Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1203/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-466/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bunan sonra, cavabdeh) qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ərizədə sadalanan əşyalarının (qızıl-zinət əşyaları: 1 qolbağ – 600 manat, 2 boyunbağı-cəmi 450 manat, 2 sırğa-cəmi 225 manat, 1 pirsinq-70 manat, 2 üzükcəmi 370 manat, 1 qızıl saat-700 manat; kosmetoloji avadanlıqlar: plazmapen-80 manat, kosmetoloji əynək-40 manat, 1 kreslo130 manat, aftoklav-1800 manat, dermapen iynesi-400 manat, lipucka aparati-170 manat, dırnaq aparatı-90 manat, 10 banka bras-45 manat, pilinq aparatı-1000 manat, azcosmetics ib- 80801800 manat, azcosmetics rf-220 manat, azcosmetics sinitiyə-650 manat, soniya lampa-lupa150 manat, blind belle 020-78 manat, azcosmetics-110 manat, 52 çeşit ayaqqabı-1546 manat, 1 ədəd dəri divan-150 manat, 1 ədəd skeyt ayaqqabı-70 manat, sintifon yorğan-45 manat, sintifon balınc-30 manat, 1 matras-60 manat, 2 ədəd paltar roliki dəmir-35 manat; uşağa aid məktəb ləvazimatları: 235 manat, şişmə hovuz-350 manat, 2 ədəd banka bağlayan maşın-50 manat, pərdə20 manat, ət maşını-160 manat, mikrodalğalı soba- 350 manat, duxovka-180 manat, yazı masası115 manat, 2 ədəd döşəmə üçün lineyum rulonu-40 manat, 2 ədəd dini tablo-60 manat, 30 ədəd çanta-1230 manat, 1 ədəd ipad planset pro 12.9-1840 manat; ev əşyaları: 1 ədəd fen-125 manat, taxta çarpayı başlığı, qazan dəsti-370 manat, çay suvenir dəsti-150 manat, meyvə şirəsi çəkən aparat-100 az/n, blender-50 manat, komputer hp 15 ra047ur-609 manat, 1 ədəd sarı malirovunnu taz-25 manat, tefal ütü-220 manat, ütü stolu-80 manat), bu mümkün olmadıqda isə onların cəmi dəyəri kimi 19283 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 25.06.2019-cu il tarixdə ailə üzvləri ilə birgə cavabdehə məxsus Xətai Rayonu, Xudu Məmmədov 39 ünvanında yerləşən 3 saylı mənzilə köçmüş, təxminən 6 ay sonra ev sahibilə aralarında mübahisələr baş verdiyindən 13.12.2019-cu il tarixdə əşyalarının bir qismini 166 Yük daşıma xidmətinin fəhlələri ilə 3 metrlik maşınla daşımış, qalan əşyalarının çoxu sığmadığı üçün cavabdehin evində qalmış, mübahisələri davam etdiyindən mütəmadi olaraq onları yoxlayıb nəzər yetirmışdir. 23.12.2019-cu il tarixdə axşam evə qayıtdığı zaman çöl qapının açarının müdaxilə olunduğunu və dəyişdiyini görmüş, dərhal DİN-in 102 xidmətinə şikayətini bildirmişdir. Həmin vaxt polis əməkdaşından zəng gələrək, ərizə və izahat yazması üçün 36-cı Polis Bölməsinə dəvət edilmişdir. Qeyd edilən tarixdən bu günə qədər ona məxsus olan kosmetoloji aparatları, avadanlıqları və digər dəyərli əşyaları orda qaldığı üçün hal-hazırda işsiz qalmışdır (ixtisası həkim kosmetoloqdur). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-466/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – qətnamənin əsassız olması, məhkəmə tərəfindən işin hallarının tam araşdırılmaması, tələb olunan əşyalarının cavabdehə məxsus evdə qalması barədə aralarında olan whatsapp yazışmaları və telefon danışıqlarının, bununla bağlı diskin təqdim olunmasına baxmayaraq, nəzə alınmaması, bu halı təsdiq edəcək şahidlərinin dindirilməməsi, Xəzər rayon İcra şöbəsinin 17.04.2021-ci il tarixli məktubuna istinadın əsassız olması, mənzilə baxış zamanı iştirakının təmin olunmaması, əşyaların orada qalmasından 2 ildən artıq müddət keçdiyinə görə onların cavabdeh tərəfindən başqa yerdə saxlanılması və satılması ehtimalarının nəzərə alınmaması, əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertizanın təyin edilməməsi və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatlara uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Suallara cavab olaraq, həmçinin bildirmişdir ki, cavabdehə məxsus evdən 13.12.2019-cu il tarixdə çıxmış və həmin tarixdə orda olan əşyalarının bir hissəsini 166 yük daşıma xidmtindən sifariş verdiyi maşınla daşımışdır. Həmin maşın sifariş verdiyi ölçüdən kiçik olduğu üçün bütün əşyaları yerləşməmiş, ona görə də onları apara bilməmişdir. 27.12.2019-cu il tarixədək mənzilin açarı onda olmuş, orada qalan əşyalarına nəzarət etmişdir. Lakin həmin tarixdə mənzilə gələrkən açarın dəyişildiyini görmüş və bu barədə dərhal polisə müraciət etmişdir. Lakin polis tərəfindən heç bir araşdırma aparılmadan, qarşı tərəfin izahatı alınmadan ərizəsi geri qaytarılmışdır. Bundan sonra, əşyalarının götürülməsi ilə bağlı cavabdehlə aralarında dəfələrlə telefon və whatsapp danışıqları olmuş və cavabdeh 2020-ci ilin fevral və mart aylarında ona mənzildə qalan əşyalarını gəlib götürməyi bildirmiş, hətta yazışmalarda konkret olaraq divanı, şəkli, ayaqqabını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Suallara cavab olaraq, həmçinin bildirmişdir ki, mənzil 14.02.2020-ci il tarixədək iddiaçının istifadəsində olmuşdur. Belə ki, 13.12.2019-cu il tarixdə əşyalarını daşısa da, 14.02.2020-ci il tarixədək mənzilin açarları onda olmuşdur. Hətta onun iddiası üzrə başlanmış işə baxan hakim tərəfindən 11.02.2020-ci il tarixdə mənzilə baxış keçirilməsi üçün getdikləri zaman mənzilin qapısı bağlı olduğu üçün oraya girə bilməmişlər. Bundan sonra o, Mənzil Kommunal İstismar İdarəsinin nümayəndəsinin və bir neçə qonşunun iştirakı 14.02.2020-ci il tarixdə mənzilə daxil olmuş və bu barədə akt tərtib etmişlər. Həmin aktdan da görünür ki, iddiaçının mənzildə heç bir dəyərli əşyası olmamışdır. İddiaçı ilə aralarındakı yazışmalarda qeyd olunan divan əslində mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən mənzillə birlikdə ona satmışdır. Həmin vaxtlar iddiaçı telefon zəngləri ilə onu çox narahat etdiyi üçün ona divanı və şəkli də götürə biləcəyini demişdir. Tələb etdiyi ayaqqabıları isə heç vaxt görməmişdir, aralarındakı yazışmalarda ayaqqabı dedikdə, mənzildə qalmış köhnə başmaqları nəzərədə tutmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə qismən ləğv, iddia həmin hissədə təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər arasında bağlanmış əmlak kirayəsi müqaviləsinə əsasən, iddiaçı (kirayəçi) 25.06.2019-cu il tarixdən cavabdehə (kirayə verən) məxsus Bakı şəhəri, Xətai Rayonu, Xudu Məmmədov 39 ünvanında yerləşə 3 saylı mənzilə köçərək, kirayəçi kimi oradan istifadə etməyə başlamışdır. Bir müddətdən sonra tərəflər arasında mübahisə yaranmış və 13.12.2019-cu il tarixdə iddiaçı 166 yük xidmətindən sifarış etdiyi yük maşını vasitəsilə cavabdehə məxsus mənzildən əşyalarının çox hissəsini çıxarmış, lakin həmin vaxt mənzilin açarını mülkiyyətçiyə təhvil verməmişdir. Bundan sonra, kirayə verən kirayəçiyə qarşı iddia qaldıraraq, ödənilməmiş kirayə məbləğini tələb etmiş və həmin iş üzrə təyin edilmiş 11.02.2020-ci il tarixli yerli baxış protokolundan görünür ki, Cavabdeh iştirakı ilə mənzilə baxış keçirilərkən qapı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. 14.02.2020-ci il tarixli Aktdan görünür ki, bu akt tərtib edilmişdir ondan ötrü ki, ünvan 2 ünvanında kirayə yaşayan İddiaçı tərəfindən 2 ay öncə ev tərk edilmiş və mənzilin açarlarını da özü ilə aparmışdır. İddiaçı onların və məhkəmə tərəfindən olan çağırışlara məhəl qoymamış və mənzilin açarlarını təqdim etməmişdir. Odur ki, tərəflərindən mənzilin qapısı 14.02.2020-ci il tarixdə saat 12:15-də açılmış və mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə heç bir qiymətli əşya tapılmamışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-466/2021 saylı, 19 fevral 2021-ci il tarixli icra sənədi üzrə Cavabdeh məxsus mənzilə baxış keçirilmiş və baxış nəticəsində tələbkar İddiaçı məxsus icra sənədində qeyd edilən əşyalar mənzildə aşkar olunmamışdır. Hazırda iddiaçı, tələbdə qeyd olunan əşyalarının (qızıl-zinət, kosmetoloji avadanlıqlar, uşağa aid və ev ləvazimatları) cavabdehə məxsus mənzildə qaldığını bildirərək, onların və ya dəyərinin cavabdehdən alınıb ona verilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, mənzilin 14.02.2020-ci il tarixədək ididaçının istifadəsində olmasını, bu müddət ərzində əşyalarını götürmək üçün kifayət qədər vaxtının olduğunu, mənzilin ona təhvil verildiyi vaxt isə orada tələbdə sadalanan heç bir əşyanın olmadığını və bu barədə yerində akt tərtib olunduğunu bildirir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Sübutetmə yükü baxımıdan qeyd olunan halları sübuta yetirmək vəzifəsi isə iddia edən tərəfin üzərinə düşür. Birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə qənaətini belə əsaslandırmışdır ki, iddiaçı tələb etdiyi əşyaların mövcudluğunu, əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğunu, cavabdehin mənzilinə köçərkən həmin əşyaları özü ilə gətirdiyini, mənzili tərk edərkən həmin əşyaların orda qaldığını və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq hesab edir ki, 1 ədəd dəri divan və 2 ədəd dini tablo istisna olmaqla tələbdə qeyd olunan qalan əşyalara münasibətdə iddianın rədd olunması qanuni və əsaslıdır. Ona görə ki, həmin əşyalarla bağlı tələbin əsaslı sayılması üçün ilk dispoziya şərti, yəni onların mövcudluğu sübuta yetirilmir. İddiaçı tələb etdiyi həmin əşyaların mövcudluğu və onların cavabdehə məxsus mənzilə aparması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçının izahatı isə özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla belə, məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, iddiaçının hazırkı vindikasiya tələbi 1 ədəd dəri divan və 2 ədəd dini tabloya aid hissədə əsaslıdır. Belə ki, işdə olan tərəflər arasında əmlak kirayəsi ilə bağlı münasibətlər çərçivəsində yaranmış mübahisə gedişində aparılmış 16.02.2020-ci il tarixli whatsapp danışıqlarından çıxarışlardan belə görünür ki, iddiaçı mənzildə qalmış əşyalarının qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə mənzildə ona məxsus yalnız 1 divan, şəkil, ayaqqabı və yumşaq oyuncağın olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə aralarındakı mübahisə dövründə mənzilə ilk dəfə daxil olduğunu bildirdiyi 14.02.2020-ci il tarixdən (nəzərə alınmalıdır ki, mənzilin həmin vaxtdan cavabdehin sahibliyində olması işin mübahisəsiz halıdır) 2 gün sonra iddiaçı ilə olan yazışmalarında mənzildə hazırda tələb etdiyi ona məxsus divan və tablonun olmasını etiraf etmişdir. Qeyd olunmalıdır ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarı). Belə olan halda, Kollegiya, tərəflər arasında olan həmin yazışmaları bu hissədə mübahisənin həlli baxımından mötəbər sayır, cavabdehin bununla bağlı sonrakı izahlarını (divanın əslində mənzilin əvvəlki mülkiyyətçisindən alınmaqla özünə məxsus olması, iddiaçının onu tez-tez narahat etməsinə görə onu da götürə biləcəyi niyyətilə yazması) isə səmimi hesab etmir. O da nəzərə alınmalıdır ki, cavabdeh məhkəməyə qeyd etdiklərini təsdiqləyə biləcək hər hansı sübut da təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası, bu qənaətə gəlir ki, iddiaçıya məxsus 1 ədəd divan və 2 ədəd dini tablo cavabdehdən alınaraq ona qaytarılmalıdır. Həmin əşyaların dəyərinə münasibətdə isə, Kollegiya qeyd edir ki, nə qədər ki, həmin əşyalar cavabdehin qanunsuz sahibliyindədir və o, onların dəyərinin iddiaçının tələb etdiyindən aşağı olması barədə sübutlar təqdim edə bilmir, bu hissədə iddiaçının tələb etdiyi məbləğlər mövcud mülki dövriyyə baxımından ağabatan və ədalətli hesab olunur. Bu əsnada o da qeyd olunmalıdır ki, istinad olunan whatsapp yazışmalarında cavabdeh mənzildə iddiaçıya məxsus həm də ayaqqabı olduğunu bildirsə də, rayon məhkəməsi iddianı bu hissədə rədd etməkdə haqlı olmuşdur. Ona görə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı 52 çeşit ayaqqabının qaytarılmasını tələb etsə də, bu hissədə hər hansı fərdiləşdirmə (ölçü, rəng, forma və s. əlamətlər baxımıdan) aparmamış və onların mövcudluğunu sübuta yetirə bilməmişdir. Cavabdeh isə, məhkəmədə verdiyi izahatında həmin ayaqqabıları görmədiyini, aralarındakı yazışmalarda ayaqqabı kimi əslində mənzildə qalmış köhnə başmaqları nəzərdə tutuduğunu bildirmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi “1 ədəd divan və 2 ədəd dini tabloya aid hissədə” ləğv olunmalı, iddia həmin hissədə təmin olunmalı, 1 ədəd divan - 150 manat və 2 ədəd dini tablo - 60 manat, həmin əşyalar aşkar olunmadıqda isə onların dəyəri cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı qətnamənin yalnız iddiaçı tərəfindən mübahisələndirilə bilən hissəsində iddianın qiyməti 5000 manatdan artıq olduğundan onun bu qətnamədən kasasiya şikayəti vermək hüququ nəzərdə tutulsa da, cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-466/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-466/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni “1 ədəd divan və 2 ədəd dini tabloya aid hissədə” ləğv olunsun, iddia həmin hissədə təmin olunsun. Cavabdeh bir ədəd divan - 150 (bir yüz əlli) manat və iki ədəd dini tablo - 60 (altmış) manat, həmin əşyalar aşkar olunmadıqda isə onların qeyd edilən dəyərləri alınaraq İddiaçı verilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı isə, qətnamədən ona rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1203/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1203/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver