Məhkəmə qərarları › İş №2(103)-1205/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1205/2020

27.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1205/2020 27.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi Kənan Hüseyn oğlu Hüseynovun katibliyi, İddiaçı Bank xxxx ASC-nin nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evinin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank «xxxx» ASC-nin «Neftçilər» filialı ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli SMN-00004-17/14 A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 60000 manat məbləğində aylıq qaytarmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı olaraq X10 və Cavabdeh xx.xx.2014-cü il tarixdə Bank «xxxx» ASC-nin «Neftçilər» filialı ilə SMMG- 00004-17/14 A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evini ipotekaya qoymuşlar. X6 xx.xx.2014-cü il tarixdə Bank «xxxx» ASC-nin «Neftçilər» filialı ilə SMNZ-00004-17/14A saylı zaminlik müqaviləsi bağlayaraq X1 müqaviləsi üzrə yaranmış öhdəliyin icra olunması ilə bağlı olaraq öhdəlik götürmüşdür. X4 müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürdüyünə və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı Bank «xxxx» ASC Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət edərək cavabdeh X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, SMN-00004-17/1A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə olan 52.956,73 manat əsas borc, 5768,54 manat faiz borcu, 34473,73 manat dəbbə pulu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ümumilikdə 93.199 manat və 30.40 manat məbləğin cavabdehlər X10 və X2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, cavabdehlər ilə bağlanan xx.xx.2014-cü il tarixli SMMG-00004-17/14 A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması və mənzilin başaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. «X3 Mərkəzi» MMC-nin xx.xx.2019-cu il tarixli Y-11 nömrəli «Hərracın nəticəsi haqqında yekun» protokoluna əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evi Bank «xxxx» ASC-nin balansına keçmişdir. Hərracın yekunları üzrə Bank «xxxx» ASC ilə «X3 Mərkəzi» MMC xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evi hal-hazırda Bank «xxxx» ASC-nin mülkiyyətindədir. Cavabdeh isə həmin mənzili boşaltmaqdan imtina edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evinin boşaldılaraq Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, məhkəmə xərci kimi ödənilmiş 20(iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Cavabdeh məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bank xxxx ASC-nin nümayəndəsi X11 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasınıxahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Bank «xxxx» ASC-nin «Neftçilər» filialı ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli SMN-00004-17/14 A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 60000 manat məbləğində, aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı olaraq X10 və Cavabdeh xx.xx.2014-cü il tarixdə Bank «xxxx» ASC-nin «Neftçilər» filialı ilə SMMG-00004-17/14 A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evini ipotekaya qoymuşlar. X6 xx.xx.2014-cü il tarixdə Bank «xxxx» ASC-nin «Neftçilər» filialı ilə SMNZ-00004-17/14A saylı zaminlik müqaviləsi bağlayaraq X1 müqaviləsinə zamin durmuşdur. İş materiallarında olan «X3 Mərkəzi» MMC-nin xx.xx.2019-cu il tarixli Y-11 nömrəli «Hərracın nəticəsi haqqında yekun» protokola əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evi Bank «xxxx» ASC-nin balansına keçmişdir. İş materiallarına əlavə edilmiş Hərracın yekunları üzrə müqaviləyə əsasən Bank «xxxx» ASC ilə «X3 Mərkəzi» MMC arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Bank «xxxx» ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 8978 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi hərracın yekunları üzrə müqaviləyə əsasən Bank «xxxx» ASC ilə «X3 Mərkəzi» MMC arasında xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evi iddiaçı Bank «xxxx» ASCnin xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X12 Azadlıqların müdafiəsi haqqında X5 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (xx xxxx 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özündən asılı olmayan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən məhrum olunduğundan Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evi boşaldılaraq Bank «xxxx» ASC-nə təhvil verilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar