Məhkəmə qərarları › İş №2(103)-1200/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1200/2022

16.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1200/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(008)-2069/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 2300/221ş saylı, 17.08.2020-ci il tarixli əmrinin ləğv olunması və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, o, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Pərviz Rəhimovun 10.08.2020-ci il tarixli 1700-011/001- 25/003302 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmiş, Cavabdeh Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə 07.08.2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar təhkim edildiyi Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu qeyri-qanuni pul vəsaitini qəbul etdiyindən tutduğu vəzifədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehn 17.08.2020-ci il tarixli, 2300/221ş saylı əmri ilə azad edilmişdir. Bunula bağlı bildirir ki, 10.08.2020-ci il tarixdə xidməti vəzifələrini yetirərkən yük avtomobili yoxlayarkən yük avtomobilinin sürücüsü bir neçə il əvvəl ona şəxsi avtomobilini satdığı və o vaxtlardan tanıdığı yoldaş idi. Onunla salamlaşmış və iddiaçını tanıyandan sonra ona satdığı avtomobili çox ucuz satdığını bildirmiş və onunla birlikdə nahar etməyi təklif etmişdir. Lakin, iddiaçı bundan imtina etmiş və iş başında olduğunu bildirmiş, buna baxmayaraq o israrla yaxşılıq etmək (avtomobilini ücüz qiymətə satdığının əvəzini çıxmaq) üçün nə etdiyni bilmədiyindən zorla onun cibinə 500 Rusiya rublu qoymuşdur. Göstərilən pulu gəbul etmək istəmədiyindən onunla bir az “çəh-çöyür” etdikdə məcbur olub qəbul etdi ki, bu söhbətləri uzanmasın. Bunu kənardan görən əməkdaşları başqa cür rəhbərliyə məruzə etdikdən sonra heç bir araşdırma aparmadan iddiaçını göstərilən əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edərək, sənədlərini toplayaraq əməlində korrupsiya hərəkətlərinin olmasının araşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə göndərildi. Lakin, burada da araşdırılma aparıldı və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq bildirir ki, yük avtomobiilinin sürücüsü bu məsələ ilə bağlı izahat verərək verilən pulun xidməti vəzifəsi ilə deyil, ancaq bir neçə il əvvəl ona ucuz qiymətə satdığı avtomobilin yaxşılığını əvəzi olaraq və nahar etmək üçün verdiyi pul kimi göstərdiyini və aralarında korrupsiya əlaqəsinin olmadığını və iddiaçıdan heç bir şikayətinin olmadığını bildirməsinə baxılmadan o, qanunsuz olaraq işdən azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(008)-2069/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 17 avqust 2020-ci il tarixli, 2300/221ş saylı əmri ləğv edilərək İddiaçı Cavabdeh Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə Gəncə şöbəsinin “komputer operatoru” vəzifəsinə işə bərpa olunması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilir ki, iddiaçının bildirdiyinə görə heç bir araşdırma aparılmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş, sənədləri toplanaraq əməlində korrupsiya hallarının müəyyən edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə göndərilmiş, aparılan araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. İddia ərizəsində qaldırılan məsələ ilə bağlı bildiririk ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Rəhimovun 10.08.2020-ci il tarixli, 1700- 011/001-25/003302 saylı raportuna əsasən Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsində İddiaçı 07.08.2020-ci tarixdə törətdiyi əməlin intizam xarakterli olub-olmaması ilə bağlı araşdırmanın aparılması həyata keçirilmişdir. Araşdırmanın nəticəsi olaraq, Daxili Təhlükəsizlik İdarəsinin 15.08.2020-ci il tarixli 34/190/028248 saylı arayışı daxil olmuşdur. Qeyd olunan arayışda İddiaçı 500 (beş yüz) Rusiya rublu məbləğində vəsaitin qeyri-qanuni əldə etdiyi öz təsdiqini tapmışdır. Həmçinin İddiaçı törətdiyi əməldə cinayət tərkibinin olub-olmaması faktının müəyyən edilməsi Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin səlahiyyətində deyildir. Bu faktın araşdırlması və zəruri hüquqi qiymətin verilməsi üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin araşdırmasına dair toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində baxılmış materiallara dair 11.09.2020-ci il tarixli Təqdimatı göndərilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində müraciət etdiyi məhkəmənin adı yanlış göstərilmiş, bununla da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddia ərizəsində iddia tələbinin qəbul edilməsi ilə bağlı aidiyyəti məhkəmənin adı düzgün göstərilməyərək Sabunçu rayon Məhkəməsinin əvəzinə Gəncə İnzibati Məhkəməsi qeyd edilmişdir. Bununla da, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.1-ci yarımbənin tələbi pozulmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbindən müəyyən olunur ki, iddia müddətinin məqsədi hüquqi müəyyənlik olmaqla yanaşı potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırki iddia tələbindən də müəyyən edilir ki, İddiaçı 17.08.2020-ci il tarixdən işdən azad edildiyindən xəbərdar olmuş və həmin tarixdən də işə çıxmamışdır. İddiaçı Azərbaycan Respublikasının Gəncə İnzibati Məhkəməsinə 05.10.2020-ci il tarixində Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair müraciət etmiş, lakin həmin məhkəmənin iddianın mümkün sayılmaması barədə 16.12.2020-ci il tarixli qərardadı qəbul edilmişdir. Bundan sonra İddiaçı eyni məzmunlu iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə 04.02.2021-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi İddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən də müəyyən edilir ki, iddaçı İddiaçı iddia müddətini ötürsə də iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən sübutlara malik olmalıdır ki, belə sübutlarda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən İddiaçı iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilə bilməz. Belə ki, İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. İddiaçı qeyd olunan əmri ilə onun hüquqlarının həmin tarixdən yəni 17.08.2020-ci il tarixdən məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün aidiyyəti məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, İddiaçı gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən yük nəqliyyat vasitələrinin sürücüləri tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 Azərbaycan manatına ekvivalent miqdarındakı 500 Rusiya rublunu qeyri-qanuni qəbul etmiş, bu barədə rəhbərliyə məlumat verməmiş, yoxlama zamanı onun üzərindən aşkar edilərək götürülmüşdür. Bununda bağlı aparılan araşdırmada həmin gün gömrükdən keçən nəqliyyat vasitələri və sürücülərin şəkilləri təqdim olunsa da, iddiaçı tanımadığını bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 11.09.2020-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda da göstərilmişdir ki, İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin əlamətləri olsa da, sonuncu vəzifəli şəxs olmadığından material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, pulun iddiaçıya qeyri-qanuni verilməsi halı öz təsdiqini tapmış, sadəcə olaraq subyekt kimi vəzifəli şəxs olmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Buna görə də, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğu üçün, yəni Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının xidməti vəzifəsini yerinə yetirdiyi “Samur” gömrük postu Azərbaycan Respublikasının qapısı hesab olunur. Bu sahədə Azərbaycan Respublikasının Prezidentinin göstərişləri əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən şəffaflığın təmin olunması üçün mühüm işlər görülür. İddiaçının hərəkəti görülmüş işləri heçə endirməklə, ona göstərilmiş etimadı doğrultmamışdır. Xahiş etdi ki, qətnamə ləğv edilərək, iddia əsassız olmaqla, iddia müddəti ötürülməklə verildiyindən, rədd edilsin. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, xidməti vəzifəsini yerinə yetirərkən əvvəllər maşın satdığı şəxs tərəfindən ona verilmiş 500 Rus rublu barədə rəhbərliyə məlumat verməmişdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan: Sistem çıxarışından görünür ki, 01 iyun 2013-cü ildə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh Gömrük brokeri və Texniki Xidmətin göstərilməsi üzrə Binə şöbəsinə əsas iş yeri kompyuter operatoru vəzifəsinə, aylıq əmək haqqı 620 manat olmaqla, müddətsiz olaraq işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X4 10.08.2020-ci il tarixli, 1700- 011/001-25/003302 saylı raportunun araşdırılmasına dair 15 avqust 2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Gömrük brokeri və texniki xidmətinin göstərilməsi üzrə Gəncə şöbəsinin kompüter operatoru İddiaçı 07 avqust 2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar təhkim edildiyi Şimali Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu geyri-qanuni əldə etdiyi öz təsdiqini tapmışdır. Hesab olunmuşdur ki, “Azterminalkompleks” Birliyinin direktoru gömrük xidməti general-mayoru X2 Birliyin Gömrük brokeri və texniki xidmətin göstərilməsi üzrə Gəncə şöbəsinin kompüter operatoru İddiaçı intizam məsuliyyətinə cəlb edilməsini təmin edilməsi, hazırki arayışın surəti müvafiq tədbir görülməsi üçün “Azterminalkompleks” Birliyinə məlumat üçün isə Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilməsi və toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə göstəriş verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 2300/221ş saylı, 17.08.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Cavabdeh Gömrük brokeri və texniki xidmətinin göstərilməsi üzrə Gəncə şöbəsinin kompüter operatoru İddiaçı 07 avqust 2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar təhkim edildiyi Şimali Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu geyri-qanuni pul vəsaitini qəbul etməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifəsini kobud şəkildə pozduğuna görə vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 11.09.2020-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin əlamətləri olsa da, sonuncu vəzifəli şəxs olmadığından material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Baş Prokurorunun Müavini Elmar Camalovun 11 sentyabr 2020-ci il tarixli, 6C-20 12/166 saylı təqdimatının surətindən görünür ki, İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin əlamətləri olsa da, sonuncu vəzifəli şəxs olmadığından material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı əməlində cinayət və inzibati xəta tərkibinin əlamətləri olmadığı üçün toplanmış material üzrə cinayət işi və inzibati xəta haqqında işin başlanması rədd edildiyindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində intizam icraatının aparılması üçün təqdimat göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 16.12.2020-ci il tarixli, 2-1(114)-1991/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 31-09/2022 saylı məktubundan görünür ki, Gəncə İnzibati Məhkəməsinin 16.12.2020-ci il tarixli, 2-1(114)-1991/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin 16.12.2020-ci il tarixli, 2-1(114)-1991/2020 saylı qərardadı İddiaçı tərəfindən 02 yanvar 2021-ci il tarixdə xəbərnaməyə imza olunmaqla alınmışdır. Həmin məktuba əlavə edilmiş SS686037514AZ saylı sifarişli poçt göndərişi haqqında bildirişin surətindən görünür ki, İddiaçı Gəncə İnzibati Məhkəməsinin 16.12.2020-ci il tarixli, 2- 1(114)-1991/2020 saylı qərardadının surətini 02.01.2021-ci ildə almışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, Cavabdeh 17.08.2020-ci il tarixli, 2300/221ş saylı əmrində İddiaçı işdən azad edilməsinin əsas səbəbi kimi “əmək vəzifələrini kobud şəkildə pozması” qeyd olunmuş və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Lakin, məhkəmə hesab edir ki, əmək qanunericiliyində əmək müqaviləsinin ləğv edilməsinin əsasları, əlaxsus da işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq müəyyən olunmuş və “xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu qeyri-qanuni pul vəsaitini qəbul etməsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola bilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir. Belə ki, qeyd olunan faktla bağlı aidiyyatı orqanlar tərəfindən araşdırılma aparılmış və iddiaçının əməlində cinayət və inzibati xəta tərkibinin olmadığı müəyyən olunmuşdur. Belə olan halda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən “iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi” halına əsasən işdən azad edilməsi də istisna olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsinə cavabdeh tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş ləğvetmə əsaslarını pozularaq, müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdir ki, buna görə də “Azərterminalkompleks" Birliyinin qeyd olunan 17.08.2020-ci il tarixli, 2300/221ş saylı əmri ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında qətnamə qəbul olunmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, 01 iyun 2013-cü ildə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh Gömrük brokeri və Texniki Xidmətin göstərilməsi üzrə Binə şöbəsinə əsas iş yeri kompyuter operatoru vəzifəsinə, aylıq əmək haqqı 620 manat olmaqla, müddətsiz olaraq işə qəbul olunmuşdur. Gəncə şöbəsinin kompüter operatoru İddiaçı 07 avqust 2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar təhkim edildiyi Şimali Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu qeyri-qanuni əldə etmişdir. Bu hal, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X4 10.08.2020-ci il tarixli, 1700-011/001-25/003302 saylı raportunun araşdırılmasına dair 15 avqust 2020-ci il tarixli arayışı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 11.09.2020-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 2300/221ş saylı, 17.08.2020-ci il tarixli əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifəsini kobud şəkildə pozduğuna görə vəzifəsindən azad olunmuşdur. Həmin əmrin məzmunundan, habelə işə əlavə edilmiş və araşdırılmış çoxsaylı sübutlardan görünür ki, iddiaçı “Samur” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu qeyri-qanuni əldə etmiş, həmin pulun qəbulundan imtina etməmiş, pulu aldıqdan sonra rəisə məlumat verməmiş, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X6 7-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X6 7-ci maddəsinə əsasən Gömrük orqanı əməkdaşı qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidir. Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən əməkdaş həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. Qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda, əməkdaş onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əməkdaşa ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə rəisinə məlumat verməli və onlar gömrük orqanına akt üzrə təhvil verilməlidir. Beləliklə, iddiaçı Azərbaycan Respublikasının giriş-çıxışı olan “Samur” gömrük postunda yol verdiyi hərəkəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin işgüzar nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biri də ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozması hesab edilir. ƏM-nin 72-ci maddəsinin “e” bəndinə əsasən işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud pozulması hesab edilir. ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. ƏM-nin 186-cı maddəsinin 1-ci hisəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. ƏM-nin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Kollegiya, sadalanan maddələrin tələblərini hazırkı əmək mübahisəsinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini, işə əlavə edilmiş sübutları araşdırıb, hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, habelə həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan kobud əmək pozuntusuna yol verməsi mülki iş materialları ilə istisna olunmur. Belə ki, işin bu halları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X4 10.08.2020-ci il tarixli, 1700-011/001-25/003302 saylı raportunun araşdırılmasına dair 15 avqust 2020-ci il tarixli arayışı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 11.09.2020-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla təsdiq olunur. Buna görə də, kollegiya hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Eyni zamanda iddia əsasız olduğuna görə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün ilk olaraq hüququn pozulması, sonra isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müəyyən edilməlidir. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 07 iyun 2021- ci il tarixli, 2(008)- 2069/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar