Məhkəmə qərarları › İş №2(103)-1205/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1205/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1205/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh Nəsirova (Xəlilova) Vüsalə Ağabəy qızı və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Nəsirova (Xəlilova) Vüsalə Ağabəy qızına qarşı “mənzildən və həyətyanı sahədən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-262/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Nəsirova (Xəlilova) Vüsalə Ağabəy qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh qardaşı oğlu X6 ilə qaçaraq ailə qurmuş, 5 il müddət keçdikdən sonra onların nikahı dövlət qeydiyyatına alınmışdır. Əvvəllər müəyyən yerlərdə yaşamışlar. Göstərilən evdə onun anası yaşadığı zaman onlar mənzilə girərək qanunsuz, yəni heç bir qeydiyyatları olmadan həmin ünvanda yaşamağa başlamışlar. Sonradan onların ailə münasibətləri pisləşmiş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdehin mənzildən çıxarılması üçün qəsəbə nümayəndəliyinə, inzibati ərazi üzrə polis orqanına müraciət etmiş, lakin məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona məxsus olan həmin evdən sərbəst qaydada istifadə edə bilmir, bu isə onun mülkiyyət hüququnun pozulması deməkdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 262/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzilindən çıxarılması, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 133,79 manatın cavabdeh X2 tutulub dövlət büdcəsinə keçirilməsi, ekspertiza xərci olan 100 manatın cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili iş materiallarına və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayəti müdafiə edib, onun təmin olunmasını xahiş etdilər. Cavabdeh qeyd etdi ki, 2007-ci ildə ailə qurmuş, həmin evə gəlin gəlmişdir, 2008-ci ildə uşağı doğulmuşdur. Əlavə otağı özləri tikmiş və sonradan da böyütmüşlər. Cavabdehin vəkili qeyd etdi ki, cavabdeh 2007-ci ildə iddiaçının mərhum anası X1 razılığı ilə ailə üzvü kimi sonuncuya məxsus mənzilə köçmüş, bununla da həmin vaxtdan mənzildən istifadə hüququ yaranmışdır. Həmin vaxt cavabdehin istifadəsinə hazırki iş üzrə mütəxəssis tərəfindən tərtib olunmuş sxemdə sahəsi 23 kv.m göstərilmiş 2 nömrəli otaq verilmişdir. Sonradan cavabdeh və əri köçdüyü otağa bitişik zibilliyi təmizləyərək, əlavə bir otaq da tikmişlər və həmin otaq iddiaçının mülkiyyətində deyil, sxemdə sahəsi 27 kv.m göstərilmiş 1 saylı otaqdır. Ona görə də hesab edir ki, birinci otağa münasibətdə cavabdehin istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər, digər otaq isə iddiaçının hüquqları ilə əhatə olunmadığından, sonuncu cavabdehin həmin otaqdan çıxarılmasını tələb edə bilməz, yəni iddiaçının bunun üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdeh təxminən 2008-ci ildə mübahisəli evə köçmüşdür, cavabdehin yaşadığı ev onun ata-baba evi olmuşdur. Əlavə otaq isə özləri tərəfindən tikilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı ev X3 tərəfindən İddiaçı bağışlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı Çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı ev (daşınmaz əmlakın ümumi sahəsi 231.1 kv.m, torpaq sahəsinin ölçüsü 0.0387 ha) İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı evin hüquq subyekti İddiaçıdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmişdir. Təqdim edilmiş sxem və baza məlumatlarına əsasən İddiaçı (reyestr nömrəsi **********49, sahəsi 0.0387 hektar çıxarışa əsasən) mülkiyyətində olan ünvan 1 ünvanda tikili var, kimə məxsus olması barədə elektron kadastr bazasında məlumat yoxdur. Tikili daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir, yəni İddiaçı adına reyestr nömrəsi **********49, sahəsi 0.0387 hektar olan çıxarışdan kənarda yerləşir. İddiaçı faktiki göstərdiyi mövcud tikili ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlak və ya torpaq sahəsi üst-üstə düşmür. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 25386 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına (reyestr nömrəsi **********4910301) texniki pasportun məlumatları ilə tikililərin faktiki vəziyyəti müqayisə olunduğu zaman müəyyən edilmişdir ki, texniki pasportun məlumatlarında göstərilən “C” literli yaşayış evindən cavabdeh X8 istifadə edir. X4 istifadə etdiyi tikili daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********4910301) qeydiyyatdan keçmiş və həmin (mübahisəli “C” tikilisi daxil olmaqla ) tikiliyə dair İddiaçı adına RX seriya ******* saylı çıxarış verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmişdir. Təqdim edilmiş sxem və baza məlumatlarına əsasən İddiaçı (reyestr nömrəsi **********49 olan çıxarış və texniki pasporta əsasən) mülkiyyətində olan ünvan 1 ünvanda olan torpaq sahəsində X8 tərəfindən istifadə edilən tikili var. Cavabdeh X4 istifadə etdiyi tikili (otaqlardan rəyə əlavə edilmiş sxemdə 2 nömrə ilə qeyd edilən sahəsi 21.3 kv.m olan otaq) daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına qeydiyyatdan keçmişdir. İddiaçı faktiki göstərdiyi və cavabdeh X4 istifadə etdiyi otaqlardan sahəsi 23 kv.m olan otaq ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlak və ya torpaq sahəsi ilə üst-üstə düşür. xx xxxx 2019-cu il tarixli rəyin verilməsi ilə əlaqədar ilkin baxış zamanı evin qapısı bağlı olduğu üçün tikililərin ölçüləri götürülməmiş, həyət çöldən ölçülmüşdür. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli daşınmaz əmlakda yaşaması iddiaçının əmlakdan mülkiyyət hüququna malik olan şəxs kimi hüquqlarını pozduğundan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzil cavabdeh tərəfindən boşaldılmalıdır. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mütəxəssis rəyindən aydın olur ki, hazırda cavabdehin istifadəsində faktiki olaraq sahələri 27 kv.m və 23 kv.m olmaqla iki otaq var. Cavabdehin istifadə etdiyi sahəsi 23 kv.m olan otaq daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına qeydiyyatdan keçmişdir, yəni, iddiaçının faktiki göstərdiyi və cavabdehin istifadə etdiyi otaqlardan sahəsi 23 kv.m olan otaq RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlak və ya torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı hazırda həmin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzildən (cavabdehin istifadəsində olan 23 kv.m) cavabdehin çıxarılmasını tələb edir ki, məhkəmə də iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh 2007-2008-ci ildə mübahisəli “C” tikilisinə (hazırda istifadə etdiyi sahəsi 23 kv.m olan otağa) gəlin köçmüşdür. Həmin vaxt evin icarədarı mərhum X3 olmuş və cavabdeh onun razılığı ilə mənzilə köçmüşdür. Mülki Məcəllənin 11-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Cavabdeh mübahisəli mənzilə 2007-2008-ci ildə köçdüyündən hazırki mübahisəyə qanunun analogiyasına əsasən köhnə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, qanunun tələbinə görə, icarədar (mülkiyyətçi) ilə bərabər hüquqlara malik olmaq üçün yaşayış sahəsinin istifadəçisi ya icarədərın (mülkiyyətçinin) ailə üzvü olmalı, ya da onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparmalıdır. Cavabdeh həmin evə gəlin köçməklə icarədar mərhum M.Xəlilova ilə yaşamış, müvafiq olaraq da ümumi təsərrüfat aparmışdır. Ona görə də cavabdehin mərhum M.Xəlilovanın ailə üzvü kimi istifadə hüququ yaranmışdır. Lakin mübahisəli mənzil 2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Mülkiyyətçinin dəyişməsi ilə yeni münasibətlər yaranmışdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. … Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.” Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhdən belə aydın olur ki, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra mülkiyyət hüququnu əldə etmiş şəxslə (mülkiyyətçi ilə) həmin mənzildə yaşayan (yaşamaqda davam edən) şəxslər arasında yeni münasibətlər yaranır, yəni onların arasındakı hüquq və vəzifələrin həcmi dəyişir. Həmin münasəbətlərdən irəli gələn mübahisələrdə isə tətbiq edilən norma mənzilə istifadə hüququnun yarandığı vaxt yox, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı vaxt qüvvədə olan norma olmalıdır. Hazırki işdə mübahisəli yaşayış evi iddiaçının adıma xx.xx.2018-ci ildə qeydə alınmış və həmin qeydəalmadan sonra cavabdehlə iddiaçı arasında yeni mənzil münasibətləri yaranmışdır ki, bu münasibətlər də artıq qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə, qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ogey oğul və qızlarını nəzərdə tutmuşdur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarı). Məlum olduğu kimi, cavabdeh iddiaçının qardaşının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ da qalmamışdır. Beləliklə, aydın şəkildə müəyyən olunur ki, mənzil iddiaçının adına qeydə alındıqdan sonra cavabdeh həmin mənzildən istifadə hüququnu itirmişdir, bu səbəbdən də cavabdeh kompensasiya verilmədən mənzildən çıxarılmalıdır. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya cavabdeh və vəkilinin «digər otaqla» bağlı dəlillərinə münasibətdə qeyd edir ki, mütəxəssis rəyindən aydın olduğu kimi cavabdehin istifadəsində faktiki olaraq sahələri 27 kv.m və 23 kv.m olmaqla iki otaq var, bu otaqlardan biri (23 kv.m) iddiaçının mülkiyyətində olan torpaqda (C tikilisi), digər otaq (27 kv.m) isə iddiaçının mülkiyyətindəki torpaq sahəsindən kənarda yerləşir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının tələbi cavabdehin ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmasından ibarətdir. Başqa sözlə, iddiaçı cavabdehin mülkiyyətindəki yaşayış evindən çıxarılmasını tələb etmiş, məhkəmə də həmin tələbi təmin etmişdir. Yəni, «cavabdehin çıxarılması» dedikdə, cavabdehin yalnız iddiaçının mülkiyyətində olan yaşayış evindən çıxarılmasından söhbət gedir, sahəsi 27 kv.m olan otaq isə iddiaçının mülkiyyətinə aid deyil. Beləliklə, cavabdehn sahəsi 27 kv.m olan otaqdan çıxarılması barədə iddia tələbi mövcud olmadığından, bununla bağlı hər hansı qətnamə çıxarılmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar