Məhkəmə qərarları › İş №2(103)-1216/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1216/2025

10.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1216/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(004)-4905/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Daha sonra "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin Maddi-texniki təchizat şöbəsinin rəisi İddiaçı xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi ona bildirilmişdir. İddiaçı isə rəhbərliyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, "xxxx" ASCnin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifənin ştat vahidi ixtisar olunduğu üçün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta əməkhaqqını birdəfəyə ödəməklə 30 iyul 2024-cü il tarixdən ləğv edilməsini xahiş etmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrinə əsasən Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsi nəzərə alınaraq ləğv edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 283-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinə ixtisasına və peşəsinə uyğun vəzifəyə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat xidmət haqqının, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 283-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinə ixtisasına və peşəsinə uyğun vəzifəyə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat xidmət haqqının, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Bakı Sukanal İdarəsi Təchizat şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən həmin idarənin Maddi-texniki təchizat şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdən isə başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi ilə əmək müqaviləsi bağlamış və həmin İdarənin Maddi-texniki təchizat şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilmə tarixinə yəni xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, "xxxx" ASC yenidən təşkil edildikdən sonra isə onun hüquqi varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsində şöbə rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7 yaradılmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən iddiaçıya verilən xx.xx.2024cü il tarixli 34 nömrəli xəbərdarlığa əsasən ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024cü il tarixli 283-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İddiaçıya əmək müqaviləsinin ləğvi barədə əmrin surəti təqdim edilməmişdir. İddiaçı işdən qanunsuz olaraq azad edildiyinə görə dərhal, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak üçün təklif göndərmişdir. Mediator tərəfindən mediasiya barədə bildiriş xx.xx.2024cü il tarixdə cavabdehə göndərilsə də, mediasiya sessiyası baş tutmamış və xx.xx.2024cü il tarixdə MŞB/6-01632 nömrəli mediasiya arayışı təqdim edilmişdir. İşçi işdən çıxarılarkən cavabdeh iddiaçının öhdəsində 3 nəfər 16 yaşına çatmamış uşağı olmasını və məcburi köçkün olmasını nəzərə almamışdır. iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən iddiaçının həmkarlar ittifaqına üzv olmasına baxmayaraq onun bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xitam verilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(004)- 4905/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin olunması, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat pulun cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən işçinin tutduğu vəzifənin ştat vahidinin ixtisar olunması qoyulmuşdur. Məhkəmə araşdırması zamanı qeyd edilən fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan Ştat cədvəli ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixindən qüvvədə olan ştat cədvəli müqayisə edilərək müəyyən edilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı vəzifəsi üzrə müvafiq ştat vahidi ixtisar olunmamış, Maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkilindən əvvəl və sonra 1 olmuşdur. Belə ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin Maddi texniki təchizat şöbəsinin rəisi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü qeyd edilsə də, cavabdeh tərəf bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ləğv olunmaması faktı eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hal-hazırda həmin ştat üzrə işçi mövcuddur. Həmin işçi 10-12 ildən artıq təcrübəyə malikdir. Belə ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan Ştat cədvəlindən görünən odur ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə 1 ştat vahidi olmuşdur. İşdən çıxarıldığı günə qədər, yəni xx.xx.2024-cü ilə qədər həmin vəzifəni yalnız İddiaçı tutmuşdur. Belə olduğu təqdirdə, cavabdehin nümayəndəsinin ixtisar olunmuş ştat vahidi üzrə işçinin mövcud olmasını söyləməsi ilə təsdiq olunur ki, Maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə mövcud olan yeganə ştat vahidi ixtisar olunmamış, İddiaçı əsassız olaraq ştat vahidinin ixtisar olunması əsası ilə işdən çıxarılmış və onun yerinə başqa işçi götürülmüşdür. Bununla yanaşı, həmin ştat üzrə götürdükləri işçinin 10-12 ildən artıq təcrübəyə malik olması ilə bağlı cavabdehin nümayəndəsinin izahatı ilə bağlı qeyd edilməlidir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrində Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı "xxxx" ASC-də 13 il 1 ay 3 gün əmək stajı mövcud olduğu əks olunmuşdur. Məhkəmə həmçinin cavabdeh tərəfin İddiaçı rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə istinad edərək, İddiaçı özünün razılığı əsasında işdən çıxmaması ilə bağlı dəlilinə münasibət bildirərək hesab etmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəni işdən çıxarılmasına razılığı və xahişi kimi qəbul etmək yolverilməzdir. Əgər işə götürən həmin ərizəni işçinin öz təşəbbüsü ilə işdən çıxarılması barədə ərizə kimi qəbul edirsə, nə üçün işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə ərizəsi əsasında) deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam vermişdir. İddiaçı rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin məzmunu ilə də təsdiq olunur ki, işçi işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduğundan tutduğu vəzifə üzrə ştat vahidinin həqiqətən ixtisar olunduğunu güman etmiş və bu əsasla əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin ona yol verdiyi imkanlardan yararlanmaq istəmişdir. Buna görə də, ərizə ilə rəhbərliyə müraciət edərək, işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduqdan sonra qanunvericiliyə əsasən müəyyən edilmiş 9 təqvim həftəsindən ibarət xəbərdarlıq müddətinin orta aylıq əmək haqqının 2 misli ilə əvəz edilməsini, bununla da xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinə razılığını bildirmişdir. Əmək Məcəlləsinin 77.4-cü maddəsindən görünür ki, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 mislindən az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Görünən odur ki, işçi həmin ərizə ilə işdən çıxarılmasını xahiş etməmiş, qanunvericilkdə müəyyən olunmuş xəbərdarlıq müddətinin pul ilə əvəz edilməsinə razılğını ifadə etmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, qanunsuz əsasla işçi işdən çıxarıldığı halda onun özünün buna razılığı olsa belə bu əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəf olan işçinin əleyhinə qiymətləndirilə bilməz. Qeyd edilənlərlə yanaşı iş materialları ilə də təsdiq olunur ki, işəgötürən əsassız olaraq işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə işçinin əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası ƏM-nin 80.1-ci maddəsinin tələbinə də əməl etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı müvafiq həmkarlar ittifaqı təşkilatının üzvüdür. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası ƏM-nin 80.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsasla xitam verilməzdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər Həmkarlar İttifaqının üzvü olmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi rəhbərliyi tərəfindən İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b bəndinə uyğun xitam verilməsi ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə heç bir müraciət daxil olunmamışdır. Belə olduğu təqdirdə, cavabdeh İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏMnin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası ƏMnin 71.3, 80.1, 80.2-ci maddələrinin tələbləri ciddi şəkildə pozulduğundan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024cü il tarixli, 283-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 500 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin cavabdeh İddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Həmin tələbə münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu halda gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n X5 tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n xx.xx.2024-cü il tarixli, 09 nömrəli fəaliyyətinin təkmili haqqında əmr imzalanmışdır. Həmin əmr əsasında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X7n strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarədə Maddi texniki təchizat şöbəsinin (hal-hazırda Maddi-texniki təchizat va mal material şöbəsi) rəisi işləyən İddiaçı 34 nömrəli, xx.xx.2024-cü il tarixində bildirişlə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən işciyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftədən sonra ləğv ediləcəkdir. İddiaçı İdarəyə gələrək əmək müqaviləsinin xx.xx.2024-cü il tarixindən əmək haqqını birdəfəyə ödəməklə özü tərəfindən ləğv edilməsi barədə könüllü olaraq xx.xx.2024-cü il tarixli, 282 nömrəli ərizə vermişdir. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-k nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, İddiaçı ərizəsi əsas götürülərək onun əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı 9 təqvim həftəsinin bitməsini gözləmədən qanunvericiliklə müəyyən edilmiş müavinətlərini alaraq əmək müqaviləsinin ləğv edilməsinə təşəbbüs göstərmiş və cavabdeh tərəfindən iddiaçının rəsmi ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Həmin sübutlar iş materiallarında mövcuddur. Lakin məhkəmə qətnamə qəbul edərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Bundan başqa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7 yaradılmışdır. "xxxx" ASC-nin ştat vahidi 13800 olduğu təqdirdə, bugünki gündə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7n ştat vahidi 7700 olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi, işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Bakı Sukanal İdarəsi Təchizat şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən həmin idarənin maddi-texniki təchizat şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdən isə başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi ilə əmək müqaviləsi bağlamış və həmin İdarənin maddi-texniki təchizat şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilmə tarixinə yəni xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, "xxxx" ASC yenidən təşkil edildikdən sonra isə onun hüquqi varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsində şöbə rəisi vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin maddi texniki təchizat şöbəsinin rəisi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrinə əsasən maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsi nəzərə alınaraq ləğv edilmişdir. İddiaçı ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 13 il 1 ay 3 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin verilməsi, İddiaçı ƏMnin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 13 il 1 ay 3 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 30 təqvim gününə düşən hissəsinin bir dəfəyə ödənilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 27 təqvim gününün pul əvəzinin ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7nin 2024-cü il iyul ayına olan hesabat vərəqindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqq-hesabın məbləği 7477,94 manat müəyyən edilmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər Həmkarlar İttifaqının üzvü olmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi rəhbərliyi tərəfindən İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə uyğun xitam verilməsi ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə heç bir müraciət daxil olunmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən qüvvədə olan ştat cədvəlindən görünür ki, maddi-texniki təchizat şöbəsi üzrə şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən qüvvədə olan ştat cədvəlindən görünür ki, maddi-texniki təchizat və mal-material şöbəsi üzrə şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 500 manat məbləğində pul “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 60 manat məbləğində mediasiya xərci Bakı 6 saylı Mediasiya Təşkilatının hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı ixtisar prosesinin düzgün aparılmamağını mübahisələndirmiş, cavabdeh tərəf isə bunun əksini sübut etməyə çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. İşçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququ olmaqla bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulmuşdur. Lakin bu hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Kollegiya qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azadlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın əsaslı olmasına dair mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə bu nəticəsini işin araşdırılmış halları üzrə düzgün əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77 və 78-ci maddələrinin tələbləri baxımından düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikasının ƏM-nin 71.3, 80.1, 80.2-ci maddələrinin tələbləri ciddi şəkildə pozulduğundan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi "xxxx" ASCnin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən işçinin tutduğu vəzifənin ştat vahidinin ixtisar olunması qoyulsa da, işin faktiki halları ilə müəyyən edilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı vəzifəsi üzrə müvafiq ştat vahidi ixtisar olunmamış, maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı "xxxx" ASCnin çevrilmə formasında yenidən təşkilindən əvvəl və sonra 1 olmuşdur.(i.v 82-83). Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər Həmkarlar İttifaqının üzvü olsa da “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi rəhbərliyi tərəfindən İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə uyğun xitam verilməsi ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə heç bir müraciət daxil olunmamışdır. Halbuki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, işəgötürən əsassız olaraq işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə işçinin əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası ƏM-nin 80.1-ci maddəsinin tələbinə də əməl etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmçinin düzgün olaraq belə nəticəyə də gəlmişdir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində əsaslı olmasına dair mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə bu nəticəsini işin araşdırılmış halları üzrə düzgün əsaslandırmışdır. Göründüyü kimi, tərəflər arasında olan əmək münasibətləri pozularkən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mübahisələndirilən hissədə işin hallarını tam araşdıraraq qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas ola bilməz. Belə ki, apellyator şikayətində iddiaçı 9 təqvim həftəsinin bitməsini gözləmədən qanunvericiliklə müəyyən edilmiş müavinətlərini alaraq əmək müqaviləsinin ləğv edilməsinə təşəbbüs göstərməsini və cavabdeh tərəfindən iddiaçının rəsmi ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsini qeyd etsə də, işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında olan əmək münasibətlərinə iddiaçının ərizəsi əsasında deyil, məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam vermişdir. Halbuki işin faktiki halları ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı vəzifəsi üzrə müvafiq ştat vahidinin ixtisar olunmaması müəyyən edilmişdir, bu zaman iddiaçı tərəfindən yazılmış ərizə isə onun işdən çıxarılmasına razılığı və xahişi kimi qiymətlədirilməməlidir. Belə ki, işçi həmin ərizə ilə işdən çıxarılmasını xahiş etməsi tutduğu vəzifəni ştat vahidi ixtisar olunması ilə idi. Lakin yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəfindən İddiaçı tutduğu vəzifə, maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkilindən əvvəl və sonra 1 olmuşdur. İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ləğv olunmaması faktı eyni zamanda cavabdehin nümayəndəsinin birinci instansiya məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. Belə ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hal-hazırda həmin ştat üzrə işçi mövcuddur və həmin vəzifədə işləyən işçi 10-12 ildən artıq təcrübəyə malikdir. Bununla bağlı kollegiya qeyd edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024cü il tarixli, 283-K nömrəli əmrində Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı "xxxx" ASC-də 13 il 1 ay 3 gün əmək stajı mövcud olduğu əks olunmuşdur. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin məzmunu ilə bağlı mövgeyi ilə razılaşır və qeyd edir ərizənin məzmunu ilə təsdiq olunur ki, işçi işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduğundan tutduğu vəzifə üzrə ştat vahidinin həqiqətən ixtisar olunduğunu güman etmiş və bu əsasla əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin ona yol verdiyi imkanlardan yararlanmaq istəmişdir. Buna görə də, ərizə ilə rəhbərliyə müraciət edərək, işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduqdan sonra qanunvericiliyə əsasən müəyyən edilmiş 9 təqvim həftəsindən ibarət xəbərdarlıq müddətinin orta aylıq əmək haqqının 2 misli ilə əvəz edilməsini, bununla da xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinə razılığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin işəgötürən əsassız olaraq işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə işçinin əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası ƏM-nin 80.1-ci maddəsinin tələbinə də əməl etməməsinə dair nəticəsinin qanuniliyi mübahisələndirilməmişdir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin təmin edilən hissəsində qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmışdır. Bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(004)- 4905/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar