Məhkəmə qərarları › İş №2(103)-11984/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11984/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11984/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(006)-3389/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(006)-3389/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi” tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki iddia ərizəsi verilən vaxt qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən, apelyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.2-ci maddəsinə görə, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiqləyən qəbzdən görünür ki, (iş v. 178) iddiaçı tərəfindən 5 manat dövlət rüsumu ödənilmişdir. İşdən görünür ki, iddianın qiyməti 500 manatdan çoxdur və iddia ərizəsinin verilməsi üçün Nəsimi Rayon məhkəməsinə 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermək üçün 15 manat dövlət rüsumu ödəməli olduğu halda, 5 manat ödəmişdir. Bu hal ona dəlalət edir ki, hazırkı apelyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(006)-3389/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar