Məhkəmə qərarları › İş №2(103)-12102/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12102/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12102/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2020 saylı, 15.09.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borc və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2020 saylı, 15.09.2020-ci il tarixli qərardadına əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borc və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki iş cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmışdır (sədrlik edən: Fərid Əyyubov). Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə portalı vasitəsilə məhkəməyə şikayət ərizəsi təqdim edərək, Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(004)-52/2020 saylı qərardadının ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2020 saylı, 23.09.2020-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün prosessual müddət ötürüldüyündən, cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən onun icraata qəbulundan imtina edilməli və ərizə geri qaytarılmalı, eyni zamanda cavabdehə hazırkı iddia tələbi ilə bağlı ümumi qaydada ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarından görünür ki, Vəkil cavabdehin nümayəndəsi və vəkili qismində işə qoşulması işə məhkəmədə baxılmağa başlandıqdan sonra olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin nümayəndəsi və vəkilinin işə sonradan qoşulması halı və belə olan təqdirdə qarşılıqlı iddia ərizəsinin daha əvvəl verilməsinin mümkünlüyü məsələsi araşdırılmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə ümumi qaydada ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsə də, prosessual qənaət prinsipinin tələbləri nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi qarşılıqlı iddia ərizəsinin daha əvvəl verilməsi məsələsinin mümkünlüyü prosessual qənaət prinsipinin şərtləri nəzərə alınmaqla araşdırılmalı və müvafiq qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2020 saylı, 15.09.2020-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2020 saylı, 15.09.2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar