Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12074/2019 05.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı X3 və onun vəkili X4 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxxxx» ASC cəlb edilməklə) qarşı“borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-447/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxxxx» ASC cəlb edilməklə) qarşı“borcun tutulması” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən kredit müqaviləsi ilə bankdan götürüb verdiyi 4500 manat pulun və onun əmək haqqından çıxarılan 4300 manatın Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, 12802 manat məbləğində pul və 5000 manat məbləğində mənəvi zərər cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. İddiaçı X7 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, vurduqları maddi ziyana görə 11691,40 manat və mənəvi zərərə görə 5000 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-447/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə əsasən iddia qismən təmin edilmiş,Cavabdeh2 kredit müqaviləsi üzrə 4362 manat və kredit xətti müqaviləsi üzrə 1500 manat, cəmi 5862 manat tutularaq iddiaçı X6 ödənilməsi,qalan hissədə iddianın təmin edilməməsi,ekspertiza tədqiqatının dəyəri olan 120 manat pul vəsaitin cavabdeh X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Göstərilən qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim etmə ardıcıllığını pozaraq onun iştirakını qərazli şəkildə təmin etməmiş və cavabdehin xeyrinə açıq aşkar qətnamə qəbul etmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı hakim prosessual qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələrinin izah edilməsinə və hüquqlarını qanunvericiliyin tələblərinə uyğun olaraq müdafiə olunmasına şərait yaratmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 və onun vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların və nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddia tələbinin təmin edilməmiş hissəsində iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Belə ki, digər tərəflər apellyasiya şikayətləri vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, digər tərəflərin şikayətləri olmadığı halda, qətnamənin tam yoxlanılması onların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, «xxxxxxxxxxxx» ASC-nin Bakıxanov filialı ilə X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 121GTKR161620003 saylı kredit müqaviləsi ilə sonuncuya bank tərəfindən illik 31% ödənilməklə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir.«xxxxxxxxxxxx» ASC-nin Bakıxanov filialı ilə X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, **********01944121 saylı “Birkart” bank məhsulu, kredit və digər bank xidmətlərinə dair müqavilə ilə kredit xətti üzrə illik 31% ödəməklə 1500 manat məbləğində bərpaolunan kredit xətti ayrılır və kredit xəttindən ilkin olaraq müştəri tərəfindən istifadə edilə biləcək məbləğ bank tərəfindən 1500 manat müəyyən olunur.xx.xx.2017-ci il tarixli 105RGTK173380001 saylı kredit müqaviləsi ilə 3000 manat kredit məbləği və 1500 manat kredit xətti üzrə borc gecikmələri olduğu üçün xx.xx.2017-ci il tarixdə ləğv edilmiş, hər iki müqavilə üzrə qalıq borc birləşdirilərək, yeni xx.xx.2017-ci il tarixli, 3762,69 manat məbləğində yeni müqavilə bağlanmışdır.«xxxxxxxxxxxx» ASC Bakıxanov filialı tərəfindən bankın xx.xx.2016-cı il tarixli 121GTKR161620003 müqavilə üzrə X7 adına rəsmiləşdirilmiş 3000 manat məbləğində kredit və xx.xx.2016-cı il tarixli **********01944121 saylı müqavilə üzrə 1500 manat məbləğində kredit xətti üzrə borc gecikmələr olduğu üçün xx.xx.2017-ci il tarixli 3762,69 manat məbləğində 105RGTK173380001 saylı kredit müqaviləsi rəsmiləşdirilmişdir. Bakı şəhəri Səbail RPİ-nin İş-nin müstəntiqinin xx xxxx 2017-ci il tarixli qərarı ilə X3 müraciəti əsasında toplanmış material üzrə cinayət cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir.Həmin qərardan görünür ki, təhqiqiat zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, Elnarə Qasımova onun bacısı Səbinə ilə bir məktəbdə müəllimə işləmiş və münasibətləri yaxşı olmuşdur. 2016-cı ilin iyun ayında ona müalicəsi üçün borca pul lazım olduğundan və Elnarə bunu bildiyindən, ona təklif etmişdir ki, bankdan öz adına kredit götürüb ona verə bilər. Bundan sonra o, Elnarə ilə birlikdə “xxxxxxxxxxxx”ın Bakıxanov filialına getmişlər. Bankdan Elnarə 3000 manat kredit götürərək ona 2300 manat nağd şəkildə, 1000 manat isə “xxxxxxxxxxxx” kartında ona vermişdir. O, Elnarəyə bildirmişdir ki, pulu hər ay faizləri ilə birlikdə banka ödəyəcəkdir. O və bacısı ümumilikdə Elnarəyə 400 manat pul vermişlər. Sonra isə Elnarə polisə şikayət etdiyi üçün başları qarışdığından pulu ödəməmişlər. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli, 11065 saylı rəyinə əsasən , rəyin tədqiqat hissəsində göstərdiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatından və xx xxxx 2016-cı il tarixli, 121GTKR161620003 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X3 bir il müddətinə, yəni xx.xx.2017ci il tarixə olan borcu 2429.84 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 2354.73 manat, faiz borcu üzrə 75.11 manat. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin mübahisəsiz hallarından görünür ki, X7 bankdan 4500 manat məbləğində pul vəsaiti alaraq Cavabdeh2 vermişdir. Kollegiya qeyd edir ki, məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuş məktubdan görünür ki, X7 adına Bakıxanov filialında xx.xx.2016-cı il tarixində rəsmiləşdirilmiş 121GTKR161620003 №-li nağd kredit müqaviləsi üzrə və **********01944121 №-li kredit xətti müqaviləsi üzrə müştərinin əmək haqqı kartından müvafiq olaraq 2404.93 manat və 1679.19 manat məbləğdə vəsait tutulmuşdur. xx.xx.2017-ci il tarixində Səbail filialında mövcud olan 121GTKR161620003 №-li və **********01944121 №-li müqavilələr ləğv edilib birləşdirilərək 105RGTK173380001 №-li yeni nağd kredit müqaviləsi rəsmiləşdirilmişdir. Qeyd olunan müqavilə üzrə isə müştərinin əmək haqqı kartından 2719.59 manat tutulmuşdur. Həmçinin xx.xx.2018-ci il tarixində ödəniş terminalı vasitəsilə 162 manat kredit ödənişi və xx.xx.2019-cu il tarixində müştəri tərəfindən 2300.96 məbləğində kreditin tam ödənişi olmuşdur. Hal-hazırda qeyd olunan müqavilələr üzrə borc tam bağlanıb və müştərinin bu müqavilələr üzrə heç bir öhdəliyi mövcud deyil. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı təfindən “xxxxxxxxxxx” ASC-yə ödənilmiş cəmi məbləğ 9266,67 manat cavabdehdən Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi digər cavabdehə münasibətdə iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-447/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh2 iddiaçı X3 xeyrinə ödənilməli olan borc 9266,67 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-447/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi iddiaçı X6 münasibətdə dəyişdirilsin. Cavabdeh1 iddiaçı X3 xeyrinə ödənilməli olan borc 9266,67 manat məbləğində müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-12074/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12074/2019
05.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver