Məhkəmə qərarları › İş №2(103)-12024/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12024/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12024/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11.11.2021ci il tarixli, 2(009)-1565/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh X1 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(009)-1565/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayonu Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evin Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 tərəfindən boşaldılması, onların əşyalarının evdən çıxarılması və evin boşaldılmış vəziyyətdə İddiaçı təhvil verilməsi, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi hissəsində iddia təmin edilməmiş, qətnamənin bu hissədə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 ilə birlikdə Bakı şəhəri Səbail rayonu Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evdə qeydiyyatlarının iddiaçının inzibati orqana müraciəti əsasında ləğv edilməsi üçün əsas olması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 28.10.2021-ci il tarixli 2(009)-1565/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət ötürüldüyü üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, onun məhkəmə iclaslarından xəbəri olmamış, onun ünvanına gələn bütün bildirişləri isə hazırkı iş üzrə iddiaçı olan qardaşının arvadı onun adından saxta imza etməklə qəbul etmişdir. Bu səbəbdən də məhkəmənin qətnaməsindən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 11.11.2021-ci il tarixli 2(009)-1565/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi əsassız hesab edilərək təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, cavabdeh mübahisələndirilən qətnaməni rəsmi qaydada 29.06.2021-ci il tarixdə rəsmi qaydada aldığından, apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı da həmin tarixdən hesablanmalıdır. Cavabdeh isə apellyasiya şikayətini 27.10.2021-ci il tarixdə vermişdir. Bu zaman məhkəmə cavabdehin qətnamənin surətinin iddiaçının arvadı tərəfindən poçt zərfinə onun adından saxta imza etməklə qəbul edilməsi ilə bağlı dəlilini inandırıcı hesab etməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verib adı çəkilən məhkəmə qərardadının ləğv edilməsi, işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.11. 2021-ci il tarixli 2(009)-1565/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, mülki işin materiallarından göürünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 24.06.2021-ci il tarixli 2(003)-1565/2021 saylı qətnaməsi cavabdehə poçt vasitəsilə göndərilmiş, həmin qətnamə onun çatdırılması barədə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə 29.06.2021-ci il tarixdə «Cavabdeh» adı qeyd edilməklə və bu barədə imza edilməklə qəbul edilmişdir. Bundan sonra Cavabdeh məhkəməyə qətnamənin surətinin ona təqdim edilməsi barədə müraciət etmiş və 22.10.2021-ci il tarixdə məhkəmənin qəbzinə imza etməklə qətnaməni almışdır. Cavabdeh bildirir ki, o, 29.06.2021-ci il tarixdə poçtun xəbərnaməsinə imza etməklə qətnaməni almamışdır. O, həmin xəbərnamədə olan imzanın və yazının da ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin bu dəlillərini əsassız hesab edərkən yalnız onların inandırıcı olmadığına, qətnamənin onun şəxsən qəbul edilməsinin göründüyünə istinad etmişdir. İşin hallarından və iddianın mahiyyətindən görünür ki, iddiaçı ilə cavabdeh eyni ünvanda yaşayırlar və iddiaçı cavabdehin həmin ünvandan çıxarılmasını tələb etmişdir. Belə olan halda, tərəflərin ünvanına poçt göndərişləri də eyni evə çatdırılır. Belə bir vəziyyətdə həmin ünvanda yaşayan şəxsin əvəzinə həmin ünvanda digər bir şəxsin göndərişi qəbul edərək xəbərnaməyə imza etməsi istisna deyildir. Bu ehtimalı, həmçinin tərəfər arasındakı münasibətlərin xarakterini, iddiası təmin edilmiş qarşı tərəfin qətnamədən apellyasiya şikayətinin verilməsində maraqlı olmaması kimi halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin cavabdehə çatdırılması barədə xəbərnamədəki imzanın və yazının cavabdehə məxsus olmaması barədə dəlilləri tam əsassız deyildir və bu dəlil daha ətraflı yoxlanılmalı, zərurət olarsa, imzanın cavabdehə məxsus olub-olmadığının müəyən edilməsi üçün məhkəmə ekspertizası keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 11.11.2021-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməli, həmin qərardad ləğv edilməklə cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü səbəbdən baş verib-vermədiyinin yenidən araşdırılması məqsədi ilə (bu qərardadın məzmununda göstərilənlər nəzərə alınmaqla) mülki iş rayon məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(009)- 1565/2021 nömrəli qərardadı ləğv edilsin və mülki iş cavabdehin şikayətində göstərdiyi dəlillərin yenidən araşdırılaraq apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü olubolmaması məsələsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar