qüvvəsinə aid müddəa əks olunmadığından qanunun geriyə qüvvəsi bu iddiaya şamil olana bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edərək, eyni zamanda apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunusuz olması barədə dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Həmin müddət qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 8.1.20-ci maddəsinə görə, X1 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 26.1-ci maddəsinə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun 27.1-ci maddəsinə görə isə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. 2016-cı ildə qəbul olunmuş “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci və 7.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı qanunveriçilk aktı qəbul edildiyi tarixdən sonrakı münasibətlərə tətbiq olunur. Bu prinsipdən irəli gələrək «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanunu da qüvvəyə mindiyi sonrakı tarixə olan münasibətləri tənzimləyir. Belə olan halda qeyd edilən qanun hazırki iş üzrə sığorta hadisəsi baş verdikdən sonra qüvvəyə mindiyindən hazırki iş üzrə tətbiq olunmasını istisna edir. Xüsusilə nəzərə alınmalıdır ki, "xxxx" ASC-nin yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri hesabına tələblərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o deməkdir ki, iddiaçının əmanət məbləğlərinin qalığının sığortalı əmanət kimi qiymətləndirilməsi, onları digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Mülki prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçınn apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6307/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar