Məhkəmə qərarları › İş №2(103)-1204/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1204/2025

11.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1204/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “əmək müqaviləsinə xitam verilməsi və vəzifədən azad edilmə barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" xitam verilməsi öhdəliyin cavabdehlərin üzərinə qoyulması, həmçinin iddiaçının həmin MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi qərarının verilməsi öhdəliyinin MMC-nin təsisçisi olan Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, MMC-nin təsisçisi Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarı ilə MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmişdir. Bununla bağlı olaraq onların arasında xx.xx.2023-cü il tarixdə “Əmək müqaviləsi” bağlamış və həmin gündən iddiaçı işə başlamışdır. İddiaçı xx.xx.2023cü il tarixində MMC-nin təsisçisi Cavabdeh1 ərizə ilə müraciət edərək onu vəzifədən azad etməsini xahiş etmişdir. Lakin, təsisçi bunu etməmiş və bununla bağlı əmr və yaxud təsisçi qərarı verməmişdir. İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq, ona məlum olmayan səbəbdən cavabdehlər onu işdən azad etmirlər. İddiaçı, danışıqlar yolu ilə məsələni həll etmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlər mediasiya prosesində iştirak etməmişlər. İddiaçının işdən azad edilməsinə dair təsisçinin qərarının Dövlət Vergi Xidmətinə təqdim edilməsi zərurəti yaranmışdır. İşdən azad edilməsi üçün xx.xx.2023-cü il tarixində yazdığı ərizə nəzərə alınaraq, demək olar ki, iddiaçı artıq MMC-nin direktoru vəzifəsində işləmir. Buna baxmayaraq, təsisçi əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq müvafiq qərarı vermir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" xitam verilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulmasını, iddiaçının MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi tərəfindən qərar verilməsi vəzifəsinin MMC-nin təsisçisi Cavabdeh1 üzərinə qoyulmasını qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı MMC-də Direktor vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı daha sonra MMC-yə ərizə ilə müraciət edərək, vəzifəsindən azad olunmasına dair əmr verilməsini xahiş etmiş, lakin MMC iddiaçının əmək hüquqlarını kobud şəkildə pozaraq, əmrin verilməsindən imtina etmiş, hazırki vaxtadək elektron portalda xx.xx.2023-cü il tarixli əmək müqaviləsi qüvvədədir. Əmək qanunverciliyinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" xitam verilməsi öhdəliyin hər iki cavabdehlərin üzərinə qoyulmasını xahiş etsə də, bu kimi öhdəlik yalnız cavabdeh MMC-nin üzərinə qoyula bilər. Bu kimi öhdəlik Cavabdeh1 üzərinə qoyula bilməz. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş, işə birtərəfli baxılmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, işdən çıxmaq istəyən iddiaçı, MMC-yə məxsus əmlaklar barədə sərəncam verib-verməməsi barədə MMC-yə məlumat vermədiyindən, MMC, iddiaçının ona maddi zərər vurub-vurmamasından məlumatsızdır. Cavabdeh1 vəkili (nümayəndəsi) bu barədə Rayon Məhkəməsinə məlumat versə də, Rayon Məhkəməsi bu xüsusatı araşdırmamış, vəkilin (nümayəndənin) izahatını məhkəmə iclas protokolunda natamam əks etdirmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. Cavabdeh1 və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışının sonuncu iclasında iştirak etməmişlər. Vəkili (nümayəndə) Vəkil2 ərizə ilə Məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

9. Cavabdeh MMC apellyasiya baxışı iclaslarının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) hazırkı apellyasiya baxışının hədləri barədə məlumat

12. Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

13. İddia tələbinin bir qismi cavabdeh MMC-yə münasibətdə təmin edilsə də, MMC, qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamədən apellyasiya şikayətini yalnız Cavabdeh1 vermişdir. O, qətnamənin tam ləğv edilməsini və iddianın tam ləğv edilməsini xahiş etmişdir.

14. Bunu, Cavabdeh1 cavabdeh MMC-nin təsisçi olmasını, mübahisənin predmeti bölünməz olmasını nəzərə alaraq Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslılığını MPM-in 372.6-ci maddəsinə əsasən tam yoxlamışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli qərarı ilə MMC-nin direktoru (hazırkı iş üzrə tərəf olmayan) X3 tutduğu vəzifəsindən azad edilmiş, MMC-nin qanuni təmsilçilik funksiyasına malik olan direktor vəzifəsinə iddiaçı təyin edilmişdir.

17. İddiaçı ilə cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli "xxxx" görünür ki, iddiaçı, MMC-nin direktoru vəzifəsinə işə qəbul edilmişdir.

18. Bakı 8 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də, cavabdehlər iştirak etməmişlər.

19. "xxxx" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçı cavabdeh MMC-də direktor vəzifəsində çalışır.

20. İşdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan, habelə cavabdeh MMC-nin təsisçisi olan Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı, xx.xx.2023-cü il tarixində MMC-nin təsisçisi Cavabdeh1 ərizə ilə müraciət edərək onun tutduğu vəzifədən azad etməsini xahiş etsə də, onun müraciəti cavabdehlər tərəfindən müsbət həll edilməmişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır (maddə 2.). Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (maddə 49.). Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir (maddə 12.; bənd “k”.). Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir (maddə 68.: hissə 2.; bənd “a”.). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir (maddə 69.).

22. Əmək qanunverciliyindən göründüyü kimi, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

23. Cavabdeh MMC-nin təsisçisi olan Cavabdeh1 iddiaçının “işdən azad edilməsi barədə” müraciətinin təmin edilməməsini onunla izah edir ki, işdən çıxmaq istəyən iddiaçı, MMC-yə məxsus əmlaklar barədə sərəncam verib-verməməsi barədə MMC-yə məlumat vermədiyindən, MMC, iddiaçının ona maddi zərər vurub-vurmamasından məlumatsızdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

24. Bununla bağlı Məhkəmə bildirir ki, Cavabdeh1 qeyd etdiyi hal iddiaçının “işdən azad edilməsi barədə” müraciətinin təmin edilməməsi üçün əsas ola bilməz. Çünki əgər MMC-nin direktoru olan iddiaçı tərəfindən MMC-yə maddi zərər vurulubsa, onda, iddiaçı tutduğu vəzifədən Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin müvafiq maddələri ilə işdən azad edilməli, MMC tərəfindən ona qarşı müvafiq iddia irəli sürülməlidir. Yox əgər hazırda bu kimi hal aşkar deyilsə, onda, MMC, müvafiq audit yoxlaması təşkil etməli və bundan sonra iddiaçıya qarşı müvafiq iddia irəli sürülməlidir.

25. Göründüyü kimi, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

26. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi Cavabdeh1 vəkilin (nümayəndəsinin) izahatını məhkəmə iclas protokolunda natamam əks etdirmişdir.

27. Məhkəmə apellyasiya şikayətinin bu dəlili də əsassız hesab edir. Çünki iş materiallarından görünür ki, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda iddianın əsassız olmasını, işdən çıxmaq istəyən iddiaçının, MMC-yə məxsus əmlaklar barədə sərəncam verib-verməməsi barədə MMC-yə məlumat vermədiyini, bu səbəbdən də MMC-nin iddiaçının ona maddi zərər vurub-vurmamasından məlumatsız olmasını bildirmiş, onun bu izahatı kifayət qədər ətraflı qaydada məhkəmə baxışı iclasının protokolunda öz əksini tapmışdır (bax: iş v. 146).

28. Cavabdeh1 apellyasiya şikayətində daha sonra qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş, işə birtərəfli baxılmaqla maddi və prosessual hüquq normalarının pozmuşdur.

29. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə iş materiallarına əsasən bildirir ki, Rayon Məhkəməsi ona təqdim edilmiş sübutları araşdırmış, sübutlara ayrıayrılıqda və birlikdə hüquqi qiymət vermiş, iş üzrə qətnamə qəbul edərkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

30. Buna görə də, qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi

31. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Məhkəmə həmçinin bildirir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

34. İddiaçı və cavabdeh MMC tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, onlar hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

35. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar