Məhkəmə qərarları › İş №2(103)-12099/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12099/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12099/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Quliyeva Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Quliyeva Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən İddiaçı 26.08.2019-cu il tarixdə verdiyi apelyasiya şikayəti birinci instansiya məhkəməsinin 28.08.2019-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Sonradan qətnamədən İddiaçı nümayəndəsi (vəkili) apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 03.10.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apelyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. 24 sentyabr 2021-ci il tarixdə İddiaçı qətnamədən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, xəstəliyi ilə bağlı vaxtında şikayət verə bilməmişdir və buna görə də apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü hesab olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, qərardad belə əsaslandırılmışdır ki, qətnamə 29.07.2019-cu il tarixdə iddiaçıya təqdim olunmuşdur və o, ötürdüyü müddətin üzrlü hesab edilə bilməsi üçün hər hansı sübut təqdim etməmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət də birinci instansiya məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, Suraxanı Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixdə qəbul etdiyi qətnamə iddiaçının iştirakı ilə elan olunmuş, 29.07.2019-cu il tarixdə İddiaçı qəbzə imza etdirilməklə şəxsən təqdim olunmuş (bax:işin 74-cü səhifəsindəki qəbz), 26.08.2019-cu il tarixdə onun nümayəndəsinin imzaladığı apellyasiya şikayəti birinci instansiya məhkəməsinə daxil olmuş, məhkəmənin 28.08.2019-cu il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməməsi əsası ilə şikayət geri qaytarılmış, həmin nümayəndənin 12.09.2019-cu il tarixdə verdiyi növbəti şikayət isə müddətin ötürülmüş olması səbəbi ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeyri-mümkün hesab olunmuşdur. İddiaçı ərizəsinin məzmunundan göründüyü kimi, o, qətnaməni aldıqdan sonra “Şəkərli diabet” xəstəliyi ilə əlaqədar müayinə və müalicədə olduğunu, tez-tez şəkər komasına girdiyini, ürəyində də problemlər yarandığını, eyni zamanda COVİD-19 xəstəliyi ilə bağlı tətbiq edilən məhdudiyyətlər səbəbindən vaxtında şikayət vermədiyini əsas göstərməklə buraxdığı prosessual müddətin bərpa edilməli olduğunu irəli sürmüş, şikayətini də eyni dəlillərlə əsaslandırmışdır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir; çünkü birincisi, iş materiallarından aydın olur ki, cavabdehin istinad etdiyi şəkərli diabet xəstəliyi qətnamənin çıxarılmasından sonra yaranmamış, iddiaçı 2013-cü ildən Birləşmiş Şəhər Xəstəxanasının endokrinoloji kabinetində “İnsulindən asılı olmayan şəkərli diabet” diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur; digər tərəfdən isə, yuxarıda qeyd olunduğu kimi iddiaçı peşəkar vəkillə təmsil edilmiş, onun adından əvvəlki şikayətləri də məhz həmin vəkil vermişdir. Nümayəndənin (vəkilin) vaxtında şikayət verməməsi isə iddiaçının buraxdığı prosessual müddətin bərpası üçün deyil, yalnız həmin şəxslə özünün arasındakı münasibətlər baxımından əhəmiyyətli ola bilər. Qeyd olunanlara əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməmişdir, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2734/2019 saylı iş üzrə 13 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar