Məhkəmə qərarları › İş №2(103)-1213/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1213/2023

02.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1213/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X7 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X7 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4179/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsinə əsasən çilingər montajçı vəzifəsinə işə qəbul edilməsi və xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Azərbaycanın Vahid Sosial Reyestrinə (esosial) məlumatlar daxil edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlər verilməmiş, iddiaçı cavabdeh təşkilatın işçisi olmamış və aralarında əmək münasibətləri mövcud olmamışdır. Eyni zamanda, iddiaçıya məxsus əmək kitabçasında da cavabdeh tərəfindən iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsinə dair hər hansı bir qeyd yoxdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər “X7 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7 ve Ticaret Anonim şirketi”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən elektron sistemə əlavə olunmuş əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və işsiz qaldığı üçün iddiaçıya dəymiş maddi və mənəvi zərər üçün 200.000 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin, qeyd olunan müqavilənin elektron sistemə daxil edilməsinə dair xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli və qeyd olunan müqavilənin xitam edilməsinə dair sistemə əlavə edilmiş xx.xx.2018-ci il tarixli xxxxxxx0005X0 nömrəli bildirişlərin etibarsız hesab edilməsi, işsiz qaldığı üçün iddiaçıya dəymiş maddi zərər üçün 100.000 manat və mənəvi zərər üçün 200.000 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cavabdehlər siyahısından çıxarılaraq mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci il dekabr ayının 23-də xəbəri olmadan cavabdeh “X7 ve Ticaret Anonim şirketi” Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən elektron sistemə əmək müqaviləsi bildirişi əlavə olunmuşdur. Bundan hər hansı məlumatı olmamışdır. Elektron sistemə 2018-ci il yanvar ayının 6-da əsassız olaraq elektron sistemə əlavə olunmuş əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Halbuki, onun həmin şirkətdə heç bir fəaliyyəti olmadığı üçün adıçəkilən maddənin tətbiq edilməsi tamamilə qanunsuz və əsassızdır. Həmin əmək müqavilələrinin bağlanmasına dair bildirişlərin etibarsız hesab edilməsi barədə rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinə bir neçə dəfə müraciət etmiş, müraciətlərinə cavab kimi tələb olunan sənədlərin təqdim olunması cavabdeh müəssisə tərəfindən təmin edilmədiyindən müraciətlərinin araşdırılmasının mümükün olmadığı bildirilmişdir. Beləliklə, əmək hüquqları pozulmuşdur və pozulmaqda davam edir. Heç bir yerdə əsas iş yeri üzrə rəsmi qaydada əmək müqaviləsi bağlaya bilmir. Çünki, cavabdehlə aktiv əmək müqaviləsi sistemdə görünür.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4179/2022 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) iddia tələbi qismən təmin edilmiş, “X7 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli əmək müqaviləsi, qeyd olunan əmək müqaviləsinin elektron sistemə daxil edilməsinə dair xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli və qeyd olunan əmək müqaviləsinin xitam edilməsinə dair sistemə əlavə edilmiş xx.xx.2018-ci il tarixli xxxxxxx0005X0 nömrəli bildirişlərin etibarsız hesab edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

7. Qətnamənin mübahisələndirilən hissəsində məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində maddi ziyana görə 100.000 manat tələb etsə də, maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, eyni zamanda göstərilən məbləğdə maddi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia maddi zərərə aid hissədə də təmin oluna bilməz. İddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. Həmçinin, iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinə, həmin maddələrin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4179/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin qalan hissədə rədd edilməsi ilə bağlı hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ona cavabdehin qanunsuz hərəkətləri nəticəsində açıq-aşkar maddi və mənəvi ziyan vurulması ilə bağlı işin faktiki hallarını nəzərə almamışdır. Yəni, onun 1 ilə yaxın işsiz qalmağına, nəticədə ailəsini dolandıracaq vəsaitdən məhrum olmağına, əvvəlcə X3 etdiyi müraciətləri və hal-hazırda da məhkəməyə etdiyi müraciət zamanı məruz qaldığı maddi xərclərinin, vaxtını itirdiyinə və ən əsası da bu məsələ ilə bağlı gərginlik, əsəb və stres keçirərək mənəvi ziyana məruz qalmağına heç bir hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilminə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı:

21.Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 22.Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. İşin araşdırılması zamanı mübahəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsinə əsasən çilingər-montajçı vəzifəsinə işə qəbul edilməsi və xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Azərbaycanın Vahid Sosial Reyestrində (e-sosial) məlumatlar daxil edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlər qəbul edilməmiş, iddiaçı cavabdehdə işləməmiş və aralarında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Eyni zamanda, iddiaçıya məxsus əmək kitabçasında da cavabdeh tərəfindən iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsinə dair hər hansı bir qeyd yoxdur.

28. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində Azərbaycanın Vahid Sosial Reyestrinə daxil edilmiş işə qəbul edilməsinə dair əmək müqaviləsi və işdən azad olunmasına dair bildiriş həqiqətə uyğun olmadığından, etibarsız hesab edilməlidirlər.

29. Hazırda iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi ilə yanaşı ona iddia tələbində qeyd olunan həcmdə maddi və mənəvi ziyan ödənilməlidir. Belə ki, o, bir ilə yaxın işsiz qalmış, nəticədə ailəsini dolandıracaq vəsaitdən məhrum olmuşdur. Həmçinin X3 və məhkəməyə müraciət edərkən maddi xərclərə məruz qalmış, qeyd olunan hallarla bağlı əsəb, stres keçirmişdir.

30. Kollegiya qeyd edilən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

31. Belə ki, iddiaçı iddia tələbində maddi ziyana görə 100.000 manat tələb etsə də, maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. İddiaçı qeyd edir ki, onun ehtimalına görə, həmin müddət ərzində onun işə düzələ bilməməsinə və işsiz qalmasına səbəb cavabdeh təşkilat tərəfindən Azərbaycanın Vahid Sosial Reyestrinə (e-sosial) yanlış məlumatların daxil edilməsi olmuşdur. Göründüyü kimi, iddiaçının bu dəlili yalnız mülahizələrə əsaslanmaqla, hər hansı mötəbər sübutlara əsaslanmır. İddiaçı bu dəlili ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, məhkəmə araşdırması zamanı onun fiziki və mənəvi sarsıntılar keçirməsi, belə sarsıntılar keçirmiş olsa belə, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmişdir.

33. İddiaçı maddi ziyan tələbində olduğu kimi, mənəvi ziyan vurulmasına dair hissədə də məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim etməmişdir.

34. Odur ki, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4179/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar