Məhkəmə qərarları › İş №2(103)-12105/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12105/2021

29.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12105/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4589/2021 saylı 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil nazirinin 30.06.2021ci il tarixli əmrin ləğv edilməsi, onun Göyçay rayonu Ərəbcəbirli kənd ümumi orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4589/2021 saylı 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraicət edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyaisya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 apellyaisya şikayətinin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Kollegiya qeyd edir ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2133/2021 saylı 02.11.2021-ci il tarixli qərardadından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1667/2021 saylı 13 avqust 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair ərizəsi təmin edilməmişdir. Qeyd olunan qərardad Şəki Apellyasiya Məhkəməsinin qərardadı ilə qüvvədə saxlanılmışdır. Həmçinin, elektron məhkəmə informasiya sistemi vasitəsilə işə daxil edilmiş Göyçay Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(046)-1667/2021 nömrəli məhkəmə bildirişdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair mülki işin məhkəmə baxışı 24.01.2022-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi eyni tərəflər arasında eyni tələblər üzrə Göyçay Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Həmçinin, elektron məhkəmə informasiya sistemindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə eynilik təşkil edən iddia tələbi ilə Göyçay Rayon Məhkəməsinə 15.07.2021-ci il tarixdə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə isə 13.09.2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, məhkəmənin icraatına ən tez qəbul olunan ərizə üzrə məhkəmə icraatı davam etdirilməli, məhkəmənin icraatına sonra qəbul edilən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı verdiyi şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4589/2021 saylı 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar