Məhkəmə qərarları › İş №2(103)-11992/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11992/2021

14.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11992/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə (“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(004)-7367/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) qarşı “pul” tələbinə dair iddia ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(004)- 7367/2021 saylı qərardadı ilə (hakim Fərid Əyyubov) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmışdır. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş və şikayətini qərardadın əsassız olması, iddia ərizəsinin sonunda vəkil orderinin hazırlıq iclasında təqdim olunacağı və bütün səylərə baxmayaraq cavabdehin hüquqi ünvanının dəqiqliklə müəyyən edilməsinin mümkün olmadığı barədə qeydlər edilsə də, məhkəmə tərəfindən bu hallara əhəmiyyət verilməməsi, tərəflərin bununla bağlı mövqelərinin öyrənilməsi üçün hazırlıq iclasının təyin olunmaması və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(004)- 7367/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi Nümayəndə 13.12.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, vəkili orderini təqdim etmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-in 69.1-ci və 69.1-1-ci maddələrinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsi iddiaçı tərəfindən şəxsən, yaxud da yaxın qohumu və ya vəkili olan nümayəndəsi (etibarnamədə iddia ərizəsini imzlamaq səlahiyyəti birbaşa göstərilməklə) tərəfindən imzalana bilər. Baxılan işdən görünür ki, iddia ərizəsinin iddiaçının adından Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təqsdiq olunmuş 11.09.2021-ci il tarixli etibarnamə əsasında nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış və iddia ərizəsinin sonunda vəkil orderinin hazırlıq iclasında təqdim olunacağı barədə qeyd edilmişdir. MPM-in 150.0.3-cü maddəsinə görə, iddia ərizəsinə onun səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə olunmalıdır. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi məhkəməsi iddia ərizəsini qeyd olunan əsasla qaytararkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddia ərizəsində onun imzalayan şəxsin iddiaçının etibarnamə əsasında səlahiyyəti nümayəndəsi Nümayəndə olduğu qeyd edilsə də, M.R.Məmmədlinin səlahiyyətini təsdiq edən sənəd (vəkil orderi) iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır, əvvəla ona görə ki, işdən görünür ki, iddia ərizəsi iddiaçının adından vəkili olan nümayəndəsi tərəfindən imzlaanmış və ərizəyə nümayəndənin lazımi qaydada rəsmiləşdirilmiş (notarial qaydada) etibarnaməsi əlavə olunmuşdur. Faktiki vəziyyət belə olduğu təqdirdə məhkəmədə iddia ərizəsini imzlayan şəxin səalhiyyətli olub-olmaması ilə bağlı əsaslı şübhələr olarsa, onun bu halı iddiaçı ilə məhkəmə iclasında dəqiqləşdirmək imkanı olmuş, lakin məhkəmə məsələ ilə bağlı heç bir aşadırma aparmadan, yalnız özünün formal mülahizələrinə əsaslanmaqla kifayətlənmişdir. Belə ki, MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, iddia ərizəsinin məzmununda bu barədə (iş üzrə keçiriləcək hazırlıq iclasında vəkil orderinin təqdim olunacağı) qeyd olmuş, lakin məhkəmə bu hala diqqət yeritməmiş, iddia ərizəsinin qaytarılması barədə qərardadında qeydlə bağlı heç bir əsaslandırma aparmamışdır (iddia icraata qəbul edilmədən qaytarıldığından iddiaçının nümayəndəsi müvafiq orderi apellyasiya instansiyasına göndərmək məcburiyyətində qalmışdır). Rayon məhkəməsi tərəfindən iddia ərizəsinin qaytarılma əsaslarından biri də cavabdehin hüquqi ünvanın, dolayısı ilə də iddia ərizəsinin ərazi aidiyyətinin müəyyən edilməsinin mümkün olmaması ilə bağlı olmaqla, AzEMİS sistemindən cavabdeh qismində qeyd edilmiş Cavabdeh qeydiyyat ünvanı haqqında məlumat əldə edilməməsi ilə əsaslandırılmışdır. MPM-in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya vurğulayır ki, iddia ərizənin qanunla müəyyən edilmiş mümkünlüyü əsaslarının yoxlanılması ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olmaqla, işə baxan hakimin iddia ərizəsi ilə bağlı etməli olduğu ilk və zəruri prosessual hərkətdir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hüquqi ünvanı ünvan 1az” internet saytından çıxarış əlavə olunmaqla, qeyd kimi cavabdehin hüquqi ünvanının müəyyən edilməsi ilə bağlı iddiaçı tərəfindən edilmiş digər bütün səylərin nəticə vermədiyi göstərilmişdir. Belə olan halda, məhkəmə iddia ərizəsinin ərizə aidiyyəti ilə bağlı mümkünlük şərtlərinin (cavabdehin hüquqi ünvanı üzrə) yoxlanılması mərhələsində iddia ərizəsində göstərilmiş məlumatlarla razılaşmadığı təqdirdə bunu əsaslandırmalı və yalnız bu istiqamətdə rəsmi məlumatlara istinad etməlidir. Hazırkı işdə isə məhkəmə AzEMİS sistemindən cavabdein qeydiyyat ünvanı barədə məlumat əldə olunmadığına istinad etmişdir. Qeyd olunmalıdır ki, AzEMİS sistemində işlə bağlı məlumatlardan görünür ki, məhkəmə tərəfindən cavabdeh hüquqi şəxslə bağlı məlumatlar (hüquqi şəxsin adı, VÖENi və s.) dəqiq yerləşdirilmədiyindən onunla bağlı digər məlumatların tapılması mümkün olmamışdır. MPM-nin 78.2-ci maddəsinin dispozitiv şərtlərindən də göründüyü kimi, məhkəmə tərəfin vəsatətinə əsasən müvafiq sübutların əldə olunmasında iştirak edə bilər. Həmçinin, qeyd olunmalıdır ki, qanunverici zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxılması imkanını da müəyyən etmişdir (MPM-in 151.2-ci maddəsi). Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddia ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə (“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(004)-7367/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(004)-7367/2021 saylı qərardadı ləğv edilsin və iş iddia ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar