Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12169/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2036/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı Dövlət Sosial X1 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Dövlət Sosial X1 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2036/2021 saylı, 28 sentyabr 2021ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Dövlət Sosial X1 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı şikayət verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci tarixli 4 nömrəli "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Qərarına əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Eyni zamanda sözügedən Qərarın 5.1-ci maddəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyisdirilməsi, etibarsız aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, dövlət vəsaitinin büdcəyə bərpa edilməsi zərurəti ilə bağlı yaranmış münasibət tərəfindən hər hansı inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlər kateqoriyasına aid deyildir. Həmçinin həmin Qərarın 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2036/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü mübahisə aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər kateqoriyasına aid olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 151.1, 153.2.1-ci; İnzibati Prosessual Məcəllənin 2.2.1, 2.2.3-cü; “İnzibati icraat haqqında” Qanunun 2-ci maddələrinə istinad edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı cavabdeh kimi göstərdiyi şəxsdən artıq alınmış pensiya məbləğinin qaytarılmasını tələb edir ki, burada da şikayətində göstərildiyi kimi inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Demək, inzibati orqanın hazırki iddia üzrə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etməsini yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Hazırki işdə inzibati orqan xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edə bilməz. Çünki, artıq ödənilmiş pensiyanın geri qaytarılmasını tələb edir. Artıq ödənilmiş pensiya isə iddiaçının deyil, dövlət büdcəsinin vəsaitidir. Dövlət büdcəsinin vəsaiti olan pensiyanın geri qaytarılmasında iddiaçının dizpozitiv səlahiyyətləri yoxdur. Başqa sözlə iddiaçıya artıq ödənilmiş pensiyanın qaytarılmasından imtina ilə bağlı hər hansı bir səlahiyyət verilməmişdir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 3.1-ci bəndinə istinad edir, ancaq nəzərdən qaçırır ki, həmin bənddə göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ancaq hazırki işdə iddiaçı olan inzibati orqan cavabdehlə bərabər mövqeədəirmi, öz iradəsini ifadə etməkdə sərbəstdirmi, cavabdehə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmirmi. Əlbətdə ki, bu ritorik sual olsa da cavabın aydınlaşdırılması tələb olunur. Yəni, hazırki işdə iddiaçı iradə ifadə etməkdə sərbəst deyil, çünki, sərbəst olması o demək olardı ki, bu cür iddiadan imtina da edə bilər, başqa sözlə artıq ödənilmiş pensiyanın dövlət büdcəsinə qaytarılmasını öz iradəsini ifadə etməkdə sərbəst olduğu üçün tələb etməyə də bilər. Lakin bu cür vəziyyətin baş verməsinə görə inzibati orqan hüquqi məsuliyyətə cəlb oluna bilər. Çünki, dövlətin ona verdiyi icrası məcburi olan səlahiyyətlərdən imtina etmək ciddi hüquqi məsuliyyət yaradır. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndinə də istinad edərək göstərir ki, dövlət vəsaitinin büdcəyə bərpa edilməsi zərurəti ilə bağlı yaranmış münasibət tərəfindən hər hansı inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlər kateqoriyasına aid deyildir. Lakin yuxarıda qeyd olunduğu kimi dövlət vəsaitinin büdcəyə bərpa edilməsi zərurəti ilə bağlı yaranmış münasibət inzibati orqan tərəfindən hər hansı inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması ilə bağlı olmasa belə, inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlər kateqoriyasına aiddir. Çünki, dövlət vəsaitinin büdcəyə bərpa edilməsi zərurəti ilə bağlı münasibət xüsusi hüquq münasibəti ola bilməz. Ona görə də bu münasibətlərdən yaranan mübahisələr də mülki deyil, inzibati mübahisələrə aiddir. İddiaçı həmin Qərarın 5.2-ci bəndinə də istinad edir. Lakin həmin bənddə də göstərilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Ancaq qeyd olunuduğu hazırki işdə tərəflər xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmir, onların arasındakı münasibətlər də xüsusi hüquq münasibətləri olmadığından bu münasibətlərdən yaranan mübahisələrə də mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Görünüdyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddianın yolverilməzliyinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan bir tələblə rayon məhkəməsinə müraciət edərək bu istəyinə necə nail olacağını qanuna istinad etməklə əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2036/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Dövlət Sosial X1 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2036/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12169/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12169/2021
23.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver