Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1198/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " istifadə hüququnun tanınması və mənzilə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3324/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməyi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3324/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Bildirdi ki, nikaha 2016-cı ildə giriblər, nikah 2022-ci ildə pozulub. Hazırda qohumlarının evində qalır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
7. Belə olan halda, Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:
8. ünvan 1 ünvanına dair məlumat və sənədlərin surətlərinin verilməsi ilə bağlı məhkəmə sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ 1052, ünvan 2 ünvanı 104361 nömrəli xx.xx.1990-cı il tarixli orderə, Razılıq ərizələrinə, 36/484 nömrəli xx.xx.2008-ci il tarixli arxiv arayışına və Forma 2 arayışına əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmçinin bildirilir ki, qazetdə elana və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 039-2870-1217 nömrəli xx.xx.2017-ci il tarixli məktubuna əsasə həmin əmlaka dair RX seriyalı ******* nömrəli çıxarış (dublikat) tərtib edilmişdir.
9. RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ 1052, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə tam payda Cavabdeh adına qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2008-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı DOST Mərkəzi tərəfindən X2 verilmiş arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
11. 20 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 ünvan 1 ünvanda pasport qeydiyyatındadır.
12. 20 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda pasport qeydiyyatındadır.
13. AZ-İ №480067 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 ilə İddiaçı arasındakı nikah münasibətlərinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 132 nömrəli qeydiyyat aparılmışdır.
14. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Kamil oğlu xx.xx.2017-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır.
15. Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyada iştirak etmiş 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikasinin Konstitusiyası
17. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Azərbaycan Respublikasinin Mənzil Məcəlləsi:
23. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
25. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
26. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarı: Müraciətdə qaldırılan məsələlər kontekstində qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).
28. Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir.
29. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün şlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir.
30. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.
31. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir.
32. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur.
33. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
46. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
48. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçürülmək istədiyi mənzil onun keçmiş qayınatasının, Cavabdeh mülkiyyətindədir, o qayınatanın oğlu, yəni hazırkı iş üzrə üçüncü şəxs Mustafayev Kamil ilə xx.xx.2016-cı ildə nikah bağlamış, xx.xx.2017-ci il tarixdə onların birgə nikahından Cavabdeh Kamil oğlu doğulmuş, nikah münasibətlərinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
52. Hazırda iddiaçı iddiasında mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsini xahiş etmiş, rayon məhkəməsində iddia təmin edilməmişdir.
53. Tərəflər xx.xx.2016-cı il tarixində nikaha daxil olduqlarından, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarına əsasən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməkdə haqlı olmuşdur.
54. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
55. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
56. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
57. Hazırkı iş üzrə iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının keçmiş qayınatası- Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdehin oğlu Mustafayev Kamil arasında olan nikah münasibətlərinə 2022-ci ildə xitam verilmişdir.
58. Belə olan halda, müəyyən olunur ki, iddiaçı ilə cavabdehin oğlunun nikahına xitam verildiyindən, iddiaçı cavabdeh- mülkiyyətçinin özünün saxlanmasını tələb etmək hüququ olan ailə üzvü də olmadığından rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
59. İddiaçı həmçinin apellyasiya şikayətində Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanıla bilməsinə də istinad etmişdir.
60. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
61. Kollegiya bununla bağlı bildirir ki, hazırkı işin hallarından müəyyən olunmuşdur ki, iddiaçı 2022-ci ildə nikahı xitam olandan sonra həmin yaşayış sahəsindən çıxıb getmiş, yalnız xx.xx.2024-cü ildə hazırkı tələblə məhkəməyə müraciət etmişdir, ki, bu da onun həmin müddət ərzində başqa yaşayış sahəsində yaşadığını göstərir. Odur ki, hazırkı halda yaşayış sahəsindən özü 2022-ci ildə çıxıb getmiş iddiaçıya münasibətdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, həmin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddət saxlanması mümkün olmur. Beləliklə də müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.
62. AR MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
63. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3324/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.