Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1204/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «mənzilə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2775/2022 saylı, 10 noyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 245159 №li, xx.xx.1988-ci il tarixli Orderə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 4-cü kvartaldakı, 6 nömrəli evin 30 nömrəli mənzili X3 ailə üzvləri ilə birlikdə yaşamaq üçün verilmişdir.
2. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədiyar Səfərov küçəsindəki 6 nömrəli evin 30 nömrəli mənziə mülkiyyət hüququ ilk dəfə X1 adına xx.xx.2005-ci il tarixdə, sonra X2 adına xx.xx.2017-ci il tarixdə, daha sonra X7 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(002)-2954/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdeh ilə arasında olan nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçının yanında qalması və hər uşağın saxlanılması üçün 120 manat, iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları-xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,S.Səfərov küçəsindəki 6 saylı evin 30 saylı mənzilinə köçürülməsi və həmin mənzildə yaşamaq hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, cavabdehlə xx.xx.2005-ci il tarixdə ailə qurmuşlar.Birgə nikahdan iki uşağı doğulmuşdur. Cavabdehlə ailə quraraq yuxarıda qeyd edilən ünvanda yaşamış və birgə təsərrüfat aparmışlar. Hazırda da həmin ünvanda o və uşaqları qeydiyyatdadır. Cavabdehlə arasında ailə münasibətləri pozulduğuna görə onu evə buraxmır və məcbur olub başqa ünvanlarda yaşamalı olur. Mübahisəli mənzil onun və uşaqlarının yeganə yaşayış yeridir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2775/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan əmlak xüsusi mülkiyyət hüququ əsasında hazırda iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş cavabdehin qardaşına məxsus olmaqla, bu hüquq xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əvvəlki dövrdə isə həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında cavabdehin atasına məxsus olmuş, onun adına dair bu hüquq xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2017-ci il tarixdə isə cavabdehin anasının adına bu hüquq qeydə alınmışdır. İddiaçı ilə cavabdeh rəsmi nikahda olmuş, aralarında olan rəsmi nikah müvafiq məhkəmə qətnaməsi əsasında pozulmuş, birgə nikahdan olan uşaqların anaları iddiaçının yanında saxlanmış, nikaha xitam verilməsi 27 dekabr 2019-cu il tarixdə qeydə alınmış, iddiaçı uşaqları ilə birgə həmin evdə 2005-ci ilin sentyabr ayından 2019-cu ilə kimi həmin evdə yaşamışdır. İddiaçı və uşaqları həmin evdə daimi pasport qeydiyyatındadırlar. İddiaçı başqa yaşayış yeri olmadığını əsas gətirərək, həmin mənzilə köçürülmə tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia tələbinə etiraz etmişdir. Hazırki mülki iş üzrə mübahisə predmeti olan əmlak xüsusi mülkiyyət hüququ əsasında cavabdehə məxsus olmadığından (nə indiki halda, nə də ki əvvəlki dövrdə,habelə iddiaçının həmin evə köçüb yaşadığı, pasport qeydiyyatına düşdüyü vaxtda) iddia tələbi cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Bu baxımından, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Bundan əlavə,, iddiaçının həmin evə köçüb yaşadığı vaxt (2005-ci ilin sentyabr ayında köçüb yaşamış) və həmin mənzilə daimi pasport qeydiyyatına düşdüyü vaxt (həmin tarixdə dövlət qeydiyyatına düşmüşdür) həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında onun keçmiş qaynatasına (cavabdehin atasına) məxsus olmuş, daha sonra həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında keçmiş qaynanasına (cavabdehin anasına), hazırda isə keçmiş qaynına məxsus olmuşdur. İddiaçı həmin şəxslərə münasibətdə onların ailə üzvləri hesab edilmədiyindən, onun həmin evə dair istifadə hüququ yaranmamışdır. Həmçinin, hazırki iş üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilmədiyindən və tərəflərin birgə nikahdan olan övladları müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının himayəsində və yanında saxlanıldığından iddia tələbi bu hissədə də təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş edir.
9. Apellyasiya şikayətində göstərir ki, məhkəmə diqqət yetirməmişdir ki, iddiaçı mübahisəli yaşayış evinə 2005-ci il tarixdə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə aldırmış cavabdehlərin mülkiyyətində olmuşdur. İddiaçı 16 il həmin evdə yaşamaqla cavabdehlərlə etibarlı ailə münasibətlərində olmuşdur. Hətta iddiaçının əri vərəsədir və anasının vəfatından sonra mirası faktiki qəbul etmiş, mübahisəyə görə hüquqlarını rəsmiləşdirməsə belə, qanunla məcburi pay hüququ saxlanılmışdır. İddia tələbi iddiaçının evə köçürülməsi barədədir. Mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçı evin əvvəlki mülkiyyətçiləri ilə etibarlı ailə münasibətlərində olmuş, 16 il onlarla bərabər həmin mənzildə yaşamış, birgə təsərrüfat aparmış, bundan sonra isə ev qaynının mülkiyyətinə keçmişdir. Hətta məhkəmənin istinad etdiyi qanunvericilik baxımından yanaşsa belə, bu hal yenə də iddianın təmin edilməməsinə əsas vermir. Ona görə ki, işin hallarından görünür ki, iddiaçının keçmiş ərinin də həmin əmlakda payı mövcuddur. Evin ilk mülkiyyətçisi öldüyündən onun vərəsəsi olan Cavabdeh da həmin mirasda payı olmuş olur. Bundan əlavə, iddiaçı 2005-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, yuxarıda qeyd edilən kimi mənzili həmin dövrdə dəfələrlə təmir edilmiş, o, da işləyib, qazancını ailəsinə xərcləmişdir. Övladları orada doğulub. Bu qədər müddət ərzində o evdə, yoldaşının ataanası ilə birlikdə yaşamış, onlara qulluq göstərmişdir. Həmin mənzildən istifadə etmək, öz övladları ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. İddiaçıya məxsus olan bütün əmlakları həmin mənzildə yerləşir. Mübahisəli mənzildə hazırda cavabdeh yaşayır və onun tərəfindən istifadə olunur. İddiaçının isə mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. İddiaçının hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Həmin mənzildən övladları ilə birlikdə çıxarıldıqda konkret olaraq harada yaşayacaqları məlum deyil.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
11. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1-228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
14. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Həmin qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Beləliklə, bu Qərarda müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları özüözlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki,...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar iddianın təmin edilən hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
25. Mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ilədək yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli və mübahisə də Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir.
26. Belə ki, iddiaçının köçmək istədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədiyar Səfərov küçəsindəki 6 nömrəli evin 30 nömrəli mənziə mülkiyyət hüququ ilk dəfə mərhum keçmiş qaynatası X1 adına xx.xx.2005-ci il tarixdə, sonra mərhum keçmiş qaynatası X2 adına xx.xx.2017-ci il tarixdə, daha sonra isə keçmiş qaynı X7 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə iddiaçının yaxud onunla rəsmi nikahda olmuş cavabdehin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Təbii ki, iddiaçının şikayətində göstərdiyi dəlillər onun əsaslı olduğuna dəlalət etmir. Çünki, iddiaçı həmin mənzilə köçdüyü vaxt mənzil mərhum keçmiş qaynatasının mülkiyyətində idi. Onların arasında isə etibarlı ailə münasibətləri olmadığından iddiaçının həmin mənzildən istifadə hüququ bu əsasla yarana bilməzdi. Bunun üçün iddiaçı keçmiş qaynatası arasında mənzildən istifadə ilə bağlı yazılı razılaşma olmalı və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi.
27. İddiaçının mübahisəli mənzilə dair mənzilin əvvəlki və hazırki mülkiyyətçiləri ilə hansısa müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona və keçmiş əri olan cavabdehə məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşamış yaxud qeydiyyatda olsa belə, bu hallar iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir.
28. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddiaçının əvvəllər keçmiş qaynatasının və qaynanasının, hazırda isə qaynının mülkiyyətində olan mənzildə yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Belə ki, iddiaçının qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş qaynının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi keçmiş ərinin deyil, keçmiş qaynının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti, mahiyyət etibarı ilə düzgün olmuşdur. 29.Təbii ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan istər iddiaçı, istərsə də cavabdeh yetkinlik yaşına çatmayan uşağını özlərinin yaşadığı evə köçürmək ixtiyarına malikdir. Bu mənada hazırki iddianın təmin olunmasından yaxud olunmamasından asılı olmayaraq tərəflərin övladları olan yetkinlik yaşına çatmayan şəxslər valideynlərinin yaşadıqları evdən istifadə etmək səlahiyyəti mövcuddur və bu onlara qadağan edilə bilməz.
30. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2775/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2775/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.