Məhkəmə qərarları › İş №2(103)-1209/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1209/2023

28.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1209/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək mübahisələri, işə bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4516/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra, iddiaçı) ilə Cavabdeh (bundan sonra, cavabdeh) arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanılmış, müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək (03 ay müddətinə) müəyyən olunmuşdur.

2. “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” 29 aprel 2022-ci il tarixli Razılaşmaya əsasən - tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddəti 01 ay müəyyən olunmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi bağlanmışdır.

3. 14 iyun 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” bildirişdən görünür ki, iddiaçı ilə bağlanmış 57 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləcəkdir.

4. ******* nömrəli, xx.xx.2022-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən – xx.xx.2022-ci tarixədək xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli əmrindən, eləcə də iddiaçıya məxsus əmək müqaviləsindən görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin qurtarması) xitam verilmişdir.

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 sentyabr 2022-ci il tarixli arayışa əsasən - iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil əmək mübahisəsinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehin nümayəndəsi iştirak etməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 28 iyul 2022-ci il tarixli, 257 saylı əmrinin ləğv edilməsi, onun Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X9 “Xəstə xidmətləri üzrə Şöbə müdiri” vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 600 manat məbləğində pul, mediasiya üçün ödənilən 50 manat məbləğində pul, cəmi 650 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdehndə“Xəstə xidmətləri üzrə Şöbə müdiri” vəzifəsində çalışmağa başlamışdır. Qeyd olunan müddətli əmək müqaviləsinin bitmə müddəti xx.xx.2022-ci il olaraq nəzərdə tutulmuşdur. Cavabdeh tərəf qarşı tərəfə xx.xx.2022-ci il tarixində bildiriş göndərərək izah etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndini rəhbər tutularaq, müvafiq olaraq xx.xx.2022-ci il tarixində qeyd olunmuş müqaviləyə xitam veriləcəkdir. Sonradan əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 257 nömrəli əmr qəbul edilmişdir. Əmrin surəti iddiaçıya verilməmiş, yalnız əmək kitabçası qaytarılmışdır. Bununla bağlı tərəfindən cavabdehə sorğu ünvanlansa da, münasibət bildirilməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçının oğlu X4 da həmin müəssisədə, direktor köməkçisi vəzifəsində çalışmış, cavabdeh X15 rəhbərliyində yeni təyinatlar olduqdan sonra iddiaçının oğlu X2 qurumdakı əmək fəaliyyətinə xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Əsaslanmış maddəyə görə belə anlaşılır ki, X2 öz xahişi əsasında müqaviləyə xitam verilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, müqavilənin xitamında X2 heç bir iradə ifadəsi olmamış, müqaviləyə əslində cavabdeh tərəfindən şəxsi münaqişə zəminində xitam verilmişdir. Bundan sonra X1 Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət etmiş, X7 Cavabdehn vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Cavabdehin hüquqşünası Rasim Babayev tərəfindən şikayət ərizəsinin geri götürülməsi ilə bağlı dəfələrlə təzyiqə məruz qalmış, iddiaçının oğlu şikayət ərizəsini geri götürmədiyindən, iddiaçı ilə ədavət başlanmış, bunun nəticəsində onunla əmək müqaviləsinin uzadılması barədə yeni müqavilə imzalamamışdır. Nəzərə alsaq ki, iddiaçının X10 əmək fəaliyyətinin daimiliyi qabaqcadan məlum idi, o zaman iddiaçı ilə müddətsiz müqavilə bağlanmalıdır. Dolayısı ilə qeyd olunan situasiyada iddiaçının əmək müqaviləsinə xitamı bunun ədavət nəticəsində yarandığının bariz sübutudur. Qanuna müvafiq qaydada iddiaçı tərəfindən cavabehlə mübahisənin qısa həlli üçün mediasiya sessiyası təklif olunmuş, lakin cavabdeh bu sessiyada iştirak etməkdən imtina etmişdir. İddiaçı daimi xarakterli əmək fəaliyyəti ilə məşğul olduğu bəlli olsa da, onunla müddətsiz müqavilə bağlanmamış, həmçinin mövsümi işçilərin müddətli əmək müqavilələri uzadılsa da, iddiaçının təklifinə rəğmən onun əmək müqaviləsi uzadılmamış, bununla, qurum tərəfindən vicdansız münasibət sərgilənmişdir. Mediasiya prosesinin tətbiqi üçün 50 (əlli) manat xidmət haqqı ödənilmişdir. Bundan başqa hüquqularının müdafiə edilməsi üçün vəkillə bağladığı hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən 600 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır.

9. İddia tələbinə etiraz edən cavabdehin nümayəndəsi bildirmişdir ki, Cavabdehn 257 saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) xitam verilmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə 57 saylı müddətli əmək müqaviləsi bağlanmış, sonradan əmək müqaviləsinə əlavə razılaşma imzalanmışdır. Razılaşma ilə əmək müqaviləsinin 2.1 və 2.3 bəndlərinə dəyişikliklər edilmiş, əmək müqaviləsinin müddəti 1 ay müəyyən edilərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi bağlanmışdır. Cavabdeh tərəfindən iddiaçıya “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli Bildiriş poçt vasitəsilə göndərilmiş, sonuncu bildirişi xx.xx.2022-ci il tarixdə xəbərnaməyə şəxsən imza edərək almışdır. Əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Əksinə, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, iddiaçı onun anasıdır. O, 2020-ci ildən Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X9 mühəndis vəfizəsində çalışmış, direktor dəyişildikdən sonra Əlviz Qasımov vəzifəyə gəlmişdir. Onu ümumi sığorta məsələləri və s. İlə bağlı yanına dəvət etmiş, müəyyən işlərlə bağlı məlumat toplamağını demiş və 3 gün vaxt vermişdir. Ona demişdir ki, ərizə yaz, işdən azad olunursan. Daha sonra anası İddiaçı gəlmiş və ona şikayət ərizəsini geri götürməyini bildirmişdir. Çünki, ona təyziqlər göstərirdilər, 15 gün keçməsinə baxmayaraq son haqq-hesabını ödəməmişdilər. Anasına da işdən ərizə yazdırmışdılar. Bu məsələ ilə bağlı bütün aidiyyəti qurumlara şikayət etmiş, bütün bunlara baxmayaraq şikayətini geri götürməmişdir. Şikayəti əsasında sonradan müəssisə müəyyən məbləğdə cərimə olunmuşdur.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4516/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin olunaraq, Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X11 28 iyul 2022-ci il tarixli, 257 saylı əmrinin ləğv olunması, İddiaçı Cavabdehndə “Xəstə xidmətləri üzrə şöbə müdiri” vəzifəsinə işə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi və iddia tələbin qalan hissədə təmin olunmaması qət olunmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət olunmadan iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış, müddət bitdikdən sonra iddiaçının razılığı olmadan müqavilə müddəti 1 aylıq olmaqla, 2 dəfə uzadılmış, əmək müqaviləsinə xitam verilməsi barədə 28 iyul 2022-ci il tarixli əmr qanunvericiliyin tələbləri pozularaq tərtib olunmuş, iddiaçıya əmr göndərilməmiş, həmçinin iddiaçı mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etdikdən sonra məhkəməyə müraciət etdiyindən iddia müddətini ötürməmişdir. Bu səbəbdən, iddia tələbi qismən təmin olunaraq, müvafiq əmr ləğv olunmuş, iddiaçı işə bərpa olunmuş və məcburi iş buraxmaya görə əmək haqqı hesablanmaqla, iddiaçıya ödənilməsi qət olunmuş və tələbinin məhkəmə xərcləri barədə hissəsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından həmin hissədə tələb təmin olunmamışdır.

13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1-ci, 45.4-cü, 62.5-ci və sair, Mülki Prosessual Məcəllənin 14.2 və sair maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətlərinin dəlilləri

14. İddiaçının apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində (vəkil xərcinin tutulmaması) əsassız olması, vəkilə ödənilmiş məbləğlə bağlı işdə sübut olması, bu hala qiymət verilməməsi, kimi əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mübahisələndirilən əmrin qanuni olması, qanunvericiliyin tələblərinin pozulmaması, iddiaçıya hər hansı təzyiq olunmaması, əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanması, bu halın əmək qanunvericiliyinə uyğun olması, əmək müqaviləsinin vaxtının uzadılmaması barədə iddiaçıya əvvəldən xəbərdarlıq edilməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv olunması və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdikləri izahatına uyğun, eyni məzmunlu izahat vermişdir. Əlavə olaraq, cavabdehlə əmək müqaviləsi bağladığı zamanı müqavilənin müddətli olduğunu, müqaviləni və ona əlavə razılaşmanı şəxsən imzaladığını, əmək müqaviləsinin və ona dəyişiklik barədə razılaşmanın elektron sistemdə qeydə alınmasını, müqavilənin müddətinin bitməsi ilə bağlı ona xitam veriləcəyinə dair bildirişi almasını, müqaviləsinin müddətinin uzadılmamasının səbəbininin oğlu ilə rəhbərlik arasında yaranmış gərginlik olmasını göstərmişdir.

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir.

19. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

22. ƏM-nin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

23. ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

24. ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

25. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi).

26. ƏM-nin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

27. ƏM-nin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyəödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

28. ƏM-nin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

29. ƏM-nin 300-ün 1-ci hissəsi. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.

Apelyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, qətnamə iddanın təmin olunan hissəsində ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalıdır.

41. Qeyd edildiyi kimi, tərəflər arasında ilk dəfə müddətli əmək müqaviləsi bağlanaraq, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək müddəti əhatə etmiş, sonradan əmək müqaviləsi üzrə tərəflərin razılığı ilə 29 aprel 2022-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” Razılaşma bağlanmış, əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən etibarən 01 ay, yəni xx.xx.2022-ci il tarixə kimi müəyyən edilmiş, cavabdeh tərəfindən iddiaçıya bildiriş təqdim olunaraq əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixində başa çatacağı və həmin tarixdən sonra müqavilənin müddətinin uzadılmayacağı, ona xitam veriləcəyi göstərilmişdir.

42. Lakin, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək səhhəti ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirmiş, işdə olmamış, xx.xx.2022-ci il tarixdə işə başlamış, bu səbəbdən də cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) xitam verilmişdir.

43. Baxan birininci instansiya məhkəməsi əmri qanunsuz sayarkən, əmək müqaviləsinin müddətsiz bağlanmalı olmasını, qanunsuz olaraq iddiaçının razılığı olmadan iki dəfə 1 ay uzadılmasını, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin iddiaçıya göndərilməməsini və s. göstərmişdir.

44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında ilk dəfə əmək münasibətləri yaranmış, bu zaman əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanmışdır ki, bu hal da əmək qanunvericiliyinə zidd deyildir (ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsi, 47-ci maddəsinin “f” bəndi)

45. Eyni zamanda, müddətli əmək müqaviləsi sonradan tərəflərin qarşılıqlı razılığı ilə yeni müddət müəyyən edilməklə bağlanmış, bundan sonra müddət eyni müddətə uzadılmış hesab olunmuş (həmin vaxtı tərəflərdən heç biri bir həftə ərzində müqaviləyə xitam verilməsini tələb etməmişdir), müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, qeyd olunan vaxtadək isə cavabdeh iddiaçıya bildiriş ünvanlayaraq müqavilənin müddətinin uzadılmayacağını, ona xitam veriləcəyini göstərmişdir.

46. Lakin, iddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işdə olmamış, xx.xx.2022-ci il tarixdə işə çıxmış, bundan sonra cavabdeh qanunla müəyyən olunmuş (işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş) müddət ərzində əmək müqaviləsinə müvafiq əsasla xitam vermiş, bu barədə xx.xx.2022-ci il tarixlə əmr qəbul etmişdir.

47. Belə ki, ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə əsasən isə işçinin müəyyən üzrlü səbəblərdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

48. Göründüyü kimi, cavabdeh müddətli əmək müqaviləsinə xitam verilməsi istiqamətində qanunvericiliyin tələblərini gözləmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir.

49. İddiaçı tələbinin əsası kimi həmçinin əmək müqaviləsinə ona edilmiş təzyiq nəticəsində xitam verilməsini göstərmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya həmin dəlillə bağlı qeyd edir ki, müddətin bitməsi ilə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin müstəsna hüququ kimi müəyyən olunmuşdur ki, bununla iddiaçının göstərdiyi dəlillər arasında səbəbli əlaqə mövcud deyildir.

51. Yəni, əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı işəgötürən tərəifndən xitam verilməsi işçinin razılığının olub-olmamasından asılı deyildir. Belə olan halda iddiaçıya nəyə görə təzyiq olunmalı olması anlaşılan deyildir (təcrübədə təzyiq hallarına, işçinin iradəsi əleyhinə işdən çıxma barədə ərizə yazmasına məcbur edilmə və s. bu kimi hallarda rast gəlinir).

52. İddiaçı müddətli əmək müqaviləsini təzyiq nəticəsində bağladığını bildirsə də, bu istiqamətdə də məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

53. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı ilk dəfə işə qəbul olunan zamanı müddətli əmək müqaviləsi bağlamış, həmin vaxtı ona hər hansı təzyiq və ya məcburetmə olmasını iddia etməmişdir.

54. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşmanı da iddiaçı imzalamış, lakin bunu oğlunun cavabdeh təşkilatdan etdiyi şikayəti geri götürməməsi nəticəsində ona edilmiş təzyiq nəticəsində olmasını göstərmişdir. Halbuki, iddiaçının əmək müqaviləsi qeyd edilən razılaşmadan əvvəl də müddətli olmuşdur. İddiaçı bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

55. Bununla yanaşı, əgər həmin müqavilə iddiaçının iradəsi əleyhinə, təzyiq nəticəsində bağlanmışdırsa bunun məhz nədə ifadə olunmasını, məcburetmənin hansı formada həyata keçirilməsini əsaslandıra, eyni zamanda nəyə görə həmin əqdi dərhal mübahisələndirməməsini izah edə bilməmişdir. Əksinə işdən görünür ki, razılaşmadan sonra əmək müqaviləsinin müddəti tərəflərin iradəsinə əsasən uzadılmışdır. Yəni, cavabdehin məqsədi iddiaçını dərhal işdən çıxarmağa yönəlmişdirsə, o zaman bunu müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdə həyata keçirə bilərdi.

56. Həmçinin qeyd edilməlidir ki, əvvəllər iddiaçının oğlu ilə cavabdeh arasında müəyyən əmək mübahisəsinin olması halı özü-özlüyündə iddiaçıya təzyiq olunması anlamına gələ bilməz.

57. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, həmçinin mübahisələndirilən əmrin qanunsuzluğunu əsaslandıra və sübut edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

58. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissələrində tam əsassız olmaqla, ümumiyyətlə işin hallarına uyğun əsaslandırılmamışdır. Belə olan halda isə qətnamə həmin hissələrdə ləğv olunmalı, həmin iddia tələbləri rədd olunmalıdır.

59. Məhkəmə kollegiyası iddianın əsassız olması nəticəsində gəldiyindən, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin oluna bilməz.

60. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə də münasibət bildirərək qeyd edir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirməkdə iddia müddətini ötürməmişdir. Bu hal işdə olan sübutlarla müəyyən edilmir. Bu səbəbdən də iddia yuxarıda göstərilənlərə əsasən maddi anlamda əsassız olduğundan rədd edilməlidir.

61. Məhkəmə kollegiyası göstərilənləri, nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, qətnamə iddianın təmin olunan hissələrində ləğv olunmalı, həmin iddia tələbləri rədd olunmalıdır.

62. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, iddia tam rədd olunduğundan, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4516/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissələrində ləğv olunsun, iddia həmin hissələrdə təmin olunmasın. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar