Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1203/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X19, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Fuad Hüseynov) ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Cavabdeh2 apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, həmin ev onun qızıllarının satışından əldə olunan vəsait və qohumlarının maddi dəstəyi ilə tikilmiş, iddiaçı hər hansı maddi vəsait xərcləməmişdir. İddiaçı həmin evdə cəmi 4 ay yaşamış, sonra isə evdən çıxıb getmiş, təzədən ailə qurmuş, hazırda da həmin nikahdan üç övladı var, ailəsi ilə birgə Goranbayda yaşayır, həmçinin iddiaçı qətnamə çıxarılandan iki gün əvvəl Bakıda işə başlamışdır, onlar həmin evdə cəmi dörd ay birgə yaşayıblar, buna görə evdə birgə təsərrüfat aparmamışlar, o, həmin evdə 9 ildir qızları ilə birgə yaşayır. Evdə yalnız onun cehiz əşyaları var, iddiaçının əşyası yoxdur. Məhkəmə həmin halları nəzərə almamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçı 2014-cü ildən çıxıb gedib, bundan sonra tez-tez evə gəlmiş, mübahisə salmış, evdən çıxmayacağını bildirmiş, sonuncu dəfə pəncərədən girib, dava salmış, əşyaları sındırmış, polis çağıraraq onu evdən çıxartmaq məcburiyyətində qalmışdır.
5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili A.Hüseynli apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, eyni zamanda bildirdi ki, apellyasiya şikayəti uydurma və əsassızdır, həmin evin inşa edildiyi torpaq Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamı ilə iddiaçının atasına ayrılmış, əvvəlki qətnamələrlə də evin iddiaçının valideynləri tərəfindən onların vəsaiti ilə inşa edilməsi təsdiq olunub, Cavabdeh2 2010cu ildə gəlin gəlmişdir. Hazırda Cavabdeh2 iddiaçının mərhum atasına sərəncamla ayrılmış torpaqda iddiaçının valideynləri tərəfindən inşa edilmiş evdə yaşamağına imkan vermir, sonuncu dəfə də onu polis çağıraraq evdən çıxarıb. Qətnamə qanuni və əsaslı olduğundan qüvvədə saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, SB-115 saylı arayışın surətindən görünür ki, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanında yerləşən 1 mərtəbəli 200 kv.m fərdi yaşayış evi Cavabdeh1 özünə məxsusdur.
10. Sahil Bələdiyyəsi tərəfindən verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, vergi ödəyicisi Cavabdeh1 ünvanı Bakı şəhəri, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a-dır.
11. Sahil Bələdiyyəsi tərəfindən verilmiş **********4518 seriyalı tədiyyə bildirişinin surətindən görünür ki, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanı üzrə Cavabdeh1 2021-ci il üçün 51 manat əmlak vergisi, 0,9 manat torpaq vergisi hesablanmışdır.
12. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrinin müəyyənləşdirilməsi haqqında xx.xx.2017-ci il tarixli arayışın və cədvəlin surətlərindən görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi sakini İddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona məxsus daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrinin müəyyənləşdirilməsi aparılmışdır. Təqdim olunan sənədlərə əsasən standart metodlardan istifadə etməklə yaşayış və qeyri-yaşayış sahələri müəyyən olunmuşdur. Aparılan təhlil və hesablamalar göstərir ki, evin yaşayış sahəsi 200 kv.m, qeyri-yaşayış sahəsi 30 kv.m müəyyən edilmişdir. Bu sənəd yerli bələdiyyə vergiləri üçün istifadə olunur.
13. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış TSH-13/5456 saylı, xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanında yerləşən qarajın elektrik təchizatı haqqında məktub ünvanlanmış və elektrik quraşdırma işlərinin layihə-smeta sənədləri əsasında istehlakçıların vəsaiti hesabına yerinə yetirilməli olduğu bildirilmişdir.
14. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsi, Şimal keçidi ev 14, mənzil 5- də yaşayan X11 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 ölçüdə binanı təmir edib qaraj kimi istifadə etməsinə icazə verilmişdir.
15. Qaradağ rayonu Sahil Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, SB-05/11 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin xx.xx.2019-cu il tarixli 37 nömrəli Sərəncamına dair xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Sahil qəsəbəsi (yaşayış massivi) üzrə 2000-ci ilədək tikilmiş, lakin rəsmiləşdirilməmiş fərdi yaşayış evlərinin Sahil Bələdiyyəsi tərəfindən qeydiyyatı aparılmışdır. Vətəndaş Cavabdeh1 Qədir qızı xx.xx.2020-ci il tarixdə öz tikdirdiyi qanunsuz tikilini qeydiyyatsız kimi Sahil Bələdiyyəsində qeydiyyatdan keçirmiş və 2020- 2021-ci illər üçün əmlak və torpaq vergisini ödəmişdir. Vətəndaş Cavabdeh1 Qədir qızının mərhum həyat yoldaşı X8 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 m ölçüdə binanı təmir edib qaraj kimi istifadə etməsinə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994- cü il tarixli 1337 saylı Sərəncamına əsasən icazə verilmişdir. Sonradan qaraj sahəsi ətrafında əlavə tikinti işləri apararaq fərdi yaşayış evi kimi istifadə etmişdir.
16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8158/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 və cavabdeh X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022- ci il tarixli, 2(102)-1547/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh1 və cavabdeh X5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8158/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
19. Kommunal xidmətlərlə (işıq, qaz, su) bağlı qəbzlərdən görünür ki, mübahisəli evlə bağlı kommunal xidmətlər üzrə abonent qismində İddiaçı qeyd olunmuşdur.
20. AZ-İİ seriyalı, 783539 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 27 sentyabr 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qədirli Məsumənin atası İddiaçı, anası X1r.
21. AZ-İİİ seriyalı, 037553 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 14 dekabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qədirli Zeynəbin atası İddiaçı, anası X1r.
22. Bakı şəhəri 45 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş X10, X9, X6 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, onlar xx.xx.1986-cı il təvəllüdlü X2 yaxından tanıyırlar. X5 2010-cu ildə ünvan 5 ünvanına gəlin köçmüşdür. xx.xx.2013-cü il tarixdə həmin binanın həyətində tikilmiş evə köçmüşdür. X5 2014-cü ildə həyat yoldaşı İddiaçı ilə boşanmışdır, həmin vaxtdan bu günə kimi azyaşlı uşaqları X18 və X17 ilə birlikdə Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanında qeydiyyatsız yaşayır.
23. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2476/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X5 arasında 11 sentyabr 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində 733 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 27 sentyabr 2011-ci il təvəllüdlü X12 və 14 dekabr 2012-ci il təvəllüdlü X13 X5 ilə qalması qət edilmişdir.
24. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 1524/2020 saylı qətnaməsinin surətindən görünür ki, 16 iyun 2020-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8032/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1524/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. 21.10.2011-ci il tarixli, 183-11/İ saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında satıcı X7 ona məxsus ünvan 7 ünvanında yerləşən mənzili ipoteka qoyan İddiaçı mülkiyyətinə verir.
27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzilin İddiaçı xüsusi mülkiyyətində olmasına dair xx.xx.2011ci il tarixdə qeydiyyat aparılmışdır.
28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzil X4 xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır.
29. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2041/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzilə paylarının müəyyən edilməsini tələb etmiş, iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
30. Mərkəzi Klinika Bakı Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli epikrizin surətindən görünür ki, Cavabdeh1 arxa beyin arteriyası (66.2) diaqnozu qoyulmuşdur.
31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışından görünür ki, Cavabdeh1 sağ beyin yarımkürəsində beyin-qan dövranının kəskin pozğunluğu diaqnozu qoyulmuşdur.
32. Topdan satış barədə xx.xx.2022-ci il tarixli qaimələrdən görünür ki, İddiaçı Binə Ticarət Mərkəzindən bir sıra mallar satın almışdır.
33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 Şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilmiş 6130 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, İddiaçı müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İddiaçı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.
34. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən “Trendyol Baku” şirkətində əmək müqaviləsi üzrə satıcı işləyir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
35. Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
37. 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
38. 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
39. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
40. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
48. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
49. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
53. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
55. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Belə ki, aparılmış araşdırmalarla, həmçinin tərəflər arasında olan məhkəmə mübahisələri ilə bağlı hazırda qüvvədə olan qətnamələrlə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi faktiki olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamına əsasən iddiaçının mərhum atasına qaraj tikintisi üçün ayrılmış yerdə iddiaçının ailəsinin vəsaiti hesabına onlar tətəfindən inşa edilmişdir, Cavabdeh2 2010-cu ildə gəlin köçmüşdür, evin hazırda özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədi yoxdur.
58. Cavabdeh2 apellyasiya şikayətində həmin evin onun qızıllarının satışından əldə olunan vəsait və qohumlarının maddi dəstəyi ilə tikildiyini, iddiaçının hər hansı maddi vəsait xərcləmədiyini, öz ailəsi ilə başqa ünvanda yaşadığını bildirsə də, bununla bağlı hər hansı sənəd təqdim etməmişdir.
59. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.
60. Beləliklə, iddiaçının mərhum atasına Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsində iddiaçının valideynləri tərəfindən inşa edilmiş evə köçürülməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
61. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh2 özünə aid edilməlidir.
63. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov