Məhkəmə qərarları › İş №2(103)-1202/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1202/2022

23.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1202/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı qeyri-yaşayış sahəsinin (obyektin) boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30.01.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06-05301-083015 reyestr nömrəli çıxarış üzrə ünvan 1 ünvanında yerləşən 346,2 kv.metr qeyri-yaşayış sahəsinin 120 kv.metr hissəsindəki oyun zalının boşaldılaraq iddiaçının (mülkiyyətçinin) istifadəsinə verilməsi və 2021-ci ilin fevral ayının 1-dən məhkəmə qətnaməsi qüvvəyə minənədək cavabdehdən hər ay üçün 872 manat icarə haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-5745/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13.01.2021-ci il tarixdə cavabdehlə ******* nömrəli notarial alqı-satqı müqaviləsi bağlayaraq 346,2 kv.metrlik qeyri-yaşayış sahəsini əldə etmişdir. Həmin alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən cavabdeh iddiaçıya 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Hal-hazırda həmin qeyri-yaşayış sahəsi 30.01.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06-05301-083015 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Cavabdeh tərəfindən satılan 346,2 kv.metrlik qeyri-yaşayış sahəsinin 120 kv.m-lik hissəsi bu günə kimi 3-cü şəxsin istifadəsindədir və həmin yerin boşaldılmasının təmini barədə cavabdehin vədləri bugünə kimi icra edilmir. Cavabdehlə danışıqlar heç bir nəticə vermədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni əsaslandırarkən iddiaçıya münasibətdə qərəzli olmuş və bu səbəbdən tətbiq etdiyi maddi hüquq normalarının hüquqi nəticələrinə ümumilikdə qanunun tələb etdiyi formada deyil, cavabdehin mənafeyinə münasibətdə hüquqi qiymət vermişdir. Bu da qanunsuz olmaqla maddi hüquq normalarının düzgün edilməməsinə səbəb olur. Belə ki, qətnamədə qeyd edilib ki: “Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, lakin o, bundan imtina etmişdir”. Hakim məhkəmə araşdırması zamanı özünün şəxsi mülahizələrinə əsaslanaraq yuxarıdakıları yazmışdır. Məhkəmə iclasında bu barədə təklif irəli sürülməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında 13.01.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3-ü (yeni qaydalarla: AZ1123, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 188A saylı qeyri-yaşayış sahəsi) alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.01.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı məhz həmin müqaviləyə və mülkiyyət hüququna əsaslanaraq müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən tam yerinə yetirilmədiyini, obyektin 120 kvm hissəsinin başqası tərəfindən oyun zalı kimi istifadə olunduğunu bildirmiş və hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi obyektin 120 kv.m oyun zalı yerləşən hissəsinin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi və 2021-ci ilin fevral ayının 1-dən məhkəmə qətnaməsi qüvvəyə minənədək hər ay üçün 872 manat icarə haqqı hesablanaraq iddiaçıya ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi tələbin əsl olmayan cavabdehə qarşı qaldırıldığını müəyyən edərək iddianı rədd etmişdir. Məhkəmə baxışı zamanı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması təklif edilmiş, lakin o, razı olmadığından işə verilən tələb üzrə baxılmışdır. Eləcə də, məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış sahəsində Cavabdeh MMC-nin fəaliyyət göstərməsi və 120 kvm sahənin məhz onlar tərəfindən istismar edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Prosessual Məcəllənin 54-cü, Mülki Məcəllənin 6, 152, 157.2-ci və s. maddələrini rəhbər tutaraq iddianı əsassız saymış və təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddiaçı cavabdeh kimi göstərdiyi Cavabdeh MMC-yə qarşı iddiasını əsaslandırdığı halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilməmiş, məhkəmə bu qeydi öz mülahizəsinə əsasən yazmışdır. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokolundan müəyyən edilir ki, hakim cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə iddiaçının vəkilinə təklif etsə də, iddiaçının vəkili iddia tələbinə hər hansı əlavələrinin olmamasını və iddia tələbinə olduğu kimi baxılmasını xahiş etmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin bu dəlili iş materialları ilə təkzib edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə iclas protokoluna hər hansı qeyd verilməmişdir. Apelyatorun alqı-satqı müqaviləsinin 8-ci bəndinin cavabdeh tərəfindən pozulması, iddiaçıya 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verilməməsi barədəki dəlilinə gəldikdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin müqavilənin bu bəndinin tələblərini pozmasını iddia etsə də, həmin 3-cü şəxslərin kimliyi və həmin obyektə dair ümumiyyətlə hüquqlarının olub-olmaması barədə heç bir zəruri sənəd və ya sübut, hər hansı məlumat təqdim etməmişdir. Bundan başqa, iş materialları ilə iddiaçının mülkiyyətinə verilmiş 120 kv.m-lik sahəyə hər hansı üçüncü şəxsin qeydə alınmış rəsmi və qanuni hüququnun olması müəyyən edilməmişdir. Belə olan halda, həmin sahə üçüncü şəxslərin hüquqlarından azad şəkildə verilmiş hesab edilməlidir və hazırki iddia satıcıya deyil, məhz mübahisəli sahədən faktiki istifadə edən həmin şəxslərə qarşı yönəlməlidir. Çünki, iddiaçı obyektin 120 kv.m oyun zalından məhz üçüncü şəxslərin qanunsuz istifadə etdiyini özü göstərmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsində Cavabdeh MMC-nin fəaliyyət göstərməsi və məhz MMC tərəfindən sahənin istismar edilməsinin öz təsdiqini tapmaması, eləcə də cavabdehin əsl cavabdehlə əvəz edilməsinə iddiaçının razılıq verməməsi iddianın rədd edilməsi üçün əsasdır. Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Cavabdeh kimi qoyulan Cavabdeh MMC isə hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsinə razılıq vermədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən şikayət əsassız sayılmalı və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar